Azərbaycanın Dostoyevskisi – İsa Muğanna
9196
13 fevral 2017 | 11:30
Xalq
yazıçısı İsa Hüseynovun (Muğanna) Azərbaycan ədəbiyyatında böyük yeri var.
Yazıçının yaradıcılığını izləyənlər, tədqiq edənlər onu əsərləri haqqında
yazılarında İsa Hüseynovun böyük bir
ədəbi nəsli tərbiyə etdiyini, oxucu zövqünü formalaşdırdığını xüsusi qeyd
edirlər. "Çətin və mürəkkəb mərhələdə İsa Hüseynov canlı həyat nəfəsi üstündə
köklənmiş maraqlı, cəlbedici əsərləri ilə gerçəkliklərin təsviri və sadə
insanların adi həyatı ilə ifadə olunan ciddi, mühüm mətləblərin böyük
ədəbiyyatını yarada bilmişdir” deyə akademik İsa Həbibbəyli yazıçının yaradıcılığını
incəliklə xarakterizə edir. Yazıçının həyatın və insan mənəviyyatının
dərinliklərinə qədərki axtarışlarında son dərəcə səmimi, təbii, inandırıcı,
real və eyni zamanda, obrazlı göründüyünü bildirərək "Azərbaycan
altmışıncılarının möhtəşəm bir proloqu” adlandırır.
"İsa Muğannanın Azərbaycan ədəbiyyatında mövqeyini
necə dəyərləndirirsiniz?” deyə ünvanladığımız suala yazıçı və şairlərin cavabı üst-üstə
düşür.
İnsanların xarakterini açırdı
Fikrət Qoca:
- İsa Muğannanın yaradıcılığı Azərbaycan
ədəbiyyatında baş verən dönüşün başlanğıcında meydana gəlib. Ədəbiyyata keçid
dönəminin əsas yazıçılarından biri İsa Muğanna idi. Onun "Tütək səsi” povesti,
hekayələri o zaman əldən-ələ gəzirdi. İsa Muğanna bu əsərləri ilə möhkəm
bünövrə qoydu. Biz bir yerdə işləmişik. Birlikdə Yazıçılar Birliyinin üzvü
olmuşuq. Kiçik qardaş kimi həmişə onun hörmətini saxlamışam. Bu, mənim onun
qarşısında vicdan borcum idi. Onun əsərləri ən çox oxunan əsərlər sırasında
idi. İsa Muğannanın əsərlərində insanlar hərtərəfli təqdim olunurdu.
Ədəbiyyatın borcu insanların xarakterini açmaqdır. İsa Muğanna da bunu çox
gözəl bacarırdı.
Azərbaycan ədəbiyyatının dəyəri
Orxan Fikrətoğlu:
- İsa Hüseynovla şəxsən tanış idim. Mən bir dönəm
onunla işləmişəm. Onun şəxsiyyət və yazıçı olaraq mənim həyatımda əhəmiyyətli
rolu var. Mənimçün İsa Hüseynov Çingiz Aytmatovun dilindən eşitdiyim bir sözlə
başlayıb: o dönəmdə Çingiz Aytmatov Azərbaycanda tez-tez qonaq olurdu. Mən
ona Azərbaycan ədəbiyyatı haqqında
təhrikedici suallar verir, hansı
yazıçımızın Azərbaycan ədəbiyyatının dəyəri olduğunu soruşurdum. O həmişə İsa
Hüseynovun adını çəkirdi. İsa Hüseynovun həqiqətən Azərbaycan ədəbiyyatında
xüsusən realist yazıları ilə özünəməxsus yer tuturdu. O, Azərbaycan ədəbiyyatı
üçün xüsusi bir çəkisi, yeri və rolu olan yazıçıdır. Mən xüsusilə onun
realizmini daha çox bəyənirəm. Ümumiyyətlə, istənilən yazıçı təbii ki, dünya
nəsr kontekstində epoxal olması ilə seçilməlidir. Məsələn, Azərbaycan nəsrində
bu janr çətindir. Azərbaycanlılar konseptual nəsr yazmağı tam öyrənməyiblər.
Belə ki, Azərbaycan nəsri daha çox poeziyaya yaxındır. Yəni emosionaldır,
epoxal deyil. Qoylan problemlər, çözülən məqsədlər dünyəvi deyil, məhəllidir.
