• bazar ertəsi, 30 dekabr, 18:33
  • Baku Bakı 6°C

Avropanın ilk rəsmi uşaq evindən reportaj

01.06.24 01:28 6595
Avropanın ilk rəsmi uşaq evindən reportaj

Florensiyadakı tarixi uşaq evi 600 il bundan öncə yaradılıb. Bu illər ərzində burada bir milyondan çox uşaq tərbiyə olunub. İndi bina qapılarını turistlərin üzünə “Məsumlar muzeyi” kimi açır. 

İtaliyada mədəni dəyər daşıyan dünyaca məşhur memarlıq və incəsənət abidələri sırasında Florensiya Uşaq Evi də mühüm yer tutur. Florensiya şəhərinin tarixi küçələrindən birində yerləşən bina – “Ospedale degli Innocenti” muzeyi hazırda qapılarını turistlərə “Məsumlar muzeyi”, “Günahsızlar sığınacağı”, “Məsumlar xəstəxanası” və ya “Məsum yetimlər evi” kimi açır. Muzey daha çox praktik funksiyaları yerinə yetirən məkan kimi məşhurlaşıb. Müəssisə 600 il bundan öncə vətəndaşların həyat şəraitinin yaxşılaşdırılmasına yönəlmiş geniş xeyriyyə təşəbbüsləri proqramının bir hissəsi kimi yaradılıb. Bu, Avropada ilk dünyəvi qurum idi. 

600 il ərzində bir milyondan çox uşaq

15-ci əsrdə valideynləri tərəfindən tərk edilən və yetim uşaqlar Florensiyanın ən güclü gildiyalarından birinin - ipək istehsalçılarının himayəsinə götürülür. Məhz onlar İntibah memarlığının atası Filippo Brunellesçiyə binanın dizaynını həvalə etdilər. Tikinti 1419-cu ildən 1445-ci ilə qədər – 26 il davam edir və Filipponun tələbəsi və həmkarı Françesko della Lunanın rəhbərliyi altında tamamlanır. Bir çox sənət tarixçilərinin fikrincə, Florensiya Uşaq Evi təkcə İtaliyanın deyil, həm də dünya memarlığının inkişafına güclü təsir göstərib.      
Əvvəlcə hospital kimi nəzərdə tutulan binanın inşası üçün yer kilsə tərəfindən verilir. Bu, Avropada ilk uşaq evi kimi rəsmiləşir. 
Binanın birinci mərtəbəsində işçilər və idarəedicilər üçün otaqlar, anbarlar və mətbəxlər yerləşirdi. İkinci mərtəbə iş və uşaqlar üçün yataq otaqları ilə təchiz edilmişdi.

Binanın mənfi cəhətləri də olub. Memar uşaq bezlərinin və paltarların yuyulması və qurudulması, körpələrin yuyulması, dayələr və tibb işçiləri üçün otaqların təşkilini ümumiyyətlə təmin etməyib. Buna görə də binanın istismarı zamanı bu otaqların yerləşdirilməsi üçün daxili otaqlar bir neçə dəfə yenidən qurulub. Uşaqların sayı artdıqca binanın sahəsi də genişləndirilib. 600 il ərzində uşaq evində bir milyondan çox uşaq tərbiyə olunub. Binanın özünəməxsus cəhəti tikilinin sol tərəfində anaların yeni doğulmuş körpələrini qoya biləcəyi xüsusi yuva idi. 5 fevral 1445-ci ildə sığınacağa ilk atılmış uşaq daxil olub... 

“Uşaq evi kimsəsiz uşaqlar üçün məsuliyyət daşıyırdı və onların cəmiyyətə inteqrasiyası üçün şərait yaradırdı”, - deyə muzeyin əməkdaşı ziyarətçilərə məlumat verir: “Orada onlar nəinki tapılan körpələri yedizdirirdilər, həm də sonradan cəmiyyətin tamhüquqlu üzvü olmaq üçün onların böyüməsinə və peşə sahibi olmasına kömək edirdilər. Uşaq evində müxtəlif ixtisaslardan olan müəllimlər, sənətkarlar çalışırdı.

