• cümə, 16 May, 11:16
  • Baku Bakı 15°C

BƏDİİ ŞİŞİRTMƏLƏRDƏN BOYLANAN GERÇƏKLİK

16.09.15 11:31 1305
BƏDİİ  ŞİŞİRTMƏLƏRDƏN  BOYLANAN GERÇƏKLİK
Bizi əhatə edən gerçəkliyin bədiiləşdirilməsinin tarixi əsrlərlə ölçülsə də, bu prosesin uğurlu nəticələri ilə adını rəssamlıq tarixinə əbədi yazanlar, ömrünü bu peçəyə həsr etmişlərdən qat-qat azdır. Bunu şərtləndirən əsas və başlıca səbəb adlarını tarixiləşdirməyi bacarmayan həmin adamların gerçəkliyə münasibətdə gördüklərinin “əsiri” olmaları, görünənləri sadəcə olaraq kətana kömürməklə işini bitmiş hesab etmələridir. Belələri unudur ki, əsl rəssamlıq gördüklərinə yalnız yaradıcı münasibət göstərən andan özünü göstərməyə başlayır. Başqa sözlə desək, təbiət motivi və yaxud hər hansı model qarşısında dayananda içində Allahın bəxş etdiyi yaratmaq qüdrəti olan rəssamlar gördüklərinə fərdi və fərqli bədii münasibət bildirməklə, görünənlərin “alt qatın”na nüfuz etməklə, başqalarının görə bilmədiyi bədii-estetik məziyyətləri və etik-insani keyfiyyətləri üzə çıxarır, bununla da görüntüyə çevirdiyi obyekti hamı üçün maraqlı və duyğulandırıcı edir, dəyəri heç vaxt öləziməyəcək mənəvi qaynağa çevirir...
Bu məcburi, bəlkə də çoxlarına bəlli olan, ancaq təkrarlanmasına ehtiyac olan aksiomu dilə gətirdikdən sonra müasir Azərbaycan rəssamlarının sırasında da belə yaradıcılarımızın da mövcudluğunu qeyd etmək istəyirik. Onlardan biri istedadlı fırça ustası, tanınmış rəngkar Elşən Sərxanoğludur.
Tanışlıq üçün deyək ki, ixtisas təhsilini əvvəlcə məşhur “Əzimzadə məktəb”ndə, sonra isə Azərbaycan Dövlət İncəsənət Universitetində alıb. Geniş yaradıcılığa başlaması ölkəmizin müstəqillik qazanması illərinə təsadüf edən rəssam, o vaxtdan müxtəlif miqyaslı sərgilərdə iştirak edir. Azərbaycan Rəssamlsr İttifaqının üzvü olan Elşən Sərxanoğlu rəngkarlıq, heykəltəraşlıq və qrafika sahəsində uğurla fəaliyyət göstərməkdədir. Hazırda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında quruluşçu rəssam vəzifəsində çalışan E.Sərxanoğlu bu vaxta kimi Azərbaycan və Türkiyə səhnələrində çoxsaylı tamaşaların tərtibatını gerçəkləşdirmiş, müəllif fikirlərinin tamaşaçılara çatdırılmasına yaddaqalan bədii töhfələr vermişdir. O, bir çox müsabiqələrin qalibi və mükafatçısı olmuşdur. Xocalı faciəsi və neft mövzusunda çəkdiyi əsərlərin yüksək mükafata layiq görülməsi həm də onun ən müxtəlif süjetlərə yaddaqalan bədii görkəm vermək bacarığını təsdiqləyir. Əsərləri Azərbaycanla yanaşı, dünyanın (İngiltərə, Almaniya, Rusiya, Türkiyə, Bolqarıstan, Avstriya, Niderland, Fransa, Qazaxıstan və s. ) bir çox muzey və şəxsi kolleksiyalarında saxlanılır...
