• bazar, 24 Avqust, 03:10
  • Baku Bakı 23°C

Üç türk dövləti bir arada 

23.08.25 04:05 241
Üç türk dövləti bir arada 

Türkmənbaşı şəhərində Türkmənistan, Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında yüksəksəviyyəli görüş keçirilib. Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iştirak ediblər.

Prezident İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə avqustun 22-də bu ölkəyə işgüzar səfər edib. Dövlət başçısı ilə Qurbanqulu Berdiməhəmmədov arasında öncə təkbətək, daha sonra isə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib. 

“Türkmən və Azərbaycan xalqları qardaşdırlar”

Qurbanqulu Berdiməhəmmədov bildirib ki, ölkələrimiz arasında münasibətlər başlanğıcını tarixin dərinliklərindən götürür, ənənələrimiz oxşardır və bunlar bizi birləşdirən amillərdir: “Siyasi, diplomatik, iqtisadi-ticari, mədəni-humanitar münasibətlərimizi bu təməl üzərində inkişaf etdiririk”. Onun sözlərinə görə, iqtisadi-ticari əməkdaşlığın inkişafı əlaqələrimizin gündəliyində duran mühüm istiqamətdir. Bu istiqamətdə artıq böyük işlər görülüb: “Bu əlaqələrin bundan sonra da inkişaf etdirilməsi, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması, enerji, nəqliyyat, toxuculuq sənayesi kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlarımız var”.

Prezident İlham Əliyev qeyd edib ki, bizi birləşdirən ortaq tarix, mədəniyyət, etnik köklər, dilimiz və dinimizdir: "Türkmən və Azərbaycan xalqları, sözün əsl mənasında, qardaşdırlar və əsrlər boyu bu qardaşlıq hissləri ilə yaşamışlar. Bu gün müstəqil dövlətlər kimi böyük uğurlara imza atırlar". Görüşlərdə siyasi əlaqələrimizin mövcud durumundan məmnunluq ifadə olunub.

"Birgə səylər davam etdiriləcək"

Avqustun 22-də Türkmənbaşı şəhərində Türkmənistan, Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında yüksəksəviyyəli görüş də keçirilib. Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iştirak ediblər. 

Prezident İlham Əliyev çıxışı zamanı Qurbanqulu Berdiməhəmmədova Füzuli şəhərində məscidin inşa olunması barədə qərara görə xüsusi təşəkkür edib: “Bütün bunlar göstərir ki, Azərbaycan-Türkmənistan münasibətləri yüksəliş dövrünü yaşayır. Biz bu münasibətlərin bütün sahələrdə inkişafı üçün birgə səylərimizi davam etdirəcəyik. Özbəkistan Respublikası ilə bizi 2024-cü il avqustun 23-də imzalanmış “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” bağlayır. Özbəkistanla qardaşlıq münasibətlərimiz qarşılıqlı dəstəyə, güclü mədəni tellərə və ortaq strateji məqsədlərə əsaslanır”. 

Yeni vəzifələr və imkanlar

Dövlət başçısının sözlərinə görə, Azərbaycan, Türkmənistan və Özbəkistan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm geostrateji mövqeyə malikdir: “Ölkələrimizin qarşısında nəqliyyat-tranzit əməkdaşlığı sahəsində yeni vəzifələr və imkanlar durur. Bunların arasında Orta Dəhliz, limanların genişləndirilməsi, dəmir yolu məsələlərini biz bu gün hörmətli qardaşım Qurbanqulu Məlikquliyeviçlə geniş müzakirə etdik. Bu məsələləri Şavkat Miromonoviçlə də son görüşümüzdə müzakirə etmişik. Yəni, üç ölkənin nəqliyyat, tranzit, logistika istiqamətində birgə səylər göstərməsi nəinki ölkələrimiz üçün, böyük region üçün mühüm əhəmiyyət daşıyacaq”.

Birgə Bəyanat qəbul edilib

Daha sonra tərəflərin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub,  “Azərbaycan Respublikasının, Türkmənistanın və Özbəkistan Respublikasının Birgə Bəyanatı” qəbul edilib.

Birgə görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Türkmənbaşı şəhərində “Axaltəkə” atlarına və milli “Galkynysh” atlı qrupunun çıxışına baxıblar. Sonda Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və türkmən xalqının adından dövlətimizin başçısına “Taus” ləqəbli “Axaltəkə” atını hədiyyə edib.

 

banner

Oxşar Xəbərlər