• çərşənbə axşamı, 14 may, 22:31
  • Baku Bakı 15°C

Müharibə uşaqlarının hekayəsi

27.02.15 07:35 4333
Müharibə uşaqlarının hekayəsi
İndiki kimi yadımdadır, qardaşımla kibrit çöplərindən balaca evciklər düzəltmişdik. Hələ baş verən olayları, çaxnaşmaları dərk etmir, əsgərlə dolu zirehli maşınları, tankları görəndə sadəlövh uşaq sevinci ilə dallarınca qaçırdıq, nənəmin təndirdə bişirdiyi isti çörəklə pendiri əsgərlərə çatdırmaq üçün... Çörəyi onlara verəndən sonra özümlə qürur duyurdum, amma bu qürurun altında həmişə də anlaşılmaz bir qorxu boy atırdı...

Beləcə... qardaşımla düzəltdiyimiz çöp evciklərə - “ermənilərin evləri”nə od vurub yandırırdıq. Axırıncı dəfə yenə fındıq ağaclarının altında od vurduq ermənilərin çöpdən evlərinə... alovun tüstüsü göyə qalxmamış dəhşətli bir çaxnaşma baş verdi, elə bildim hamı yandırdığımız evləri söndürməyə qaçır, sən demə, biz onların evciklərinə od vurduğumuz zaman onlar (ermənilər) da Ağdamdakı evlərimizə od vururlarmış. Taleyin ironiyası bu olsa gərək...
Müharibə qədər qorxunc və dəhşətli kabus təsəvvür edə bilmirəm. O zamanlar müharibəni görən, yaşayan hər kəsin öz hekayəsi var müharibə haqqında, hər biri də fərqli, bir-birindən dəhşətli, bir-birindən dözülməz. Müharibə uşaqlarının uşaqlığı olmur, şair. Mənim də uşaqlığım olmayıb... Dostlarım uşaqlığını xatırlayanda, mən də zirehli maşınları, tankları, atışmaları, çaxnaşmaları və “qaçhaqaçı” xatırlamışam. Amma bunlar mənim içimdə yaraya çevrilməyib, əksinə dostlarımdan fərqli olaraq, “macəra”larla dolu olub “uşaqlığım”. İçimdə yaraya çevrilən isə “qaçqınlıq” həyatımız başlayandan sonra yaşadıqlarım olub. İçimin içində açılan bu yaralar bu gün məni məsələyə başqa prizmadan, başqa aspektdən yanaşmağa sövq və vadar edir.
Söhbət Xocalı SOYQIRIMının qurbanlarının xatirəsini yad etməkdən, onlara rəhmət diləməkdən getmir - bu, istisnasız bütün soydaş və vətəndaşlarımızın borcudur. Məsələ 23 il bundan əqdəm baş vermiş faciənin dərkindən ibrət almaqdadır. Bu da ki, köklü surətdə bizim tarixi düşüncəmizin keyfiyyətindən və iradəmizdən asılıdır. Həm də yaşadığımız faciələrdən ötən 23 illik zaman bir çox həqiqətləri dərk etməkdə bizə əlverişli imkanlar sunur. Birincisi, ona görə ki, bu qədər zamanda istənilən yeni elmi mövzu (ideya, fərziyyə və ya həqiqət) öz həllini tapır, təsdiqlənir və «dövriyyəyə buraxılır». İkincisi, məhz bu müddət ərzində istənilən həqiqət tarixi distansiyadan aydın görünür və onunla kifayət qədər rahat və məhsuldar əməliyyatlar aparmaq olur. Və nəhayət, üçüncüsü, sözügedən zaman kəsiyində əski «yüklər»dən nisbətən azad olan yeni nəsil böyüyür ki, istənilən məsələyə yenə də nisbətən obyektiv yanaşa bilir. Bu qanunauyğunluğu təsdiqləyən faktlar çoxdur.
