• cümə, 25 Iyul, 07:24
  • Baku Bakı 25°C

Gözümüzün önündəki minlərlə mövzu

06.06.16 10:53 1504
Gözümüzün önündəki minlərlə mövzu
Qabriel Qarsia Markesin Uilyam Folknerin nəsri ilə qarşılaşması onu olduqca təəccübləndirib. Lakin Markes xatirələrində yazır ki, Folknerin təhkiyə forması onu sadəcə təəccübləndirməyib, həm də dönüb gəldiyi yerlərə yenidən nəzər salaraq, aid olduğu coğrafiyaya və insanlara əslində hansı nəzərlə baxmalı, aid olduğu yerlərin mövcud reallığını necə anlatmalı olduğunu da göstərib. Bu, bir oxucuya olduqca sadə görünə bilər, amma bir yazar üçün yol göstərən bir qarşılaşma olduqca əhəmiyyətlidir. Bu tip yolları isə minillər boyudur birmənalı şəkildə davamedici, inkişafetdirici yazarlar yox, məhz qurucu yazarlar göstərə bilir. Əgər yeni yazar belə xırda detalların əhəmiyyətini dərk etmədən və buna əhəmiyyət vermədən irəliləyərsə, bəsit şeylər yazar, yazdıqları çox vaxt "bayağı”, "adi” kimi dəyərləndirilər.
Lakin bu cür yanaşma və yönlənmə də əsla yeni yazarların da onlar kimi yazacaqları demək deyil. Öz təxəyyülünüz, baxış bucağınızı formalaşdırarkən ustad yazarların yaradıcılığına qayıtmaq, haradasa onlardan bəhrələnmək qaçılmazdır. Çünki nəyi, niyə və necə yazmalı olduğunuzla bağlı heç bir təsəvvürünüz olmadan yaza bilməzsiniz, bu təməl sualların cavabları isə yalnız qurucu yazarların yazdıqlarındadır. Bu mərhələni bir növ ustad əlindən keçmək kimi də qəbul edə bilərsiniz.
Əgər yazıçı dövrünə baxmalı olduğunu dərk etmirsə, ölkəsində və dünyada yaşanan hadisələrdən bixəbərdirsə, deməli, yoxsuldur. Həm də indi elə bir dövrdə yaşayırıq ki, məmləkətlərin və bəşəri gedişatın özündə nələri ehtiva etdiyini görməmək mümkünsüzdür. Yazarın əsas vəzifəsi günü, gündəmi izləməkdir. Öz dövrünü görə, onun ritmini tuta bilmək üçün başqa yolu yoxdur. Bundan qaçaraq sığınacaq adalar yaradıb insan-cəmiyyət həqiqətindən qoparaq yazılanları isə nə bu gün, nə də qeyri-müəyyən bir gələcəkdə "ədəbi əsər” kimi təqdim etmək mümkün olacaq. Əlbəttə ki, tarixə, fantaziyaya, utopiyaya söykənməklə də reallıq duyğusu aşılana bilər. Amma bunu belə formalaşdıra bilməyiniz üçün baxışınız, duyğunuz, reaksiyanız, məsulliyyət hissiniz olmalıdır.
