Paşinyan-kilsə savaşında maraqlı məqamlar

Paşinyan II Qareginin kilsəyə rəhbərliyinə son qoymaqla kifayətlənmək niyyətində deyil. Bir müddətdir ki, o, erməni tarixinin ən qədim və köklü institutunda islahatlardan danışır, II Qareginin yerinə başqa bir ruhani şəxsin seçiləcəyindən bəhs edir.
Ermənistanda hökumətlə Erməni Apostol Kilsəsi arasında münaqişə davam edir və yeni çalarlar alır. Baş nazir Nikol Paşinyan etdiyi paylaşımda kilsənin tarixində və strukturunda görünməmiş islahatlar vəd edir. Hökumət başçısı katolikos II Qareginin kilsəyə rəhbərliyinə son qoymaqla kifayətlənmək niyyətində deyil. Bir müddətdir ki, o, köklü institutda islahatlardan danışır və II Qareginin yerinə başqa bir ruhani şəxsin seçiləcəyindən bəhs edir. Ancaq son paylaşımında Paşinyan katolikosun tutduğu mövqedən uzaqlaşdırılmasından sonra erməni kilsəsinin müvəqqəti olaraq rəhbərsiz idarəçilik formasını da təqdim edir. Baş nazirə görə, bu “keçid müddəti” Erməni Apostol Kilsəsinin “erməni kanonik kitabı”nın tələblərinə cavab verməsinədək davam edəcək.
Parlament seçkiləri üçün “katolikos seçimləri”
Paşinyanın kilsəyə qarşı “səlib yürüşü”nün gələn il keçiriləcək parlament seçkiləri ərəfəsinə təsadüf etməsi aydın göstərir ki, hakim qüvvə yaxın bir il ərzində ruhanilərin həyatını ən azı iflic etmək niyyətindədir. Paşinyan üçün bu, həyati əhəmiyyət daşıyan plandır. Çünki erməni tarixində hər zaman əlahiddə rol oynamış kilsə hazırkı Ermənistanda ən böyük və ciddi müxalifətdir. Bu qarşıdurmada ən kritik məqam isə ondan ibarətdir ki, erməni kilsəsi Rusiyanın hakim dairələri ilə sıx bağlıdır. Kilsə Moskva ilə İrəvan arasındakı “mərkəz-forpost” münasibətlərinin əsas aktorlarından biridir.
Paşinyan üçün kilsənin təzyiqlərini neytrallaşdırılması ən vacib hədəfidir. Son bir il ərzində kilsə nəinki hökumətin siyasətinə narazılığını bildirir, hətta açıq siyasi mübarizəyə belə müdaxilə edir. Erməni keşiş Baqrat Srbazanın faktiki olaraq müxalifət hərəkatının başına keçməsi erməni kilsəsinin icazəsi olmadan mümkün deyildi. Onun hətta parlamentdə təmsil olunmuş revanşist müxalifət liderləri - Robert Köçəryanla Serj Sarqsyan tərəfindən baş nazir vəzifəsinə namizəd göstərilməsi Eçmiədzinin siyasi proseslərə qoşulması və sabiq prezidentləri açıq müdafiə etməsi anlamına gəlir. Bu baxımdan, kilsə təhlükəsinin ən azı seçki kampaniyası müddətində neytrallaşdırılması hökumətin qarşısında duran əsas vəzifələrdən biridir.
Erməni xalqının IV Filipi
Paşinyanın kilsə ilə bağlı planı kifayət qədər vaxt, prinsipiallıq və cəsarət tələb edir. Bu, həm də erməni tarixinin tamamilə alt-üst edilməsi deməkdir. Tarixdə dünyəvi hakimiyyətin kilsənin fəaliyyətini məhdudlaşdırmasına dair faktlar az deyil. Məsələn, Fransada IV Filip Gözəl Vatikana müdaxilə etməyə və istədiyi şəxsi Roma Papası seçməyə nail olmuşdu. Paşinyanın Ermənistan tarixində IV Filip qədər inadkar ola bilib-bilməyəcəyini yaxın bir il göstərəcək.