Əgər desək ki, onun üçün janr və mövzu məhdudluğu yoxdur, yəqin ki, həqiqəti söyləmiş olarıq. Bu sözləri onun sənət növlərinə münasibəti haqqında da demək olar. Belə ki, o, fikir və düşüncələrini eyni həvəslə rəngkarlıqla yanaşı, qrafika və heykəltəraşlıqda ifadə edir. Teatr tamaşalarına verilən tərtibatlar bütün mənalarda onun müraciət etdiyi sənət növlərindən fərqlənsə də, rəssam müxtəlif rəngli işıqların altında bədii tutumunu dəyimək imkanı olan dekorasiyalarında da bütün əsərlərində olduğu kimi cəlbedici və duyğulandırıcı olmaqla yanaşı, həm də düşündürücüdür. Əslində, bütün dövrlərdə tamaşaçı üz-üzə, göz-gözə qaldığı bədii görüntülərdə bu cür yaradıcı şərhin arzusunda olub. Yaxşı haldır ki, Elşən Sərxanoğlu elə ilk əsərlərindən tamaşaçıların yaddaşında onların ovqatlarına təsir edə biləcək rəssam kimi qalıb. Odur ki, ən müxtəlif sərgilərin ekspozisiyalarında onlar daima onun imzasını soraqlamaqdadırlar...
Elşən Sərxanoğlunun rəngkarlıq və qrafika əsərlərinin başlıca mahiyyəti onların ifadə olunduğu rənglərin insan duyğularına duyulası nüfuzetmə gücünə malik olmasıdır. Məhz bu nüfuzetmənin sayəsində onun tamaşaçıya təqdim etdiyi əşya və hadisələr, obraz və motivlər məna-məzmun tutumuna görə nə qədər ənənəvi olsalar da, bədii şərh baxımından yeni və özünəməxsus görünürlər. Bu özünəməxsusluqda biz həm də rəssamın arxada qalan çoxəsrlik rəssamlıq tarixinə yaradıcı baxışının nəticələrini görürük. Həmin zəngin “izm”lər məcmusuna fərdi-analitik münasibəti ilə görünənləri və yaşananları bədii təfsirə məruz qoyan Elşən Sərxanoğlu, məhz sələflərinin yaratdıqlarına bu cür münasibətin sayəsində bütün mənalarda fərqli estetik tutumdadır. Odur ki, onun bədii şərhi gerçəkçi-realist ənənələrdən qaynaqlanan, eyni zamanda miniatür üslubunun şərtiliyi və dekorativliyi əlavə olunan portretləri reallıqla irreallığın qovşağı kimi diqqət çəkir və yadda qalır. Onun 2005-ci ilə qədər yaratdığı “Düşüncə”, “Şlyapalı qız”, “Qız portreti” və s. portretlərində bədii ümumiləşdirmələr, deformasiya və şərtiliklər nə qədər qabarıqdırsa, onun son on ildə ərsəyə gətirdiyi qız portretlərində obrazlara fərqli münasibət üstünlük təşkil edir. Belə ki, əvvəlkilərdən duyulası dərəcədə qabarıq təqdim olunan bu portretlərdə obrazlar təkcə geyimlərinin rənginə görə fərqlənmirlər. Belə ki, göyümtül-boz, zolaqlı, sarı, bəyaz, yaşıl və sarı-qara paltarlarda və təzadlı rənglər məcmusunu xatırladan fon-yerlikdə görüntüyə gətirilən obrazlar üz cizgilərinə, psixoloji yaşantılarına görə bir-birindən fərqli ovqatdadırlar...
