• şənbə, 21 Iyun, 13:35
  • Baku Bakı 28°C

Türkiyə-Azərbaycan qardaşlığının simvolu

21.06.25 05:06 130
Türkiyə-Azərbaycan qardaşlığının simvolu

Dünya növbəti dəfə Azərbaycan-Türkiyə qardaşlığının, müttəfiqliyinin sarsılmazlığına, əbədiliyinə şahidlik etdi. İyunun 19-da Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirildi.

Dünya növbəti dəfə Azərbaycan-Türkiyə qardaşlığının, müttəfiqliyinin sarsılmazlığına, əbədiliyinə şahidlik etdi. İyunun 19-da Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirildi. Dəhşətli zəlzələdən sonra dağılmış ərazidə Azərbaycanın yardımı ilə yenidən inşa olunan məhəllənin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak etdilər. 

“Bir millət, iki dövlət” şüarının təcəssümü

Qeyd edək ki, iki ölkə arasındakı dostluğun, qardaşlığın, strateji müttəfiqliyin mahiyyətini özündə əks etdirən Ulu Öndər Heydər Əliyevə məxsus “Bir millət, iki dövlət” şüarı bu gün Türkiyə-Azərbaycan münasibətlərinin özülünü təşkil edir. Həm sevincdə, həm kədərdə iki xalq, iki dövlət daim bir yerdədir. Bu birliyin sarsılmazlığını açılış mərasimində çıxış edən prezidentlər də xüsusi olaraq vurğuladılar.   

Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Türkiyədə 2023-cü il fevralın 6-da baş vermiş dəhşətli zəlzələ nəticəsində yaşanan faciəni Azərbaycan xalqı öz faciəsi kimi qəbul etdi: “İlk gündən on minlərlə azərbaycanlı Bakıda, Azərbaycanın müxtəlif şəhərlərində insani yardım göstərmək üçün məntəqələrə gəlib öz qardaşlıq borcunu yerinə yetirməyə başlamışdır”. 
Dövlət başçısının sözlərinə görə, Azərbaycan dərhal mindən çox heyəti, o cümlədən axtarış-xilasetmə üzvlərini, könüllüləri, həkimləri Türkiyənin zəlzələ bölgələrinə göndərib. Azərbaycan heyətləri tərəfindən 53 insan dağıntılar altından sağ çıxarılıb, qurulan iki səhra hospitalında 3200 insana Azərbaycan həkimləri tibbi yardım göstərib.

“Yaşasın Türkiyə-Azərbaycan birliyi, qardaşlığı!”

Prezident qeyd edib ki, Azərbaycan hər zaman Türkiyənin yanında olub: «Türkiyə də hər zaman Azərbaycanın yanında olub və bu gün “Azərbaycan” məhəlləsinin açılışında əziz qardaşımla birlikdə iştirakım bir daha bizim birliyimizin, dostluğumuzun təzahürüdür”.

İlham Əliyev bildirib ki, biz yaxşı günlərdə də, ağır günlərdə də daim bir-birimizin yanındayıq, bir-birimizin gücünü artırırıq: “Bu gün Türkiyə-Azərbaycan qardaşlığı, birliyi nəinki bölgəmiz üçün, dünya miqyasında önəmli amildir, təhlükəsizlik, işbirliyi, inkişaf və qardaşlıq rəmzidir”.

Prezident qeyd edib ki, dörd il öncə imzalanan Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan əlaqələrini ən yüksək zirvəyə qaldırıb. “Yaşasın Türkiyə! Yaşasın Türkiyə-Azərbaycan birliyi, qardaşlığı!”, - Prezident çıxışını bu fikirlərlə yekunlaşdırıb.  

