• şənbə, 12 Iyul, 10:30
  • Baku Bakı 21°C

Regiona sülh gətirən dialoq

12.07.25 05:11 83
Regiona sülh gətirən dialoq

Görüşdə Azərbaycan-Ermənistan dövlətlərarası normallaşma gündəliyinin müxtəlif aspektləri müzakirə edilib. Məlumata görə, ikitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqlənib və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırılıb.

Azərbaycan və Ermənistan arasında sülh danışıqları və normallaşma prosesi ilə bağlı ən yüksək səviyyədə görüşün növbəti ünvanı Birləşmiş Ərəb Əmirlikləri oldu. Prezident İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan Əbu-Dabidə bir araya gələrək ikitərəfli formatda sülh prosesi ilə bağlı məsələləri müzakirə ediblər. Beş saatdan artıq davam edən müzakirələrdə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, Ermənistan tərəfdən isə xarici işlər naziri Ararat Mirzoyan və digər rəsmi şəxslər iştirak ediblər.

Normallaşma gündəliyinin müxtəlif aspektləri müzakirə edilib 

Görüşün nəticələrinə dair Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında da bildirilir ki, BƏƏ-nin Əbu-Dabi şəhərində iyulun 10-da keçirilən görüşdə Azərbaycan-Ermənistan dövlətlərarası normallaşma gündəliyinin müxtəlif aspektləri müzakirə edilib.
Məlumata görə, ikitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqlənib və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırılıb.

Bildirilib ki, sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri dəyərləndirən liderlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər.

Tərəflər həmçinin iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəliblər.

Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana səmimi qonaqpərvərliyə və ikitərəfli görüşün təşkilinə görə təşəkkür ediblər.

Ermənistan da görüşün nəticələrindən razı qalıb. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyanın nazirliyin teleqram kanalında dərc olunan açıqlamasında bildirilir. "Ermənistan Əbu-Dabi görüşünü uğurlu hesab edir və təsdiq edir ki, bu, sülh prosesinin gələcək həyata keçirilməsi üçün ciddi əsas ola bilər", - A.Badalyan qeyd edib.


Beynəlxalq reaksiyalar müsbətdir 

Görüşlə bağlı beynəlxalq reaksiyalar da müsbətdir. 

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva Əbu-Dabidə Azərbaycan ilə Ermənistan arasında keçirilən danışıqları alqışlayır. Kremlin nümayəndəsinin sözlərinə görə, Rusiya müxtəlif səviyyələrdə iki ölkə arasında sülh sazişinin tezliklə imzalanmasını alqışlayacağını dəfələrlə bəyan edib. D.Peskov vurğulayıb ki, belə bir sazişin bağlanması regiona gözlənilən sabitlik və sülh gətirəcək mühüm amil olacaq: “Biz bu prosesi bütünlüklə dəstəkləyirik”.

ABŞ Dövlət Departamentinin sözçüsü Tammi Bryus keçirdiyi mətbuat konfransında deyib ki, Birləşmiş Ştatlar Cənubi Qafqazda sülhün və sabitliyin təşviqi üçün səyləri dəstəkləyir. O bildirib ki, Tramp administrasiyası və dövlət katibi Rubionun yanaşması öz sözünü deyir. “O, kabinet iclasında da ABŞ-nin sülh üçün çalışan bir administrasiya olduğunu söyləyib. Onlar bunun üçün nə lazımdırsa, edəcəklər. Bu, “Amerikanı yenidən böyük etmək” öhdəliyinin əsas mahiyyətidir və əlbəttə ki, ətrafımızdakı dünyanın vəziyyətini yaxşılaşdırmaq məqsədi daşıyır”, - deyə o qeyd edib.

Avropa İttifaqı da (Aİ) Ermənistan və Azərbaycan liderlərinin Əbu-Dabidə baş tutan görüşünü dəstəklədiyini bildirib. Bu barədə “Report”un Avropa bürosuna Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə rəsmi nümayəndəsi Anita Hipper bildirib. Onun sözlərinə görə, Aİ iki ölkə arasında münasibətlərin normallaşması prosesini qətiyyətlə dəstəkləyir.
“Aİ daha əvvəl 2025-ci ilin martında Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsi üzrə danışıqların başa çatmasını alqışlayıb”, - Hipper qeyd edib və vurğulayıb ki, hazırkı görüş regionda davamlı sülh və təhlükəsizliyin bərqərar olması istiqamətində mühüm addımdır. “Tərəfləri sülh sazişi layihəsinin imzalanması və ratifikasiyasına mümkün qədər tez keçməyə çağırırıq”, - Aİ nümayəndəsi bildirib.

Vasitəçisiz danışıqların uğurlu nəticələri

Qeyd edək ki, son iki ildə tərəflər arasında danışıqlar məhz ikitərəfli format əsasında, heç bir vasitəçi olmadan reallaşır. Bu formatın uğurlu nəticələri də artıq məlumdur. İstər sərhədlərin müəyyənləşdirilməsi, istərsə də yekun sülh sazişinin detallarının tam olaraq razılaşdırılması məhz ikitərəfli danışıqlar formatı nəticəsində mümkün olub. Şərti sərhəddə müşahidə olunan sabitlik və defakto sülhün mövcudluğu da vasitəçisiz danışıqlar və qurulan əlaqələrin təzahürüdür. 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Səbinə Salmanova da o qənaətdədir ki, görüşün məhz vasitəçisiz formatda keçirilməsi regionda yeni reallıqların və siyasi iradənin formalaşdığını göstərir: “Azərbaycan bu gün regionda sülhün və sabitliyin qurulmasında aparıcı rol oynayır. Əbu-Dabidə keçirilmiş bu mühüm görüş bir daha təsdiq etdi ki, Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi artıq kənar müdaxilələr olmadan, qarşılıqlı suverenliyin tanınması və beynəlxalq hüququn prinsipləri əsasında mümkündür. Biz sülh istəyirik, amma bu sülh ədalətli və beynəlxalq hüquqa əsaslanmalıdır. Prezident İlham Əliyevin bu məsələdə tutduğu mövqe həm milli maraqlara əsaslanır, həm də regionda dayanıqlı təhlükəsizliyə xidmət edir”.

Deputat bildirib ki, bu görüş həm də Azərbaycanın artan diplomatik nüfuzunun və güclü siyasi iradəsinin təzahürüdür:
“Əgər bir neçə il əvvəl deyilsəydi ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində vasitəçilər kənarda qalacaq və ölkələr birbaşa dialoq aparacaq, çoxları bunu mümkünsüz hesab edərdi. Ancaq bu gün Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində bu, reallığa çevrilib”.

S.Salmanova görüşün regionun gələcəyi üçün də müsbət nəticələr vəd etdiyini qeyd edib: “Normallaşma prosesi təkcə iki ölkənin deyil, bütövlükdə Cənubi Qafqaz regionunun rifahı və təhlükəsizliyi üçün mühüm platformadır”.

Azad Əliyev

banner

Oxşar Xəbərlər