Rəssamın təbiət və şəhər motivlərinə, ayrı-ayrı hadisələrin daşıyıcıları olan hadisələrə münasibəti də portretlərdə olduğu kimi, yəni, görünənləri malik olduqları bədii-mənəvi yükün dəyərini və ümumi tutumunu düşündürücü forma-biçimdə seyrçilərə çatdırmaq istəyi ilə seçilirlər. Belə əsərlərdə süjet, detal və atributlar rəmz kimi təqdim olunduqlarından həm də fəlsəfi tutumlu, düşündürücüdürlər. Elşən Sərxanoğlunun “Dialoq”, “Çətin görüş”, “Təklik”, “Yuxu”, “Arzuların işığında”, “Payız düşüncələri” və s. tablolarına məhz vurğuladığımız bədii-estetik məziyyətlər xasdır.
Uzaq-yaxın keçmişdə paytaxtımıza həsr olunmuş əsərlər kifayət qədər çox olsa da, onun Bakı ünvanlı tabloları bütün mənalarda bənzərsiz görünürlər. Rəssamın “Bakı bulvarı”, Mənim şəhərim” və “Bakı səhəri” lövhələri bu qəbildəndir. Bu əsərlərdə paytaxtımıza baxış nöqtələri və onun ovqatdaşıyıcı koloriti bir qədər gözlənilməz, yeni və bənzərsizdir.
Elşən Sərxanoğlunun tablolarının məna-məzmun tutumunu yaddaqalan bədii-mənəvi qaynağa çevirən xüsusiyyətlərdən biri də kompozisiyaları təşkil edən detal və atributların görünən hərəkətə və görünməyən, ancaq duyulan mənəvi enerjiyə malik olmalarıdır. Odur ki, onun müxtəlif janrlı və məzmunlu əsərləri tamaşaçını duyğulandırmaqla yanaşı, onun düşüncələrini pərvazlandırmaq gücündədirlər. Onun “uçan” və “başsız” insanları, təbiət motivlərinə verdiyi duyğulandırıcı nizam və rəng örtüyü dediklərimizi təsdiqləməklə, bilavasitə rəssam təxəyyülünün nəticəsi kimi qəbul olunurlar.
Rəssamın əsərlərinə xas kolorit, onların yaradılmasında iştirak edən rənglər bir o qədər çox olmasalar da, təzad yaratmaq, tamaşaçısının hiss və duyğularına təsir göstərmək tutumludurlar. Onun bu rəngləri kətan boyu yaymasında da onu başqalarından fərqləndirən özünəməxsusluq mövcuddur. Elşən Sərxanoğlunun qrafikada işlətdiyi qara alt qat, rəngkarlıq tablolarında olmasa da, hər iki sahədə yaradılan əsərlərdə fakturalı ekspressiyanı duymaq çətin deyil. Bu özünəməxsus faktura-rəng səthinin bütöv baxılması da, rəssamın icra sənətkarlığının əyani təsdiqidir.
Bir yaradıcı kimi rəssamın önəmli xüsusiyyətlərindən biri, bəlkə də onu başqalarından fərqləndirən cəhəti məlum bədii qanun-qaydalara özünəməxsus münasibət bəsləməsidir. Bu mənada onun “Hər hansı qaydaların mövcudluğu obrazın yaradılmasına uzanan yolun qarşısında alınmaz qaladır” fikrini də seçiminə dayaq saymaq olar. Əsərlərin cəlbedici və təsirli alınması üçün kompozisiya elementlərini deformasiya etməkdən, onları düşüncələrinə müvafiq forma-biçimə salmaqdan çəkinməsi də bunun əyani görüntüsüdür. Amma bu prosesdə o, inandırıcılığı yaddan çıxarmır. Gerçəkliyi nə qədər bədii şişirtmələrin işığında təqdim etsə də, yaranan görüntünün tamaşaçısını duyğulandırmaq missiyasını qabartmağı unutmur. Odur ki, onun müxtəlif janrlı yaradıcılıq nümunələri zamansız görünür, ənənə və müasirliyin fərqli təfsiri-təqdimatı kimi maraqla baxılır...
Ziyadxan Əliyev
Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi,
sənətşünaslıq üzrə fəlsəfə doktoru
banner

Oxşar Xəbərlər