Məsələn, teatr-tamaşa müəssisələrimizin məsələyə münasibəti. Bildiyimə görə, geridə buraxmaq üzrə olduğumuz həftə yalnız 3 teatr Xocalı SOYQIRIMının 23 illiyi ilə əlaqədar repertuar hazırlamışdı. Belə ki, fevral ayının 25-26-da Akademik Milli Dram Teatrında “Xəcalət” tamaşası oynanıldı. Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində soyqırımla bağlı tədbir həyata keçirildi və YUĞ Dövlət Teatrında Qarabağ müharibəsindən bəhs edən “Yad.Daş” tamaşası oynanıldı.
Açığını desəm, YUĞ Dövlət Teatrın səhnəsində heç vaxt təbliğat xarakterli tamaşa görməmişəm. Uzun zamandır, sözügedən tamaşa haqqında eşitsəm də, baxmamışdım. Odur ki, maraq mənə güc gəldi və dostumu da götürüb yollandım haqqında danışdığım teatra: görəsən, müharibə mövzusuna münasibət necə olacaq YUĞda?
Ülviyyə Heydərovanın əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Tərlan Engin, quruluşçu rəssamı Umay Həsənova, geyim üzrə rəssamı Leyla Əliyeva, rejissor assistenti ƏR-Toğrul Kamalovdur. Tamaşada teatrın gənc aktyorları Amid Qasımov, Elgün Həmidov, Könül Cəfərzadə və ƏR-Toğrul Kamalov çıxış edir. Simulyativ oyunda sənədli teatrın bir növü olan verbatimin elementlərindən istifadə olunub.
Səhnədə böyük bir bəyaz pərdə asılıb və bu pərdədə proyektor vasitəsilə videoçarxlar nümyiş etdirilir. Tamaşanın başlanğıcında nümayiş olunan videoçarxda doğuluş, ölüm, müharibə, partlayışlar, əsgərlər, yaralılar, vulkan və nə olduğunu anlamadığım bir çox nəsnələr göstərilir. Elə ilk səhnələrdən səhnədə verbatim görəcəyimi düşünürəm. Ancaq YUĞ yenə məni şaşırdır. Tamaşa başlar-başlamaz səhnədə gördüyümüzün verbatim olmadığını özüm üçün yəqinləşdirirəm. Elə təzəcə, verbatim gözləntimə görə özümü qınamağa başlayıram ki, yenə də ekran, yenə də sırf real tarixi hadisələri əks etdirən videoçarx. Ekranda bir qız Qarabağ müharibəsində ailəsinin başına gələn dəhşətlərdən danışır. Danışır ki, ermənilər gözlərinin qabağında anasını necə öldürüblər, danışır ki, atasını necə diri-diri yandırıblar. Bu kadrlara tamaşa edə-edə düşünürəm ki, tolerantlıq, humanizm kimi ideyalar barədə danışmaq çox asandır. Həddindən artıq asan. Di gəl, tolerantlıq nağıllarınla bu ekrandakı qızı inandır. İnandır ki, nifrət yer üzündə ən murdar hissdir. İnandır ki, bu olanların heç birində hansısa erməni həmyaşıdının günahı yoxdur.
Bu fikirləri beynimdə çək-çevir eləyirdim ki, ƏR-Toğrul Kamalovun nəql etdiyi əhvalat qulağımda qurşun kimi cingildədi. Əhvalat Qarabağ müharibəsində ölümlə üz-üzə gəlmiş bir müharibə veteranının dilindən danışılır: “1992-ci ilin may ayı idi... komandir batalyon idim... Döyüşün qızğın məqamında snayperi ağacın haçasına qoyub böyüdücüdən düşmən tərəfə baxırdım... birdən rabitədən əsgər komandir deyə qışqırdı. Mən aşağı əyilib telefon əlaqəsi ilə danışdım... bu vaxt düşmən tərəfin atdığı güllə düz böyüdücünün ortasından... dağıldı ətrafa... Amma 2009-cü ildə mənim oğlum Moskvada hansısa tədbir çərçivəsində erməni qızla şəkil çəkdirir”. Sonradan öyrənirəm ki, bu mətnin müəllifi aktyorun özüdür.