Elias Kanettinin "Korşalma” romanını yazmasına səbəb olan real hekayəni xatırlayaq. Kanetti belə danışırdı: "1927-ci il, 15 iyul, səhər vaxtları. Həmişə olduğu kimi, Uahrinqerstrasdakı kimya mühəndisliyi institutunda yox, öz evimin yerləşdiyi ərazidə idim. Ober-St.Veytdə öyrəşdiyim kafelərdən birində günün qəzetlərini vərəqləyirdim. "Reichspost”u əlimə alanda içimdə püskürən qəzəb bu gün də xatırlayanda eyni qədər dərin təsir bağışlayır. Qəzetdə "Ədalətli qərar!” sərlövhəsi ilə paylaşılmış bir yazı var idi. Burqenlandda silahlı insident baş vermiş, işçilər öldürülmüşdü. Məhkəmə isə qatilləri azad etmişdi. İşin ən pis tərəfi isə bu idi ki, bu addım iqtidardakı qüvvələr tərəfindən "adil” hesab edilmiş, hələ qəzetlərin üz qabığına da yerləşdirilmişdi. Vyananın işçi-fəhlə sinfi arasında böyük dalğalanma baş verdi. Bunun səbəbi sadəcə işçilərin öldürülməsi və ya qatillərin azad qalması deyildi, hakimiyyətin bəşəri ədalət anlayışı ilə bu qədər təhqiramiz davranaraq, qərarı "adil” hesab etməsi idi. Vyananın dörd bir yanından işçilər heç kimlə əlaqə qurmadan, heç kimə xəbər vermədən adını belə təhqir etmiş ədalətsizlik simvolu olan Ədalət Məhkəməsinin önünə toplaşdı. Bu, kiminsə planlamadığı və tamamilə təbii bir şəkildə baş qaldırmış reaksiya idi. Çünki mənim özüm də xəbəri alan kimi velosipedinə minib özünü şəhər mərkəzinə çatdıran və işçi qruplarından birinə qoşulanlardan idim. Başqa vaxtlar nizam-intizamlı davranışları ilə göz dolduran, sosial-demokrat liderlərinə tamamilə etibar edən və Vyana bələdiyyəsinin bu liderlər tərəfindən nümunəvi şəkildə idarə edilməsindən məmnunluq ifadə edən işçilər o gün liderlərə məhəl belə qoymadan hərəkətə keçdilər. İşçilər ölkənin əsas məhkəmə binasını yandırdı. Bələdiyyə sədri Seytz yanğınsöndürən maşınların birində gələrək, əl hərəkətləri ilə jest edib, insanları sakitləşdirmək istədi, lakin bu, heç bir nəticə vermədi, bina yandı. Əhaliyə silahlı cavab verildi, doxsan nəfər öldü... Mən o gün o kütlənin içində tamamilə ərimiş, onların bir parçası olmuş və içimdəki təbii axına ən cüzi bir qarşıdurma hissi belə keçirməmişdim”.
Kanettinin bu əsərini oxuduqda onda formalaşan, başqa yönə çevrilən şeyin nə olduğunu görməyə çalışarsınız. Ustalıqla sərgilədiyi reallıq hissinin necə bir şahidlikdən qaynaqlandığını isə romanı oxuduqca daha dərindən hiss edirsiniz. Elə də çox uzaqlara, sərhədlərdən o yana, dünyanın başqa uclarına getməyə ehtiyac yoxdur. Məsələn, adi günlərdən birində qəzetlərdə "Qətliam kimi bir avtomobil qəzası” başlığı ilə əks olunan sahə işçiləri ilə dolu avtobusa çırpılan yük maşınının səbəb olduğu hadisə də bir dramdır. Məsələn, hansısa ölkədə yüzlərlə, minlərlə işçi bu kimi qəzalarda və ya iş qəzalarında dünyasını dəyişirsə və yalnız bundan sonra onun işçi müqaviləsi olmadığı ortaya çıxırsa, yaşanan ictimai faciələrin miqdarını özünüz hesablayın...
Bəs bu günün romanı bunları nə qədər görür? Açığı, bu gün yazılan romanlar, hekayələr gözümüzün önündə yaşanan faciələrdən çox uzaqdır. Getdikcə də günün faciələrinə yanaşma tərzimiz dəyişir, bu gündən uzaqlaşırıq. Bəzən düşünürəm ki, bunun əsas səbəbi ailədə formalaşan təfəkkürdə və təhsildə axsaqlıq, ictimai yararlılıq hissinin aşılanmaması, sinfi fərqlərin bir məfhum kimi yerinə oturmamış olmasıdır. Cəmiyyət olaraq davranış formalarımız, xarakterik keyfiyyətlərimiz incələnərsə, hadisələri görmə və ona yanaşma tərzimizdən tutmuş beynin və bədənin reaksiya formalarına kimi hər şeydə nə qədər xəsis, nə qədər əskik davrandığımızı görərik.
Məhz elə bu nöqtədə ədəbiyyatın, incəsənətin fərdin ictimai həssas fiqur kimi formalaşmasındakı rolu, onu emosional və zehni tərbiyədən keçirmək missiyası danılmaz bir həqiqət kimi qarşımıza çıxır. Yetişdirdiyiniz və formalaşdırmaq istədiyiniz insanı ədəbiyyat və incəsənət bilgisindən bu və ya digər formada uzaqlaşdırdığınız halda nəticə ancaq bu ola bilər – ictimai drama yad və laqeyd bir məxluq. Getdikcə cəmiyyətdən, onun problemlərindən uzaqlaşan, həqiqətləri önəmsəməyən, öz ağrılarını və əzablarını yeganə həqiqət kimi görən, özünü dünyanın illuziyasına buraxanların ədəbiyyat adına nələrsə yazıb, çap etdirdiyi və öz saylarını artırdığı bir cəmiyyətdə bəsit, ucuz, bayağı olanı dominantlaşdırmaq istəyən modellerin sayı da artır.
