Ədəbi gəncliyin əsərləri tapılmayan kitabxana

"Yolçu yolda, kitabçı da kitabxanada
gərək" deyib, kitab dükanları və kitabxanaları gəzə-gəzə, necə deyərlər
yollar ötüb, dağlar aşdım. Respublikamızın Şimal-qərbinə – Böyük Qafqaz sıra
dağlarının cənub yamaclarında əsrarəngiz gözəlliyi ilə seçilən Zaqatala
rayonuna "Zaqatala camaatı hansı kitabları oxuyur, hansı müəllifləri
sevir" sualıyla üz tutdum. Zaqatala rayonu multikulturalizmin və
tolerantlığın vətənidir desəm, səhv etmərəm. Burada müxtəlif xalqların nümayəndələri
dinindən, dilindən asılı olmayaraq, qardaşdır. Zaqatala qoruqları, muzeyləri,
alban kilsələri, mədəniyyət ocaqları, parkları, qalaları və həmçinin də gözəl
kitabxanası ilə məşhurdur. Şəhərin mərkəzində yaşı 750-ni keçmiş, təbiətin
möcüzəsi adlanan çinar ağacının kölgəlik saldığı tarixi məkan "Dədə-Qorqud
meydanı"nın sol yanında, 28 may küçəsi 71 ünvanında qədim bir binada
Zaqatala rayon Mərkəzi Kitabxanası yerləşir. Kitabxananın arxa tərəfində alban
kilsəsi, onun da arxasında qala divarları adamı sanki elə burdan – kitab
səhifələrindən düz keçmişə aparır. Bina, ətrafındakı meydan, ağaclar, müxtəlif
tikililər, pilləkənlər, yerə döşənmiş daşlar – abu-hava o qədər qədimidir ki,
sanırsan bu saat atlılar dəstəylə Qala düzündən üzü aşağı – şəhərə sarı
enəcəklər...
Zaqatala
Mərkəzi Kitabxanası bayır əldən qədim olsa da, içərisi tamamilə müasir bir
kitabxanadır. Kompüterlərlə, internetlə, müasir dövrdə çap olunmuş kitablarla –
oxucu üçün lazım olan hər şeylə təmin olunmuşdur. Vestibüldə "Anam – doğma
Azərbaycan", "Zaqatala yurdum mənim", "Müasir Azərbaycanın
banisi", "Şanlı tariximizin canlı şahidləri" və s. kimi stend və
guşələr var. Hər yer səliqəli, tərtəmiz. Məni kitabxananın müdiri Gülnigar
Məməmmədova qarşıladı. Kitabxanaylasa "Oxu zalı"nın müdiri Nəzmiyyət
Məmmədova tanış etdi. Bir neçə otaqdan ibarət kitabxanada kitablar müəyyən
bölmələr üzrə rəflərə düzülüb. Kitab fondundan uşaqlığımdan şüurumun bir
küncündü qoruyub-saxladığım əsl kitab qoxusu gəlir. Sıralar üzrə rəflərə
baxa-baxa gəzirəm. Bircə toz dənəciyinə, səliqəsizliyə rast gəlmədim. Bütün
otaqlarda təmizlik, sahman, rəngarəng kitablar, dibçək gülləri göz oxşayır.
Həmsöhbətlərim
həm Nəzmiyyə xanım, həm də kitabxananın müdir müavini Zeynəb Qocayeva oldu.
Məni maraqlandıran sualları canla-başla cavablandırdılar. Deməli, son 3-5
ilədək oxucu qıtlığı olsa da, hal-hazırda
bu sarıdan kitabxana korluq çəkmir. İnsanlarda yenidən kitablara,
mütaliəyə həvəs yaranıb. Yay mövsümü olmasına və havaların çox isti keçməsinə
baxmayaraq, hətta Oxu zalında oxucular da vardı. Rayonun 75 yaşlı sakini hər
gün bura gəlir, müxtəlif kitablar, qəzetlər oxuyur. Bundan başqa, daha çox
məktəblilər sinifdən xaric oxu üçün bədii ədəbiyyat kitabları götürüb,
qeydiyyatdan keçərək evlərində oxuyurlar. Universitet imtahanlarına hazırlaşan,
daha çox dil və ədəbiyyat fakültəsinə sənəd verəcək abituriyentlər klassik
ədəbiyyat oxuyurlar. Dünya
ədəbiyyatından –
F.M.Dostoyevskinin "Qumarbaz", Herman Hessenin
"Yalquzaq", L.N.Tolstoyun "Anna Karenina", M.Bulqakovun
"Master və Marqarita", Kamünün, E.M.Remarkın, Cəlil
Məmmədquluzadənin, S.Svayqın, Q.Q.Markesin, J.Saramaqonun, Cəfər Cabbarlının
C.Oruellin, C.Apdaykın, İ.S.Turgenyevin,
Orxan Pamukun, J.Amadunun seçilmiş əsərləri ən çox oxunulan əsərlər siyahısındadır.
Azərbaycan ədəbiyyatından Nizami Gəncəvinin "Sirlər xəzinəsi,
"Lirika", "Xosrov və Şirin", Nəsrəddin Tusinin
"Əxlaqi-Nasiri", M.Ə.Sabirin "Hop-hopnamə", İsa Muğannanın
"İdeal" kitabları, M.F.Axundzadənin "Seçilmiş əsərləri"
oxucuların önəm verdiyi kitablardır.
