• bazar, 19 May, 16:04
  • Baku Bakı 19°C

Nöbel ödülü: ədəbi, yoxsa siyasi?

12.10.15 11:05 1863
Nöbel ödülü: ədəbi, yoxsa siyasi?
İsveç Kral Akademiyasının 1901-ci ildən təqdim etdiyi Nobel Ədəbiyyat mükafatının belarus yazıçı Svetlana Aleksieviçə verilməsi ədəbi aləmdə maraqlı müzakirələrə səbəb olub. Belə ki, ödülçü Nobel mükafatına “Polifonik yaradıcılığı - zəmanəmizdə iztirab və cəsarətə abidə qoyduğu üçün” sahib olub.
“Kaspi”nin “Müzakirə”si də 67 yaşlı mükafatçının layiq görüldüyü ödüllə bağlıdır.

“Biz də mükafata iddia edə bilərik”
Nobel üzrə Ədəbiyyat mükafatçısının “Kəhrəbadakı milçək” hekayəsini keçən il Azərbaycan dilinə tərcümə edən Nəriman Əbdürrəhmanlı ödülçünün yaradıcılığına müraciət etməsini qeyri-adi hadisə adlandırmır: «Mən həmişə dünya ədəbiyyatını da, postsovet respublikalarının ədəbiyyatını da izləyirəm».
O, Svetlana Aleksieviçin yaradıcılığı ilə 90-cı illərin əvvəllərindən tanış olduğunu bildirir. Belə ki, ödülçünün rastına çıxan əsərlərini oxuyub: «Mənə elə gəlir ki, Nobel mükafatına iddia edənlər arasında Aleksieviç ən haqqı olan yazıçılardan biridir. Onun yaradıcılığı bu sözləri deməyə əsas verir. Aleksieviç əsasən çox sərt üslubda yazan yazıçıdır. Onun bir romanını və bir neçə hekayəsini oxumuşam”. Ötən il Slavyan Xalqları Ədəbiyyatı Antologiyasını tərtib edərək çapa hazırlayan N.Əbdürrəhmanlı Belarus yazıçısının hekayəsini də həmin nəşrə daxil edib: “Çünki son 4 ildə onun adı Nobel mükafatına namizədlər sırasında hallanırdı. Çox qəribədir ki, təqdimat olan gün ən çox Svetlana Aleksieviçin mükafat alacağına ümid edirdim. Gümanım da doğruldu. Aleksieviç haqqını qazandı. Mən onun hekayəsinə yenidən əl gəzdirdim və çap olundu, həmçinin sosial şəbəkələrdə paylaşıldı”. Yazıçı hesab edir ki, bu mükafat təkcə Belarus ədəbiyyatının deyil, dünya ədəbiyyatının qazancıdır.
Nobel mükafatının verilməsində ədalətliliyin qorunmasına gəlincə, nasirin fikrincə, son illərin ödüllərinə nəzər salanda müəyyən qədər siyasi hadisələrin təsiri hiss olunur: “Mənə elə gəlir ki, seçimə göndərilən əsərlərin əksəriyyəti Nobel mükafatına layiq əsərlərdir. Aleksieviçin bir tərəfi ukraynalı, bir tərəfi belarusdur. O, Ukraynada anadan olub. Ola bilsin ki, bu ölkədə baş verən hadisələrin mükafatın verilməsinə təsiri olub. Mən bunu hətta müsbət təsir kimi qəbul edirəm. Yazıçının əsəri ilə tanış olanlar qeyd edər ki, o, bu mükafata layiqdir və haqqını qazandı. Əgər siyasi təsiri varsa, bu, müsbətdir”. N.Əbdürrəhmanlı düşünmür ki, postsovet məkanına qədər gəlib çıxan mükafat növbəti dəfə bizim ölkəmizə də verilə bilər: “Bu mükafat planlaşdırma ilə deyil. Ölkələrin öz ədəbiyyatlarını dünyada təqdim etmək, başqa xalqların dillərinə çevirmək, dünya oxucularına çatdırmaq, dünyada gedən müxtəlif mədəni tədbirlərdə iştirak etmək, yazıçını və əsərlərini tanıtmağın nəticəsi kimi qəbul etmək lazımdır. Aleksieviç iki il Almaniyada yaşayıb. Onun əsərləri dünyanın bir çox dillərinə tərcümə edilib. Ona görə də onun bu mükafata haqqı var idi. Eləcə də gürcü ədəbiyyatında Otar Çiladze dünya dillərinə tərcümə olunmuşdu, kifayət qədər tanınırdı. 1999-cu ildə onun əsəri də təqdim olundu. Mükafatı qazanmaq ədəbi əsəri və yazıçını tanıtmağın nəticəsi ola bilər. Bu, heç də Nobel Mükafatı Komitəsinin yazığı gəlib “Filan ölkədə Nobel yoxdur, onlara verək” fikri deyil”.
