Prezident Ağdam və Xocalıda

Ağdam və Xocalıya səfər edən Prezident İlham Əliyev bir sıra açılışlarda iştirak edib, görülən işlərlə maraqlanıb. Ona məlumat verilib ki, Ağdam Sənaye Parkında 650 daimi iş yeri yaradılıb.
Prezident İlham Əliyev Ağdam və Xocalıya səfər edib. Dövlət başçısı bir sıra açılışlarda iştirak edib, görülən işlərlə maraqlanıb, müvafiq tapşırıqlarını verib.
Dövlət başçısı Ağdama səfəri çərçivəsində “Tabaterra” MMC-nin Ağdam Sənaye Parkındakı tütün məmulatlarının istehsalı müəssisəsinin açılışında iştirak edib. Bildirilib ki, Prezident İlham Əliyevin 2021-ci il 28 may tarixli Fərmanına əsasən, İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində Ağdam rayonunda 190 hektar ərazidə Ağdam Sənaye Parkı yaradılıb. Parkın yaradılmasında məqsəd işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının inkişafı, sahibkarlığın dəstəklənməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır. Sənaye Parkının prioritet istiqamətləri tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət, süd, yem, gübrə istehsalının və emalının, xidmət sahələrinin, soyuducu kameraların təşkilidir. Parkda ümumi investisiyalarının həcmi 270 milyon manatdan çox olan 30 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Artıq investorlar tərəfindən Sənaye Parkına 121 milyon manatdan çox investisiya yatırılıb, 650-dən artıq daimi iş yeri yaradılıb. İşlə təmin edilənlərin çoxu Ağdam və ətraf rayonların sakinləridir. Ağdam Sənaye Parkının ərazisinin 70 faizdən çoxu artıq sahibkarların istifadəsinə verilib. “Tabaterra” MMC-nin tütün məmulatlarının istehsalı müəssisəsinin açılması ilə Parkda fəaliyyət göstərən müəssisələrin sayı 10-a çatıb.
Orta məktəb və körpələr evinin açılışı
Dövlət başçısı Ağdama səfəri çərçivəsində 960 şagird yerlik Ağdam şəhər 1 nömrəli tam orta məktəbin binasının açılışına da qatılıb. Bu təhsil ocağının təməli 2021-ci il mayın 28-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Binada 43 sinif, 16 inzibati otaq, 7 otaqdan ibarət STEAM adlandırılan elm, texnologiya, mühəndislik, sənət və riyaziyyat mərkəzi, müasir texnoloji avadanlıqla təchiz edilmiş fizika, kimya və biologiya laboratoriyaları, informatika və çağırışaqədərki hazırlıq otaqları, kitabxana, muzey, 352 yerlik yeməkxana fəaliyyət göstərəcək. Qeyd edək ki, bu gün Qarabağda təhsil sahəsində müasir tələblərə cavab verən maddi-texniki bazanın yaradılması ən önəmli məsələlərdən biridir.
Ağdam şəhərində 160 yerlik 1 nömrəli körpələr evi-uşaq bağçası da istifadəyə verilib. Qeyd edək ki, körpələr evi-uşaq bağçası binasının inşasına ötən ilin fevralında başlanılıb.
Məktəbəqədər təhsil müəssisəsinin binasında balacaların rahatlığının təmin olunması, həmçinin təlim-tərbiyə prosesinin yüksək səviyyədə aparılması üçün zəruri şərait yaradılıb. Binada oyun və yataq otaqları, musiqi, rəqs və idman zalları var.
Tarixi məscid bərpa olunub
Prezident İlham Əliyev iyulun 18-də Ağdam rayonunun Qiyaslı kəndindəki tarixi məscidin binasının bərpadan sonra açılışında iştirak edib. Qeyd edək ki, Qiyaslı məscidi də Qarabağda erməni vandalizminə məruz qalan tarixi-dini abidələrimizdən idi. Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı mal-qara tövləsi kimi istifadə edilən məscid binası ciddi dağıntılara məruz qalıb, dam örtüyü və günbəzlər tamamilə dağıdılıb. Məscidin bərpası işləri Heydər Əliyev Fondu tərəfindən aparılıb. Bərpa layihəsi hazırlanarkən məscidin ilkin görkəmini qorumaq məqsədilə arxiv materiallarından və videoqrafik mənbələrdən istifadə olunub. Qiyaslı məscidi Nazirlər Kabinetinin qərarı ilə 2001-ci ildən yerli əhəmiyyətli daşınmaz tarixi və mədəniyyət abidələri siyahısındadır.
28 ailə yaşamaq üçün Təzəbinə kəndinə qayıdıb
Daha sonra Xocalıya səfər edən Prezident İlham Əliyev Təzəbinə kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub. Dövlət başçısı əvvəlcə kəndə köçən Məhəmməd Fərəcovun evinə baş çəkib.
Kənddə 2025-ci ilin sonunadək ümumilikdə 197 fərdi ev hazır olacaq. Gələn il isə daha 159 fərdi evin təmir-tikintisi yekunlaşacaq. 2025-ci il iyulun 14-də 28 ailə - 125 nəfər yaşamaq üçün kəndə qayıdıb. Hazırda kəndin müasir sosial infrastrukturunun qurulması istiqamətində işlər davam edir.
Dövlət başçısı Xocalı kərpic zavodunun açılışında da iştirak edib. Bu istehsal müəssisəsi rayonun Daşbulaq kəndində inşa olunub. Layihə dəyəri 8,5 milyon manat olan müəssisədə 60 nəfər daimi işlə təmin edilib. İşçilərin əksəriyyəti işğaldan azad edilmiş rayonların sakinləridir. Gələcəkdə zavodda iş yerlərinin sayının 120-yə çatdırılması nəzərdə tutulur. Müəssisənin illik istehsal gücü 16,2 milyon ədəd kərpic təşkil edir. Zavodda müasir alman və Türkiyə texnologiyaları, eyni zamanda, enerji səmərəliliyinə və ətraf mühitin qorunmasına yönəlmiş texnologiyalar tətbiq olunur. Zavod üçün əsas xammal mənbəyi Xocalı şəhərinin yaxınlığında yerləşən “Xocalı” gil yatağıdır.
Prezident İlham Əliyev iyulun 18-də Xocalının Xanyurdu kəndində də olub. Dövlətimizin başçısı kəndə köçən sakinlər Rasim Cavadovun və Kərəm Abbasovun evlərində oldu.
Qeyd edək ki, Xanyurdu kəndi Xocalı rayonunun Ballıca kənd inzibati ərazi dairəsinə daxildir. Kənddə 40 fərdi ev artıq əsaslı bərpa olunub, ilin sonunadək daha 65 fərdi evin bərpası nəzərdə tutulub, 2026-cı ildə isə 93 fərdi ev təmir və bərpa olunacaq. Bu il iyulun 14-də 33 ailə, ümumilikdə 122 nəfər doğma Xanyurdu kəndinə qayıdıb.
