• şənbə, 19 Iyul, 19:16
  • Baku Bakı 32°C

Nəhənglərin savaşı

19.07.25 01:34 133
Nəhənglərin savaşı

Klublararası dünya çempionatı maliyyə baxımından olduqca səmərəli layihə kimi nəzərə çarpır. Təkcə yayım hüququnun satışından bir milyard dollardan artıq vəsait əldə edildi. Turnirin ümumi gəlirləri iki milyard dollara yaxın oldu.

Bu il ABŞ-də keçirilən və ilk dəfə genişləndirilmiş formatda baş tutan FIFA Klublararası Dünya Çempionatı futbolda qloballaşmanın yeni mərhələsi oldu. Təşkilati baxımdan ambisiyalı, iqtisadi cəhətdən böyük əhəmiyyət daşıyan bu turnir, eyni zamanda çoxsaylı suallara və tənqidlərə yol açdı. ABŞ-də keçirilən yarış futbolun universal dil kimi qavranılmasını bir daha təsdiqləsə də, səhnənin parlaq işıqları arxasında gözə görünməyən çatlar da müzakirələrə səbəb oldu. Bu yazıda Klublararası Dünya Çempionatının müsbət və mənfi tərəflərini obyektiv şərh etməyə çalışacağıq.

Yeni formatda ilk turnir

Klublararası dünya çempionatı ilk dəfə 32 komandanın iştirakı ilə baş tutdu. Bu baxımdan ABŞ-dəki turnir tarixə düşdü. Daha əvvəl məhdud dairədə keçirilən və konfederasiyaların az sayda təmsil olunduğu yarış bu dəfə genişmiqyaslı olması ilə fərqləndi. Lakin yenə də Avropa və Cənubi Amerika klubları Asiya və Afrika təmsilçilərini bir baş üstələdilər. Finalda “köhnə qitə”nin iki komandası - PSJ və “Çelsi” üz-üzə gəldi. İngiltərə klubu 3:0 hesablı parlaq qələbə ilə genişləndirilmiş formatda ilk turnirin qalibi adını qazandı.

Turnirin ABŞ-də keçirilməsi gələn il milli komandalar arasında baş tutacaq dünya çempionatının məşqi kimi də qeyd oluna bilər. Futbol sferasında o qədər də böyük olmayan dünya nəhənginin ümumi təşkilatçılığı qaydasında olsa da, bəzi problemlər diqqətdən yayınmadı.

Futbolçular robot deyil

Turnirin ən çox tənqidlərə məruz qalan tərəfi, şübhəsiz, oyun yükünün həddindən artıq olmasıdır. Çempionat Avropada futbol mövsümü başa çatdıqdan cəmi iki həftə sonra start götürdü. Futbol mütəxəssisləri bu məsələni dəfələrlə qabartsalar da, FIFA əhəmiyyət vermədi. Matçlarda ən çox meydana çıxan oyunçular artıq 60-dan çox rəsmi oyun keçirmişdi. Bu isə onların zədələnmə ehtimalını artırdı. Nəticədə bir çox məşhur futbolçu bu turniri ya zədə səbəbilə buraxdı, ya da tam formada deyildi. Məhz bu səbəbdən bəzi oyunlar gözlənilən keyfiyyəti vermədi. “Bavariya”nın ulduzu Camal Musialanın zədələnib uzun müddətə sıradan çıxması da bir növ tənqidçilərin əlini gücləndirdi.

İqlim və məkan çətinlikləri

ABŞ-nin qızmar yay günlərində keçirilən turnir oyunçuların dözümlülüyünü də sınağa çəkdi. Florida, Texas, Kaliforniya kimi ştatlarda havanın temperaturu 35 dərəcəyə qədər yüksəlirdi. Bəzi oyunlar gecə saatlarında keçirilsə də, bir çoxu Avropa auditoriyasına görə daha erkən saatlara salınırdı ki, bu da əlavə çətinliklər yaradırdı. ABŞ iqliminin qeyri-sabitliyi, fırtına və qasırğa ehtimalları oyunların davamlılığına maneə yaratdı. Tez-tez matçlar dayanır, təxirəsalmalar olurdu. Hətta “Çelsi” ilə “Benfika”nın oyununda bir neçə saatlıq fasilə yarandı ki, bu da tənqidlərə səbəb oldu.

