• bazar, 22 Iyun, 08:54
  • Baku Bakı 21°C

“BİR GÜNƏŞ GÖRMÜŞDÜM BU GECƏ...”

21.06.14 14:01 2391
“BİR GÜNƏŞ GÖRMÜŞDÜM BU GECƏ...”
Kimdən indi üz döndərib,
kimin üzünə gedəsən;
gülə-gülə?..
Kimin gözündən gen düşüb,
kimin gözündən axasan –
Yad yanağında özünü silə-silə?

“Ay Allah, qanın da haqqı, nahaqqı olurmuş? Necə? Niyə?!” İndi Vaqif Səmədoğlunun bir adsız şerindən gətirdiyimiz bu ağrılı misraların heç vəchlə təkzib oluna bilməyən, tam, doğru cavabını vermək çətindi. Ancaq dəqiq, son dərəcə inkarolunmaz bir həqiqət var ki, dünyada heç bir təsdadüf yoxdur. Necə ki, bu yer, göy, külli-kainat özü öz qeybindən var olubsa, Vaqif Səmədoğlunun bu misraları da yazılmalıydı. Yazılmalıydı ki, bu misralar bax elə bu an, bu dəqiqə eyni durumun, ağrının can köynəyindən keçməyə məhkum olan bir oxucunun, lap elə dünyanın ən zalım, özü özünün ömrünü öz əlləriylə an-an, saatbasaat, yarpaq-yarpaq qoparıb xəzan leyllərinə verən bir qarasevdalının yanında olsun. O oxucu, o qarasevdalı təsəlli tapsın ki, heç də tək edilmiş, ondan savayı və ondan daha da məcnunanə bir aşiq varmış. Eyni naəlaclıq, şaşqınlıq içində bir özgəsi də “kimdən indi üz döndərib kimin üzünə gedəsən?” ağrısı çəkirmiş...
Həmin o “kimsə” yer üzünün ən gerçək könül dostudu. Bilirsən ki, həmin o “kimsə” bu gəlimli-gedimli zamanın ən pünhan guşəsində “elə qoyub gəldiyin yerdə” (M.İsmayıl) səni bəkləyir.
Yaxşı ki, o “kimsə” var və əgər o kimsə olmasa adamın zəhri bir anın, tək bircə saniyənin içində yarıla bilər, “bir siqaret o yana, bir siqaret bu yana” cızığı içində bitə bilər.
Vaqif Səmədoğlu kövrək, nostalji duyğular doğmalığında həmin o “kimsə”nin doğru-dürüst yerini, məkanını oxucuya nişan verir. Bununla da oxucuya yaxşılıq edir, qaysağı qan verən əzablarına məlhəm çəkir...
Yenə də Vaqif Səmədoğlunun misralarıdı:
Yağış yağacaq
bu gün yenə.
Mənsə yuxuda
iri,
iri bir günəş görmüşdüm
bu gecə.
Yenə...

Gündəlik yaşamımızın gerçək sifəti, şəkillənməsidi... Bax beləcə: “Bir an, bircə dəqiqə əvvəl biz necə də xoşbəxt idik. Eyni çörəyə, eyni qəndqabıya uzanan əllərimiz necə də bir-biriylə nəfəs almaqdaydı. Hələ baxışlarımız... Ancaq budur, zaman alır, vaxt gizləyir. Kimsə qoyduğumuz yerdə sonacan dayanıb dura bilmir və məhz həmin anda, məqamda bizlərdən biri şaşırmış, özünü, bəxtini, taleyini yamanlaya-yamanlaya elə girdiyi qapıdanca geriyə dönür – “Tanrının xəyalı kimi...”
Axı diri insanın
kölgəsi çox qala bilməz
bir yerdə,
bir divarda.
Elə isə nə olub bu kölgəyə,
nə olub mənə?

Suallar bir deyil, beş deyil... “Bu pəncərənin baxarı, o çayın axarı, ömürün də axırı” bilinmir hara açılır. Hara gedir, harda bitir... Deyirlər bir çiçək var – qarda bitir. Deyirlər bir mələk var – dada yetir...”
Həmin o çiçəklə, o xeyirxah mələklə oxucu arasında duyğusal bir körpü salır Vaqif Səmədoğlu poeziyası. Bəzən bilirsən ki, sən o çiçəyi bir ömür boyunca qoxlaya bilməyəcəksən, bilirsən ki, o körpünü bütün ömrün boyu keçə bilməyəcəksən, bəzən bilirsən ki, o çiçəyi qoxlayıb, o körpünü keçib onların naqolay, arzuolunmaz üzünü görəcəksən...
Ancaq yenə də bilirsən ki, sənin üçün həyat yalnız o çiçəyi qoxlamaqda, o körpünü keçməkdədi.
Gəl, gəl, qurbanın olum,
Bircə xoş anın olum...
Fəsilləri, ayları,
Lal olmuş harayları
Ona-buna pay eylə,
Orda-burda zay eylə,
Saraylarda tay eylə...
Amma daima yerini,
Min nəfəsdən birini
Hələ sağkən dirini
Məndən əsirgəmə, gəl.
Gəl, gəl qurbanın olum,
Bircə xoş anın olum.
Özün uca saray qal,
Sənin viranın olum.

