“MƏNİM ANAM” - FƏDAKARLIQ

Mən dəftərçədə nəsə yazırdım ki, birdən Marinanın səsini eşitdim: "Alya, Alya tez bura gəl!” Yanına qaçdım və mətbəx əskisinin üstündə islanmış soxulcan olduğunu gördüm. Mənsə hər şeydən çox soxulcandan qorxuram. O dedi: "Alya əgər məni sevirsənsə, sən bu soxulcanı burdan rəddə eləməlisən”. Mən dedim: "Axı mən sizi ürəkdən sevirəm!” Marinasa dedi: "Bunu əməldə sübut et!” Soxulcana baxa-baxa qalmışam. Düşünürəm ki, götürüm, ya götürməyim. Birdən gözümə onun yaş quyruğu sataşdı. Deyirəm: "Marina, olarmı mən onun quyruğundan yapışım?” O cavab verir: "Harasından istəsən tut, götür! Əgər sən onu götürə bilsən, qəhrəman olarsan! Və sonra mən sənə bir şey deyəcəm”.
Əvvəlcə mən heç cürə ürəklənə bilmirdim. Lakin sonra quyruğundan yapışıb yuxarı qaldırdım. Marina dedi: "Afərin! Bax belə! Onu bura – masanın üstünə qoy. Bircə mənim üstümə salma ha!” (Çünki Marina özü də soxulcandan qorxurdu.) Onu masaya qoydum və dedim: "İndi sizi həqiqətən sevdiyimə inandınızmı?” Mariya: "Hə, indi daha bilirəm. Alya bu, soxulcan deyildi. Siyənək balığının içi idi. Bu, səninçün sınaq oldu”. Mən incikli halda dedim: "Marina, mən də sizi həqiqəti söyləyəcəyəm. Soxulcana əl vurmamaqdan ötrü mən, hətta sizə nifrət etdiyimi belə deməyə hazır idim”.
May 1919-cu il
"Soxulcanla” bağlı hadisədə "Piyalə” balladasını yaradan Fridrix Şiller (əsərin müəllifi) və Vasili Andreyeviç Jukovski (əsərin tərcüməçisi) günahkar idi. "Kim – məşhur cəngavərmi, yoxsa sadə dəmir geyimli döyüşçümü tullanacaq yuxarıdan bu uçuruma?” – mətbəxdə o baş-bu baş var-gəl edə-edə, dərs saatını uzatmaq məqsədilə ifadəli şəkildə təkrarlayırdım. Qiraətimə elə aludə olmuşdum ki, özümü poemanın obrazlarından biri, daha doğrusu, uçuruma atılan gənc kimi hiss edirdim.
– "Necə də gözəl şeirlərdir, Marina! Hər birində qəhrəmanlıq var. Oradakı şahzadə qız da elə sizə bənzəyir. Əgər qızıl piyaləni dənizin dibinə atan şah Sizin atanız olsaydı...” Marina cavab verdi: "Onda o sənin baban olardı!” "Yox, baba lazım deyil. Əgər o sizin atanız olsaydı, mən də həmin paj olardım. Və mən də... mən də..” Təpədən-dırnağa məni süzərək "bunu bacaracağına inanmıram” söylədi. "Birincisi sən sudan qorxursan... Həm də təkcə su olsaydı nə vardı ki! Axı bundan başqa orda dəniz əjdahaları da var. Yadındadır?” (Necə unutmaq olar bunu: yüzayaqlı qorxunc bir bədheybət dumandan çıxaraq üstünə gəlir və tutmaq istəyir...” Yüz selikli, sürüşkən ayaq! Dəhşət və iyrənc!) Bayaqki əzmkarlıq, lakin ürəyimdə xəfif bir qorxu hissə ilə israr etdim: "Yenə də tullanardım!” "Bilirsənmi, əgər mən həmin şahzadə qız olsaydım, heç kimə ürəyi istəyəndə dənizə tullanmağa icazə verməzdim. Sevgi tullanmaqla yox, yaşanmış hər bir gün və edilmiş bir hər bir əməllə sübuta yetirilir. Ondansa gəl otur və yazını yaz!” Mən oturdum, etdiyim "fədakarlğın” fərqinə varmadan belə yazımı yazdım. Marina bəyanatları ancaq əməllə təsdiq olunandan sonra qəbul edirdi.
KƏNDDƏ
Marina məni kəndə, südçü Dunyagilə göndərməyi qərara aldı. Özü isə ora sonradan gələcəkdi.
