• şənbə, 13 Iyun, 03:35
  • Baku Bakı 23°C

Klublarımız Avropa səhnəsinə çıxır 

13.06.26 01:45 17
Klublarımız Avropa səhnəsinə çıxır 

İyunun 16-da Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının ilk təsnifat mərhələlərinin püşkü atılacaq. Lakin hazırda Azərbaycan klubları üçün bəzi qeyri-müəyyən məqamlar qalmaqdadır.

Böyük futbol ölkələrinin diqqətinin dünya çempionatına yönəldiyi bu günlərdə Azərbaycan klubları üçün yeni avrokubok mövsümü start götürmək üzrədir. Daha doğrusu, təmsilçilərimiz tezliklə ilk rəqiblərini tanıyacaqlar. İyunun 16-da Çempionlar Liqası (ÇL), Avropa Liqası (AL) və Konfrans Liqasının (KL) ilk təsnifat mərhələlərinin püşkü atılacaq. 

“Turan Tovuz”, yoxsa “Zirə”?

2025/26 mövsümünün yekunlarına əsasən, Azərbaycanı ÇL-də Premyer Liqanın son qalibi “Sabah” təmsil edəcək. Paytaxt klubu eyni zamanda Azərbaycan Kubokunun da qalibi olduğu üçün çempionatda ikinci yeri tutmuş “Qarabağ” AL-ə vəsiqə qazanıb. “Neftçi”nin də avrokuboklarda iştirakı dəqiqləşib. “Sabah”ın kubokun finalında “Zirə”ni məğlub etməsindən sonra çempionatda dördüncü yeri tutan “ağ-qaralar” KL-də iştirak hüququ əldə edib.

Avropada Azərbaycanı təmsil edəcək dördüncü klubun hansı olacağı isə hələlik bəlli deyil. İdman prinsiplərinə əsasən, Premyer Liqanın bürünc mükafatçısı “Turan Tovuz” KL-də çıxış etməlidir. Lakin klub hələ I Divizionda mübarizə apararkən - 2019-cu ildə yeddi futbolçusunun danışılmış oyunlarda iştirakı təsdiqləndiyinə görə UEFA tərəfindən avrokuboklardan kənarlaşdırılıb. Qərb təmsilçisi UEFA-nın qərarından İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib. Klubun avrokuboklarda iştirak edib-etməyəcəyi məhz CAS-ın qərarından asılı olacaq.

“Turan Tovuz”un avrokuboklardan kənarda qalacağı təqdirdə, boşalan yer Premyer Liqanı beşinci sırada başa vuran “Zirə”yə veriləcək.

“Sabah” üçün əlverişli imkan

İlk dəfə ÇL-də çıxış edəcək son çempion “Sabah” aşağı reytinqə malik olduğuna görə birinci təsnifat mərhələsində səpələnməmişlər səbətində yer alacaq. Bu isə komandanın daha yüksək reytinqli rəqiblə qarşılaşacağı anlamına gəlir. Potensial rəqiblər arasında Rumıniyanın “Universitatya Krayova”, Qazaxıstanın “Kayrat” və Farer adalarının “Klaksvik” klubları nisbətən daha təhlükəli görünür. Buna baxmayaraq, onların reytinqi bəzi digər rəqiblərdən aşağıdır. 

UEFA birinci və ikinci təsnifat mərhələlərinin püşkünü iki gün ərzində keçirəcək. İkinci raundun püşkü birinci mərhələnin cütləri əsasında formalaşdırılacaq və həmin cütün hansı səbətdə yer alacağı daha yüksək reytinqə malik tərəfin göstəricisinə əsasən müəyyənləşdiriləcək. Birinci təsnifat mərhələsində “Drita”, KuPS, “Şemrok Rovers” (İrlandiya), “Linkoln Red İmps” (Cəbəllütariq) və Bosniya və Herseqovinanın “Borats” klublarının yer aldığı cütlər səpələnmişlər sırasında olacaq. Bu komandaların əksəriyyəti “Sabah” üçün keçilməz rəqib hesab edilmir. Əksinə, onlardan biri ilə qarşılaşmaq ikinci mərhələdə nisbətən münasib rəqib əldə etmək şansını artıra bilər. Üçüncü təsnifat mərhələsində isə Xorvatiyanın “Dinamo” (Zaqreb) və Serbiyanın “Srvena Zvezda” kimi güclü klubları mübarizəyə qoşulacaq.