Amma İsa Hüseynov qoyulan məsələləri məhz insan kontekstində araşdırdı. İnsanın
daxili təbəddüatlarını geniş dünyaya çıxardı. İsa Hüseynov yaradıcılığı çox
böyük məktəbdir. Onun türkçülük, turançılıq məsələsinə özünəməxsus fəlsəfi
yanaşması var. İsa Muğanna dünyaya çıxarılası bir yazıçıdır. Onun yaradıcılığı
təkcə nəsrlə bitmir. O, tarixi əsərlər də yazıb. Biz onun əsərlərindən çox şey
öyrənmişik. Onun əsərləri azərbaycanlı təfəkkürünə xeyir gətirən tərzdə
düşünülüb. Bir çox Azərbaycan tarixi romanlarında tarix təhrif olunur. Bilmirəm
bu, bilməməkdən irəli gəlir, yoxsa müəyyən mənbələrə istinad olunur. Ancaq İsa
Hüseynov tarixdən yazanda öz baxış bucağından gerçəkliyə uyğun olaraq yanaşır.
50-ci illərdə sovet ideoloji zəminində Azərbaycan
ədəbiyyatında kənd və şəhər nəsli formalaşdı. Kənddən şəhərə gəlib darıxan,
obrazlar yaradan yazıçılar daha çox idilər. İsa Hüseynov hər iki nəslin
fövqündə idi. Onun nəsli konseptuallığı ilə tanınırdı. Onun qəhrəmanları fəzada
idilər. Romanda elə bir ədəbi fəza yaratmalısan ki, onun içində olan
qəhrəmanlar sevilsinlər. O, istənilən nəsil nümunəsində ədəbi fəzanı çox dəqiq
verirdi. İsa Hüseynovun "Tütək səsi” əsəri əsasında çəkilən filmi xatırlayın.
Onun qəhrəmanlarının hamısı bütöv qəhrəmanlardır. Onlar öz dövrünün arxa
cəbhədə çalışan, vuruşan insanları idilər. Bu gün Qarabağ uğrunda müharibədə
vuruşan və ön və arxa cəbhədəki qəhrəmanlarımızı yarada bilmişikmi? Məncə,
yarada bilməmişik. Biz olanı, olmuşu və olacağı nəsrə gətirə bilməmişik. Ancaq
İsa Hüseynov öz dövrünün insanının fotosunu çəkib və həmin foto ilə o dövrü
tanıtdırıb. Onun ədəbi gücü də budur: konseptuallıq, fotoqrafik ədəbi
qəhrəmanların yaradılması. İsa Hüseynovu ədəbi dili də çox gözəldir. O, təmiz
təfəkkürə malik, aşıq zəngulələri ilə zəngin nəsir dilidir. İsa Muğanna bir ara
yazmaqdan imtina elədi.
İsa müəllim həm də çox maraqlı insan idi. Mən
1983-cü ildə kinostudiyaya gələndə orada böyük ziyalılar çalışırdılar. Dövrün
gənci özündən böyükləri təpikləmək istəmirdi. Biz onunla çox söhbət edirdik.
Mən onu gerçəkliyə uyğun olmayan, bəsit insanı şaşırda bilən söhbətlərinin də
şahidi olmuşam. Onun yazıçılarla, xüsusən Yusif Səmədoğlu ilə zarafatları da yadımdadır.
Onun gözünə görünənlər məncə böyük yazıçı olmasından irəli gəlirdi. Onun
xarakteri, dili, miqyası çox geniş və sanballı idi. Rus nəsri üçün Dostoyevski
kimdirsə, bizim nəsr üçün də İsa Hüseynov həmin insandır. Bir çox Azərbaycan
nasirləri onun şinelindən çıxıblar.
