Minifutbol millimizin Slovakiya zəfəri
Dörd il ərzində ikinci Avropa çempionluğu qazanan komandamız keçən il Bakıda keçirilən turnirdə dünya çempionu olmuşdu. Qazanılan qələbə böyük sevincə səbəb olub. Prezident İlham Əliyev də komandanı təbrik edib.
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatının qalibi olub. Komandamız finalda Ukraynanı məğlub edib. "Tipos Arena"da keçirilən oyun 2:0 hesabı ilə bitib. Beləliklə, minifutbol millimiz ikiqat Avropa çempionu olub. Komanda daha əvvəl 2022-ci ildə titula sahib çıxmışdı. Xatırladaq ki, Azərbaycan millisi əsas vaxtı 1:1 hesabı ilə bitən yarımfinal görüşünün penaltilər seriyasında Serbiya seçməsini üstələyib - 3:1. F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edən komanda 1/8 finalda Qazaxıstanı (3:2), 1/4 finalda isə Çexiyanı (5:2) məğlub edib.
Azərbaycan millisinin mükafatlandırılma mərasimində Avropa Minifutbol Federasiyasının prezidenti Peter Kralik və digər rəsmi şəxslər iştirak ediblər.
Minifutbol üzrə Azərbaycan millisinin üzvü Eşqin Tağıyev Avropa çempionatının ən yaxşı oyunçusu seçilib.
Prezident İlham Əliyevdən təbrik
Prezident İlham Əliyev minifutbol üzrə Avropa çempionatının qalibi olan Azərbaycan milli komandasını təbrik edib. Bununla bağlı dövlət başçısının sosial şəbəkə hesablarında paylaşım edilib. "2022-ci ildə Avropa çempionu, 2025-ci ildə dünya çempionu olmuş Azərbaycan minifutbol millisi ölkəmizin idman tarixinə daha bir parlaq səhifə yazaraq növbəti dəfə Avropa çempionu oldu. Bu qələbənin komanda idman növündə qazanılması ikiqat sevindiricidir. Komandamızı bu möhtəşəm qələbə münasibətilə səmimi-qəlbdən təbrik edir, millimizə yeni-yeni uğurlar arzulayıram", - paylaşımda qeyd olunub.
"Belə çempionluq məni ikiqat sevindirir"
“Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında ağır qrafiklə oynayıb”. Bu barədə komandanın baş məşqçisi Elşad Quliyev bildirib. Mütəxəssis möhtəşəm turnir keçirdiklərini qeyd edib: “Təşkilatçıların əziyyəti danılmazdır. Xalqımızı və komandamı çempionluq münasibəti ilə təbrik edirəm. Ağır qrafiklə oynayırdıq, güclü rəqiblərlə üz-üzə gəldik. Bu isə kollektivi yordu. Finala yorğun çıxmışdıq. Oyunçuları möhtəşəm finalı başa vurduqları üçün xüsusi təbrik edirəm".
E.Quliyev Ukrayna millisinin də yaxşı heyətinin olduğunu əlavə edib: "Ukrayna millisinin yaxşı oyunçuları var. Onlar da bu gün pis oynamadılar. Biz yarışa gəlməmişdən əvvəl böyük işlər görmüşdük. Avropa çempionatının çətin keçəcəyini bilirdik. Belə güclü komandalarla oynadıqdan sonra finala çıxacağımızı hesablamamışdıq. Belə çempionluq məni ikiqat sevindirir. İlk çempionluqda daha asan komandalarla oynayırdıq".
Ölkə idmanı və futbolu üçün böyük hadisə
Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti Orxan Məmmədov bildirib ki, millimizin ikinci dəfə Avropa çempionu olması ölkə idmanı və futbolu üçün böyük hadisədir: "Hamını qələbə münasibəti ilə təbrik edirəm. Azərbaycanda və burada olan azarkeşləri, idman və futbol ictimaiyyətini təbrik edirəm. Tarixi qələbədir. Azarkeşlər bizə möhtəşəm dəstək olurdular. Buradakı səfirliyimizə minnətdaram. İlk gündən çox dəstək oldular. Yenidən Avropa çempionu olmaq böyük qürurdur. Azərbaycan idmanı, futbolu üçün böyük hadisədir".
O.Məmmədov komandanın 2022-ci ildə də Avropa çempionatında qızıl medal qazandığını xatırladıb: "Ötən il Bakıda keçirilən dünya çempionatında birinci yeri tutduq. Artıq komandalar bizi başqa cür qəbul edirdilər. Hamı bizə qarşı başqa cür oynayırdı. Bütün futbolçulara, məşqçilər heyətinə, federasiyada çalışan əməkdaşlarımıza təşəkkür edirəm. Həqiqətən böyük hadisədir. İkinci dəfə Avropa çempionu olmaq böyük qürurdur".
AMF prezidenti dörd il ərzində iki Avropa, bir dünya çempionluğu əldə etmələrinin səbəbini açıqlayıb: "Federasiya yarandığı gündən lazım olan futbolçuları tapdıq. Yavaş-yavaş komandanın əsas heyətini formalaşdırdıq. Bu uğurlarda baş məşqçinin də böyük rolu var. Elşad Quliyev neçə ildir ki, komandaya rəhbərlik edir. Onun zəhməti nəticəsində belə kollektiv yığmışıq. Bu onu göstərir ki, Azərbaycanda yaxşı idmançılar, futbolçular var. Sadəcə, çalışmaq lazımdır".