Bu məsələ şəxsən mənim üçün çox mürəkkəb və birmənalı izahı olmayan bir məsələdir. Ona görə də yaxşısı budur, bu məsələnin üzərindən sükutla keçək və qayıdaq “Yad.Daş”a.
Tamaşa insan həyatının perinatal (doğuşdan əvvəl, ana bətnindən) dövründən ölümə qədər olan hər mərhələyə toxunur. Tamaşanın əvvəlində səhnədəki personajlar bir-biriləri ilə öcəşən, söz güləşdirən dəcəl uşaqlardır. Ətrafda baş verənlərin nə olduğunu anlamırlar, anlayandan sonra özlərini aldadırlar. Atəş səslərini gah uşaqların “dava-dava” oynaması, gah da ov ilə əlaqələndirilər. Və nəhayət, müdhiş partlayış səsi... və onların reallığı etiraf etməkdən başqa çarələri qalmır. Bəli, bu müharibədir. Ətrafa ölüm səpələyən, dəhşət saçan müharibə...
Müharibə uşağı olmaq dəhşətdir. Müharibə uşağının obrazını yaratmaq isə dəhşətli dərəcədə çətin. Müharibə görmədən səhnədə müharibə uşağını ancaq oynamaq olar. Amid Qasımovun bəxtinə müharibə uşağı olmaq düşüb. Yəqin ona görədir ki, Amidin Ziba nənə monoloqu mənə verbatim üsulu ilə təqdim olunan videoçarxdan da, hər cür dəhşətli görüntülərdən də sarsıdıcı gəldi. Bu monoloqu eşidən heç bir insan övladı başqa bir insan övladının telinə də zərər verə bilməz. Səbəbinin, məqsədinin, bəhanəsinin nə olmasından asılı olmayaraq, müharibələr həmişə dəhşət gətirir. İstənilən müharibə yalnız müharibə edən tərəflərə yox, bütünlükdə bəşəriyyətə qarşı yönəlib.
Ziba nənənin fəryadı, səssiz iniltisi adamın “qulaqlarını deşir”, üzünə sillə kimi çırpılır... bıçaq kimi düz içinin içinə saplanır.
Amidin (Ziba nənənin) gah ağını, gah üsyanı, gah iniltini andıran monoloquna baxa-baxa müharibənin dəhşətlərini bütün ruhunla hiss edirsən. Gözlərin Ziba nənənin gözləri kimi göyə dikilir, getdikcə böyüyərək, Ziba nənənin oğlunun gözünü yuman yarpaq sənin də göz qapaqlarını qapayır. İçini müdhiş ağrı sarır. Ziba nənənin oğlu kimi, ölümü ən şirin nemət kimi arzulayırsan. Axı, ölümdən sonra ağrı yoxdu...
Gah da oğlunu axtaran Ziba nənənin sualından utanan Allah kimi utanırsan, sıxılırsan. İnsan oğlunun törətdiyi vəhşətlərə görə utanırsan, bütün müharibələrə görə, bütün qətllərə görə utanırsan. İnsan olduğuna utanırsan.
Utandı, sıxıldı Allah!
Qaldı göyün üzündə.
Hə, əzizlərim, müharibə Allahı da utandırır.
Müharibədə qalib tərəf olmur. Müharibədən geriyə tək bir şey qalır – cavabsız suallar, göz yaşları, boş ümidlər...
Bu gün bəlli olan bir fakt var – 23 il əvvəl soydaşlarımız (xocalılılar…) dəhşətli bir faciə yaşadı. Baş vermiş faciəni aşağı-yuxarı mən də yaşamışam. Amma o zamanlar 6 yaşlı uşaq bu faciəni nə biçimdə anlayıb dərk edə bilərsə, mən də elə anlamışam, elə dərk eləmişəm. Sonralar da uzun müddət bu olaylar (qaçqınçılıq həyatımız) haqqında soyuq başla, obyektiv düşünə bilməmişəm. Ən yeni tariximizin məşum olayları yaddaşımda (həm də yaşamımda) sızıldayan ağrı kimi uzun müddət məni analitik əməliyyatlardan məhrum edib, acizlik kompleksimi dərinləşdiririb…
İndi isə yaddaşım üzərində özüm bildiyim iradəli bir əməliyyat apardım, o vaxt baş vermiş olaylardan maksimal dərəcədə yabançılaşdım, hər şeyi obyektiv kateqoriyaya çevirdim və şəxsi araşdırmamı apardım.