Orta nəslin nümayəndələri daha çox detektiv
əsərlərə üstünlük verir. Çingiz Abdullayevin bütün kitabları (həm Azərbaycan,
həmrus dillərində), Müşfiq Xanın "5.45", Elxan Elatlının müxtəlif
kitabları, Varisin "Sonuncu ölən
ümidlərdir", "Sənə inanıram" kitabları sevilir. Bütün bunlardan
başqa şifahi xalq ədəbiyyatının incilərindən olan dastanlara kitabxanada
tələbat var. Məktəblilər və tələbələr müxtəlif dillərdən dilimizə və əksinə
olan lüğətləri tez-tez götürürlər.
Nüsrət
Kəsəmənlinin, Musa Yaqubun, Bəxtiyar Vahabzadənin şeir kitablarını rəflərdə,
ümumiyyətlə, görməzsən. Çünki bir oxucu qaytaran kimi, digəri gəlib alır.Kitabxanada
dini kitablar da mövcuddur. Seyfullayev Qulu, Seyfullayev Ruhinin "İdman
və İslam", Zekeriya Güler "Hz.Peyğəmbər. Cəmiyyət və ailə", Hüseyn
Cavan Arastenin "Quran elmləri dərsliyi" və s. kimi kitabları bu
şöbədə tapmaq olar. Tarix bölməsində Yusif Səfərovun "Qədim Azərbaycan. Nə
bilirik?", "Azərbaycan tarixi atlası" və başqa kitablar
oxucuların ixtiyarındadır.
Çağdaş
ədəbiyyatımızın gənc nümayəndələrinin əsərlərini də xəbər aldım. Müsahiblərim
təəssüflə qeyd etdilər ki, paytaxtda çox məşhur olan gənc yazıçılar, şairlər
kitablarını əyalət kitabxanalarına çatdırmırlar. Kitabxanada olsa burdakı
gənclər, elə yaşlılar da oxuyar, tanıyar. İnternet dövrü olsa da, saytlarda
həmin yazıçıların, şairlərin əsərləri yayımlansa da, kitab estetikası,
başqadır. Həm də ki, internetdən yaşlı nəslin oxucu kütləsi demək olar ki,
istifadə edə bilmir. Kitab olsa, hamı oxuyar.
Qəzetlər
bölməsində gündəlik yenilənən paytaxtda və 1923-cü ildən bəri Zaqatalada çap
olunan "Zaqatala" qəzetinin istənilən nömrəsini götürüb Oxu zalında
rahat oturub oxumaq olar. İri pəncərələri olan zal işıqlı və gözəldir. Hər
tərəfi kitab rəfləri, çiçək və kitab qoxusuyla mütaliəyə səsləyir. Hər bir
kitabsevər üçün belə bir mühit əsl cənnətdir.
Kitabxanada
müxtəlif tədbirlər, anım günləri, yubileylər, kitab təqdimatları da
keçirilir.
Kitabxananın
elektron saytı fəaliyyət göstərir. Yeni kitablar, təşkil olunmuş tədbirlər və
s. haqqında məlumatlar, foto videolar daim yenilər. Müxtəlif kitabların
elektron variantlarını da hər bir Zaqatala sakini kitabxanaya gəlmədən,
evindəcə rahat yükləyib oxuya bilər.
Kitabxanadan
çox xoş təəssüratlarla ayrıldım. Bu kitabxanada, sözün əsl mənasında işıq var,
nur var. Paytaxtdan 450 km
aralıda bu cür gözəl kitabxananın fəaliyyət göstərməsi məni olduqca sevindirdi.
İşçi personalının da peşəkarlığı öz yerində. Səliqə-sahmandan tutmuş, oxuculara
düzgün verilən istiqamət, nəzakətlə rəflərdən oxuculara kitabların çatdırılması
bu kollektivə minnətdarlıq hissi yaradır.
Kitabxanadan
çıxıb məşhur "Dədə Qorqud meydanı"ndakı qoca çinarın kölgəsində
Zaqatala sakinləri arasında sorğu apardım. Gənclər Orxan Pamukun "Mənim
adım qırmızı", "Məsumiyyət muzeyi", "Qar",
"Beynimdəki qəribəlik", Qurban
Səidin "Əli və Nino", Anarın "Təhminə",
"Gözmuncuğu", Xalid Hüseynin "Çərpələng uçuran", "Min
möhtəşəm günəş", nisbətən orta yaşlı sakinlər Elxan Elatlının
"Dilənçi qadının sirri", "Niyə susursan, polkovnik",
"Məhəbbətin gizli kodu", "Bakıdan gələn xəfiyyə", Varisin
"Əzilmiş fotoşəkillər" kitablarını sevə-sevə oxuyurlar.
Bölgələrdə
də mütaliə sahəsində durğunluğun nisbətən aradan qalxdığına, mütaliə etdikləri
kitabın səviyyəsini ölçmədən, təhlil etmədən, sadəcə, insanların yenidən
kitaba, ədəbiyyata maraq göstəməsinə çox sevindim.
"Kitablar
– zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü
ehtiyatla aparan fikir gəmiləridir", – deyir Frensis Bekon. Mən də bir
kitab götürüb şimal-qərb bölgəsinə səyahətimi davam etdirirəm. Günəşin daha
möhkəm qucaqladığı bu əsrarəngiz dağların qoynundakı bölgənin digər rayonlarında
mütaliə səviyyəsini, kimin nə kitab oxuduğunu, hansı müəllifləri sevdiyini və
ya sevmədiyini gələn sayımızda oxuyarsınız. Hələlik...
Hazırladı: Xanım AYDIN