Biz Dunya ilə yük vaqonunda gedirdik. Bəzi stansiyalar arasındakı məsafə çox uzun olurdu. Kozlova kəndinə çatanacan biz meşə ilə beş verst yol getdik. Qabaqda qızlar və qarılar gedirdi. Onlar bütün yolu elə bir-birlərini səsləyib nəsə danışırdılar. Tezliklə biz düzənliyə çıxdıq və artıq qızılı rəngli çovdarlıqlar görünməyə başladı. Hamı mənə diqqət edirdi: "Bu kimin qızıdır?” Dunya isə fəxrlə: "Bu xanım Moskvadandır. Yazır, oxuyur.” Hansısa oğlan dedi: "İfritə! Biz onu işləməyə məcbur edərik!” "Eləmi?” – Dunya dedi. Uzaq yaxınlarda artıq Kozlova kəndinin təpəcikləri, çəpərləri, evləri görünməyə başladı.
Biz daxmaya girdik. Mən onu bu cür təsəvvür etmirdim. O, çox balaca, yana əyilmiş, üstü samanla örtülmüş, yarıuçuq daxma idi. Pəncərələri də balaca və əyri idi. İçərisində ancaq bir otaq, otaqda da bir rus sobası və skamyalar var idi.
Bu yaxınlarda xırmanda oldum. Məni saman dərzinin üstünə otuzdurdular. Özləri isə işləməyə başladılar. Böyük diqqətlə onlara tamaşa edirdim. Onların zənciri qamçıya bənzəyirdi. Bircə sonluqlarına taxta bağlamışdılar. Qida əldə etmək üçün onlar kiçik sünbül dərzlərini çırpmağa başladılar. Çörək və buğda bax bu cür alınır.
Hərdən bir meşəyə göbələk yığmağa gedirdik. Mən heç nə tapa bilmirdim. Çünki elə yan-yörəmdəki gözəlliyin seyrinə dalırdım.
Mənim kənddə tək qalmağımın sonuncu günündə kəndin üstündən ayabənzər soyuq, bəzəkli, gözəl, boz bulud keçdi. Gecə oyandım və qəndilin yandığını gördüm. "Sabah bayramdır” düşünüb yuxuya getdim.
Səhər tezdən yuxudan oyandım. Dunya sobanı qalayırdı. O biri küncə baxdım. Marinanın gündən yanmış boynunu, buruq saçlarını gördüm. Skamyada balaca çamadanı və geyimi, yerdə iki siqaret kötüyü var idi.
Dunya indicə getdi. Marina ayağa qalxdı, qəzəbli şir kimi buruq saçlarını açıb kürəyinə atdı. Mən sakitcə onu öpdüm.
Marina sakit səslə dedi:
–Salam Aleçka. Necəsən?
–Pis deyiləm.
–Sən bəs niyə gündəliyindən səhifələri cırırdın?
–Şəkil çəkmək üçün!
–Çox pis hərəkətdir!
Bir az keçəndən sonra ürəyi yumşaldı və Dunyanın kobud əri haqqında danışdıqlarıma qulaq asmağa başladı.
Səhər yeməyi çox təntənəli idi çünki "xanım” gəlmişdi. Onlar Marinanı bu cür adlandırırdılar. Hamı onun könlünü xoş tutmaq üçün gözəl sözlər deyir, şəkər təklif edirdilər. Sonra Marinayla sobanın yanında oturduq. Samovarın və döşəmənin necə tərtəmiz silinməsinə nəzər yetirdik.
Sonra günəbaxan və kəndəlaşlar olan çox gözəl kiçik bağçada göy rənglə rənglənmiş masanın ətrafında oturduq. Marina fındıq qırır, mənə, Dunyanın uşaqlarına – Vasya və Anyutaya verirdi. Sonra biz kitab oxuyurduq. Marina Fransa inqilabı haqqında, mən isə "Xristian uşaqlar” adlı kitabı oxuyurdum. İkinci, üçüncü gün də beləcə keçdi. Marina bu günləri çox çətinliklə ötürdü.
Nəhayət, yola düşmək zamanı yetişdi. Gecə az yatmışdım, yuxulu idim. Dunya məni oyatdı. Demək olar ki, hamı səsə ayıldı, hətta evin gecələr çox rahat yatan sahibi də. Xoruz banı səhərin açılmasını "bildirdi”. Mənə üst-üstə iki paltar və palto geyindirdilər. Dunyanın böyük oğlu Seryoja ilə birlikdə getdik.
