Ədəbi sifarişlər niyə yoxdur?

Nəşriyyatların
yazıçılara mövzu sifariş vermək tendensiyasının yoxluğu yazarlar tərəfindən
narazılıqla qarşılanır. Nəşriyyatlar da
problemin səbəblərini özlərinəxas formada izah edirlər. "Müzakirə”mizdə
tendensiyanın yoxa çıxmasına aydınlıq gətirməyə çalışdıq.
«Kitabını gətir, çap edək»
Ədəbiyyatşünas Rüstəm Kamalın fikrincə, bizdə müstəqil, yəni maliyyə
resurslarına malik redaktor heyəti, müəlliflə danışıqlar aparan ədəbiyyat
agentləri, menecment institutu olan müstəqil nəşriyyatlar yoxdur: " Bu tip məsələlər
hələ sistemli şəkildə həllini tapmadığı üçün nəşriyyatlar da bu işə girişə
bilmirlər. Hətta, sifariş edilən əsərlər tərcümə mətni də ola bilər. Yəni yerli
müəllif yaxşı yaza bilmirsə, hər hansı bir kitabın tərcüməsi sifariş oluna bilər.
Bunun üçün kitab satışı şəbəkəsi olmalı, oxucu auditoriyası formalaşmalıdır. Həm
də bizdə elə bir nəşriyyat yoxdur ki, mədəniyyətimizin inkişafı naminə bu işləri
görsün, yəni yalnız pul güdməsin. Bilsin ki, həmin kitablar həm də mədəniyyətimizin,
tariximizin inkişafı, müasir Azərbaycan oxucusunun zövqünün formalaşdırılması
üçün lazımdır. Çünki bugünkü oxucu sovet dövrünün oxucusu deyil. Bunu müəlliflər
də, naşirlər də anlamalıdır”. Tənqidçinin fikrincə, bu tip sifarişlər həyata
keçirilərkən ilkin mərhələdə nəşriyyatlara vergilərdə də güzəştlər ola bilər:
"Oxucu auditoriyası, ölkənin, xalqın mədəniyyəti üçün hansı mövzuları sifariş
etmək olar – bunları da nəşriyyatların redaktorları yaxşı bilməlidir. Bunun
üçün təbii ki, müəyyən komissiya da yarada bilərlər. Yaxşı mənada naşirin
özünün də instinkti olmalıdır. Belə ki, o, tanımadığı bir müəllifin əlyazmasını
görüb onun kitabını çap edə bilər. Kitabın ilk nəşri, müəllif sevinci – təbii
ki, yeni bir ədəbiyyatçını ədəbiyyata qazandırmış olar. Nəşriyyat o qədər açıq
olmalıdır ki, müəllif internetlə əlyazmasını ora göndərsin və zövqlü redaktor
«bu kitab mütləq çap olunub bazara çıxmalıdır»
desin. Yoxsa öz hesabına kitab çap etdirmək və ya qapı-qapı gəzib
sponsor axtarmaqla Azərbaycan ədəbiyyatını yaratmaq olmaz”. R.Kamal hesab edir
ki, nəşriyyat işi Azərbaycan ədəbiyyatının varlığının tərkib hissəsidir: "Nəşriyyatın
ədəbiyyatın inkişafı üçün görə biləcəyi iş çox əhəmiyyətlidir. Sadəcə, nəşriyyatlar
və ədəbi orqanlar bu istiqamətdə bir qədər zəif fəaliyyət göstərir. Düzdür, bəzi
mətbu orqanlar bu işi bir qədər boynuna götürüb canlanma yaradır. Sadəcə, ədəbi
orqanların yayımında, abunəsində problemlər var. Bu baxımdan, ABŞ, Fransa,
Rusiyada olduğu kimi, bizdə də bu işi naşirlər görməlidir. Məsələn, Rusiyada nəşriyyatlar
var ki, onlar ölkə üçün elmi, maarifləndirici kitablar buraxırlar. Bu
kitabların da böyük alıcısı var. O nəşriyyatlar bu sahə üzrə püxtələşib. Amma
indiki nəşriyyatlarda nəşr olunan kitabları oxumaq olmur – mətnlər redaktə
olunmur. Nəticədə 5-10 il əvvəl çap olunan kitablar toz basmış halda kitab
mağazalarının rəflərində qalır». Tənqidçinin sözlərinə görə, sovet dövründə
sifarişlərlə bağlı tendensiyanın müsbət və mənfi tərəfləri olub: "O zaman da hər
müəllif plana düşə bilmirdi. Təəssüf ki, o zaman Yazıçılar Birliyinin üzvü olan
qrammofon müəlliflər var idi və onlar plana düşə bilirdilər. Nəticədə istedadlı
adamların ya bircə kitabları çap
olunurdu, ya da ümumiyyətlə çap edilmirdi. Senzuranın güclü nəzarəti lazımi
kitabların yazılmasına, çapına imkan vermirdi. Hər şey ideoloji sistemin
yaratdığı xətt üzrə hərəkət edirdi. Hazırda isə bu baxımdan sistemsizlikdir:
kim nə istəyir yazır və çap etdirir. Tutaq ki, o vaxt Oktyabr inqilabı, Azərbaycanda
sovet hökumətinin qurulması haqqında yazıçılara, tarixçilərə müəyyən sifarişlər
olurdu və yaxud yazıçılar bu sifarişi bilirdilər, yazırdılar və plana düşürdülər.
