• bazar, 24 Avqust, 03:16
  • Baku Bakı 23°C

Qars-Naxçıvan dəmir yolunun tikintisinə start verildi

23.08.25 00:28 210
Qars-Naxçıvan dəmir yolunun tikintisinə start verildi

Layihə üçün 2,4 milyard avro məbləğində xarici maliyyələşdirmə təmin edilib. Bu xətt 224 kilometr uzunluğunda, iki xətli, elektrikləşdirilmiş və siqnallaşdırılmış şəkildə inşa ediləcək.

Avqustun 22-də Türkiyənin şərqindəki İğdır vilayətində Qars-İğdır-Aralık-Dilucu dəmir yolunun (Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhədi) tikintisinə başlanması mərasimi keçirilib.

Avrasiyanın gələcəyinə təsir edəcək təşəbbüs

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu mərasim iştirakçıları qarşısında çıxış edib.
Uraloğlu 224 kilometrlik Qars-Naxçıvan dəmir yolunu Türkiyənin regional və qlobal aktorlar ilə əlaqələrinin inkişafı üçün mühüm təkan, Ankaranın geostrateji liderliyinə töhfə adlandırıb.

“Yeni dəmir yolu marşrutunun işə düşməsi ilə Cənubi Qafqazda sülh və inkişafın yeni səhifəsi açılacaq. Biz bütün Avrasiyanın gələcəyinə təsir edəcək bir təşəbbüs həyata keçiririk”, - deyə Türkiyə Nəqliyyat Nazirliyinin rəhbəri vurğulayıb.

Türkiyə və Azərbaycanı birləşdirən körpü

Uraloğlu Qərblə Şərq arasında təbii körpü olan Türkiyənin geostrateji mövqeyinə diqqət çəkərək ölkənin beynəlxalq əhəmiyyətli logistika, nəqliyyat və ticarət mərkəzinə çevrilməsinə imkan yaradan meqalayihələri sadalayıb. Onun sözlərinə görə, Türkiyə hökuməti son onilliklərdə respublikanın dəmir yolu şəbəkələrinin inkişafına xüsusi diqqət yetirir, dəmir yollarını ölkənin aparıcı limanları və sənaye zonaları ilə birləşdirməyə çalışır. “Son 23 ildə Türkiyənin nəqliyyat sektoruna qoyulmuş 300 milyard dollar sərmayənin 64 milyard dolları dəmir yollarına sərf olunub”, - deyə nazir bildirib.

O əlavə edib: “Bu gün biz təkcə dəmir yolunun tikintisinin başlanması mərasimində iştirak etmirik, həm də Türkiyə, Azərbaycan və Ermənistanı birləşdirən körpünün təməlqoyma mərasiminin canlı şahidləriyik. Bu layihə Pekindən Londona qədər geniş ərazidə sosial-iqtisadi əlaqələrin hərtərəfli inkişafı üçün stimul olacaq”.

Zəngəzur dəhlizinin mühüm halqası

Nazir vurğulayıb ki, Qars-Naxçıvan dəmir yolu Zəngəzur dəhlizinin həyata keçirilməsi istiqamətində atılan konkret addım və Avrasiyada sülh və əməkdaşlıq üzrə Yol Xəritəsidir.

Nəqliyyat Nazirliyinin rəhbəri yeni dəmir yolunun Türkiyənin mərkəzi nəqliyyat arteriyalarından birinə çevriləcəyinə əminliyini bildirib. O əlavə edib ki, Zəngəzur dəhlizinin mühüm halqası olan strateji layihənin 4-5 il ərzində başa çatdırılması planlaşdırılır.

Qeyd edək ki, layihə üçün Türkiyə Xəzinə və Maliyyə Nazirliyi tərəfindən görülən işlər nəticəsində 2,4 milyard avro məbləğində xarici maliyyələşdirmə təmin edilib. Bu xətt 224 kilometr uzunluğunda, iki xətli, elektrikləşdirilmiş və siqnallaşdırılmış şəkildə inşa ediləcək. Xətt illik 5,5 milyon sərnişin və 15 milyon ton yükdaşıma qabiliyyətinə malik olacaq. Layihə çərçivəsində 24 tunel, 10 körpü, 144 alt keçid, 27 üst keçid, 480 suötürücü və s. inşası nəzərdə tutulur.

banner

Oxşar Xəbərlər