Evdən təzəcə çıxmışdıq. Heç yarım verst yol getməmişdi ki, mən diziməcən olan gölməçəyə yıxıldım və ağlamağa başladım. Sonra çox təhlükələrlə dolu uzun bir yol qət etdik. Gölməçələr, arxlar və zülmət qaranlıq. Seryoja qabaqda, Marina axırda, mən isə ortada gedirdim. Arada keçilməz bataqlıqlar da çıxırdı qarşımıza. Lakin Seryoja hər dəfəsində dar cığırlar tapırdı. Həmin cığırlarla biz növbə ilə keçirdik. Xırmandan keçəndə bizi sanki yerdən ayrılan, parabənzər bir səhər dumanı bürüdü. Səma hələ qəhvəyi rəngə çalırdı. Amma gözəl bir mənzərənin görünəcəyini gözləməkdə idik.
Tezliklə stansiyaya yaxınlaşdıq. Bir neçə cərgə "ağa” bürünmüş şam ağacları vardı. Onların üstündə tünd və parlaq qırmızı bir xətt uzanırdı. Bizsə elə bostanların yanıyla gedirdik. Stansiyaya lap yaxınlaşanda mən başımı qaldırıb səmaya baxdım. Çox hissəsi qırmızı, göy və boz xətlərlə örtülmüşdü. Birdən heç səbəbini özüm də bilmədən möhkəm ağladım. Marina dedi: "Niyə ağlayırsan? Ondansa səmanı seyr et!” Mən pərt oldum. Soyuq səhər şəfəqi üzümü bürüdü.
Yanımızdan elə hey yük qatarları keçirdi. Axırıncıdan əvvəlki qatar çar gerbləri və nişanları olan çar avtomobilləri ilə yüklənmişdi. Onlar hədsiz gözəl idi. Kapotlarında və qapılarında gerb vardı.
Tezliklə sərnişinlər üçün nəzərdə tutulmuş birinci qatar gəldi. Biz onun dayanmağını xeyli gözlədik. Lakin gözləyənə kimi bütün adamlar artıq qatara soxulmuşdular. Və biz heç cürə keçə bilməzdik. Biz sonrakı qatara minə bildik.
Südçü Dunya bizə əlində bidon, kürəyində torba lap əvvəllərdən həmişə gəlirdi. 1919-1920-ci illərin ağır qışından sonra isə tamamilə yoxa çıxdı. Biz heç bilmədik ki, onun aqibəti necə oldu.
Həmin qışı mənim kiçik bacım İrina da dünyasını dəyişdi. İrina bizim südiçənimiz idi. İri alınlı, parlaq buruq saçları, boz rəngli gözləri olan qız idi. O, həmişə "Mayena, Mayenam mənim” (Marinam mənim) deyib mahnı oxuyardı. Və ölümü ilə onu qidalandıran süd şırnaqının da quruması sanki çox təbii göründü bizə.
Dunyanın bizə mütəmadi gəlişlərində gətirdiyi çox qiymətli südü başqa kəndlilər kimi əşyalara yox, dəyəri olmayan kağız minlərə, milyonlara dəyişməsi, onu Marina ilə xeyli doğmalaşdırmışdı.
Onlar – qəribə "xanım” və qəribə südçü dostlaşdılar. Bu dostluq iki ananın dostluğu idi. Demək olar ki, sözə ehtiyac olmadan bir-birlərini anlayırdılar. Marinada biz ikimiz, Dunyada isə üç oğlan və iki qız idi. Marina həmişə bizim əşylarımızdan Dunyaya nəsə verirdi. Dunya da bizi əzik kartof kökələrinə qonaq edir, İranaya isə elə hey soyutma yumurta yedizdiridi.
Dunyanın cizgiləri ciddi olsa da, üz ifadəsi mehriban idi. Elə bil azca heyrətlənmiş və günahkar kimi baxışları vardı. Neçə yaşı olardı? – bilmirəm. Ana simasında yaş əlamətləri görünmür.
