İsrail-İran münaqişəsində yeni mərhələ

İsrailin hücumları nəticəsində İranın yüksək rütbəli hərbçiləri və nüvə alimləri öldürülüb. İsrail bəyan edib ki, hərbi əməliyyatların məqsədi İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır. Öz növbəsində İran da qisas vəd edir.
İsrail İranda “Yüksələn Aslan” hərbi əməliyyatına başladığını elan edib. Bu, iki ölkə arasında son vaxtlarda qeydə alınan üçüncü və ən böyük birbaşa hərbi toqquşma sayılır.
Əməliyyatlar davam edəcək
İsrail ordusunun əməliyyatlarla bağlı məlumatında qeyd edilib ki, məqsəd İranın nüvə silahı təhlükəsini aradan qaldırmaqdır. “İranın bir neçə gün ərzində bir neçə bomba istehsal etmək üçün kifayət qədər zənginləşdirilmiş uranı var və bu qaçılmaz təhlükəyə qarşı tədbir görülməlidir”, - məlumatda vurğulanıb.
İsrailin Baş naziri Benyamin Netanyahu bəyan edib ki, hərbi əməliyyat lazım olduğu ana qədər davam edəcək.
İsrailin Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir tərəfindən edilən xəbərdarlıqda deyilir ki, İranın cavab zərbələri nəticəsində İsrail çox güman ki, itkilərlə üzləşəcək. O qeyd edib ki, İsrail ordusu ölkəni müdafiə etməyə hazırdır, lakin vətəndaşlar özlərinin və yaxınlarının təhlükəsizliyinin qayğısına qalmalı, təlimatlara qulaq asmalıdırlar.
Əməliyyatın detalları
İsrail Hərbi Hava Qüvvələri İrana zərbələr endirmək üçün 200 təyyarə cəlb edib, onlar 330-dan çox döyüş sursatı atıblar. "Times of Israel" xəbər verir ki, bu barədə HHQ-nin rəsmi nümayəndəsi Effi Defrin brifinqdə bildirib. Onun sözlərinə görə, zərbələr zamanı qırıcılar təxminən 100 hədəfə 330-dan çox döyüş sursatı atıblar.
Nəticədə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqiri və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-mayor Hüseyn Salami, Seyid Əli Xameneinin müşaviri Əli Şəmxani həlak olublar. İsrailin İrana hücumu nəticəsində altı nüvə alimi də həyatını itirib.
“Israel National News”un məlumatına görə, İsrail İrana hücumu bir neçə il ərzində hazırlayıb və yüksək rütbəli hərbi məmurlar və alimlər haqqında ətraflı dosyelər toplayıb.
İran qisas vəd edir
Bu hücumlar nəticəsində ciddi itkilər verən İran da İsrailə qarşı sərt bəyanatlar verib. “İsrail İrana zərbələr endirməklə özünü acılı və ağrılı taleyə məhkum edib”, - İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xamenei xalqa müraciətində bildirib. Onun sözlərinə görə, İsrail sərt şəkildə cəzalandırılacaq.
İran Prezidenti Məsud Pezeşkian da xalqa müraciətində cavablarının İsraili peşman edəcəyini vurğulayıb. Bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb. Onun sözlərinə görə, bütün beynəlxalq öhdəliklərə zidd olan bu hücum İsrailin mahiyyətini təsdiqləyir: "Əlbəttə, İran xalqı və ölkə rəhbərliyi susmayacaq və qanuni və güclü cavabı onları bu hərəkətinə peşman edəcək. İran dünya və regionda sülh və əmin-amanlıq üçün bütün səylərini göstərdiyi və sülhsevərlik istiqamətində uzunmüddətli danışıqlara və dünyaya etimad yaratmağa tam hazır olduğunu sübut etdiyi qədər hücuma cavab vermək və ölkənin bütövlüyünü müdafiə etmək üçün də qətiyyətlə hərəkət edəcək”.
Bu arada, İran Baş Qərargah və İslam İnqilabı Keşikçiləri Korpusunun yeni rəhbərlərini təyin edib. Əbdülrəhim Musəvi Baş Qərargah rəisi, Məhəmməd Pakpur isə SEPAH-ın komandanı təyin edilib.
Beynəlxalq reaksiya
Amerika prezidenti Donald Tramp İsrailin İrana zərbə endirmək planlarını əvvəlcədən bildiyini, lakin ABŞ-nin əməliyyatda iştirak etmədiyini vurğulayıb. Tramp deyib ki, İran cavab verərsə, ABŞ özünü və İsraili müdafiə edəcək.
Avropa İttifaqı Şurasının sədri Antoniu Koşta İsrail və İranı təmkinli olmağa çağırıb. O, bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində yazıb. "Mən Yaxın Şərqdə baş verən son hadisələrdən çox narahatam. Təhlükəli eskalasiyaya yol verilməməlidir, bu, bütün regionda sabitliyi pozur. Tərəfləri təmkinli olmağa və diplomatiyaya çağırıram", - o yazıb.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen isə “X” hesabında yazıb ki, Yaxın Şərqdə sabitliyin və qlobal təhlükəsizliyin təmin edilməsi üçün diplomatik həll heç vaxt olmadığı qədər vacibdir.
Pakistanın Baş naziri Şahbaz Şərif İsrailin İrana hücumunu pisləyib. O, hücumlar nəticəsində həlak olanlarla əlaqədar İrana başsağlığı verib. "Biz beynəlxalq ictimaiyyəti və BMT-ni regional və qlobal sülhü təhlükə altına ala biləcək gərginliyin daha da artmasının qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırırıq", - o bildirib.
Azərbaycan XİN narahatlığını ifadə edib
Baş verən gərginliklə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi də bəyanat yayıb. “Azərbaycan İsrailin İranda keçirdiyi hərbi əməliyyatlardan ciddi şəkildə narahatdır”, - bəyanatda bildirilir. Sənəddə vəziyyətin gərginləşdirilməsi qəti şəkildə pislənilib: "Tərəfləri mövcud fikir ayrılıqlarını yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll etməyə çağırırıq. Mülki əhalinin və obyektlərin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini xüsusi olaraq vurğulayırıq". Bəyanatda həmçinin vurğulanıb ki, Yaxın Şərqdə vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq məqsədilə diplomatik yollarla təmasların və müvafiq beynəlxalq mexanizmlər çərçivəsində səylərin davam etdirilməsi əhəmiyyət kəsb edir.