Ümumilikdə, ÇL-də ilk mərhələni keçmək Azərbaycan çempionu üçün strateji əhəmiyyət daşıyır. Birinci raundda məğlub olan komanda KL-ə, bu mərhələni adlayıb sonradan mübarizəni dayandıran klub isə AL-ə yönləndirilir. Bu baxımdan, hər hansı avrokubokun əsas mərhələsinə vəsiqə qazanmaq üçün ÇL-də mümkün qədər irəliləmək böyük üstünlükdür.

“Qarabağ”dan böyük gözləntilər

Ölkə çempionluğunu itirsə də, ötən mövsüm ÇL-in pley-off mərhələsinə yüksələrək tarix yazan “Qarabağ” bu dəfə AL-də mübarizə aparacaq. Ağdam təmsilçisindən gözləntilər yenə yüksəkdir.

Qurban Qurbanovun komandası birinci təsnifat mərhələsində yarışa başlayacaq və burada ən yüksək reytinqə malik iştirakçılardan biri olacaq. Bu səbəbdən ilk mərhələdə nisbətən münasib rəqiblə qarşılaşması gözlənilir. Potensial rəqiblər arasında ən təhlükəlisi Rumıniyanın “Universitatya Kluj” komandası hesab olunur. “Qarabağ” ikinci təsnifat mərhələsində də səpələnmişlər səbətində yer alacaq. Bu da nəzəri olaraq daha münasib rəqiblə qarşılaşmaq imkanı yaradır. Lakin artıq bu mərhələdə Kiyev “Dinamo”su, Niderland “Tvente”si və Türkiyə “Beşiktaş”ı kimi daha güclü komandalar potensial rəqiblər sırasına daxil olacaq. Ağdam təmsilçisi üçüncü mərhələyə yüksələrsə, artıq səpələnmişlər sırasında yer almayacaq və daha ciddi rəqabətlə üzləşəcək.

Klubun son illərdə Avropada qazandığı zəngin təcrübə komandaya olan inamı artırır. ÇL-də ötən mövsüm əldə edilən uğurdan sonra əsas gözlənti AL-in liqa mərhələsinə yüksəlməkdir. Lakin heyətdə baş verən dəyişikliklər və yeni futbolçuların uyğunlaşma prosesi mövsümün ilk mərhələlərində müəyyən çətinliklər yarada bilər.

Konfrans Liqasında vəziyyət necədir?

“Turan Tovuz”un avrokuboklara buraxılıb-buraxılmamasından asılı olaraq KL-də iştirakçıların səbətləri müəyyən qədər dəyişə bilər. Klubun iştirakına icazə verilərsə, komanda ikinci təsnifat mərhələsindən yarışa başlayacaq. “Neftçi” isə birinci raunddan mübarizəyə qoşulacaq.

Hazırkı vəziyyətdə isə “Zirə” birinci təsnifat mərhələsinin iştirakçısı kimi görünür. Reytinqinin yüksək olması səbəbindən qəsəbə təmsilçisi səpələnmişlər səbətində yer alacaq. Bu isə daha münasib rəqiblə qarşılaşmaq ehtimalını artırır. Mövcud variantların əksəriyyətində “Zirə”nin mərhələ keçmək şansı kifayət qədər yüksək qiymətləndirilə bilər.

Lakin ikinci təsnifat mərhələsinin püşkü zamanı həm “Zirə”nin yer aldığı cüt, həm də “Neftçi” səpələnməmişlər sırasında olacaq. Bu isə daha güclü rəqiblərlə qarşılaşmaq ehtimalını artırır. Potensial komandalar arasında Portuqaliyanın “Braqa”, Niderlandın “Ayaks”, Danimarkanın “Kopenhagen”, Yunanıstanın “Panatinaikos” və Belçikanın “Gent” klubları da var. 
ÇL-də birinci təsnifat mərhələsinin ilk oyunları iyulun 7-8-də, AL-də iyulun 10-da keçiriləcək. KL-də isə birinci təsnifat mərhələsinin ilk qarşılaşmaları iyulun 10-da, ikinci raundun ilk oyunları isə iyulun 23-də baş tutacaq.

banner

Oxşar Xəbərlər