• şənbə, 01 Avqust, 05:04
  • Baku Bakı 26°C

Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığı dərinləşir

01.08.26 04:18 17
Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığı dərinləşir

Qırğızıstanda keçirilən Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi Məşvərət Görüşünün sonunda Çolpon-Ata Bəyannaməsi imzalanıb. Sənəd gələcək qarşılıqlı əməkdaşlıq prioritetlərini müəyyənləşdirir. 

Azərbaycanın çoxvektorlu xarici siyasət kursunda Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq xüsusi prioritet təşkil edir. Bu əməkdaşlığı şərtləndirən ən mühüm məqamlar son dövrlərdə beynəlxalq sistemdə yaşanan gərginliklər fonunda Orta Dəhliz arteriyasının əhəmiyyətinin ön plana çıxması, həmçinin region ölkələrinin əksəriyyəti ilə ortaq dil, din və soykök bağlılığı üzərində qurulmuş tarixi əlaqələrdir. Rəsmi Bakının yürütdüyü praqmatik əməkdaşlıq modeli bu gün Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığını yeni müstəviyə daşıyıb. Bu format özünün geosiyasi və geoiqtisadi əhəmiyyəti ilə yanaşı, bir çox güc mərkəzləri tərəfindən də təqdirlə qarşılanır.  

“Azərbaycan məşvərət formatının fəal üzvü olacaq”

Bu baxımdan iyulun 31-də Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi Məşvərət Görüşü xüsusi əhəmiyyət kəsb edir. Məlum format və bütövlükdə regionla əməkdaşlığa rəsmi Bakının verdiyi əhəmiyyət Prezident İlham Əliyev tərəfindən Çolpon-Ata görüşündə bir daha vurğulanıb. Dövlət başçısı bildirib ki, Mərkəzi Asiya ölkələri ilə münasibətlər Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Prezident qeyd edib ki, 2023-cü ilin əvvəlindən bu günə qədər o, Mərkəzi Asiyanın qardaş ölkələrinə, ümumilikdə 16 səfər edib, onun həmin ölkələrdən həmkarları isə 26 dəfə Azərbaycanda səfərdə olublar.
“Bu statistika münasibətlərin dinamikasından və yaxınlığından açıq şəkildə xəbər verir, həm də göstərir ki, bu gün Mərkəzi Asiya və Azərbaycan artıq vahid geosiyasi və geoiqtisadi məkana çevrilib”, - deyə Prezident İlham Əliyev əlavə edib.
Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı inkişaf etdirəcək: “Sizi əmin etmək istəyirəm ki, Azərbaycan məşvərət formatının fəal üzvü olacaq və öz tərəfindən əməkdaşlığın daha da inkişaf etdirilməsi, ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşması üçün bütün səyləri göstərəcək”.

Çolpon-Ata Bəyannaməsi

Xatırladaq ki, Məşvərət görüşünün sonunda Çolpon-Ata Bəyannaməsi imzalanıb. Bu sənəd Mərkəzi Asiya ölkələri ilə yanaşı, Azərbaycanın da ortaq siyasi iradəsini əks etdirir. Həmçinin sözügedən format çərçivəsində üzv ölkələrin gələcək qarşılıqlı əməkdaşlıq prioritetlərini müəyyənləşdirən mühüm sənəd kimi qəbul olunur. Məşvərət Görüşünə üzv ölkələrin tarixi, mədəni bağlılığına vurğu edilir. Bu isə o anlama gəlir ki, Mərkəzi Asiya-Azərbaycan əməkdaşlıq formatını tək iqtisadi və siyasi maraqlar yox, həm də tarixi-mədəni yaxınlıq, bağlılıq birləşdirir. Sənəddə suveren bərabərlik, dövlətlərin müstəqilliyinə hörmət, ərazi bütövlüyü, dövlət sərhədlərinin toxunulmazlığı və daxili işlərə qarışmamaq prinsiplərinə sadiqlik kimi beynəlxalq hüququn fundamental prinsipləri də qeyd olunur. 

Regional əməkdaşlıq xalqların fundamental maraqlarına cavab verir

Məşvərət Görüşünün yekunu olaraq dəyərləndirilən sənəd mürəkkəb beynəlxalq şəraitdə yaranan çağırışlar və onun yarada biləcəyi təhdidlərə qarşı birgə əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını ön plana çıxarır. Belə ki, regional əməkdaşlığın xalqların fundamental maraqlarına cavab verdiyi bildirilir. Yəni tərəflər iqtisadi inkişafın, təhlükəsizliyin və sosial rifahın təmin edilməsini yalnız birgə fəaliyyət nəticəsində mümkün hesab edirlər. Bu baxımdan Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu iştirakının xüsusi təqdir olunması, ölkəmizin regionun ayrılmaz tərəfdaşı kimi qəbul edilməsi hər iki tərəfin milli maraqlarına xidmət edən mühüm məqamdır. 

Yeni mərhələnin rəmzi

Bu amil üzv ölkələrin dövlət başçıları tərəfindən xüsusi olaraq vurğulanır. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib ki, Azərbaycanın Məşvərət görüşlərinə tamhüquqlu iştirakçı qismində qoşulması formatın müsbət inkişafında yeni mərhələnin rəmzidir. “Birgə səylər sayəsində siyasi dialoqun daha da dərinləşməsi, investisiyalar, energetika, sənaye, vahid nəqliyyat-logistika sisteminin formalaşmasına şərait yaradılır”, - Qazaxıstan Prezidenti vurğulayıb. 

Strateji əhəmiyyət qazanan dialoq platformalarından biri

Qeyd edək ki, Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının Məşvərət Görüşü son illərdə regionda formalaşan yeni geosiyasi reallıqlar fonunda strateji əhəmiyyət qazanan dialoq platformalarından biri kimi dəyərləndirilir. Sirr deyil ki, son illərdə Mərkəzi Asiyanın, Azərbaycanın da yerləşdiyi coğrafi məkan uğrunda geosiyasi rəqabət daha kəskin hal almaqdadır. Məhz bu amil Məşvərət Görüşü formatının əhəmiyyətini daha da artırır. Artıq mövcud çağırışlar və beynəlxalq konyuktura fonunda formalaşmaqda olan birgə maraqlar Azərbaycan və Mərkəzi Asiyanı coğrafi, siyasi, iqtisadi baxımından vahid olaraq birləşdirir. “C6” olaraq tanınan Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının Məşvərət Görüşü platforması isə bu vahidin əyani olaraq təsbitidir. Xatırladaq ki, Azərbaycanın prosesə cəlb olunması mərhələli şəkildə baş verib. 2023-cü ildə Düşənbədə keçirilən V Məşvərət Görüşündə Prezident İlham Əliyev fəxri qonaq qismində iştirak edib. Məhz həmin görüşdən sonra sözügedən istiqamətdə proseslər yeni dinamika qazanıb. 2025-ci il noyabrın 16-da Daşkənddə keçirilən VII Məşvərət Görüşündə Azərbaycanın tamhüquqlu iştirakına dair qərar qəbul edilib. Məhz bu qərar Azərbaycanın beynəlxalq logistika, bağlantılar sahəsində artan strateji əhəmiyyətinin qəbulu, həmçinin ölkəmizin beynəlxalq səviyyədə güclənən rolunun dəyərləndirilməsinin göstəricisi oldu. Bu gün Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığı Şərqdən Qərbə, Şimaldan Cənuba qədər böyük coğrafi məkanda cərəyan edən proseslərin əsas daşıyıcı qüvvəsinə çevrilib. 

Azad Əliyev

 

banner

Oxşar Xəbərlər