• bazar, 15 Iyun, 02:42
  • Baku Bakı 19°C

“Texniki səhv”, yoxsa rəsmi mövqe? 

14.06.25 04:37 161
“Texniki səhv”, yoxsa rəsmi mövqe? 

Dünyanın istənilən paytaxtında Cənubi Qafqaza, Azərbaycana münasibətdə hansısa plan və niyyətlər ola bilər. Ancaq unudulmamalıdır ki, Azərbaycan da 30 il əvvəlin Azərbaycanı deyil.

Rusiya prezidentinin köməkçisi Vladimir Medinskinin ölkəsinin Ukraynada ilhaq etdiyi ərazilərlə Azərbaycanın Qarabağ bölgəsi arasında paralellər aparması narazılıq yaratdı. Onun Qarabağı “mübahisəli ərazi” kimi qələmə verməsini adi halda müxtəlif prizmalardan yozmaq olardı. Məsələn, Rusiya XİN-nin açıqlamasında olduğu kimi, “fikirləri kontekstdən çıxarılıb”. Ancaq həm Bakıda, həm də Moskvanın özündə hamı yaxşı anlayır ki, Medinski çapda məmurlar verdikləri bəyanatlarda nəyinsə kontekstdən çıxarılması üçün “əl yeri” qoymurlar. Rusiyada Medinskinin söylədiyi fikirləri “texniki səhv” də hesab edə bilərlər, “kontekstdən çıxarma” da. Bizə isə iki əsrlik tarixi yaddaşımız, ələlxüsus da son 30 ilin təcrübəsi başqa şey deyir. 

Medinski Kremlin hansı qülləsini təmsil edir?

Moskvanın xarici siyasəti, ələlxüsus da postsovet məkanının dövlətlərinə münasibəti şərh olunarkən bəzi hallarda belə bir yanlış mənzərə formalaşdırılır ki, guya Rusiyanın hakim dairələrində sözügedən problemlərə dair fərqli mövqelər var. Siyasi ekspertlər tez-tez “Kremlin qüllələri” ifadəsindən istifadə edirlər. Bu ifadənin mənası belə bir anlama gəlir: hər hansı xarici siyasət probleminə Rusiya hökumətinin daxilində müxtəlif yanaşmalar var. Məsələn, vaxtilə deyilirdi ki, indi Bakıda mühakimə olunan Ruben Vardanyanı Qarabağa Moskvadakı “müəyyən qüvvələr” ezam ediblər və bu, Kremlin rəsmi siyasətinə aid olmayan məsələdir. Nə qədər inandırıcıdır? Hər halda sonrakı hadisələr göstərdi ki, bu, olduqca yanlış qənaətdir və Vardanyanın Azərbaycan ərazisində peyda olması, rəsmi Bakının ünvanına hədə-qorxu məzmunlu bəyanatlar səsləndirməsi Rusiyanın İkinci Qarabağ savaşından sonra yaranmış yeni reallıqlardakı siyasətinin tərkib hissəsidir. Bölgədəki mövcudluğu qoruyub saxlamaq üçün Rusiya “sülhməramlı” kontingentinin missiyası nədən ibarət idisə, Vardanyanın da qarşısına qoyulmuş vəzifə onun eynisi idi.

Bu baxımdan, Medinskini də bu “qüllə”lərdən birinin təmsilçisi kimi təqdim etmək inandırıcı deyil və hətta mənasızdır. 

Ermənilərdən çox erməni olan bəzi Rusiya məmurları

Medinskinin “kontekstdən çıxarılan” fikirləri son yarım il ərzində Moskvanın Azərbaycana münasibətdə sərgilədiyi siyasət müstəvisində xüsusilə aqressiv təəssürat yaradır. Azərbaycana məxsus sərnişin təyyarəsinin vurulması, günahkarların yaxşı məlum olmasına baxmayaraq, hələ də cəzalandırılmamaları, kompensasiyanın ödənilməməsi belə demək mümkündürsə, mövcud gərginliyin əsas trendləridir. Ancaq vəziyyətə bir qədər dərindən baxanda aydın görünür ki, Medinskinin söylədikləri yalnız münasibətlərdəki son sərinlikdən irəli gəlmir. Prezident köməkçisinin Qarabağı “mübahisəli ərazi” kimi təqdim etməsi Moskvada Azərbaycanın torpaq bütövlüyünə münasibətdə mövcud olan kursun göstəricisidir. Unutmayaq ki, Rusiya rəsmiləri indinin özündə də sülhməramlıların Qarabağı tərk etməsini, o cümlədən Ermənistana lazımi xarici siyasət dəstəyinin göstərilməməsini (əslində, göstərə bilməməsini) İrəvanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə izah edirlər. Yəni özünüz Qarabağı Azərbaycanın ərazisi kimi tanımısınız, biz nə edə bilərdik?!

İndi Medinski və onun kimilərinin zaman-zaman belə qıcıq doğuran bəyanatlar səsləndirmələri həmin ümumi yanaşmanın detallarıdır ki, tələskənlikdən, yaxud elə planlı şəkildə ictimailəşdirilir. Bu onun göstəricisidir ki, Rusiyanın Qarabağı əldən verməsinin həzm edilməməsinin nəzəri tərəfləri üzərində iş gedir, praktiki məsələlər isə gələcək mərhələlərə saxlanılır. Ancaq hərdən büruzə də verilir. Məsələn, bir neçə ay bundan öncə Moskva Dövlət Universitetində yeni “Qafqazşünaslıq” kursları başlayıb. Belə baxanda, qeyri-adi heç nə yoxdur. Ancaq kursda əsas istiqamətin “ermənişünaslıq” olduğunu nəzərə alsaq, müəyyən nəticələrə gələ bilərik. Bu o deməkdir ki, Moskvada nəzəri platformada Qafqaza münasibətdə istinad yenə də ermənilərə və Ermənistana edilir. Siyasət faktiki olaraq heç bir dəyişikliyə uğramayıb, hazırkı reallığa situativ mərhələ kimi baxılır ki, Medinskinin bəyanatı da məhz bu prizmadan şərh edilməlidir. 

Azərbaycan özünü təsdiqləmiş müstəqil geosiyasi aktordur

Təbii ki, Moskva kimi dünyanın istənilən paytaxtında Qafqaza, Azərbaycana münasibətdə hansısa plan və niyyətlər ola bilər. Ancaq unudulmamalıdır ki, Azərbaycan da 30 il əvvəlin Azərbaycanı deyil. Bu gün Azərbaycanın bərpa edilmiş sərhədləri və suverenliyi, qalib ordusu və şaxələnmiş xarici siyasəti, müttəfiqləri, qardaş Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsi var. Azərbaycan formalaşmış, özünü dünya arenasında təsdiqləmiş müstəqil geosiyasi aktordur. Rəsmi Bakının bu statusunu möhkəmləndirən faktorlardan ən vacibi onun qonşuları və müttəfiqləri ilə mövcud olan və sənədlərlə təsdiqlənən sabit münasibətləridir. 

Rüstəm Qaraxanlı

banner

Oxşar Xəbərlər