Onların kitabları da çap olunurdu. İndi isə bu cür məsələlər yoxdur. Sifarişçilər
də yoxdur. Sifarişin olması isə müsbət hadisədir. Bizim klassiklərimiz də
sifarişlə yazıblar. Fərqi yoxdur, kim sifariş edir – nəşriyyat, dövlət ya xalq.
Əsas ədəbi keyfiyyət məsələsidir”. Tənqidçinin fikrincə, yazılmalı vacib
mövzular çoxdur: "Biz bununla həm də müəyyən mövzu qıtlığını aradan götürmüş olarıq.
Çünki ədəbiyyatımızda mövzu qıtlığı var. Azərbaycan insanının, cəmiyyətinin
tarixini yaza bilərik. Həm də yazıçıları bir qədər həvəsləndirib, fəallaşdırmaq
olar. Bunun üçün ilk növbədə nəşriyyatın marağı olmalı, bazarı, ədəbiyyatımızı
yaxşı bilməli, mədəniyyətimizə dəyər verməyi bacarmalıdır. Amma indi nəşriyyatlarda
çalışanlar əsasən pul qazanmaqla məşğuldurlar. Onlar «kitabını gətir, çap edək»
prinsipi ilə işləyirlər.
Dərhal qazanc əldə etmək!
"Xarici ölkələrdə kitab çap etdirmək müqavilə
ilə tənzimlənir; buna "Müəllif müqaviləsi”, yaxud da "Nəşriyyat müqaviləsi”
deyirlər” deyən yazıçı-tərcüməçi Kamran
Nəzirlinin sözlərinə görə, hər hansı bir nəşriyyatın müəlliflə müqavilə
bağlaması müəyyən vaxt aparan yorucu prosesdir: "Çox vaxt bu işlərlə yazıçı və
nəşriyyatların agentləri məşğul olurlar. Xarici nəşriyyatlar öz agentlərinin
seçdiyi, yaxud müvafiq bildiyi müəlliflərin kitablarına üstünlük verirlər. Elə
həmin agentlərin tövsiyələri ilə əsərin plan-prospekti təsdiq edilir, bəzən isə
təqdim olunan əsərin qısa icmalını (sinopsis) qabaqcadan təsdiq edirlər. Xüsusi
hallarda kitabın içindəki mətnlərin başlıqlarına baxır, məzmunla tanış olurlar.
Bizdə belə hallar olurmu? Yox! Hər halda, son iyirmi ildə belə şey görməmişəm”.
K.Nəzirli digər bir məqam kimi müəllifin yaradıcı şəxs, əqli əmək sahibi
olduğunu və onun müəlliflik hüququna malik olmasını önə çəkir: "Nəşriyyatlar
daha çox professional müəlliflərə üstünlük verirlər, bu şərtlə ki, onların
yazdıqları nəşriyyatın tələblərinə cavab verə bilsin. Tələblər isə çoxdur: əsərin
məzmunu, bədii dəyəri, qlobal əhəmiyyəti və s. ilə yanaşı, maliyyəsi... Çox
vaxt sonuncu daha mühüm rol oynayır. Ümumiyyətlə, xarici nəşriyyatlar bir qayda
olaraq öz müəlliflərinin dairəsini yaradırlar. Onlar daimi olaraq həmin müəlliflərlə
işləyirlər, onlara da sifariş verirlər. Bizdə belə şey olmur”. Yazıçı bildirir
ki, üçüncü məqam əlyazmanın plan-prospekti təsdiq ediləndən sonra xarici nəşriyyatın
müəlliflə müqavilə imzalamasıdır: "Müəllif müqaviləsi ondan ötrüdür ki, sifariş
verilən əsərlə bağlı tələblər, tərəflərin hüquq və vəzifələri və s. göstərilsin.
