• şənbə, 07 Iyun, 03:34
  • Baku Bakı 22°C

Dünyanın enerji nəhəngləri Bakıda 

06.06.25 05:33 178
Dünyanın enerji nəhəngləri Bakıda 

“Bakı Enerji Həftəsi” həm regional, həm də beynəlxalq səviyyədə etibarlı platforma kimi formalaşıb. 39 ölkədən 267 şirkətin nümayəndəsi Bakıda yeni imkanları və perspektivləri müzakirə edib. 

Dünyanın enerji nəhəngləri yenidən Azərbaycan paytaxtında bir araya gəliblər. “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən tədbirlərdə energetika sahəsində mövcud vəziyyəti, yeni imkanları və perspektivləri müzakirə etmək üçün 39 ölkədən 267 şirkətin nümayəndəsi ölkəmizə səfər edib. Regionun aparıcı sənaye tədbiri olan və hər il qlobal enerji liderlərini bir araya gətirən “Bakı Enerji Həftəsi” həm regional, həm də beynəlxalq səviyyədə etibarlı platforma kimi formalaşaraq, qlobal tədbirlər təqvimində mühüm və gözlənilən hadisələrdən birinə çevrilib. Prezident İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edib.

Sabit siyasi sistem

Tədbirdə çıxış edən Prezident İlham Əliyev Azərbaycanın energetika sahəsində əldə etdiyi nailiyyətlər, ölkəmizin dünyanın enerji təhlükəsizliyindəki rolu, gələcək perspektivlər barədə danışıb. Dövlət başçısı bildirib ki, bu gün Azərbaycan sabit siyasi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malik ölkədir: “Neft və qazın bizim ÜDM-də payı təqribən 30 faizdən artıqdır. Azərbaycan genişmiqyaslı islahatlar həyata keçirir. Bizim iqtisadiyyatımız özünü təmin edir. Bizim xarici borcumuzun səviyyəsi ÜDM-in 7 faizindən azdır və maliyyə ehtiyatlarımız borcumuzu 14 dəfə üstələyir. Biz milli sərvətlərin düzgün bölüşdürülməsi nəticəsində yoxsulluğun azaldılmasına müvəffəq olduq və bu gün yoxsulluq səviyyəsi 5 faizə bərabərdir”.

Cənub Qaz Dəhlizi vurğusu

İlham Əliyev qeyd edib ki, Azərbaycan tərəfdaşları ilə birlikdə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən strateji boru kəmərlərini inşa edib: “Əlbəttə, bunların tacı Azərbaycanın dəniz yataqlarından İtaliyanın sahilinə qədər uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizidir.

Əlbəttə, bir çox digər ölkələrin enerji təhlükəsizliyinə sərmayə yatırımı Azərbaycanın geosiyasi əhəmiyyətini artırır. Biz anlayırıq ki, bundan sonra da enerji, neft və qaz bir çox ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayacaqdır”.

Prezident bildirib ki, Azərbaycan ixrac coğrafiyasının genişləndirilməsi üçün bəzi ölkələrlə danışıqlar və sərmayə qoyuluşu mərhələsindədir. Boru kəməri ilə müəyyən coğrafiyanın qazla təmin edilməsi baxımından Azərbaycan bu gün qlobal səviyyədə aparıcı dövlətə çevrilib: “Bütün bunlar müsbət dinamikadır və biz enerji sahəmizin inkişafının təkcə Azərbaycanın potensialına deyil, həmçinin qonşuluğumuza da töhfə verdiyini görürük. Beləliklə, enerji resursları düzgün idarə edilirsə, investorlar, tranzit ölkələr və istehsalçılar arasında əməkdaşlıq məhz bu səviyyədədirsə, o zaman uğur əldə edilir. Hər kəs üçün uğurlu vəziyyət yaranır və biz hər zaman istehsalçılar, tranzit ölkələr və istehlakçılar arasında maraqların balansına diqqət yetirmişik. Çünki zənnimcə, bu amil gələcək enerji əməkdaşlığı baxımından olduqca vacibdir”.

Yaşıl enerjiyə yatırım

Azərbaycanın enerji gündəliyi tək ənənəvi enerji mənbələrinə əsaslanmır. Burada bərpa olunan yaşıl enerji mənbələrinə də əhəmiyyətli investisiya yatırılır. Bu barədə də danışan Prezident İlham Əliyev qeyd edib ki, biz 2030-cu ilədək 6,5 giqavat həcmində istehsal edilə biləcək bərpaolunan enerji gücünə malik olacağıq. Bu da bizim ümumi enerji istehsalımızın 35 faizdən çoxunu təşkil edəcək: “Yəni, Azərbaycanın yaşıl enerji gündəliyi olduqca iddialıdır. Neft və qazla zəngin olan ölkənin xarici investorlarla bərabər yaşıl enerjiyə sərmayə qoyması bizim məsuliyyətimizi nümayiş etdirir”. 

ABŞ-Azərbaycan tərəfdaşlığı

Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinin təminində artan rolu dünyanın aparıcı dövlətləri tərəfindən də tam olaraq dəstəklənir. Bakı ilə energetika sahəsində əməkdaşlıq imkanlarının daha da genişləndirilməsinin önəmi xüsusi olaraq vurğulanır. Bunu ABŞ Prezidenti Donald Trampın 30-cu Bakı Beynəlxalq Neft və Qaz Sərgisi ilə bağlı məktubunda da görmək mümkündür. Ağ Ev rəhbəri bildirib ki, bu tədbir Azərbaycanın həqiqətən də regionda enerji sektorunda liderliyini təcəssüm etdirir. 

“Azərbaycan bu yeni fəsildə güclü tərəfdaşdır”

Mövcud beynəlxalq vəziyyətdə Avropanın enerji təhlükəsizliyində artan rolumuzu elə köhnə qitənin ali şəxsləri də etiraf edir. Açılış mərasimində çıxış edən Avropa Komissiyasının Energetika Baş idarəsinin direktoru Kristina Lobilyo Borreronun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi göstərdi ki, enerjidən silah qismində istifadə oluna bilər. Avropa İttifaqı özünün enerji sistemi tarixində şaxələndirməyə, bərpaolunan enerji mənbələrinə və tərəfdaşlıq münasibətlərinə əsaslanan yeni fəsil açır: “Azərbaycan bu yeni fəsildə güclü tərəfdaşdır. Amma hələ yolun sonuna çatmamışıq. Mayın 6-da Avropa Komissiyası Rusiya enerjisindən uzaqlaşmağın yollarını müəyyən edən “Repower EU” adlı yeni yol xəritəsini təqdim etdi. Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə nəqli, o cümlədən Trans-Adriatik Boru Kəmərinin 2026-cı ilə qədər planlaşdırılan genişləndirilməsi bu səylərin mühüm tərkib hissəsidir. Amma bizim tərəfdaşlığımız təkcə qazla bağlı deyil. Söhbət sabahın enerji sisteminin qurulmasından gedir. Bu, bərpaolunan elektrik enerjisi, hidrogen və inteqrasiya olunmuş enerji sistemlərinə sərmayə qoymaq deməkdir. Azərbaycan bərpaolunan enerjinin əsas istehsalçısı olmaq potensialına və ambisiyasına malikdir. Dənizdə külək və Günəş enerjisini inkişaf etdirmək planlarınızı alqışlayırıq və Azərbaycanın nəhəng bərpaolunan enerji potensialını dəstəkləmək üçün birgə işi davam etdirməyə hazırıq”.

Azad Əliyev

 

banner

Oxşar Xəbərlər