Yazıçı hesab edir ki, bu təbliğatı məqsədyönlü şəkildə apara, Azərbaycan yazıçılarının layiqli əsərlərini dünyaya çıxara bilsək, biz də mükafata ümid edə bilərik. Nobel mükafatçıları antologiyası tərtib edən N.Əbdürrəhmanlı indiyə qədər ədəbiyyatda Nobel mükafatı alanların əksərinin yaradıcılığı ilə tanış olduğunu bildirir: “Fikrimcə, bizdə elə yazıçılar var ki, heç də həmin Nobel mükafatına layiq görülən qələm sahiblərindən zəif deyillər. Bizim ədəbiyyatımızda güclü imzalar var. Məqsədyönlü şəkildə həmin yazıçıların əsərləri dünya dillərinə tərcümə olunsa, təbliğ edilsə, həmin yazıçılar dünya arenasına çıxsalar, elə bilirəm ki, biz də mükafata iddia edə bilərik”.
Dünya ədəbiyyatının korifeyləri
Filologiya üzrə elmlər doktoru, professor Bədirxan Əhmədli Nobel mükafatı alan Belarus yazıçısını ödülə layiq görüləndən sonra tanıdığını bildirir: “Mən onun adını siyahıda görəndən sonra tanımışam. Nobel mükafatının verildiyi gündən bu günə qədər olan tarix göstərir ki, mükafat layiqli insanlara verilir. Olsun ki, mükafatı qazana bilməyən yazıçılar arasında da layiqlilər çoxdur. Bu, təbiidir, çünki dünyada yazıçı çoxdur. O qədər yazıçının içərisindən daha layiqlisini tapıb ona mükafat verməyin özü də çətin prosesdir. Hər halda bu günə qədər bu mükafata layiq görülən yazıçılar dünya ədəbiyyatının korifeyləri hesab olunurlar. Onların əsərləri də dünyada ən çox oxunan yazıçıların əsərləri olur”. Professor ümid edir ki, bir gün bizim ölkəmizdə də bu mükafata layiq görülən yazıçılar ola bilər: “Belarus yazıçısının bu mükafatı qazanması bunu göstərdi. Hazırda bizim belə yazıçılarımız var, sadəcə, onların əsərlərini dünya arenasına çıxarmaq lazımdır. Elə yaxın illərdə Kamal Abdullanın əsərinin Nobel ödülünə təqdim olunması göstərdi ki, bizim belə yazıçılarımız var, sadəcə, zaman gələcək, bizim yazıçılar da bu ödülü qazanacaqlar».
Ümid edək ki...
