• bazar, 15 Iyun, 02:47
  • Baku Bakı 19°C

Kaliforniya Trampa qarşı

14.06.25 02:42 186
Kaliforniya Trampa qarşı

Los-Ancelesdə baş verənlər ABŞ cəmiyyətindəki parçalanmanı daha da dərinləşdirəcək. Ayrı-ayrı ştatlar mərkəzi hakimiyyətə qarşı daha barışmaz mövqe tutacaqlar. Yəni baş verənlər ABŞ üçün ciddi nəticələrə səbəb ola bilər. 

ABŞ-də vəziyyət “adi iğtişaşlar” çərçivəsindən kənara çıxıb və kriminal-siyasi rəng alıb. Los-Ancelesdə ABŞ Miqrasiya və Gömrük Mühafizə İdarəsinin (ICE) hərəkətlərinə qarşı kütləvi etirazlar başlayıb. ABŞ cəmiyyəti də baş verən hadisələrə münasibətdə ikiyə bölünüb. Əhalinin bir hissəsi Prezident Donald Trampı dəstəkləyir, digərləri isə onu xaos yaratmaqda ittiham edirlər. 

Federal və yerli hakimiyyət arasında qarşıdurma

Los-Ancelesdəki yaşananlar faktiki olaraq federal və yerli hakimiyyət arasında qarşıdurmadır. 
Kaliforniya ştatının rəhbərliyi Donald Trampı iğtişaşları təhrik etməkdə günahlandırıb və ona qarşı məhkəmə iddiası qaldırıb. Faktiki olaraq, prezident və ştatın qubernatoru Kevin Nyusom sərt qarşıdurma vəziyyətindədir. Prezident Nyusomu iğtişaşlarla və qeyri-qanuni miqrasiya ilə mübarizəyə maneçilik törətdiyinə görə açıq şəkildə həbslə hədələyib. Nyusom isə hər şeydə Trampı günahkar sayıb. Onun sözlərinə görə, məhz prezident Paramount şəhərində miqrasiya və gömrük polisinin (US Immigration and Customs Enforcement, ICE) sərt reydlərini başladıb. Paramount - Los-Ancelesın əhalisi əsasən Meksikadan gələnlərdən ibarət olan ətraf ərazisidir. Nyusom iddia edir ki, ştat polisi iğtişaşlarla mübarizə apara bilərdi və Trampın Milli Qvardiya əsgərlərini cəlb etmək qərarı olmasaydı, onlar tezliklə sakitləşəcəkdi. Prezidentin bu qərar vəziyyəti gərginləşdirib və iğtişaşların digər yaşayış məntəqələrinə də yayılmasına səbəb olub. Ştat hakimiyyətinin iddiasında Trampın qərarının ləğv edilməsi tələb olunur. 

Miqrasiya xaosunu kim təşkil etdi?

Ortada isə çoxlu suallar var. Miqrasiya xaosunu kim təşkil etdi? Onun həllinə və antimiqrasiya tədbirlərinin yaratdığı sosial narazılığa görə kim məsuliyyət daşımalıdır? Etirazların özü təbii reaksiyadır, yoxsa Trampın siyasi düşmənləri tərəfindən təhrik edilib, maliyyələşdirilib və yönləndirilib? Kənardan baxanda iki məqam aydın görünür. Bir tərəfdən, Tramp həqiqətən də radikal bəyanatlara və hərəkətlərə meyllidir. Digər tərəfdən, sistemli olmayan prezidentin həm ölkə daxilində, həm də xaricdə çoxlu düşmənlərinin olduğu fakt olaraq qalır. “Düşmən” də kifayət qədərdir - Demokratlar Partiyası, qlobalistlər və Trampın zərbə ardınca zərbə endirdiyi LGBT, USAİD, Milli Təhlükəsizlik Xidməti və Harvard Universiteti. 

Küçədən gələn təzyiqlər

Amma Tramp küçədən gələn təzyiqlərə boyun əymək fikrində deyil. Məsələn, Los-Ancelesdə Milli Qvardiya və dəniz piyadaları yerləşdirib. “The Washington Post”un məlumatına görə, hazırda gərginlik zonasında 4800 hərbçi var ki, bu da ABŞ-nin Suriya və İraqdakı kontingentindən çoxdur. 

