Qarşılıqlı həmlələr davam edir

İsrailin hücumları nəticəsində İranın Xondabdakı ağır su istehsalı zavodunun əsas binaları zədələnib. Hər iki tərəfdə həftə ərzində mülki şəxslər arasında çoxsaylı ölən və yaralananlar olub.
İsrail və İran arasında qarşılıqlı həmlələr davam edir. İsrailin hava zərbələrinə İran raket hücumları ilə cavab verir. Hər iki tərəfdə həftə ərzində mülki şəxslər arasında çoxsaylı ölən və yaralananlar qeydə alınıb.
Xondabdakı ağır su reaktoruna hücum
Son məlumatlara görə, İsrail Hərbi Hava Qüvvələri İranın qərbində raket anbarlarına və onların buraxılış sistemlərinə hücum edib. İranın şimalında yerləşən Rəşt şəhəri də zərbələrin hədəfi olub.
İran tərəfi İsrailin nüvə obyektlərinə zərbələrinin ciddi fəsadlar yarada biləcəyini bəyan edir.
İran XİN başçısı Abbas Əraqçi sosial şəbəkə hesabında yazıb ki, Tehran BMT Təhlükəsizlik Şurasının İsrail Silahlı Qüvvələrinin Xondabdakı ağır su reaktoruna hücumlarına reaksiyasını gözləyir. Onun sözlərinə görə, obyekt Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nəzarəti altında və Birgə Hərtərəfli Fəaliyyət Planı çərçivəsində texniki spesifikasiyalara uyğun olaraq tikilir.
AEBA isə bəyan edib ki, İsrailin hücumları nəticəsində İranın Xondabdakı ağır su istehsalı zavodunun əsas binaları zədələnib. "Dünən yayılan xəbərlərdə qeyd edilib ki, Xondabdakı ağır su istehsalı zavoduna dəyən ziyan ciddi olmayıb. AEBA-nın daha sonra apardığı qiymətləndirmələrə görə, obyektdəki əsas binalar, o cümlədən distillə qurğusu zədələnib", - paylaşımda qeyd edilib.
“Terror olarsa, "Hizbullah" olmayacaq"
İsrailin İrana zərbələri davam etdiyi bir vaxtda Tehranın proksi qüvvələri də Təl-Əvivi təhdid edən bəyanatlar verirlər. Xüsusilə də Livanda fəaliyyət göstərən “Hizbullah”ın təhdidləri diqqət çəkir.
İsrail müdafiə naziri İsrael Kats Livan "Hizbullah" hərəkatını İranı dəstəklədiyi təqdirdə Təl-Əvivin sərt cavab verəcəyi barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, "Hizbullah" liderləri sələflərinin taleyindən nəticə çıxarmalı və İsraili hədələməməlidirlər. "Mən Livan nümayəndəsinə ehtiyatlı olmağı və İsrailin onu hədələyən terrorçulara qarşı səbrinin tükəndiyini anlamağı təklif edirəm. Əgər terror olarsa, "Hizbullah" olmayacaq", - deyə Kats qeyd edib.
“İranın cavabı sərt olacaq”
Hərbi qarşıdurma fonunda İran rəhbərliyi də yeni bəyanatlarla çıxış edib. “İsrail tərəfi müharibəni dayandırmasa, İranın cavabı sərt olacaq”, - deyə İran Prezidenti Məsud Pezeşkian “X” sosial şəbəkəsindəki paylaşımında deyib. "Biz həmişə sülh və sakitliyə can atmışıq, lakin indiki şəraitdə zorla qəbul etdirilmiş müharibəyə son qoymağın yeganə yolu təcavüzün dərhal dayandırılması və avantüralara son qoyulmasının təmin edilməsidir. Əks halda İranın cavabı sərt olacaq", - o yazıb.
İranın xarici işlər naziri Abbas Əraqçi isə deyib ki, ABŞ İranla danışıqlar istəyi ilə çıxış edib, Tehran isə bu təklifi rədd edib. "Hazırkı şəraitdə sionist rejiminin İrana hücumları davam etdiyi müddətdə, heç kimlə danışıqlar aparmaq istəmirik. Amerikalılar istəyirlər, bir neçə dəfə mesajlar göndəriblər. Lakin biz onlara aydın şəkildə bildirmişik ki, təcavüz dayandırılmayana qədər dialoq və diplomatiyadan söhbət gedə bilməz", - deyə o bildirib.
“Hazırkı cavab "xeyr"dir”
Qeyd edək ki, İsrail İrana zərbələri Tehranın qısa müddətdə nüvə silahı əldə edə biləcəyinə dair iddialarla əsaslandırır. Bu məsələdə ABŞ də İsraillə eyni mövqedən çıxış edir.
“Vaşinqton administrasiyası hesab edir ki, İran rəhbərliyi belə bir qərar qəbul edərsə, “bir neçə həftə” ərzində nüvə silahı yaratmaq imkanına malikdir”, - deyə Ağ evin mətbuat katibi Kerolayn Livitt bildirib. Livittin fikrincə, “bütün dünya razılaşır ki, İran nüvə silahı əldə etməməlidir”.
BAEA-nın baş direktoru Rafael Qrossi bildirib ki, İsrailin hücumları başlayan zaman İran nüvə bombası yaratmaqla məşğul olmayıb. “Hazırkı cavab "xeyr"dir. Lakin onun buna aparan bir çox elementləri var idi”, – deyə Qrossi “İran nüvə bombası hazırlayırdımı?” sualına cavabında deyib.