Müqavilə müəllif və nəşriyyat direktoru tərəfindən imzalanır, ilk nüsxəsi nəşriyyatda
qalır, ikinci nüsxəsi müəllifə verilir. Bizim nəşriyyatlarda müqavilə
bağlamırlar. Görünür, səbəblər çoxdur. Müəllif müqavilələrinin növləri var - müəllif
hüququnun tam və yaxud qismən kiməsə ötürülməsi məsələsi. Bu məsələ də
vacibdir, gərək müqavilədə göstərilsin”. K.Nəzirli bildirdi ki, müəllif müqaviləsi
nəşriyyatın sifarişi ilə bağlanırsa, müəllifə mütləq avans verilməsi müqaviləyə
əlavə edilməlidir. Belə ki, avansın məbləği, ödənilməsi, vaxtı və s. qarşılıqlı
razılıq əsasında müqaviləyə daxil edilir: "Bizdə belə bir hal çox nadir
hallarda olur. O da dövlət nəşriyyatlarında. Bizim özəl nəşriyyatlar bütün işləri
yazıçının öhdəsinə buraxır - əsər yaz, redaktorluq, korrektorluq elə, tərtibat
ver, bəzən dizaynı da yazıçı edir, nəşriyyat və mətbəə xərclərini ödə və s. Nəşriyyat
kitab çap eləyir, sonra da müəllif bütöv tirajı götürüb özü başlayır onun satışı,
təbliği, yayımı ilə və s. məşğul olmağa. Əksər nəşriyyatlar belədir. Düşünürəm
ki, belə olmamalıdır. Biz əvvəlcə özümüzdə qayda-qanun yaratmalıyıq, sonra
xarici nəşriyyatlarla işləməliyik. Əslində bizim nəşriyyatlar özləri xarici nəşriyyatlarla
əlaqələr yaratmalı, qarşılıqlı layihələr hazırlamalı, həyata keçirməlidirlər.
Ancaq bunu etməyə ərinirlər. Problem elə budur. Hamı asan yolla qazanc əldə etmək
istəyir, özünü əziyyətə salıb daha geniş imkanlara sahib olmaq istəmir. Amma
düzgün və sağlam əlaqələr qurulsa, burdan yaxşı gəlir də əldə edə bilərlər.
Misal üçün, mənim dörd kitabım çapa hazırdır, ingiliscə, rusca, ikisi də Azərbaycan
dilində. Özüm tərtib eləmişəm. Ver mətbəəyə çap olunsun. Amma elə bir nəşriyyat
yoxdur ki, desin, gətirin, təhvil verin, çap edək, satışını təşkil edək
(inandırıram ki, əgər satışını düzgün təşkil etsələr, gəlir də götürərlər!).
Çox təəssüf ki, yoxdur elə bir nəşriyyat. Demək olar ki, bütün nəşriyyatlar
yalnız bir şey barədə düşünürlər: dərhal qazanc əldə etmək! Bax, belədir
durum!”
Bu cür fikirlər planlarda var
«Qanun» nəşrlər evinin rəhbəri Şahbaz Xuduoğlu yazıçıya sifariş edən və kitab yazdıran nəşriyyatın
olmadığını etiraf edir: «Düzdür, kitabların hazırlanmasında mütəxəssislərə
müraciət olunur. Məsələn, müəyyən lüğətlərin, terminlərin hazırlanmasına mütəxəssislər
cəlb olunur. Və yaxud, uşaq kitabları hazırlananda rəssamlara müraciət edilir.