Uzun qış gecələrinin unudulmaz xatirəsi
Yazar Cavid Zeynallı:
- İsa Hüseynov hər şeydən əvvəl ədəbi nəsillərin
yetişməsində, həqiqi oxucu zövqünün formalaşmasında böyük xidmətləri olan
sənətkardır. Həqiqi ədəbiyyat nədir, hansı mövzular ədəbi material ola bilər,
insanın daxili təbəddülatlarını necə yazmaq lazımdır – bütün bunları İsa
Hüseynov miras qoyub getdiyi əsərlərində bizə yaddaş kitabçası kimi təqdim
edib. Mənə görə, İsa müəllimin yaradıcılığı iki yerə bölünür: 1950-75-ci illəri
əhatə edən birinci dövr "Yanar ürək" "Teleqram",
"Saz", "Tütək səsi", "Şəppəli” və digər əsərləri. Bu
əsərlərin müəllifi realist-psixoloji nasir olan İsa Hüseynovdur. İkinci mərhələ
1975-ci ildən yazıçının vəfatına qədər olan dövrü əhatə edir. Bu dövrdə o,
"Məhşər” "İdeal”, "Qəbiristan”, "Cəhənnəm” və başqa romanları yazıb. Adını
çəkdiyim əsərlərin müəllifi artıq İsa Hüseynov yox, İsa Muğannadır. İsa Muğanna
təkcə Azərbaycan ədəbiyyatının yox, dünya yazıçılarının sırasına daxildir. Və
nə xoş ki, bu böyük yazıçı ilə görüşmək mənə də nəsib olub. Həmin görüşdə İsa
Hüseynov çox maraqlı bir fikrini bizimlə bölüşdü. "Məmməd Səid Ordubadinin
yaradıcılığı haqqında nə düşünürsünüz, onun yaradıcılığını necə
qiymətləndirirsiniz?” deyə soruşdum. Çox maraqlı yanaşmadır ki, Ordubadinin
Azərbaycan ədəbiyyatının inkişafındakı ən böyük xidməti savadsızlıqdan yeni
çıxmış insanları qalın-qalın romanlar oxutdurmağa alışdırmasıdır. Bu, çox ciddi
məsələdir. Kitab oxumaq vərdişdir, bu vərdişi formalaşdıranda artıq daxili tələbat
yaranır. Ordubadinin oxumağa alışdırdığı insanlar sonralar İsa Hüseynov
yaradıcılığının həqiqi qiymətini verə bildi, kitabın, ədəbiyyatın dəyərini özü
üçün müəyyənləşdirdi. İsa Hüseynovun bizim ədəbiyyat tarixinə qızıl hərflərlə
yazılan povestlərini tələbə vaxtı, uzun qış gecələrində oxumuşam. Bu böyük
ustad həm də mənə o uzun qış gecələrinin unudulmaz xatirəsini yaşatdığına görə
əzizdir.
Həmişə təzə və aktual
Yazar Pərvin Nurəliyeva:
- Qəribədir ki, Sovet dövrünün
uşaqları deyildik, o dövrün kəndini, ordakı münasibətləri, müharibəni
görməmişdik. Amma uşaqlıqdan İsa Hüseynovun əsərləri, filmləri bizə təsir
edirdi. "Tütək səsi” filminə hər dəfə baxanda necə sarsılmağım, sonralar əsəri
oxuyub daha artıq təsirlənməyim yaxşı yadımdadı. Amma zamanla İsa Muğanna
yaradıcılığı ilə daha yaxından tanış olduqca məni onun həm də şəxsiyyəti
maraqlandırdı. Yəni mənə görə İsa Hüseynov təkcə yazdığı əsərləri ilə yox, həm
də özünün xasiyyəti, xarakteri ilə qeyri-adi idi. Hələ ilk gənclik illərində
Tibb Universitetinə daxil olub, sonra ordan imtina etməsi, yaşının müdrik
çağında isə bütün əvvəlki yaradıcılığını bir kənara qoyub özünü yazıçı kimi
yenidən "dünyaya gətirməsi” düşündürücü məqamlardır. Əlbəttə, bir çox oxucuları
üçün, elə mənim üçün də İsa Hüseynovun yaradıcılığının birinci dövrü, "Saz”,
"Tütək səsi”, "Kollu koxa” kimi əsərləri, "Nəsimi”, "Nizami” filmləri daha
maraqlı və unudulmazdır. Amma zənnimcə, yazıçının yaradıcılığının ikinci
dövrünə də xüsusi yanaşma lazımdır. Bu mərhələdə nə qədər mübahisəli məsələlər
olsa da, bu miqyasda yazıçının bu məqama çatmasının, kosmosa, mistikaya,
inanclara üz tutmasının səbəbləri tapılmalıdır.
60-cı illər nəsrini tədqiq
etdiyim üçün bu dövr yazıçılarının əsərlərini sistemli oxuyub araşdıranda İsa
Hüseynovun öz dövrünü, zamanını nə qədər qabaqladığını gördüm. 50-ci illərdə
yaradıcılığa başlayan bu yazıçı həm sosializm-realizminə qədərki nəsrimizin
zəngin ənənələrini davam etdirdi, həm də tamam yeni bir nəfəs gətirdi
ədəbiyyatımıza. Və ən maraqlısı budur ki, çağdaş zamandan, ədəbiyyatımıza
yeni-yeni cərəyanların gəldiyi bir dövrdən də İsa Hüseynov yaradıcılığına
baxanda o yenə də təzə və aktualdır.
Təranə Məhərrəmova