Ən ağrılı, istəkli, sevdalı anlarımızın canı-qanı bahasına dikəldiyimiz ömür sarayını, könül abidəmizi elə özcə əllərimizlə, münasibətimizlə uçurub-dağıtmağın yolu üstünə “dur!” nidası, qadağası kimi çıxır Vaqif Səmədoğlunun bu kövrək etirafı.
Bu etirafın kökü, ilki, əzəli yüzilliklərin o biri üzündən – Füzuli, Xətai poeziyasından ay işığı kimi süzülüb gəlir. Vaqif Səmədoğlu poeziyası əslində Füzuli, Xətai məqamından süzülüb gələn, həmin o ucalıqlarla çağdaş insan arasında mənəvi bağa çevrilən ay işığı kimidi. Genəş, ulduz, ya qeyri bir planet işığı yox, məhz ay işığı. Və ən qəribəsi odur ki, bu işığın niyə günəş işığı, ulduz, ya qeyri bir planet işığı yox, məhz ay işığı olmasının gerçək cavabını arayıb-tapmağın, verməyin mümkünsüz olduğunu elə sən özün də bilirsən.
Soruşursan hardayam?
Burda, burda, burdayam.
Əslini Allah bilir,
Harda, harda, hardayam?
Yenə də əvvəlki mən,
Bir qələməm, bir özüm.
Nə göylərdə, nə yerdə,
Yenə də keçmir sözüm.

Yaddaşının içində gizləpaç oynayanların yaşam tərzi belədi. Vaqif Səmədoğlu bu oyunun, oyundan da daha çox münasibət, sevgi, diqqət savaşının davasını belə aparır; söz-söz, misra-misra:
Gözünün yoluna çıxmışam indi,
İndi gözlərinlə məni çək apar.
Hər attığım addım daha sənindir,
Amma qurban olum, məni tək apar.
Bu yolda bir kəsi qoşma yanıma,
Gözümü yəhərlə, baxışımı sür.
Sal məni dağ-daşa, yanma canıma,
Çatlasam, rəhmət de, nal töksəm – şükür.
...Qoy sənin qapında durub qocalım,
Yalmandan ağarıb, dişdən saralıb.
Apar, burda qoyma, qadanı alım,
Başımın üstünü quzğunlar alıb.

Vaqif Səmədoğlu poeziyası insanın iç dünyasının, ruhunun, eyni dərəcədə də yalqızlığının poeziyasıdı. Eyni zamanda da pessimist deyil, daha çox nikbindi, daha çox enerjili, tutumludu. Və hansı baxış bucağından nəzər yetirirsənsə yetir, bu poeziya məıhz ay işığı ilə dolu olan poeziyadı – yəni yandırmır, atəşin duyğular dünyasına götürmür – sistemli şəkildə tənhalığın mələklik səmtinə çəkir, ovudur, təsəlli verir. Yavaşca, lap astadan həmsöhbətinə dönür:
Necə yetəsən,
nə təhər qovuşasan ona?
Hansı yolla,
nə üsulla
sığınasan Onun qoynuna?
Yox,
bəzən dözmək olmur bu oyuna.
Elə bil gəlib düşmüsən
düşmən toyuna.
Hamı nişan kimi baxır
Sənin buxununa, boyuna.
O da ki, uzaqda,
Bəlkə O da
sənin kimi sazaqda...
Onun yerinisə
bir sormaq yeri yox.
Göy üzündəsə
bir dırnmaq yeri yox...

Vaqifin şeir dünyasında şairlə insanın sözü düz gəlmir. Bilmir ki, kim yatmış, kimlər oyaqdı. Bu məkanda inkar da, inam da çürük dayaq mislindədi. Bütün yazılanlar gülümsər bir uşaq üzünə, uşaq təbəssümünə söykənib qalıb...
banner

Oxşar Xəbərlər