Yazıçılarla bağlı isə hələlik elə bir iş ortaya qoya bilməmişik”. Naşir uşaqlar
üçün mətnlərin, böyüklər üçün romanların və s. yazılmasında yazıçılarla işləmək
istədiklərini bildirir: "Bu cür fikirlər planlarda da var, amma hələ ki,
bunları gerçəkləşdirə bilmirik. Görünür,
bu sahə bir-birinin içərisində qaynayıb-qarışmalıdır. Çünki indiki
münasibətlər əvvəlki sovet dövrünün münasibətləri deyil. Eyni zamanda, hər bir
yazıçıya da sifariş etmək mümkün deyil. İlk növbədə yazıçının müəyyən bir sahədə
təcrübəsi və tanınmış əsəri olmalıdır ki, nəşriyyat ona böyük tirajlarla
satılan yeni əsərlər sifariş edə bilsin. Nəşriyyat tanınmamış, yazı qabiliyyətini
bilmədən hər hansı bir yazıçıya kitab sifariş edə bilməz». Naşir hesab edir ki,
sovet dövründə də bu məsələ ətrafında müəyyən planlaşdırılmış nümunələr
yaranıb: "O zaman da qələmi sınanmış yazarlara sifariş edilirdi. Ümumiyyətlə, o
zaman planlaşdırılmış bir ədəbiyyat var idi. İndi isə bu məsələlər yoxdur və hər
bir yazıçının yazacağı mövzu öz səlahiyyətindədir”.
Yazıçıya
hansısa mövzunu sifariş vermək olmaz
Bu
problemin iki aspektdən analiz edilməli olduğunu deyən yazar Ziyad Quluzadənin fikrincə, dünyanın bir çox ölkələrində
mövcud kitab bazarının şərtləri bizimkindən xeyli fərqlidir: "Müəyyən qədər bələd
olduğum Türkiyənin kitab bazarındakı nümunələrə baxsaq, burada xeyli sayda fərqli
nəşriyyatlar var. Həmin nəşriyyatlar arasında ciddi mənada rəqabət olduğu üçün
hər biri diqqət çəkən, oxucu kütləsi olan yazıçıların öz nəşriyyatlarında çap
olunmasında maraqlıdır. Məhz buna görə də təsdiqlənmiş imzaların fərqli nəşriyyatlar
tərəfindən təkliflər alması mümkündür. Buna keçmiş əsərlərin təkrar nəşri, yeni
yazılacaq romanın digər nəşriyyatdan daha yüksək səviyyədə marketinqinin
qurulacağına dair konsepsiyalar da daxildir. Çünki tanınmış imza həmin nəşriyyata
sadəcə, öz əsərini vermir, eyni zamanda digər nəşrlərinin, digər kitablarının
da satışı üçün bir növ təşviqedici, gizli PR ünsürü olmağa başlayır”. Yazarın
fikrincə, ədəbiyyatda yazıçıya hansısa mövzunu sifariş vermək olmaz, çünki ədəbi
əsər mövzuya görə yox, təhkiyə üslubuna, yanaşmaya görə orijinaldır: "Təbii ki,
məşhur idmançılar, tanınmış elm, sənət, siyasət adamları ilə bağlı əsərləri
çıxmaq şərti ilə... Həmin şəxsin nüfuzu olduğu üçün nəşriyyat hansısa yazıçı və
ya tədqiqatçıya sifariş verə bilər. Bütün hallarda, yazıçı-nəşriyyat əlaqələri
kapitalist münasibətlər üzərində qurulduğu üçün, burada sənətin estetik meyarı,
gəlirin hegemonik qüvvəsi qarşısında gözdən itir”. Bizdəki vəziyyətin hər kəsə məlum olduğunu deyən
yazar hesab edir ki, "Qanun” nəşrlər evinin yerli yazarlara dair hazırladığı
"Ən yeni ədəbiyyat” və "Müəllifin ilk kitabı” layihələri qismən bu konteksdə
yazıçı-nəşriyyat əlaqələrinin normal müstəvisini xatırladır: "Ancaq, burada
yazıçı bir az sizifvari fədakarlıq edir. Bu təşəbbüsə görə, Şahbaz Xuduoğlu
yerli yazarların, kitab bazarında xarici yazarlarla eyni rəfi paylaşmağının
bayraqdardır. Azərbaycan Yaradıcılıq Fondunun da bu mənada gənc yazarlara dəstəyi
mövcuddur. Ancaq bunlar kitab bazarındakı yazıçı-nəşriyyat münasibətindən çox,
yazıçıya himayədarlıq etmək istəyinə, yeni yeriməyə çalışan uşağın əlindən tutan valideyn dəstəyinə
oxşayır. Bunu da dünyadakı mövcud proseslə eyniləşdirmək olmaz”.
Təranə Məhərrəmova
