• bazar ertəsi, 26 may, 07:54
  • Baku Bakı 18°C

Gülüş - ən güclü silah

04.04.16 11:43 5607
Gülüş - ən güclü silah
Azərbaycan ədəbiyyatında yumor və satira həmişə mühüm yer tutub. Hər bir xalq üçün lazımlı bir nüansı zaman-zaman Mirzə Cəlil – “Molla Nəsrəddin” məktəbi, Sabir, Haqverdiyev və b. klassiklərimiz ədəbiyyatımıza gətiriblər. Onlar dərin və kəskin yumor və satiranın ənənələrini yaradıblar.
Bəs çağdaş dövrdə yumor və satira ənənəmizin davamı varmı? Bayağılığın baş alıb getdiyi, gülüşün öz dərin mənasını itirdiyi bir vaxtda yumoristik ənənələr və satira ədəbiyyatımızda bir janr kimi yaşayırmı?
“Müzakirə”mizdə sorğuya cavab axtararkən yazar Kamran Nəzirli: “Mən Mirzə Fətəlinin, Üzeyir bəyin gülüşü, Mirzə Ələkbərin satirası və Mirzə Cəlilin yumoru üçün darıxıram”,-deyə fikrini qısa ifadə etdi.

İbrət dərsi
Tənqidçi Vaqif Yusiflinin fikrincə, yumor və satira Azərbaycan ədəbiyyatında ayrıca bir qol təşkil edir. Belə ki, satirik olmayan şair və yazıçılarımızın yaradıcılığında da satira qüvvəsi olub. Həmçinin sırf satirik yazıçı və şair kimi tanınan yazarlarımız da olub. “Azərbaycan ədəbiyyatında Qasım bəy Zakir, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Mirzə Fətəli Axundzadə kimi böyük yazıçılarımız var ki, onların yaradıcılığında satira mühüm yer tutub və sırf satirik olan şairlərimiz var. Mirzə Cəlilin «Molla Nəsrəddin» jurnalının ətrafında toplanan yazarların yazdıqları ədəbiyyatımızda mühüm yer tutur. Bu ənənə məlumdur”. Tənqidçi hesab edir ki, sovet dövründə satira bir qədər dayazlaşıb: «Molla Nəsrəddin»də böyük çarlara, mollalara, dövlət xadimlərinə, quruluşa qarşı müəyyən etirazlar, kiçik adamların tənqidi vardı. Sovet dövründə isə Sabir ənənələrini yaşadan nümunələr yarandı. Məsələn, Rəsul Rzanın «Sabir sağ olsaydı» əsəri meydana çıxdı. O cümlədən Bəxtiyar Vahabzadənin, Süleyman Rüstəmin yaradıcılığında satira yer aldı. Sadəcə, bir qədər şiddətli deyildi”. Tənqidçinin fikrincə, müstəqillik dövründə artıq bu ənənələr müəyyən qədər bərpa olunmağa başlayıb: “Məsələn, Baba Pünhan qəzələ satirik ahəng verdi. İndi də satirik şeirlər yazılır, ancaq zəifləmə var. Mən satiranı xəstəxanada reanimasiya şöbəsi ilə müqayisə edirəm. Yəni satira bir növ insanları hərəkətə gətirən xüsusiyyətlərin məcmusudur. O mənada ki, insan güzgüyə baxır və öz sifətini görəndən sonra etdiyi naqisliklərdən əl çəkir. Satira elə bil ki, bir milləti oyanmağa səfərbər edir. Elə bir satirik şair yoxdur ki, onun yazdıqları müəyyən mənada cəmiyyətdə baş verən xaosu, hərc-mərcliyi əks etdirməsin. Bu mənada indi satira zəifləyib”. V.Yusifli hesab edir ki, satira hər kəsin eybini və nöqsanını göstərmək üçün lazımdır: “Yoxsa heç kim öz ayranına pis demir. Satira və yumor həyatda gedən proseslərə, adamların əxlaqına, həm də cəmiyyətdə gedən proseslərə öz münasibətini bildirir. Mənəvi-əxlaqi pozğunluqları öz güzgüsündə əks etdirir. Bu mənada satira ibrət dərsidir. Bu dərsləri mənimsəmədən insan özünü dərk eləməz. İnsan öz içinə, öz aləminə və həyatına boylanmalıdır ki, düz yolda hərəkət eləsin. Satiranın, yumoristik ədəbiyyatın mənası budur. Bu mənada satira yüksək ictimai əhəmiyyətə malikdir».
İroniya dövrü
Yazıçı Elçin Hüseynbəyli hesab edir ki, yumor ədəbiyyatı zəifləyib, amma bu, nə vaxtsa öz yerini tutacaq. Yazıçı «Yumoristik əsərlər yaranmır» fikri ilə razı deyil. Onun fikrincə, bu gün daha çox ironik mətnlər meydana çıxır: “Həmin yazılar da maraqlıdır. Belə ki, insan özünə ironiya etməyi bacarmalıdır”. Yazar hesab edir ki, vaxtilə Sabit Rəhmanın, Mirzə Ələkbər Sabirin yazdıqları yumoristik əsərlər və satiralar bu fikrə uyğun meydana gəlib. İndiki halda isə bu cür əsərlər yaranmır və heç kim də buna maraq göstərmir: “Mən sosial şəbəkələrdə paylaşılan statuslara da baxanda düşünürəm ki, insanlar daha çox ironiyaya meyl edirlər. Mən bunu normal qarşılayıram. Görünür, indi yumor və gülüş deyil, ironiya dövrüdür. Yəqin ki, keçib gedəcək». Yazar yumoristik əsərlərin cəmiyyətə təsirini istisna etmir: “Çox sevdiyim bir fikir var: “Meymun güzgüyə baxandan sonra insana çevrilib”.