Digər tərəfdən, ABŞ kimi böyük ölkədə qısa müddətdə şəhərlərarası səfərlər komandalara əlavə çətinliklər yaratdı. Avropa və Cənubi Amerika azarkeşləri üçün isə bu turnir həm maliyyə, həm də coğrafi baxımdan əlçatmaz oldu. Turnirdə iştirak edən klubların fanatları oyunları əsasən ekran qarşısından izləyir, stadionlar isə bəzi hallarda yarıboş qalırdı. Orta hesabla tribunalar təxminən 60 faiz dolurdu ki, bu da dünya çempionatı üçün aşağı göstərici hesab olunur.

Böyük gəlir

Klublararası dünya çempionatı maliyyə baxımından olduqca səmərəli layihə kimi nəzərə çarpır. Təkcə yayım hüququnun satışından bir milyard dollardan artıq vəsait əldə edildi. Turnirin ümumi gəlirləri iki milyard dollara yaxın oldu. Beləliklə, FIFA klublar üçün böyük mükafat məbləğləri təyin etdi. Təxminən bir milyard dolların yarısı ümumi iştiraka görə paylandısa, qalan hissəsi performans əsaslı bölündü. Turnirin qalibi “Çelsi” 114 milyon dollar əldə etdi. Bu, hətta Avropada klub turnirlərinin ən böyüyü olan Çempionlar Liqasının ən güclüsünün qazandığından artıqdır. İkinci yerin sahibi PSJ 106 milyon dollar qazandı. Hətta Yeni Zelandiyadan qatılan həvəskar oyunçulardan təşkil olunmuş “Oklend Siti” belə 4,5 milyon dollara sahib çıxdı. Bu da onlar üçün çox böyük məbləğdir. Lakin ümumi gəlirlərin bölüşdürülməsində FIFA və UEFA arasında müəyyən anlaşılmazlıqlar oldu. Bu da turnirin gələcək maliyyə perspektivlərinə mənfi təsir göstərə bilər.

Yaxşı vitrin, texnoloji yeniliklər

Klublararası Dünya Çempionatı bir çox gənc oyunçuya beynəlxalq səviyyədə özünü göstərmək üçün unikal bir platforma kimi qəbul olunmalıdır. Digər tərəfdən, “Benfika”, “Boka Xuniors”, “Zalsburq”, “Palmeyras”, “Fluminense”, “Flamenqo”, “Botafoqo”, “River Pleyt” kimi fəaliyyətini istedadlı oyunçuları üzə çıxarıb böyük məbləğlərə satmaq üzərində quran klublar üçün yaxşı fürsət demək idi. Beləliklə, turnirdən həm futbolçular, həm də klublar müəyyən mənada qazanc əldə etməyi bacardılar.

Dünya çempionatında bir sıra texnoloji yeniliklər tətbiq edildi. Oyunun hakimləri 10 sm-dən çox ofsaydda olan oyunçu topa toxunarsa, oyunu dərhal dayandırmağı bildirən sürətləndirilmiş yarı avtomatlaşdırılmış ofsayd texnologiyasından istifadə etdilər. Bu, lüzumsuz gecikmələrin azalmasına səbəb oldu. Digər tərəfdən, ilk dəfə hakimin gözündən epizodlar göstərilməyə başlandı. Bu da azarkeşlərin ciddi marağına səbəb oldu.

Balans tapılmalıdır

Ümumilikdə Klublararası Dünya Çempionatı futbol tarixində inqilabi bir dəyişiklik idi. Qloballaşma, texnologiya, yeni istedadlar, iqtisadi imkanlar baxımından əhəmiyyətli addımlar atıldı. Lakin idman ədaləti, oyunçu rifahı, ədalətli iştirakçı seçimi və azarkeş məmnuniyyəti kimi fundamental prinsiplər qorunmadıqda bu, sadəcə bir kommersiya məhsuluna çevrilə bilər. Qarşıdakı illərdə FIFA bu balansı qurmaq və qorumaq kimi tarixi bir missiyanı öz öhdəsinə götürməli və çatışmazlıqları həll etməlidir.

 

banner

Oxşar Xəbərlər