Məktəbi bitirəndə oğlanlar oxumağı bilirdilər və meylli olduqları peşəyə yiyələnirdilər. Qızlar tikiş tikməyi, yemək bişirməyi, ev təsərrüfatını idarə etməyi mənimsəyirdilər. Bundan əlavə, uşaq evindən çıxan qızlara cehiz də verilirdi ki, bu da onların ailə qurmasına kömək edirdi”. 
Ekspozisiyalarda uşaq evində böyüyən uşaqlara aid nadir sənədlər var. Bəzi analar uşaqlarını atarkən gələcəkdə tapmaq üçün yanlarında medalyon və ya ad yazılmış kiçik bir parça qoyublar. “Körpələr əsasən varlı ailələrdən olub. Qulluqçulardan və ikinci nikahdan doğulan uşaqlardan məcburən imtina edilib”, - deyə muzeyin işçisi davam edir:

“Uşaq evində böyüyən uşaqların hamısına o dövrdə “Innocenti” (məsum, günahsız) soyadı verilib. Mövcud olduğu 600 il ərzində “Ospedale degli Innocenti” bir milyondan çox yetim uşağı böyüdüb. Əgər şəhərin küçələri ilə gedərkən mənzillərin qapılarının zəngi altında "İnnocenti/degli Innocenti" soyadını görsəniz, bu, həmin şəxsin ailəsində kimsənin burada böyüdüyü anlamına gəlir. Yetimlərə çox vaxt uşaq evinin adına görə soyadlar verilirdi. 1990-cı ildə bu, qadağan olundu. Burada böyüyən uşaqların içərisindən İtaliyanın ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayan insanlar olub”.

Hər kəsin öz həyat hekayəsi

Muzeydə məktublar guşəsi maraq doğurur. Buraya gələn insanlar öz ürək sözlərini yazırlar: “Muzeyi ziyarət edənlər arasında eyni taleli insanlar çoxdur. Onlar öz həyatları haqqında qısa məktublar yazırlar. Həmin məktublarda hər kəsin öz həyat hekayəsi var. Dünyanın tanınmış insanları, Roma papaları, xoşməramlı səfirlər də muzeyə baş çəkirlər”.

Muzeydə uşaqlara aid zəngin arxiv qorunur. Bu sənədlər vasitəsilə uşaq evinin yaradılmasından, onun varlı və mərhəmətli himayədarları, rahibələr tərəfindən böyüdülən uşaqlar haqqında məlumatlar əldə etmək olur: “Arxivə vaxtilə övladlarını atan analar, atalar və ya onların qohumları müraciət edirlər. Tərk edilən və ya valideynini itirən uşaqlar özləri də haqlarında məlumat almaq üçün arxivə gəlirlər”. 

“Günahsızların sığınacağı” həm də rəsm qalereyaları ilə məşhurdur. Burada altı əsr ərzində ianələr yolu ilə toplanmış nadir tablolar, heykəllər və artefaktlar kolleksiyası var. 16-cı əsrin naməlum rəssamı tərəfindən çəkilən “Mərhəmət donlu Madonna”, Botiçellinin “Madonna və uşaq” tablosu kimi qalereyada 70-dən çox dini rəsm əsəri var. Burada Sandro Botticelli, Luca della Robbia, Piero di Cosimo, Domenico Ghirlandaio və Mikelancelo kimi məşhur rəssamların əsərləri ilə tanış olmaq mümkündür. Buna görə də bu muzey dünyanın hər yerindən turistləri və sənət tarixçilərini cəlb edir.

Bina tarixi əhəmiyyətini qoruyub saxlayır

İndi bina tarixi əhəmiyyətini və statusunu qoruyub saxlayır. Bu məkan hazırda sığınacağın çoxəsrlik tarixinə həsr olunmuş interaktiv muzey, kitabxanası, kilsəsi və panoramik kafesi olan “Günahsızlar İnstitutu” (İsttituto degli Innocenti) kompleksidir. Şəhərin tarixi hissəsində yerləşdiyinə və əhəmiyyətinə görə “Ospedale Degli Innocenti”yə baxış bir çox ekskursiya proqramlarına daxildir.

Muzeylə yanaşı binada üç sığınacaq yerləşir: Uşaq yaslisi, tibb məktəbi və qadın sığınacağı. Həmçinin Florensiyanın ən mühüm xeyriyyə təşkilatları və UNİCEF-in ofisləri də bu binada fəaliyyət göstərir. 

Təranə Məhərrəmova
Bakı-Florensiya

banner

Oxşar Xəbərlər