Kilsə islahatı uzun illərə başa gələcək bir avantüra da ola bilər. Bu, Paşinyanın xaricdən, əsasən də Rusiyadan gələn təzyiq dalğalarını neytrallaşdırmağa müvəffəq olması deməkdir.
Belə görünür ki, Paşinyan kilsə həyatının ən həssas nüanslarını belə diqqətdən qaçırmır. Məsələn, o, gələcəkdə seçiləcək yeni katolikosun mütləq evli olmasının tərəfdarıdır. Bu da onunla bağlıdır ki, hökumət başçısı hazırkı katolikosun gizli övladının olduğunu iddia edir. Erməni mediasında “keşiş qızı”nın fotoları tirajlanır və II Qareginin özü bu fakta münasibət bildirmir. Görünür, deməyə əsaslı arqument də yoxdur...
Katolikosun evliliyinin mümkünlüyü kilsə nizamnaməsini alt-üst edə biləcək addımdır. Ermənistan liderinin belə bir həssas məqamdan yapışması onun ən azı iki məqsəd güddüyünü göstərir: birincisi, erməni cəmiyyəti üzərində hökmü olan dini lideri nüfuzdan salmaq, ikincisi isə bu kimi həssas və mübahisəli polemika mövzusu ilə dindar elektoratın başını qarışdırıb seçkiyə müdaxiləsini minimuma endirmək.
Geosiyasi kilsə
Kilsənin qol-qanadının sındırılması tək daxili siyasət nöqteyi-nəzərdən vacib deyil. Bu, həm də Paşinyana xarici siyasətdə kart-blanş verə biləcək fürsət ola bilər. Bu gün Eçmiədzin Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılmasından tutmuş Zəngəzur dəhlizinin açılması və rəsmi İrəvanın xarici siyasət kursuna korrektələr etməsinədək kompleks problemlərə də müdaxilə etməyə çalışır. Keşişlər hökumətin rəsmi addımlarına zidd olaraq Azərbaycanla sülh prosesinə qarışmaqdan da çəkinmirlər. Sözügedən mövzularda mütəmadi bəyanatlar yayır, revanşizm meyillərinə dəstək verirlər. Paşinyan da yaxşı anlayır ki, daxildə “beşinci kolon”un mövcudluğu, özü də kilsədə “yuva” qurması, hakimiyyətin kursunu həyata keçirməsinə açıq təhdiddir.
Erməni separatizminin dayağı
Qarabağda separatizmin ilk anlarından hərbi-kriminal xuntanın məhvinədək kilsə emissarları siyasi hadisələrin mərkəzində olublar. Azərbaycan torpaqlarının işğalı illərində hərbi əməliyyatlarda əlisilahlı erməni keşişlərinin iştirakına dair onlarla video və foto görüntülər var. Bu fakt onu göstərir ki, erməni kilsəsi tək siyasiləşmiş dini institut deyil, həm də hərbiləşmiş instansiyadır.
Erməni kilsəsi müasir Ermənistanda Paşinyana qədər aktual olmuş kriminal-oliqarx siyasi idarəçilik formasının əsas elementlərindən biri kimi çıxış edib. Köçəryan Sarqsyan dövründə Eçmiədzinlə aralarında olan qeyri-rəsmi razılaşmaya əsasən, ölkə nüfuz dairələrinə bölünüb və tərəflər bu bölgünün tələblərinə riayət ediblər. Kilsəyə və keşişlərə məxsus maliyyə gəlirlərinə heç bir maneə yaradılmayıb, əvəzində Eçmiədzin hakimiyyətə elektoral dəstəyin təmin edilməsini həyata keçirib. Kilsə Azərbaycanın işğal edilmiş ərazilərində fəaliyyət göstərən dini qurumları da nəzarətdə saxlayıb və bu yolla Xankəndidəki cinayətkar rejimə kömək edib.
Rüstəm Qaraxanlı