Bir dəfə Dunya bizə tək gəlmədi. Qonur rəngli köynəyinin ucundan Vasya yapışmışdı. Vasya onun oğullarından ən kiçiyi və mənimlə yaşıddır. "Xanım, onu Moskvanı görmək üçün gətirmişəm. Elə həmişə Moskvanı xəyallarında canlandırırdı ki, görəsən, necədir!” Marina soruşdu: "Necədir Moskva, bəyəndinmi?” O, çarıqlarından gözünü çəkməyərək susurdu. Yavaş-yavaş açılışmağa, hərdən bir-iki kəlmə söz deməyə sonra mətbəxdə Samovarın yanında çay içərkən başladı. Samovarsa sadə samovar deyildi. O gündən ki Marina onun içində darı dəmləməyə cəhd etdi, ağzı tutuldu. Suyu yuxarısından götürməli olurduq.
Çay içəndən sonra Vasya ləms olaraq, mürgüləməyə başladı. Marina Dunyaya dedi ki, onu yatağına salsın. Metal çarpayının üstündə yaylı (prujinli) döşək vardı. Oğlan yumulan gözlərini güc-bəla ilə açdı. Gözlərində təəccüb və sevinc göründü, dedi: "Birinci dəfədir ki, yaylı döşəkdə yatıram!” Marina dedi: "Dunya, qoy bizdə qalsın. Ona Moskvanı göstərərəm...” Vasya bizdə qaldı.
Marina mənim ayaqqıbımı ona geyindirib Kremlə, Zoologiya bağına aparır, hər şeyi səbirlə izah edib, danışırdı.
Necə ki bir vaxtlar mən sirkdə lazım olan yerə yox, başqa yerə baxırdım, Vasya da elə o cür lazım olmayan yerlərə baxırdı. Zoologiya bağında onu ən çox barmaqlığa alınmış ağaclar təəccübləndirdi. "Buna bax, ağacları da qəfəsə salıblar... qəribədir!” Evdə Vasyanı kitablar, oyuncaqlar və öz qeyri-adiliyimlə başınıqataraq susdururdum. Necə olsa da axı mən savadlı və şəhərli idim! Amma Vasya gedəndə bütün oyuncaqlarımı ona vermişdim. O ki qaldı mənim paytaxt şəhərindən olduğumun gözəlliyinə, Kozlova kəndində keçən bir neçə gün, hətta bir neçə saat da bəs etdi ki, kənddə məndən fərasətsiz və kütbeyin heç kimin olmadığını sübut etsin.
Məni aparmağa gələn Marina Dunyagildə qalmadı. Ətrafda hamı işləyib zəhmət çəkərkən, o dincələ bilməzdi. Heç kəndlilər kimi işləməyi də bacarmırdı. Kəndlilərin "patriarxal məişəti” onu dəhşətə gətirir və hiddətləndirirdi. Nə günəşin doğuşu və qürubunun gözəlliyi ilə təbiəti, nə çay kənarında oxunan nəğmələr, nə ikonalar altında sərilmiş tikməli dəsmallar onu cəzb etmirdi.
Dunya kimi bir sadə qadın – həyətimizdə yaşayan çəkməçi Qranskinin həyat yoldaşı da Marinaya xoş münasibətdə idi. Və Marina onun ürəyincə idi.
Qranskilərin çox balaca, tərtəmiz mənzili vardı. Otaqlardan birində həmişə çəkməçinin çəkicinin taqqıltısı eşidilərdi. Hərdən bu çəkməçi içkili də olurdu. Onda ailəsi – yoldaşı və üç uşağı bir yerə qısılaraq ora-bura baxıb pıçıldaşırdılar.
Evlərinə nə vaxt girsən, girişsə mətbəxdən idi, uzun mis kranın yanında oturub hərdən bir su damcılarını yalayan pişiyi və çəkməçi yoldaşının ev işləri gördüyünü – paltar yuduğunu, tikdiyini, yır-yığış etdiyini görərdin.
Bax elə bu həmin qadın – Dunya kimi balaca, gözəgörünməz qadın arxa girişdən bizə qaçıb gəlirdi. Dəsmalın altından bir neçə kartof və sıyıqolan kasanı çıxardıb Marinaya uzadaraq deyirdi: "Yeyin, nuş olsun! Təşəkkürə ehtiyac yoxdur!” Bir də ki kiçik, xəstə qızını kəndə nənəsigilə göndərəndə onun ərzaq kartını bizə verirdi.
Ümumiyyətlə, çətin illərdə Marinaya ancaq qadınlar kömək ediblər. Kişilərinsə bu heç ağıllarına belə gəlməmişdi. Ya da ki çox nadir hallarda!
Rus dilindən tərcümə edən: Xanım AYDIN
