• şənbə, 21 Iyun, 14:51
  • Baku Bakı 28°C

100 diplomatın daxil olduğu qrup Laçında

21.06.25 00:17 114
100 diplomatın daxil olduğu qrup Laçında

Qonaqlar şəhərdə aparılan bərpa işləri ilə tanış olublar. Onlar Azərbaycan xalqının azad edilmiş ərazilərə qayıdaraq şəhərdə həyatı necə bərpa etməsinin şəxsən şahidi olublar.

Azərbaycanda akkreditə olunmuş diplomatlar, o cümlədən hərbi attaşelər və beynəlxalq təşkilatların rəhbərlərinin nümayəndə heyəti Laçın rayonuna səfər ediblər. Nümayəndə heyətinə təxminən 100 diplomat daxil olub. Nümayəndə heyətini Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib.

Laçının işğaldan əvvəlki fotoları

Qonaqlar şəhərdə aparılan bərpa işləri ilə tanış olublar. Onlar həmçinin, Azərbaycan xalqının azad edilmiş ərazilərə qayıdaraq şəhərdə həyatı necə bərpa etməsinin şəxsən şahidi olublar. Bundan başqa, qonaqlar “Hoçazfilm” kinostudiyasına baş çəkiblər.

Nümayəndə heyəti Laçındakı “Yurd” sərgi mərkəzini ziyarət edib. İştirakçılar Azərbaycan mədəniyyətinin elementlərini əks etdirən ekspozisiyalarla tanış olublar. Diplomatlara milli xalçaçılıq, rəssamlıq nümunələri, həmçinin Laçın şəhərinin erməni hərbi birləşmələri tərəfindən işğalından əvvəlki fotoşəkilləri təqdim edilib.

Diplomatların Laçın təəssüratları

Belarus səfiri Dmitri Pineviç Laçına səfəri ilə bağlı sevincini ifadə edib. "Özündə bu qədər elementləri ehtiva edən bu şəhərdə olmaqdan böyük zövq alıram", - deyə səfir vurğulayıb.

Liviyanın Azərbaycandakı səfiri Əli Salem Naser də “Report”a açıqlamasında Laçına səfərindən məmnunluğunu ifadə edib. Səfir Qarabağın infrastrukturunun bərpası və inkişafının yüksək tempini qeyd edib. “Liviya və Azərbaycanı uzun illərdir ənənəvi isti münasibətlər bağlayır. 1995-ci ildən bəri ölkələrimiz arasında əla münasibətlər mövcuddur. Bu münasibətlərin daha da inkişafı üçün səy göstəririk”, - səfir vurğulayıb.

“Laçın heyrətamiz bir yerdir”

Serbiyanın Azərbaycandakı səfiri Draqan Vladislavleviç bildirib ki, Laçında aparılan tikinti-bərpa işlərinin sürəti inanılmazdır. "Laçın heyrətamiz bir yerdir və daha heyrətamiz olan odur ki, son səfərimdən bəri burada miqyaslı dəyişikliklər baş verib. Sonuncu səfərim bir il yarım əvvəl olub. Burada nə qədər yeni tikililərin olması sadəcə inanılmazdır. Biz bu gün yeni hava limanına gəldik. Mən həqiqətən Azərbaycan və onun inkişafı ilə qürur duyuram", - səfir qeyd edib.
Diplomat qeyd edib ki, bu, artıq onun Laçına dördüncü səfəridir: "Sabah biz Şuşa və Ağdama səfər edəcəyik. Ağdamda üç il əvvəl olmuşam və orada baş verən dəyişiklikləri görməyi səbirsizliklə gözləyirəm. Hər dəfə azad edilmiş ərazilərə gələndə əvvəllər gördüyüm yerləri tanımaq çətin olur - hər şey dəyişir, yeni, daha yaxşı və gözəl olur".

“Bərpaetmə tempi heyranedicidir”

“Azərbaycanın Qarabağı və digər azad edilmiş əraziləri bərpaetmə tempi heyranedicidir”. Bu barədə “Report”a açıqlamasında Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov bildirib. "Bu mənim Laçına ikinci səfərimdir. Mən burada ötən il olmuşam. Gözəl bir səfər idi. Azərbaycanın Qarabağı, Laçını və digər şəhərləri bərpaetmə tempi heyranedicidir. Əlbəttə, burada azərbaycanlıların yaşaması, istirahət etməsi və işləməsi üçün bütün şərait yaradılır", - səfir deyib. O qeyd edib ki, məmnuniyyətlə Qarabağı ziyarət edir: "Füzulidə, Şuşada olmuşam. Təbii ki, mən məmnuniyyətlə Qarabağı və Azərbaycanın digər bölgələrini ziyarət edəcəyəm".

 

banner

Oxşar Xəbərlər