Milli, yoxsa qeyri-milli ədəbiyyat?

Ədəbiyyatda millilik və qeyri-millilik anlayışları birmənalı qarşılanmır. Qeyri-milli ədəbiyyatı "kosmopolit” adlandıranlar onun daha çox Qərb dəyərlərinə söykənməsi ilə fərqləndiyini qeyd edirlər. Ədəbiyyatda qeyri-milliliyi ümumiyyətlə inkar edənlər var ki, onlar: "Ədəbiyyat qeyri-milli ola bilməz” - deyirlər. Onların fikrincə, yalnız xalqın adət-ənənəsinə, dilinə, mentalitetinə söykənən, onun ruhunu ifadə edən ədəbiyyat milli sayıla və yaşaya bilər.
"Müzakirə”mizdə apardığımız sorğularda da mövzuya münasibətin fərqliliyi üzə çıxdı.
Milli kökə və dəyərlərə söykənmək
«Bəlkə milli ədəbiyyat deyiləndə Azərbaycan və ya türk ədəbiyyatı, qeyri-milli ədəbiyyat deyiləndə Qərb ədəbiyyatı nəzərdə tutulur” – deyən yazıçı Elçin Hüseynbəyli hesab edir ki, "qeyri-milli ədəbiyyat” əvəzinə "əcnəbi ədəbiyyat” demək daha doğru olar: "Bu ifadə bir qədər şübhəlidir”. Qeyri-milli ədəbiyyatı "kosmopolit ədəbiyyat” adlandıran yazıçının fikrincə, bu ədəbiyyat heç bir dilə və dinə əsaslanmır, yalnız ümumbəşəri dəyərlərə söykənir: "Bütün hallarda yazılı ədəbiyyat – roman, hekayə, povest milli ədəbi nümunədən daha çox bəşəridir. Şübhəsiz ki, milli dəyərlər milli köklərə əsaslanır. Milli kök olmasa, rəngarənglik olmaz. Məsələn, Azərbaycan bayatıları tam başqa, ingilis sonetləri başqadır. Onlar ideya və fikir baxımından bəşəridirlər. Ancaq yer və məkan, hansısa dinin daşıyıcısı olan bir insanın dini baxışı baxımından fərqlidirlər. Bu da ədəbiyyatı rəngarəng və fərqli edir». Yazıçı hesab edir ki, bizim milli kökə əsaslanan, bəşəri düşüncə ilə yazan yazarlarımız çoxdur: «Bu, indi də var, indiyə qədər də olub, ancaq kosmopolit ədəbiyyat da var. Kosmopolit ədəbiyyatla heç nəyə nail olmaq olmaz. Bəzən bizimkilər istəyirlər ki, Avropa dəyərlərinə söykənərək dünyaya çıxsınlar. Ancaq Avropanın keçdiyi yola və dəyərlərə əsaslanmaq mənasızdır. Çünki Avropa bu yolu keçib və onu təəccübləndirə bilməzsən. Öz milli kökünə və dəyərlərinə söykənib bəşəri ideyalarla bir əsər yaradarsansa, şübhəsiz ki, o, bütün dünyada qəbul olunar”.
