Gənclərin gözü ilə

Qan Turalı
Vaqif Səmədoğlu ilə dostluğum “Facebook”da başlamışdı. O vaxta qədər şairi yerli-yersiz tənqid də eləmişdim, nə gizlədim. “Facebook”da onu görəndə bir mesaj yazdım: “Bəlkə sərxoş olanda xətrinə dəymişəm sənin”. O da bu sözlərin müqabilində isti sözlər dedi. Sonra görüşdük, pivə içdik, çoxlu söhbət elədik, müsahibə aldım. Mənim “Mustafa” romanımı oxuyub bəyənmişdi. Hətta “Mustafa” oxuduğu yerdə bir şəkli də vardı, sonralar bu şəkli nə qədər axtarsam da tapa bilmədim.
60-cılar nəslinin gəncliyə açılan qapısıydı Vaqif Səmədoğlu. Müdrik adam idi. Mənə elə gəlirdi ki, o ədəbiyyatı ciddiyə almır. Adətən, ədəbiyyatdan da danışmazdıq. Şeirlərindən isə ümumiyyətlə söz salmırdı. Mənə elə gəlirdi ki, bu şeirlər onun özüylə elədiyi səmimi söhbətlərdir, bu şeirləri elə-belə özüyçün yazıb. Kefinin yaxşı vaxtı əl atıb karandaşa, oturub kresloda və dilindəki sözləri kağıza köçürdüb: “Bir siqaret o yana, Bir siqaret bu yana...”. Amma iddiasız yazılmış bu şeirlər Azərbaycan ədəbiyyatının yeni bir qatını yaratdı.
Vaqif Səmədoğlunun “Mən burdayam, İlahi” kitabı çap olunanda şairin əlli yaşı vardı. O vaxta qədər isə cəmi iki balaca kitabçası çıxmışdı. Şeir də, ümumiyyətlə ədəbiyyat da fərdi hadisədir. Sən oturub bir gecə içindəkini kağıza tökürsən, bir il, on il sonra hansısa bir şəhərin bir mənzilində bir insan o yazdığını götürüb oxuyur, özünü orda tapır, ağlayır, ya da gülür, sən onun daxili dünyasına hakim olursan. Fərdlərdən fərdlərə yoldur ədəbiyyat.
Lakin həmişə belə olmuşdumu? Xeyr. Vaqifin ən böyük faciəsi və ən böyük qələbəsi Səməd Vurğunun oğlu olması idi. Səməd Vurğun rəyasətlər şairiydi, o təkcə söz ordusunun sərkərdəsi deyildi, həm də milyonların könlünə öz alovlu çıxışları ilə girən, böyük bir inqilabın tərənnümçüsüydü. Səməd Vurğun üçün şeir fərdi məsələ deyildi, ümumxalq işiydi, Səməd Vurğun böyük inqilab qatarının bir əsgəriydi. Vaqifin faciəsi isə ondaydı ki, bu rəyasət şairinə atılan səssiz güllələri görmüşdü, döşü ordenli şairin ürəyinin iztirablarını yaşamış, cəmi 50 yaşında ölən şairin iztirablarına şahidlik eləmişdi. Onun üçün içinə qapanıq idi, özüyçün yazırdı. Hə, bir də sayı bir iki əlin barmaqlarını keçməyən dostlar üçün. Qardaşı Yusif də az yazmışdı, bir roman, bir neçə hekayə. Kim nə deyirsə desin, mən hər ikisi haqq dünyasında olan bu iki qardaşın çəkingənliyini, kənarda durmaq cəhdlərini də Səməd Vurğunun o ağrılı taleyi ilə bağlayıram. “Qətl günü”ndəki Sədi Əfəndi də Cəlil Məmmədquluzadəyə də oxşayırdı, Cavidə də. Hətta “Küləklər” şeiriylə Müşfiqə də işarələr var. Amma mənə elə gəlir ki, Sədi Əfəndi Səməd Vurğunun taleyindən, faciəsindən yaranmışdı, digər klassiklərimiz isə bu obraza əlavə ştrixlər qatmışdılar.
Vaqifin Səməd Vurğun qələbəsi isə ondaydı ki, atasının taxta çıxartdığı ədəbi-estetik dünyagörüşünə zidd getmişdi, tamam başqa ədəbiyyat yaratmışdı və bu yolda da “Səməd Vurğun belə yazmazdı” tənələrinə qulaqardına vurmuş və Səməd Vurğunun böyründə yepyeni bir şeir sarayı salmışdı. Əsl oğul idi Vaqif. Atasına qiyam qaldıran istedadlı oğul...
Vaqif Səmədoğlu bir dəfə deyirdi ki, Xalq hərəkatı zamanı şeirlər yazıb mitinqlərdə oxumaq istədim, amma bacarmadım. Bacara da bilməzdi, çünki onun şeirləri mitinq üçün deyildi, bir dua idi, bir yalvarış idi və əlbəttə ki, bir pıçıltı idi...
Bu müdrik qocanın pıçıltıları indinin özündə də mənim qulağıma tez-tez gəlir. Harda bir haqsızlıq görürəmsə o pıçıltını eşidirəm: “Sanitar qolun qırılsın; O qızı vurduğun yerdə”
Aysel Əlizadə
Məncə nəcə şair idisə elə də insan idi. Çox az şairlərdən biridir ki, onunla ilk görüşdə yenidən tanış olmadım. Ele şeirlərindən, ssenarilərindən tanıdığım adam idi. Müsahibə almışdım. Belə bir yaddaqalan fikir dedi. "Ədəbiyyat üçün yaşamaq olar? Ədəbiyyat üçün ölmək olar? Qadın üçün yaşamaq və qadın üçün ölmək lazımdı. Vətən üçün ölənlərin qarşısında baş əyirəm, qadın üçün ölənlərin qarşısında diz çökürəm". Biz onu yaşlı vaxtında tanıdıq. Amma bir kişi obrazı yarada bilirdi, əsl şair idi.
