Mənim yazı günüm – Ülviyyə Heydərova

Bu layihə çərçivəsində yaradıcılıqla məşğul olan
tanınmış simalar özlərinin məhsuldar hesab etdikləri bir yaradıcı günü təsvir
edirlər. Növbəti qonağımız yazıçı, publisist Ülviyyə Heydərovadır.
Taxta döşəməli otaq. Otaq
başdan-başa əşyalarla doludur: televizor, divan, şifoner, çarpayı, masa, iki
şüşəli, üç taxta şkaf, üç stul, kitab rəfi və sayı bilinməyən kitablar...
Otağın qəribə rəngi var. Ona nə ağ, nə də açıq çəhrayı demək olar. Əsas odur pəncərədən
süzülən günəş şüasını həvəslə içəri ötürür, emulsiyalı divarları işıqlandırır.
Divarlar isə qalereyaya çevrilməyin bir addımlığındadır.
Bura kirayə qaldığım
sayca onuncu evin əsas otağıdır. Artıq iki ilə yaxındır ki, yazılarım burada
yaranır. Düzdür, hərdən noutbukumu götürüb mətbəxə gedir, radioqəbuledicini
yandırıb "Azərbaycan radiosu”nu dinləyə-dinləyə hərfləri yan-yana düzürəm. Amma
bir qədər sonra oturduğum stul məni yormağa, bezdirməyə başlayır. Yenə hücrəmə
qayıdıram, əvvəlcə noutbuku işə salıb, sonra televizoru qoşuram. Televizorda kanal
axtarışına çıxmıram. Təki səs gəlsin. İnsan səsi...
Yerim divanda rahat olsa
da, əslində? çox vaxt sözü çətinliklə "doğuram”. İllah da? bədii söz olanda o,
özünü elə bil naza qoyur. Onu ürəyimin səsi ilə çağırıram. O isə öz kefindədir,
içimdə gəzib-dolanır, bəzən sinəmi dağıdır. Amma çıxmağa tələsmir. Bəlkə məndən
ayrılmaq istəmir? Bəlkə öz zamanını gözləyir? Nə vaxt gəlir-gəlsin. Onsuz da,
söz yazılmaq üçün yaranır. Fərqi yoxdur, ya hərf-hərf alına yazılır, ya da cümlə-cümlə
monitora düşür. Təki kiminsə taleyini həll etsin, ürəyinə sığınsın, yaddaşına
köçsün.
Deyə bilmərəm,
yazdıqlarım kiminsə qəlbinə yol tapıb, ya yox? Amma onu dəqiq bilirəm ki, kirayə
qaldığım evlərdən çıxanda ilk olaraq ürəyimi götürürəm. Axı, sözüm orda olur. Hərdən
istəyirəm bədii yazılarımın hər birini yaşadığım küçələrə həsr edim. Hər dəfə də
fikrimdən vaz keçirəm. Bununla belə, hansı hekayəmin, məqaləmin harada yazıldığını
dəqiq xatırlayıram. Məsələn, "Noutbuk” povestimi Mustafa Sübhi, "Pul” hekayəmi
Çingiz Mustafayev küçələrindəki quş damından azca fərqlənən evlərdə yazmışam.
İndi nə o evlər, nə də küçələr var. Buldozerlər oranı hamarlayıb.
Qəribədir, heç bir söz doğulduğu
məkanda qalmır. Hərdən yazılarımı dünyaya gətirdiyim evlərə aparmaq istəyirəm.
Vaxt imkan vermir. Boş vaxtım olan kimi divanda oturmaq, noutbuku dizlərimin
üstünə qoyub, sözü səsləmək istəyirəm. Son aylar vaxt məndən qaçaq düşsə də,
yazıdan ayrılmamışam. Bilmirəm, hansımız sadiqik.
...Bir azdan ayağı
qalxacağam. Əvvəlcə otağı səliqəyə salacağam, sonra özüm paklanacağam. Sözüm
yaman təmizkardı...
Sözün sancısı döş qəfəsimdə
tutub. O yoldadır. Xoş gəlir!