Yazıçı-publisist Əkbər Qoşalı ödülçünün yaradıcılığına bələd olmadığını, ümumiyyətlə, postsovet məkanından ədəbiyyatına ən az bələd olduğu ölkələrdən birinin Belarus olduğunu bildirir: “Mətbuatı izlədiyim qədər deyə bilərəm, artıq son 3 “Nobel”li ədib haqqında keçirilən sorğularda azərbaycanlı yazıçı və şairlərin onların yaradıcılığına ən yaxşı halda qismən bələd olduğu üzə çıxır. Ümid edək ki, gələcəkdə belə olmayacaq...” Yazarın fikrincə, bu il belarus bir yazıçının Nobel ödülü alması, göstərilməsi mümkün olan bütün başqa səbəblərlə yanaşı, həm də onu göstərdi ki, bu ölkədə ədəbiyyat təsərrüfatı canlıdır, ayaqdadır, ədəbiyyatçılar, dünyaya pəncərə (daha doğrusu, qapı) aralaya biliblər və öz yaradıcılıqlarını təqdim etmək, başqa sözlə, yaradıcılıqlarının diqqət mərkəzinə gəlməsi imkanını qazanıblar: “Builki ədəbi “Nobel”in sahibi 2014-cü ildə də namizəd olub. Svetlana Aleksieviçin öz keçmişi ilə tanış olduqda görürük ki, 67 yaşlı bu belaruslu xanım yazıçı, araşdırmaçı jurnalist bunadək bir çox yerli və uluslararası ödülə də layiq görülüb. II Dünya savaşı, sovet-əfqan savaşı, Çernobıl faciəsi, SSRİ-nin dağılması kimi bir çox dramatik olaya şahidlik etmək fürsəti olan yazıçı, bu olayların iştirakçıları ilə yaddaqalan reportajların müəllifi kimi də tanınır. Yazar mövqeyi rəsmi mövqe ilə tərs düşüncə, 2000-ci ildə haqqında istintaq başlayınca, ölkəsini tərk edib, yaşamının 10 ilini Qərbi Avropa şəhərlərində (siyasi sürgündə) keçirən xanım Aleksieviç 2011-ci ildə Vətəninə döndü”.
Sovet-əfqan savaşını anladan “Çinqo uşaqları” və Çernobıl qəzasının işləndiyi “Çernobıldan səslər” adlı kitabları onun ən önəmli əsərləri sayılır. “Savaşın qadınca olmayan üzü” adlı ilk kitabını isə hələ 1985-ci ildə yazıb. Kitab qısa vaxtda bir neçə dəfə nəşr edilərək toplam 2 milyondan çox satış rekordu göstərib. Həmin romanda II Dünya savaşı daha öncə çox da işlənməyən yönləri ilə - bir qadının monoloqları şəklində anladılır. Yazıçının “Son şahidlər: uşaqlara aid olmayan hekayələr” adlı kitabında da yenə savaş, qadın və uşaqların hissi, həyəcanı, diləkləri, həsrətləri və s. qələmə alınıb. 1993-cü ildə ümidsizliyə qapılıb, intihara təşəbbüs edən insanların hekayələrinin anladıldığı “Ölümlə əfsunlananlar” adlı kitabını yayınlayıb: “Xanım Aleksieviçin kitabları, indiyədək 20-ə yaxın fərqli dilə çevrilib. Onun hekayələrinin Azərbaycancaya Nəriman Əbdürrəhmanlı tərəfindən çevrildiyini bilirəm”. Mükafatın verilməsində siyasilik prinsipinə toxunan yazar hesab edir ki, belarus yazıçının Haruki Murakaminin də daxil olduğu bir sıra ünlü ədiblərin ( Filip Roz (Philip Roth) ve Joyce Karol Oates (Joyce Carol Oates) və b.) arasından önə çıxaraq ödülə layiq görülməsi onun araşdırmaçı-jurnalist kimliyi və öz ölkəsinin rəsmi siyasəti ilə üst-üstə düşməyən mövqeyi ilə də bağlıdır: “O, bir müddət – 2000-2011-ci illər arasında xaricdə yaşamağa məcbur olub, belə deyək, “sürgün həyatı” yaşamalı olub. Bu siyasi məqamlar, bizə daha