Bir zamanlar günün nəbzini əbədiləşdirməyə xidmət edən yazarlar nəsli var idi. Yazılmağa, açılmağa, unudulmamağa hazır o qədər hekayə var ki, gündəlik həyatın hər künc-bucağında. Bu günün dramını yazmaq bir az da gələcəyi fotodakı o əyri duran detaldan təmizləməkdir bir tərəfdən də. Ədəbiyyata gəldiyi üçün dəyişmiş, ədəbiyyatda görüldüyü üçün insanların imtina etdikləri o qədər nümunə var ki. Üslubu və hekayəsini tək-tək dəyərləndirə bilmərəm, amma sırf güclü bir əsərlə iradəsinin, daha doğrusu, iradəsizliyinin öhdəsindən gəlmiş saysız-hesabsız nümunələr var dörd yanınızda. Tarixin və siyasətin dəyişə bilmədiyi məfhumlar, dəyərlər var, onları ədəbiyyat dəyişdirib. Bir xalqın nüfuzunu da, onun insanlarının xarakterini də, dünyagörüşünü, bəşəri təqdimatını da onun ədəbiyyata və incəsənətə yaxınlığı və ya uzaqlığı təyin edir.
Bir sözlə, demək istəyirəm ki, ədəbiyyatda əvvəlki dövrlərin reallıq duyğusunu, səmimiliyi, o həyatın içindən olan hekayələrin verdiyi dadı ala bilməməyimizin üzərində yaxşı-yaxşı düşünməliyik. Mən deyirəm ki, o əsərləri bu qədər dəyərli edən vicdan məhkəməsindən qorxan, yaza bilməyin, sahib olduqları istedadın təşəkkürünü bəşəriyyətin, qonşusunun, dostunun faciəsini qələmə alaraq, onların dərdlərinə yanacaq insanlar yaratmaqla edən insanlar yazıb. Bu əsərləri yazanlar hər an öz vicdanları qarşısında özlərini sorğuya çəkiblər.
Oxuyun bu dediyim vicdan sorğusundan alnıaçıq, üzüağ çıxmış adamların yazdıqları əsərləri. Və bilin ki, qonşusunun hər gün problemlər, əzablar içində olduğunu görə-görə Suriya qaçqınlarına ağlayan insandakı qədərdir öz yaşadığı cəmiyyəti görməzdən gələrək, faciə yazan bir yazarın səmimiyyəti. Dünənin əsərlərinin ən zəifində belə həmin günün problemi var, insanların həyat şərtləri, mübarizə üsulları, təbiət-insan münasibətləri, problemlərin qaynağı və həlli yolları... Bu əsərlərin hər birində həmin günə baxışın, əzabın necə səmimi şəkildə çatdırılmasının fərqini dərhal hiss edir insan.
Bu gün isə dünya yazmaq, yazılası mövzu tapa bilmək üçün sözün əsl mənasında "cənnət”dir. Hansı janrda, hansı üslubda, hansı mövzuda yazmaq istəsəniz, dünyanın sadəcə bir günlük gündəminə nəzər salmaq belə kifayətdir. Düz gözümüzün önündə, qara yumordan ictimai qınağın bərbad nəticələrinə, fərdin problem içində sıxışıb qalmağından cəmiyyətə yadlaşmasına, şiddətdən qidalanan qorxu hissinə qədər yazılmağı gözləyən minlərlə mövzu, hekayə var. Sadəcə, yazmaq üçün yola çıxan hamı baxa və görə bilməli, yollar üçün öz yazarını seçməlidir. Markes kimi...
Tərcümə etdi:Elcan SALMANQIZI
P.S.Feridun Andacın "The storyteller's book" ("Hekayə danışanın kitabı") əsərindən. Məqalə "thetheoryoceacy.com" saytından götürülüb.

banner

Oxşar Xəbərlər