Yeni hədəflərə doğru

Azərbaycan və Türkmənistan arasında münasibətlər qarşılıqlı hörmət və bərabərhüquqluluq prinsiplərinə əsaslanır. Bu gün iki ölkə həm logistika, həm də enerji sahəsində əməkdaşlıqda maraqlıdır.
Son illərdə Azərbaycanın türk dövlətləri ilə əməkdaşlıq tendensiyasında yüksək dinamika müşahidə olunur. Xüsusilə Mərkəzi Asiya ölkələri ilə qurulan münasibətlər strateji mahiyyət daşımağa başlayıb. Bu, mövcud beynəlxalq reallıqlar fonunda region ölkələrinin maraqlarına tamamilə cavab verir. Eyni dil, din, mədəniyyət və digər amillər mövcud əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində qarşıya çıxa biləcək maneələrin qısa müddətdə qarşılıqlı hörmət və anlaşma şəraitində ortadan qaldırılmasına zəmin yaradır. Azərbaycanın Xəzərdə qonşusu olan və strateji coğrafi mövqeyə malik Türkmənistanla əlaqələrin inkişafı da Bakının prioritetləri sırasındadır.
Bugünkü əlaqələr üçün əsas zəmin
Bu baxımdan iyulun 16-da Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri, Prezident İlham Əliyevlə apardığı müzakirələr xüsusi önəm daşıyır. Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistanla münasibətləri belə xarakterizə edir: “Xalqlarımızı dərin qardaşlıq ənənələri birləşdirir və müstəqillik dövründə bu əlaqələr daha da gücləndi. Biz bir çox sahələrdə uğurla əməkdaşlıq edirik və iki ölkə müstəqil siyasət apararaq gələcəyə inamla baxır. Bizim aramızdakı tarixi əlaqələr bugünkü əlaqələr üçün əsas zəmindir və əminəm ki, Sizin səfəriniz bizim münasibətlərimizə yeni təkan verəcək”.
Səfərin əsas məqsədi
Qurbanqulu Berdiməhəmmədov isə bildirib ki, Azərbaycana səfərinin əsas məqsədi ikitərəfli münasibətləri daha da dərinləşdirmək və inkişaf etdirmək, əldə olunan nailiyyətləri möhkəmləndirmək, yeni layihələrin və istiqamətlərin həyata keçirilməsinə əlavə stimul verməkdir: “Ümumilikdə Türkmənistan-Azərbaycan dövlətlərarası əlaqələrinin bugünkü səviyyəsini xarakterizə edərkən onları üç sözlə ifadə edərdim: qardaşlıq, mehriban qonşuluq və əməkdaşlıq.
Biz möhkəm tarixi bünövrəyə, iki xalqın ortaqlığına və qohumluğuna, bir-birinə qarşılıqlı ehtiyacının olması anlayışına, xalqlarımızın və dövlətlərimizin rifahı, onların əmin-amanlığı və tərəqqisi naminə məcmu siyasi, iqtisadi, resurs potensialından istifadə etməyə hazır olmağa əsaslanırıq.
Qanunauyğun haldır ki, Türkmənistan və Azərbaycan bu gün xarici siyasətdə, siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə sanballı və geniş əməkdaşlıq gündəliyinə malikdir. Hər iki tərəfin səyləri sayəsində əməkdaşlığımız məqsədyönlülüyü və konkretliyi ilə seçilir, sabit və davamlı xarakter daşıyır, yaxşı dinamika nümayiş etdirir. Bunun əsas, həlledici amili ölkələrimizin liderləri arasında əldə edilmiş ən yüksək səviyyədə qarşılıqlı anlaşma və etimaddır. Bu, bizə ikitərəfli əməkdaşlığın bütün məsələləri üzrə düzgün və vaxtında qərarlar verməyə, əldə olunmuş razılaşmaların həyata keçirilməsini təmin etməyə imkan yaradır”.
Fikir ayrılıqlarına son qoyan razılaşma
Xatırladaq ki, iki ölkə arasında diplomatik münasibətlərinin əsası 1992-ci il iyunun 9-da qurulub. Həmin vaxtdan bu günədək dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlər həyata keçirilib və müxtəlif sahələr üzrə əməkdaşlıq müqavilələri imzalanıb. İki ölkə arasında münasibətlər qarşılıqlı hörmət və bərabərhüquqluluq prinsiplərinə əsaslanır. Bu gün iki ölkə həm logistika, həm də enerji sahəsində əməkdaşlıqda maraqlıdırlar. Məhz tərəflər arasında uzun müddət mübahisə predmeti olan “Dostluq” neft yatağının birgə işlənilməsi ilə bağlı 2021-ci ildə Türkmənistan və Azərbaycan arasında razılıq əldə edilib. Tərəflər bu yatağa “Dostluq” adını verməklə həm də mövcud münasibətlərin əsas mahiyyətini dünyaya nümayiş etdiriblər. Bakı və Aşqabad arasında imzalanan bu razılaşma tək iqtisadi fikir ayrılığına son qoyulduğunu yox, həm də siyasi birliyin yenidən inşa olunduğunu təcəssüm etdirir.
“Dostluq” adı verilmiş Qarabağ atı
Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevlə birlikdə işğaldan azad edilmiş ərazilərdə də oldu. Füzuli və Şuşaya səfər özünün zənginliyi ilə seçilməklə yanaşı, həm də daha bir türk dövləti liderinin gəlişi ilə mühüm simvolik siyasi məna da kəsb edirdi. Prezident İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adı verilmiş Qarabağ atını hədiyyə etməsi, Şuşada Yuxarı Gövhər Ağa məscidində liderlərin birgə dua etməsi səfərə, Türkmənistanla qarşılıqlı münasibətlərin inkişafına rəsmi Bakının verdiyi dəyər və diqqətin təzahürü idi. Xatırladaq ki, Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Füzulinin baş planı ilə tanış olublar, Şuşada işğal dövründə güllələnmiş mədəniyyət və incəsənət xadimlərinin heykəllərinə də baxıblar.
İqtisadi əlaqələr statistik rəqəmlərdə
2025-ci ilin yanvar-may aylarında Azərbaycanla Türkmənistan arasında ticarət əməliyyatlarının həcmi 118,5 milyon ABŞ dollarına bərabər olub. Bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 84,5 milyon ABŞ dolları və ya 41,6% azdır.
Bu ilin yanvar-may aylarında Azərbaycana Türkmənistandan 174,4 milyon kubmetr həcmində təbii qaz idxal edilib. Türkmənistandan təbii qazın idxalı ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 120,4 milyon kubmetr və ya 40,8%, dəyər ifadəsi ilə 40,7% azalıb.
Rəqəmlərdən də göründüyü kimi, Xəzərdə qonşu olan iki yaxın türk dövləti arasındakı iqtisadi əlaqələrdə son illərdə geriləmə müşahidə olunur. Təbii ki, bu cür vəziyyət hər iki tərəfi qane etmir. Son səfərin məlum mənfi tendensiyanın durdurulmasına töhfə verəcəyi proqnozlaşdırılır. Bakı və Aşqabad əlaqələrin canlanması və iqtisadi maraqların qarşılıqlı təmini istiqamətində əlavə imkanlar axtarışındadır.
Azad Əliyev