Bu gün şəxsən mən 23 il əvvəl baş vermiş olayı bam-başqa görürəm, bam-başqa qavrayıb-duyuram, tam fərqli qənaətlərə gəlirəm, amma onları açıqlamayacağam. Çünki toplum tərəfindən adekvat qəbul olunacağına inanmıram və güvənmirəm. Ümidvaram ki, toplumumuz da nə zamansa deyəcəklərimi tolerant şəkildə qarşılamağa hazır olacaq... Ancaq həmin zaman mənim eyni qənaətdə qalıb-qalmamağım da sual altındadır…
…Toplumu da suçlamıram və qınamıram. Çünki tarix boyu başı bəlalar çəkmiş «dözümlü» xalqımız üst-üstə o qədər faciə, o qədər fəlakət yaşayıb ki, artıq canından usanıb. Nəinki ağzını açıb söz deməyə, hətta beynini işlətməyə də taqəti qalmayıb. Dünya terrorla indi-indi qarşılaşıbsa, biz, necə deyərlər, bu yolu artıq qayıdırıq.
Bir problemi də nəzərdən keçirmək istəyirəm: biz – şəxsən mən yox a! – BİZ yaşadığımız bu faciəni, SOYQIRIMı dünyaya, yəni sözdə insan hüquqlarının müdafiəçisi, «sülhməramlı» Avropaya tanıda bilmişikmi? Sualı cavablandırmıram, çünki susma haqqımı «qullanıram». Və özümə deyirəm: - bəsdi görək, nə özünü öldürürsən, ay bilmirəm, soyqırım… ay bilmirəm, faciə… nə Avropa… nə insan hüquqları… Ay yazıq, nəyi qoyub, nəyi axtarırsan?!. Hələ bir dön özünə bax. Sən necə, anlayırsanmı bu nə deməkdir, SOYQIRIM sözünün altında nələr yatır, dərk edə bilmisənmi?! Nə biz… biz salmısan? Bəs sən özün SOYQIRIMın dünyaya qəbul olunması üçün bir fərd olaraq nə edirsən?! Bax bu ritorik suallara cavab tapa biləndə, həqiqətin də gözünə dik baxa biləcəyik.
Mənə görə SOYQIRIM öldürülənlərin kəmiyyət sayı ilə ölçülmür. Əgər ortada bir canlının həyatına son qoyulursa, bu özü elə vəhşilikdən xəbər verir. O ki, qaldı Xocalı faciəsi... Mənə görə, müharibə elə SOYQIRIM deməkdir...
Bir də, gəlin, bildik-bilmədik, ağlımıza, beynimizə gələn fikirfason şeyləri öncə bişirək, sonra başqalarına təqdim edək. Əks təqdirdə yaralanmış vətəndaşlarımızı, soydaşlarımızı bir də özümüzün “qeyri-səlis” məntiqimizlə ikiqat yaralamayaq, yaralarına duz səpməyək.
P.S. “Yad.Daş” tamaşası mənə çoxdandır gəldiyim bir qənaəti daha da möhkəmləndirməyə yardımçı oldu. Müharibə haqqında bir güllə belə atmadan, bir atışma səhnəsinin təsvirinə yer ayırmadan gözəl və təsirli bədii əsər yaratmaq mümkündür.
“Müharibə uşaqlarının” ən adi xatirəsi belə döyüş səhnələri ilə zəngin, qanlı-qadalı, vurdulu-qırdılı filmlərdən qat-qat təsirli olur.
Könül Əliyeva
Teatrşünas
banner

Oxşar Xəbərlər