Hər millətin öz yolu
Milli və qeyri-milli ədəbiyyat anlayışlarına münasibət bildirən tənqidçi Cavanşir Yusiflinin fikrincə, əslində "qeyri-milli ədəbiyyat” yox , "xarici ədəbiyyat”, "dünya ədəbiyyatı”, "Qərb ədəbiyyatı” və sair bu kimi istilahlar işlədilir: "Dünya ədəbiyyatı” ifadəsinin yaranma tarixinə nəzər salsaq, görərik ki, hər bir terminin arxasında önəmli ictimai-siyasi və ideoloji hadisələr dayanır, proses bitir və istilah öz yerini tutur. Dünya ədəbi prosesi vahid axın anlamına gəlmir, forma etibarı ilə, sonra bəzi digər "texniki” xüsusiyyətlərə görə milli ədəbiyyatlar çox fərqli məqamlarda qərar tutur. Ədəbiyyat həm də ümumbəşəri bir anlayışdır, sən, belə deyək, dünyanın tanımadığı, informasiyanın və informatikanın ayaq açmadığı bir məkanda yaşaya bilərsən (təəssüf ki, belə bir məkan yoxdu-!), başını sinənə əyib yazdıqların haçansa lap BMT-nin mənzil-qərargahında, əsas binasında şüar kimi yazıla bilər və sənin bu o xəfə yerdə yazdıqların adi bir sevgi əhvalatı da ola bilər. Dünyada sərhədlər olsa da, Səməd Vurğun demişkən, könüldən könülə yollar görünür”. Tənqidçinin fikrincə, bu yolu hər millət özü kimi keçir, öz həyat fəlsəfəsinə, dünyaduyumuna görə: "Amma bir gün bunlar mütləq görüşür, çarpaz düşür və o gün həmin misra və ya sətirlərin işığında ən xəfə yer belə heç olmadığı kimi görünür. Buna isə böyük güc tələb edilir. Bir yerə sığınmaq dünyaya çıxmaq üçündür, aşırı reklam dağılmaq, məhv olmağa bəlkə xidmət eləyir, heç kəsə deyilməyən, sadəcə ağ vərəqə tapşırılan söz bəlkə ucadan eşidilmək üçündür, ədəbiyyatın milliliyi insanda insan oyatmaq üçündür. Amma bu insan bəzən yatır, özü də fil qulağında”.
Uğurlu sintezə nail olmaq
Tənqidçi Elnarə Akimovanın fikrincə, qeyri-milli ədəbiyyat deyəndə adətən Avropa ədəbiyyatı nəzərdə tutulur: «Milli ədəbiyyat hər bir xalqın milli koloritini, inkişaf qanunauyğunluğunu, düşüncə tərzini, keçdiyi yolu, adət-ənənəsini və s. özündə əks etdirir. Bu həmin xalqın düşüncəsində bələdçilik rolunu oynayır. Oxucu hər hansı bir əsəri oxuyubsa və orada baş verən hər hansı bir olay və ya problem onun yaddaşında nostalji şəklində qalır və yenidən dirilirsə, milli ədəbiyyat budur. Qeyri-milli ədəbiyyatın içərisində həm də Qərbin və Avropanın ədəbiyyatı getməlidir». E.Akimova hesab edir ki, qeyri-milli ədəbiyyatın özünün də keçdiyi yol, düşüncə tərzi və koloriti var: «İstər-istəməz o yazıçının ruhu da artıq bizim ədəbiyyat olmur və başqa bir ədəbiyyatın ruhunu və nəfəsini əks etdirir». Tənqidçinin fikrincə, İsmayıl Şıxlının, İsa Muğannanın yaradıcılığı sırf milli ədəbiyyat nümunələridir: «O cümlədən Mövlud Süleymanlının əsərləri də milli ədəbiyyat nümunələridir. Böyük həcmli əsərlərdə daha çox problemə nüfuz etmək, qabardılan məsələyə daha geniş spektrdən baxmaq imkanı olur. Burda xalqın keçdiyi inkişaf yolu əksini tapır”. E.Akimovanın sözlərinə görə, bizdə milli ədəbiyyatın sərhədləri 20-ci əsrdən başlayır: «Milli ədəbiyyat anlayışı bizdə 20-ci əsrdə formalaşıb. O zaman xaotik bir proses gedirdi. Milli ədəbiyyat nümunələri daha çox romantiklərin yaradıcılığında üzə çıxdı. Onlar ədəbiyyata «milli ədəbiyyat» anlayışını