Ola bilsin ki, Tramp heç bir qanunu pozmayıb, amma yazılmamış ənənə dəqiq pozulub. Ştat hakimiyyətinin razılığı olmadan Milli Qvardiya bölmələrinin cəlb edilməsi ABŞ üçün çox qeyri-adidir. Sonuncu dəfə belə hal 1965-ci ildə olmuşdu. O zaman Prezident Lindon Conson Alabama Milli Qvardiyasına Martin Lüter Kinqin başçılıq etdiyi qaradərililərin hüquqlarının müdafiəçilərinin yürüşünü qorumağı tapşırmışdı. İndi isə vəziyyət prinsipial olaraq fərqlidir. İrqçilikdə Trampı və ICE-i ittiham edirlər, ştatın qubernatoru isə əksinə, özünü vətəndaş hüquqlarının müdafiəçisi kimi təqdim edir.

Aksiyaların siyasi hədəfləri

İndiki olayların 60 il əvvəlkindən daha bir fərq var. Nə Conson, nə də onun adamları həmin vaxt irqçi qubernatoru həbsxana ilə hədələməmişdilər. İndi isə Milli Qvardiyaya müqavimət göstərildiyi təqdirdə Nyusomu həbslə təhdid edir. Bu vədi, daha doğrusu, hədəni Trampa çox yaxın olan şəxslərdən biri Tom Homan səsləndirib. 

Beləliklə, Tramp 2020-ci ildə olduğu kimi, irqi çalarlı iğtişaşlara eyni reaksiyanı göstərir. Bu reaksiya həmin vaxt Demokratlar Partiyasının sol qanadına öz populyarlığını artırmaq üçün imkan yaratdı. Görünür, baxışlarına görə mərkəzçi olan Nyusom da eyni taktikadan istifadə etmək niyyətindədir. O, 2028-ci il seçkilərində demokratlardan prezidentliyə namizəd olmaq istədiyini gizlətmir. Donald Trampın sərt antimiqrasiya tədbirlərini həyata keçirmək cəhdlərindən sonra Kaliforniyada baş verən iğtişaşlar Demokratlar Partiyasına indi də sərf edir. Baş verənlər demokratlara uzun müddətdir ehtiyac duyduğu şeyi – Trampa qarşı etirazlara rəhbərlik edə biləcək populyar lider verə bilər. 

Son illərin ən gərgin daxili böhranı

Müşahidəçilər hesab edirlər ki, baş verənlər ABŞ cəmiyyətindəki parçalanmanı daha da dərinləşdirəcək. Ayrı-ayrı ştatlar mərkəzi hakimiyyətə qarşı daha barışmaz mövqe tutacaqlar. Yəni ABŞ üçün bu, ciddi nəticələri olan bir hekayədir.
Los-Ancelesdə miqrantların etiraz aksiyaları başqa ştatlara da sıçrayıb. Vaşinqton ştatının Sietl şəhərinin mərkəzindəki miqrasiya məhkəməsi qarşısında aksiyada deportasiyanın dayandırılmasına dair şüarlar səsləndirilib. Daha sonra Ostində aksiya təşkil edilib. Texas qubernatoru Qreq Ebbot sosial mediada Ostin şəhərində ondan çox etirazçının həbs edildiyini yazıb. Dallasda yüzlərlə nümayişçi bir neçə saat ərzində şəhər körpüsündə mitinq üçün toplaşıb. Luiziana ştatının Yeni Orleans şəhərində yüzdən çox insan Los-Anceles etirazçıları ilə həmrəylik nümayiş etdirmək və şəhərdəki miqrasiya reydlərinə etiraz etmək üçün aksiyası keçirib. Həmçinin miqrantların Nyu-York, Çikaqo, Vaşinqton, Atlanta kimi böyük şəhərlərdə aksiyaları planlaşdırılır. Bir sözlə, Birləşmiş Ştatlar son onilliyin ən gərgin daxili böhranı ilə üz-üzə qalıb. 

Azər Nuriyev 

banner

Oxşar Xəbərlər