öncəki “Nobel”li ədəbiyyatçıları xatırladır... və bir daha şahid oluruq ki, bu nüfuzlu ədəbiyyat ödülü yalnız ədəbi mətnin özünə, sırf ədəbi yaradıcılığa görə deyil, ədəbiyyatçının siyasi olaylara, milli olaylara, uluslararası gedişata baxışı ilə də şərtlənir. Bu kiminə görə məqbul, kiminə görə qeyri-məqbul hal sayıla bilər. Mən bu yerdə Azərbaycanın Xalq yazıçısı Anarın sözlərini xatırlatmaq istərdim: “Qarabağın bir kəndini belə yüz “Nobel”dən üstün tuturam...” Sual yarana bilər: niyə Çingiz Aytmatova ədəbi “Nobel” verilmədi? Yaxud niyə Mixail Qorbaçova Nobel sülh Ödülü verildi? Haqlı suallar deyilmi? Əlbəttə, haqlıdır və bax, bu kimi haqlı sualları meydana çıxaran səbəblər aradan qaldırılmayınca, humanitar sahədə “ədalətli Nobel”ə inanmağım gəlmir... Keşkə, mən yanılmış olaydım... ancaq necə deyərlər, görünən dağa nə bələdçi?” Ə.Qoşalı ödülün bizim ölkəyə də gələcəyinə inanır: “Bizim “Nobel”ə layiq alimlərimiz, yazarlarımız, regionda, dünyada barışa xidmət edən ictimai-siyasi xadimlərimiz olub, var, olacaq da... İkinci, ona görə ki, Nobellərin öz keçmişi bir xeyli dərəcədə Bakı neftindən asılıdır, tarixin məntiqi, ilahi ədaləti bir gün “Ödül Komitəsi”nin qərarında təcəlla tapar yəqin”. Yazar təəssüflə bildirir ki, görkəmli kimyaçı, akademik Yusif Məmmədəliyev, görkəmli həkim, əməkdar elm xadimi, hələ 1931-ci ildə Nobel Komitəsinin diqqətini cəlb etmiş professor Sona xanım Vəlixan öz sahələrində bu ödülə layiq olarkən, sovet dövrünün bəlli-bəlirsiz gerçəklikləri (anti-Azərbaycan ovqatı) üzündən “Nobel”siz qalmışlar... Digər tərəfdən, Beynəlxalq Atom Enerjisi Agentliyində (MAGATE) Azərbaycanı təmsil edən Bəxtiyar Tahir oğlu Siracov (kollektiv tərkibində, 2005-ci ildə) və güneyli soydaşımız, ünlü vəkil, insan hüquq müdafiəçisi Şirin xanım Ebadi (fərdi şəkildə, 2003-cü ildə) “Nobel Barış ödülü”nə layiq görülüblər. Həmyerlimiz – bakılı görkəmli fizik Lev Landau da “Nobel” alıb: “Əlbəttə, mən bunları təsəlli üçün sadalamıram. Hesab edirəm, elm sahələrimizi inkişaf etdirərək, ədəbiyyatımızı inkişaf etdirərək yeni – necə deyərlər, birbaşa yolla “Nobel”i Azərbaycana gətirə bilərik. İnkişaf deyərkən də, uluslarası təqdimatları, işbirliyini, intellekt, istedad sahibi olanlarımızın milli sərvət kimi qorunması, qayğı ilə əhatə olunması və s. nəzərdə tuturam”. Bizim yazarların indiyə qədər “Nobel”ə layiq görülməməsinə gəlincə, Ə.Qoşalı hesab edir ki, yazarlarımızın bir çoxu “Nobel” almağın “bicliklər”ini bilir, istedadları yetərli deyil, bir bölümü istedadlıdır, elə bilir, dünya özü gəlib, onu axtarmalıdır, bir bölümü də, laübalı durumdadır: “Burada maarifçilik işi, tanıtımlar, uluslararası ilişkilərin inkişafı, orta və ali məktəblərimizdə təhsilin səviyyəsinin qaldırılması, dövlət büdcəsindən maliyyələşən köklü ictimai birliklərimizin, elm təsisatlarımızın gənclərin yolunu açmaq baxımından daha olumlu layihələrlə çıxış etməsi və s. önəm daşıyır”.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər