Əməkdaşlıqdan müttəfiqliyə - ŞƏRH
Şuşa Bəyannaməsinin
təsdiq edilməsindən sonra Azərbaycanın sərhədlərinin toxunulmazlığı, o cümlədən
suverenliyinin müdafiə edilməsi məqsədilə keçirə biləcəyi mümkün antiterror əməliyyatında
Türkiyə hərbçiləri də iştirak edə biləcək
Azərbaycan
Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib
Ərdoğanın ötən il iyunun 15-də Şuşa şəhərində imzaladıqları bəyannamə fevralın
1-də Milli Məclis tərəfindən ratifikasiya edilib. Türkiyə Böyük Millət Məclisi də
analoji qərar verib. Bu bəyannamənin imzalandığı gündən bu yana dünyada və bölgədə
baş verən proseslər Azərbaycan və Türkiyə liderlərinin düzgün siyasi qərar
verdiyini bir daha təsdiqləmiş oldu. Onu da qeyd edək ki, bəyannamənin Azərbaycan
parlamentində ratifikasiya edildiyi ərəfədə müdafiə naziri Zakir Həsənovun
Türkiyəyə səfər etməsi də diqqətdən kənarda qalmadı. Nazir bu səfər çərçivəsində
yüksək səviyyədə qəbul edildi, Türkiyənin hərbi-siyasi rəhbərliyi ilə müxtəlif
mövzularda müzakirələr keçirildi.İndiki
halda Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlığın müttəfiqliyə keçdiyini demək
olarmı?
"Artıq bu,
müttəfiqlikdir”
Mövzu ilə
bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədovbildirdi ki, son dövrlər Azərbaycan və Türkiyə arasındakı hərbi əməkdaşlığın
genişləndirilməsi və görüşlərin keçirilməsi ondan xəbər verir ki, artıq iki qardaş
ölkə bütün sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlıqdan da irəli gedərək
müttəfiqlik səviyyəsinə yüksəlib: "Xüsusilə, Şuşa Bəyannaməsi imzalandığı gündən
bu özünü daha qabarıq şəkildə göstərir. Onu qeyd edim ki, bir neçə gün öncə bu
bəyannamə Milli Məclisdə ratifikasiya olundu. Eləcə də bu sənəd Türkiyə
parlamentində də ratifikasiya olunacaq. Artıq bu, müttəfiqlikdir. Müttəfiqlik hər
iki dövlətin hərbi qüdrətinin güclənməsi, qarşılıqlı yardımlaşma, inkişaf və
biri-birinin ən müasir təcrübələrinin bölüşməsi deməkdir”.
"İlham
Əliyevin prezidentliyi dövründə bu siyasət davam etdi”
Deputat
vurğuladı ki, ulu öndər Heydər Əliyev Azərbaycan-Türkiyə hərbi əməkdaşlığına
çox böyük önəm verib: "1994-1995-ci illərdən başlayaraq Azərbaycan hərbi
strukturlarında Türkiyə hərbi məktəblərində təhsil almış zabitlərimizin sayı
günü-gündən çoxalmağa başladı. Eləcə də Türkiyədən olan hərbi təlimatçıların
sayı artdı. Yəni hələ ümummilli liderin dövründən Azərbaycan Ordusunda Türkiyə
ordusunun təcrübəsinin öyrənilməsinə, tətbiq olunmasına başlanmışdı. İlham Əliyevin
prezidentliyi dövründə bu iş daha geniş vüsət aldı. Azərbaycan Silahlı Qüvvələri
Türkiyə ordusunun təcrübəsini, döyüş qabiliyyətini öyrənməklə NATO
standartlarına uyğun hazırlandı. Bunun da nəticələri 44 günlük Vətən müharibəsində
özünü göstərdi”.
Hər iki
dövlət üçün vacib məsələ
E.Məmmədovun
sözlərinə görə, müharibədən sonrakı dövrdə işğaldan azad olunmuş ərazilərin
ayrı-ayrı yerlərində bir neçə komando tipli hərbi hissələr yaradılır: "Təbii
ki, bu hərbi hissələr başqa ərazilərdə də var. Yəni, artıq Azərbaycan Ordusu
Türkiyə təcrübəsini öyrənərək NATO standartlarında, yüksək səviyyəli döyüş
qabiliyyətinə malik olan hərbiçilər hazırlayır. Bu da Azərbaycanın müdafiə qüdrətinin,
təhlükəsizliyinin təmin olunması üçündür. Bir sözlə, Şuşa Bəyannaməsinin
imzalanması, sonra təsdiq olunması, Azərbaycan və Türkiyə müdafiə nazirlərinin
qarşılıqlı səfərləri, məsləhətləşmələri, iş təcrübəsinin öyrənilməsi, müəyyən məsələlərdə
razılaşmaları sevindiricidir və hər iki dövlət üçün vacib məsələlərdir”.
"Şuşa Bəyannaməsində
əksini tapan bir çox məsələ...”
Siyasi şərhçi
Asif Nərimanlı bildirdi ki, Türkiyə və Azərbaycan Şuşa Bəyannaməsindən öncə
strateji əməkdaşlıq sazişi ilə hərbi, eləcə də digər müstəvilərdə dərin əməkdaşlıq
siyasəti həyata keçirirdi: "Şuşa Bəyannaməsində əksini tapan bir çox məsələ həmin
sazişdə də var. Lakin müttəfiqlik haqqında Şuşa Bəyannaməsi müharibədən sonrakı
dövrdə Türkiyə-Azərbaycan hərbi əlaqələrinin dərin inteqrasiyasının təməlini
atdı. Belə demək mümkünsə, Bakı və Ankara indiyə qədər mövcud olan əməkdaşlığı
Şuşa Bəyannaməsi ilə daha yüksək səviyyədə rəsmiləşdirdi. Bəyannamədə ən önəmli
məqam hərbi əməkdaşlıqdır. Bura ərazi bütövlüyünün və sərhədlərin müdafiəsində
birgə fəaliyyətlə yanaşı, iki ölkənin Silahlı Qüvvələrinin bir-birinə
inteqrasiya edilməsi də daxildir”.
"Müdafiə
nazirinin səfəri təsadüfi deyil”
Siyasi şərhçinin
fikrincə, Bəyannamənin ratifikasiya edildiyi gün Azərbaycan müdafiə nazirinin
Ankaraya səfəri təsadüfi deyildi: "Düşünürəm ki, burada məqsəd bəyannamədə əksini
tapan hərbi müstəvidə həyata keçiriləcək işlərin detallı şəkildə müzakirə edilməsi
və qərarların qəbul edilməsi olub. Hətta bu hərbi əməkdaşlıq təkcə bəyannamədə əksini
tapan istiqamətlərdə yox, daha geniş səviyyədə olacaq. Bakı və Ankara arasında
hərbi əməkdaşlıq bundan öncə yüksək səviyyədə olub, lakin Şuşa Bəyannaməsinin təsdiq
edilməsi ilə yeni dövrün başlandığını deyə bilərik. Yeni dövrdə Azərbaycan Ordusunun
modernləşdirilməsi, havada, quruda, dənizdə Türkiyə və Azərbaycanın birgə hərbi
fəaliyyətləri, hərbi sənayenin inkişafı və s. kimi mühüm istiqamətlərdə
addımlar atılacaq”.
Türkiyə hərbçilərinə
"yaşıl işıq”
A.Nərimanlı
vurğuladı ki, Türkiyə PUA istehsalı üçün Azərbaycanda birgə müəssisə də yarada
bilər: " Ən mühüm məqamlardan biri isə Bəyannamənin təsdiq edilməsindən sonra
Azərbaycanın sərhədlərinin toxunulmazlığı, o cümlədən suverenliyinin müdafiə
edilməsi məqsədilə keçirə biləcəyi mümkün antiterror əməliyyatında Türkiyə hərbçilərinin
də iştirakına "yaşıl işıq” yandırılmasıdır. Təbii ki, Azərbaycan Ordusu istənilən
əməliyyatı həyata keçirə biləcək gücdədir, bir çox məsələdə əlavə dəstəyə
ehtiyac yoxdur. Lakin Şuşa Bəyannaməsi və bu sənədin Türkiyə ordusunun Azərbaycan
ordusu ilə birgə hərəkət etməsinə imkan yaratması siyasi müstəvidə rəsmi
Bakının mövqeyini gücləndirən vacib amillərdən biridir”.
Bəxtiyar Məmmədli