Qurtuluşdan qələbəyə

Qurtuluş Günü ilə başlayan Zəfər yolumuz davam edir. Heydər Əliyevin əsəri olan müstəqil Azərbaycan artıq dünyada qalib xalq, qalib dövlət olaraq anılır.
Bu gün müstəqil və güclü Azərbaycan dedikdə ilk ağıla gələn tarix 15 İyun - Qurtuluş Günüdür. Məhz bu gün, Azərbaycanı bir çox bəlalardan, təhlükələrdən, məhv olmaqdan xilas etdi. Bu xilaskar missiyanın daşıyıcısı isə fenomenal şəxsiyyət, görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyev idi.
Ulu Öndərin sələflərindən aldığı “miras”
1993-cü ilin 15 iyun tarixi xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin adı müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı. Həmin dövrün mənzərəsini qısa olaraq təsvir etsək görərik ki, ortada ümidsiz xalq və məhvə doğru sürüklənən bir dövlət vardı. Ulu Öndərin sələflərindən aldığı “miras” məhz bu idi. Onun qarşısında çox çətin missiya - adı tarixin qaranlıq səhifələrinə yazılmaq üzrə olan Azərbaycanın xilası vəzifəsi dayanırdı.
Vətəndaş müharibəsi, qardaş qırğını təhlükəsi
Heydər Əliyevin Azərbaycana ikinci dəfə hakimiyyətə qayıdışı xalqımızı və dövlətimizi vətəndaş müharibəsi təhlükəsindən, qardaş qırğınından xilas etdi. Özünün də vurğuladığı kimi, həyatını heçə sayaraq mərkəzi hakimiyyətə qarşı üsyan qaldıran silahlı dəstələrin hökmranlıq etdiyi Gəncəyə səfər edib, vəziyyətlə yerindəcə tanış oldu. O vaxt hadisələrin bundan sonrakı axarını nəzarət altına almaq iqtidarında olan yeganə şəxs məhz Ulu Öndər idi. Onun bu addımları artıq bütün ümidlərini itirmiş xalqın sabaha olan inamını yenidən oyatdı. Güclü, müstəqil Azərbaycan quruculuğu prosesinin ilk qığılcımları məhz 1993-cü ilin iyun hadisələrində Ulu Öndərin yorulmaz, qətiyyətli, uzaqgörən fəaliyyəti sayəsində görünməyə başladı.
Separatizmə son qoyuldu
Heydər Əliyev həm də Azərbaycanı bir dövlət olaraq parçalanmaqdan xilas etdi. Şimalda, cənubda baş qaldıran separatçı ocaqlar ağılla, məntiqlə, dahiyanə siyasi gedişlərlə söndürüldü. Müxtəlif xarici dövlətlərin kəşfiyyat orqanlarının bu istiqamətdəki planlarının qarşısı qətiyyətlə alındı.
İctimai-siyasi sabitlik bərpa edildi
Heydər Əliyev bizləri daxili xaosdan, anarxiyadan qorudu. İctimai-siyasi sabitlik bərpa edildi. Qanunsuz silahlı dəstələrin fəaliyyətinə son qoyuldu. Xalqının gücünə, ona olan etimadına güvənən Ulu Öndər dəmir siyasi iradə və qətiyyətlə qısa müddət ərzində iki dövlət çevrilişinin qarşısını aldı. İctimai-siyasi sabitliyin bərpası nəticəsində küçəyə belə çıxmağa qorxan sadə vətəndaşlar dövlətin, hakimiyyətin gücünü, ədalətini his etməyə, görməyə başladılar.
Yeni ərazi itkilərinin önünə keçildi
Ulu Öndər 1994-cü ildə Ermənistanla atəşkəs haqqında sazişə nail olmaqla yeni ərazi itkilərinin, Azərbaycan oğullarının həyatına son qoyan qanlı toqquşmaların önünə keçdi. Bu atəşkəs sazişi Azərbaycan dövlətinin öz gücünü, imkanlarını toparlaması, sabah gələcək Zəfərə aparan yolun təməllərinin atılması, inkişafa, rifaha, açılan yaraların sağalmasına hesablanan tədbirlərin həyata keçirilməsinə zəmin yaratdı. Azərbaycan adı bu tarixdən sonra dünyada daha çox eşidildi. Azərbaycan həqiqətləri məhz bu tarixdən sonra beynəlxalq aləmdə daha çox səsləndirilməyə başladı.
Müstəqilliyimizin qarantı
Ulu Öndərin hakimiyyətə qayıdışı Azərbaycanı iqtisadi, sosial, mədəni və mənəvi cəhətdən məhv olmaqdan da xilas etdi. Aparılan gərgin danışıqlar, yürüdülən siyasət bizlərin 20 sentyabr 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasına şahidlik etməyimizə vəsilə oldu. Dünyanın aparıcı dövlətlərini təmsil edən transmilli enerji şirkətlərinin imza atdığı bu müqavilə həm Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin zəmanətinə çevrildi, həm də gələcək iqtisadi və sosial inkişafın əsasını qoydu. Ölkədə hiperinflyasiyanın, çörək böhranının, ərzaq çatışmazlığının qarşısı alındı.
Balanslı xarici siyasət
Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik, idarəçilik təcrübəsi həmin dövr üçün olduqca həssas bir bölgədə yerləşən müstəqil Azərbaycanın ayaqda qalmasının əsas səbəblərindən biri idi. Şimalda, cənubda müstəqilliyimizi həzm edə bilməyən qonşuların əhatəsində qalan, bir tərəfdən də Ermənistanın işğalı ilə mübarizə aparan Azərbaycan məhz Heydər Əliyevin fenomenal siyasəti nəticəsində varlığını qorudu. Müstəqilliyimiz hamı və hər kəs tərəfindən qəbul edildi. Ermənistan istisna olmaqla bütün qonşularımızla dövlətlərarası münasibətlər bərpa olundu, beləliklə balanslı xarici siyasət kursunun əsası qoyuldu.
Ulu Öndərin Azərbaycanın ilk Konstitusiyasının qəbulu, ana dili, milli mətbuat, mədəniyyət, təhsil, səhiyyə, ordu quruculuğu, beynəlxalq təşkilatlarla əməkdaşlıq, bir milyondan artıq qaçqın və məcburi köçkünün üzləşdiyi problemlərin həlli istiqamətində həyata keçirdiyi tədbirlər dövlətçilik məfhumunun hər bir sahəyə necə sirayət etdiyinin göstəricisi idi.
Bu günün reallığı
Qurtuluş Günü ilə başlayan Zəfər yolumuz davam edir. Heydər Əliyevin əsəri olan müstəqil Azərbaycan artıq dünyada qalib xalq, qalib dövlət olaraq anılır. Ulu Öndər siyasətinin təməlini qoyduğu, işğala son qoyaraq ərazi bütövlüyümüzü bərpa edən Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən yaradılan yeni reallıq məhz budur: Güclü, müstəqil, ərazi bütövlüyü, sərhəd toxunulmazlığı, suverenliyi tam bərpa edilmiş qalib Azərbaycan dövləti.
Azad Əliyev