Özündən sonra bir cüt ayaqqabı qoydu hardasa ayağı yalın bir adam üçün. Həmişə o adamın kim olduğunu bilmək istəyirem. Səmədoğlunun əsl poeziyası o adamdan sonra başlayır. Onun taleyi, onu həmin ayaqqabılara gətirən yollar, yaşantılar... Bunda gerçək, həm də sehirli bir poeziya gizlənir. O adamı tapmaq lazımdı.
Cəlil Cavanşir
Dünyasını dəyişmiş dostları, doğmaları xatırlamaq mənim üçün çox çətindir. Tofiq Abdini, Rafiq Tağını, Zərdüşt Şəfini, Elçin Səlcuqu xatırlayanda özümdən asılı olmadan qəhərlənirəm. Vaqif Səmədoğlu ilə aramızda yarım əsr yaş fərqi olsa da, onu öz dostum, doğmam hesab edirdim. Həyatımın dolaşıq, çətin günlərində tanış olmuşduq və bu tanışlıq mənə sözün əsil mənasında böyük stimul olmuşdu. İlk görüşümüzdəcə məni olduqca mehriban qarşıladı, yüz ilin tanışı kimi salamlaşdıq. Yazılarımı, şeirlərimi oxuduğunu, izlədiyini dedi. Səmimi etiraf edim ki, uçmağa qanadım yox idi. Qərib şəhərdə, işsiz-gücsüz bir gənc qələm adamı üçün bundan böyük stimul olmazdı...
Onunla içə-içə söhbətləşmək olduqca maraqlı idi. Maraqlı xatirələri, söhbətləri özünə məxsus aramla danışır, arada susub siqaretdən dərin bir tüstü çəkirdi ciyərlərinə. Onunla hər görüş, hər söhbət mənim üçün maraqlı bir tarixdir. İlk dəfə Ramiz Rövşənlə məni o tanış edib. Dostum Əsəd Qaraqaplanla oturublarmış. Necə olubsa məni xatırlayıb, arxamca sürücüsünü göndərmişdi. Sonra bizim xahişimizlə Ramiz Rövşəni məclisə çağırdı. Bir yazıya sığmayacaq qədər maraqlı, unudulmaz bir görüş oldu.
Ümumiyyətlə, Vaqif Səmədoğlu ilə, ünsiyyətimiz yaxşı alındı, getdikcə dərinləşdi. Ona “ustad” deyirdim, o da “Cəlilcan” deyə müraciət edirdi mənə. Müxtəlif təbirlərdə, məclislərdə qarşılaşanda elə mehriban, elə istiqanlı davranırdı ki, bəzən bu səmimiyyətdən utanırdım. Şeirlərini hər zaman sevərək oxumuşam. Mənim ruhuma ən yaxın şairlərdəndir Vaqif Səmədoğlu. Onun ölümə, sevgiyə, Allaha münasibəti mənim üçün həmişə maraqlı olub.
Onun bir özəlliyi daha çox diqqətimi çəkib hər zaman. Vaqif Səmədoğlu heç vaxt atası Səməd Vurğunun kor-koranə təbliğatı ilə məşğul olmur, onu tənqid edənlərə qisasçılıq hissi ilə yanaşmırdı. Siyasi mövqeyi, ictimai fəallığı da digər yaşıdlarından, vəzifədə olan dostlarından fərqlənirdi. Çoxlarına əl tutur, dayaq dururdu. İmkan daxilində hamıya kömək edir, xüsusən gənclərə xüsusi qayğısı ilə seçilirdi. Ədəbiyyatımızda, şəxsi həyatımızda yeri hər zaman görünən böyük sənətkar idi. Onu şəxsən tanıdığım, ünsiyyətdə olduğum üçün özümü çox şanslı sayıram. Çünki, bir neçə il ərzində ondan çox şey öyrəndim. Ruhu şad olsun!
Vüsal Nuru
Vaqif Səmədoğluyla bir dəfə üz-üzə durub söhbət eləmişəm. Yazıçılar Birliyində, pilləkənin başında. Nəriman Həsənzadənin sözü olmasın mən pillələri qalxırdım, o enirdi. Nəfəsini dərmək üçün dayanmışdı, qolundan tutub kömək elədim. İstəyirdim o pillələr qurtarmasın. Ən sevdiyim bir şairin qolundan tutmuşdum və hiss edirdim ki, fərəhdən uçuram. Dedim ki, Vaqif müəllim sizə desəm ki, siz mənim ruhumun şairisiniz, bu sizin üçün adi söz olar. Çünki bu sözləri mənim kimi, yüzlərlə adam sizə deyir. Fikirləşirəm ki, sizə olan sevgimi bu fürsətdən istifadə edib necə ifadə edim, söz tapa bilmirəm. Dedi elə söz tapa bilməməyin ən yaxşı ifadədi. İndi də fikirləşirəm ki, Vaqif Səmədoğluna olan hisslərimi necə yazım, yenə tutarlı, sanballı, ünvanına layiq söz tapa bilmirəm. Vaqif müəllimin mənə dediyi sözün dəyərini də indi daha yaxşı dərk edirəm. Bəzən müqəddəs, məhrəm olan adamlar haqqında susmaq lazımdı. Mən Vaqif Səmədoğlu haqqında susuram və həmişə olduğu kimi bu dəfə onun şeirindən bir bəndi ürəyimdə oxuyuram: “Dəlixanada axşamdı Dəli Qabil yer süpürür. İnsan hər yerdə insandı, Ölməyibsə, ömür sürür...”