"Bu həmrəyliyi heç vaxt unutmayacağıq"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da göstərilən bu diqqətə və dəstəyə görə Azərbaycanın ali rəhbərliyinə, xalqına təşəkkür edib: 

“Bu gün burada "Bir millət, iki dövlət" şüarının həyata keçməsinə bir daha şahidlik edirik. Çünki biz eyni bayrağın kölgəsində dua edən, eyni səccadədə göz yaşı tökən, eyni istiqlal üçün qurban verən bir millətin, iki dövlətin tək ürək daşıyan övladlarıyıq. "Ayrılarmı könül candan, Türkiyə Azərbaycandan", - deyən şairlərin sözlərə hərfbəhərf nəqş etdiyi qardaşlığımızın nə məna daşıdığını bu gün bütün dünyaya yenidən göstəririk. Rəbbim aramızdakı bu sarsılmaz həmrəyliyi, bu məhəbbəti daimi etsin”.

Türkiyə Prezidentinin sözlərinə görə, bu çətin dövrdə ölkəsinin köməyinə ilk gələnlərdən biri Azərbaycan olub: “Fəlakət xəbərini alar-almaz "Səninləyəm, Türkiyəm!" deyərək qardaş köməyi başladan, avtomobilinin tavanına varını-yoxunu yığaraq millətimizə kömək etməyə çalışan, duaları, dəstəkləri, səmimi göz yaşları ilə kədərimizi bölüşən Azərbaycan xalqının həmrəyliyini heç vaxt unuda bilmərik və unutmayacağıq. Xüsusilə, İlham qardaşımızın və hörmətli həyat yoldaşı Mehriban xanımın yardım səfərbərliyimizə verdiyi böyük töhfənin könlümüzdə daim ayrı bir yeri var”.

Türkiyənin qürur tablosu

Türkiyə Prezidenti “Azərbaycan” məhəlləsini ölkəsinin ən mötəbər layihələrindən biri, qürur tablosu adlandırıb. “Zəlzələ nəticəsində dağılan bu məhəllə indi Azərbaycanın dəstəyi ilə yenidən canlanır. İlham qardaşımın da daim nəzarətdə saxladığı bu layihə burada məskunlaşacaq qardaşlarımıza etibarlı, firavan yuva, görənlərin həsəd aparacağı, özünə heyran qoyacağı bir əsər olacaq, inşallah. Təkcə evləri ilə deyil, parkları, bağları, mədəniyyət mərkəzi, Heydər Əliyev adına orta məktəbi ilə bura Türkiyə yüzilliyinin qabaqcıl şəhərlərinə yaraşacaq bir yaşayış sahəsi olaraq dirçəldilir”, - Rəcəb Tayyib Ərdoğan bildirib.

1194 mənzildən ibarət 68 yaşayış binası

Qeyd edək ki, 2023-cü ilin fevralında Türkiyənin cənub-şərqində baş verən dəhşətli zəlzələdən dərhal sonra Azərbaycan dövləti və xalqı qardaş ölkənin yanında olub. Prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycanın qardaş ölkəyə uzunmüddətli dəstəyi üçün Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin inşasına start verilib. Ərazisi 27,6 hektar olan məhəllədə 1194 mənzildən ibarət 68 yaşayış binası, Heydər Əliyev adına ibtidai məktəb, uşaq bağçası, mədəniyyət mərkəzi və digər sosial obyektlər inşa olunub. Həmçinin burada məskunlaşacaq ailələr üçün 1595 ticarət obyekti də yaradılacaq. 2024-cü il sentyabrın 11-də Heydər Əliyev adına ibtidai məktəbin və uşaq bağçasının açılışları olub.

“Azərbaycan” məhəlləsinin Baş planı üzrə 7, 8, 11 və 12-ci kvartalların tikintisi artıq tamamlanıb. 4 kvartalda 26 yaşayış binası yerləşir. Binalar hamısı 4 mərtəbəlidir. Bu binalarda ümumilikdə 456 mənzil, 328 qeyri-yaşayış obyekti inşa edilib.

Azad Əliyev

banner

Oxşar Xəbərlər