gətirdilər. Belə ki, 20-ci əsrin birinci yarısında bu nümunələrin meydana gəlməsi Mirzə Cəlildən başladı, 60-cı illərdə daha da gücləndi». Tənqidçi hesab edir ki, bu gün çağdaş ədəbiyyatda daha çox bəhrələnmə və imitasiyalar özünü göstərir: "Hazırkı ədəbiyyatda daha çox Qərb dəyərlərini mənimsəyib tətbiq etmək meyilləri var. Bu da 90-cı illərdən gələn prosesdir. İnteqrasiya gücləndikcə xüsusən nəslimizdə belə bir meyil artır. Ümumiyyətlə, istənilən nəsildə qeyri-milli ədəbiyyatın bu və digər dərəcədə təzahürlərinə rast gəlmək olur. Təəssüf ki, çağdaş ədəbiyyatda elə insanlar var ki, onlarda milli ədəbiyyat anlayışı istədiyimiz şəkildə qorunub saxlana bilmir”. E.Akimova hesab edir ki, yazarlardan Şərif Ağ, Əliabbas və Orxan Fikrətoğlunun yaradıcılığında milli ədəbiyyat nümunələrinə daha çox rast gəlinir: "Həmçinin Seyran Səxavətin yaradıcılığında bu üslub var. Yazıçı Anarın yaradıcılığı da milli ədəbiyyat dəyərlərini qoruyub saxlayır». E.Akimova hesab edir ki, hazırda qeyri-milli ədəbiyyatın milli ədəbiyyatı sıxışdırma prosesi başlayıb. Belə ki, əgər milli düşüncə bu prosesə qarşı dayanıqlı müqavimət göstərməsə, onun qarşısını almaq çətin olar: «Yalnız dilə və xalqın problemlərinə qarşı milli ədəbiyyatın təəssübünü çəkməklə bu prosesin qarşısını almaq olar. Milli ədəbiyyat o zaman qorunur ki, xalqın milli xüsusiyyətlərini güclü şəkildə mənimsəyib Avropa ədəbiyyatının tələblərinə cavab verən ədəbiyyat ortaya qoyasan. Bunların sərhədləri o qədər bir-birinə qarışıb ki, artıq milli ədəbiyyat da bizim üçün o qədər maraqlı deyil. Çünki sırf Avropa ədəbiyyatı da Avropaya maraqlı deyil. Onların dili, meyarları ilə səsləşən tələbləri qoysaq, biz onları necə təəccübləndirə bilərik? Ən yaxşısı, bunların uğurlu sintezinə nail olmaqdır. Bu baxımdan çağdaş Azərbaycan ədəbiyyatında buna potensialı çatan qüvvələr az olsa da, hər halda mümkün qədər müqavimətlərini qoruyub saxlayırlar”.
Milli xalqın yaradıcılığıdır
Yazar Aysel Əlizadənin anlayışında milli ədəbiyyat millətin yaratdığı ədəbiyyatdır. Yəni konkret millətlərə və xalqlara aid ədəbiyyatdır: "Ancaq şərt millilikdən bəhs etmək deyil. Milli ədəbiyyat xalqın folkloru, şifahi xalq ədəbiyyatıdır. Yazılı ədəbiyyat milli ola bilməz. Bu, ümumilikdə millətin yazdığı ədəbiyyatdır. Necə ki, milli musiqi millətin yaratdığı musiqidir. Həmçinin milli geyimlər xalqın yaradıcılığıdır. Konkret müəlliflərin yaratdığı ədəbiyyat milli ədəbiyyata aid ola bilməz. Belə ki, millətin yaratdığı mədəniyyətə nə daxildirsə, o millidir”. Mədəniyyətə milli parametrlərlə yanaşmağın dogru olmadığını söyləyən yazar bildirir ki, mədəniyyət böyük və sonsuz sahədir: "Hansısa milli çalar ola bilər. Hansısa milli nüansları vurğulaya, tarixindən, adətindən yaza bilərsən. Milli xalqın yaradıcılığıdır. Fərdi müəlliflərin fərqli motivləri olur. İstənilən halda nə yaradırıqsa, orada soyumuzun ifadəsi var. Burada genetika öz rolunu oynayır. Bütün xalqlarda belədir. Orda milli ağrılarımız, problemlərimiz istifadə olunur. Özümüzdən asılı olmayaraq, düşüncəmiz ora sızır. Ancaq bunu konkret tezisləşdirmək, janr kimi ifadə etmək doğru deyil».
Təranə Məhərrəmova