«Hər kəs onları xoşlayır. Böyük də, kiçik də. Oxuyursan, eşidirsən, gülürsən, sevinirsən, əhvalın xoş olur. Danışırsan, başqalarını da güldürürsən. Amma çox vaxt onları çətin tapırıq» - deyə bu günlərdə uşaqlar üçün yumorlardan ibarət “Ciddi ol” kitabı çapdan çıxan tanınmış uşaq yazarı Gülzar İbrahimova balacaların gülməli yumorlara ehtiyacı olduğunu bildirir. Yazar bu gün uşaqlar üçün yumoristik yazılara rast gəlmədiyinə təəssüflənir: “ Uşaqlar üçün ciddi hekayələr və ya şeirlərə rast gəlirəm, amma yumoristik hekayələr rastıma çıxmayıb. Mən uşaqlar üçün 225 səhifəlik kitab nəşr etdirmişəm və üç saatlıq yumor diski buraxdırmışam. Çünki müasir uşaqlar internetdən çoxlu yumor, maraqlı gülməli lətifələr axtarırlar. Onlar bu zaman çox pis, yaşlarına uyğun olmayan məlumatlara, şəkillərə rast gəlirlər. Həmin kitabın çapı da bu zərurətdən meydana gəlib». Yazar hesab edir ki, bu gün uşaqların yumoristik ədəbiyyata çox ehtiyacı var. Belə ki, məktəbəqədər müəssisələrdən tutmuş yuxarı siniflərə qədər dərslər çox ağırdır. Uşaqlar aqressiya içərisindədirlər. Digər tərəfdən, internet, mobil telefonlarla yüklənmiş həyatlarında onların yumoristik ədəbiyyata ehtiyacları var: “Yumoristik ədəbiyyat uşaqların əhval-ruhiyyəsinin artırılmasında, yumor hissinin gücləndirilməsində və həyata baxışlarının yüngülləşdirilməsində böyük rol oynayır. Bizə necə qida lazımdırsa, eləcə də yumor lazımdır. Mən bu yaşda evə gedərkən televiziyanın kanallarını dəyişib yumoristik verilişlər axtarıram. Yumor stressi atmağa kömək edir. Bu, böyüklərə də, uşaqlara da lazımdır».
Atom və neytron bombası heç nədir
Yazıçı Atababa İsmayıloğlu bu gün ədəbiyyatımızda yumoristik ənənələrin yaşadığını və satiraların yazıldığını qeyd edir: “Satira həmişə olub və həmişə də olacaq. Keçmiş ənənələr də qalır. Yeni satiralar, yumorlar da yazılır. Hər kəs satiraya bir naxış vurur. Rəhmətlik Baba Pünhanın yaxşı satiraları var. Həmçinin Xeyrəddin Qoca da bu sahədə maraqlı yazılar yazır». Yaradıcı insanın həyata fərdi baxışının olduğunu bildirən yazarın fikrincə, əslində bütün yazıçılar və şairlər eyni sözü deyir, həqiqəti üzə çıxarmağa çalışırlar. Yumorla satiranın fərqindən danışan yazar bildirir ki, satira kəskin gülüşdür və onda ironiya var. Yumor isə ona nisbətən yüngüldür. Yaradıcılığının əsas qolunu satira və yumorun təşkil etdiyini bildirən A.İsmayıloğlu bildirir ki, həqiqəti bu dillə demək ona daha asandır: «Hər yazıçı həyatı bir cür görür. Mənim üçün isə bu janrların dili ilə söz söyləmək daha asan və daha rahatdır». Yazarın fikrincə, həm satiranın, həm də yumorun cəmiyyətə böyük təsiri var. Belə ki, insanın özü özündən xəcalət çəkməsi çox əhəmiyyətlidir: “Satira və yumor insanları məcbur edir ki, özləri öz əməllərindən xəcalət çəksinlər. Gülüşdən böyük silah yoxdur. Atom və ya neytron bombası gülüşün, məsxərənin qarşısında heç nədir. Amma bir şərtlə ki, ünvanına çatsın, yerində olsun. Bu gün gülüş yerindədir, ancaq gülüşü qiymətləndirənlər yoxdur».
Acı və yüngül gülüş
Xalq artisti, rejissor Mərahim Fərzəlibəyovun fikrincə, komik əsərlərin özündə bir gülüş var. Belə ki, teatrın gülüşü də onun komik əsərlərindədir: “Mənə elə gəlir ki, dramaturqlar 1 aprel – Gülüş günü ilə bağlı mövzuya da fikir verə bilərlər. Bir halda ki, bu günü dünyanın hər yerində qeyd edirlər, demək, bu mövzuya da toxunmaq lazımdır”. Yumor və satiranın hər bir xalqın həyatında mövcud olduğunu qeyd edər rejissor bu gün cəmiyyətə bu tip əsərlərin lazım olduğunu bildirir: «Satirada acı, yumorda isə nisbətən yüngül gülüş var. Heç bir xalq təbəssümdən məhrum deyil. Mənə elə gəlir ki, satira və yumor bütün teatrlara lazımdır. Ancaq satiraya daha çox ehtiyac var. Çünki satirada insanlar öz eyiblərini güzgüdəki kimi görür və səhvlərini düzəltməyə çalışırlar”. Rejissor hesab edir ki, satira və yumorun dili ilə insanlara çox söz demək, ümumilikdə cəmiyyətdəki mənfilikləri dəyişdirmək mümkündür: “Bütün zamanlarda yazarların yazdığı satiralar və yumoristik əsərlər cəmiyyətdə birmənalı qarşılanmayıb. Bununla belə, öz təsirini hiss etdirib. Bu gün də satirik və yumoristik əsərlərin yazılmasına ehtiyac var”.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər