bazar ertəsi, 30 yanvar, 08:09

Baku Bakı 6°C

AMEA Qafqazşünaslıq İnstitutu hesabat verdi

icon 347 icon 30 noyabr 2022 | 15:30 AMEA Qafqazşünaslıq İnstitutu hesabat verdi

Qafqazşünaslıq İnstitutu 2022-ci ildə aparılmış elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına dair hesabatını təqdim edib.
Kaspi.az xəbər verir ki, İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı məruzə edib. Geniş müzakirələr keçirilib. İnstitutda 2022-ci ildə 2 elmi istiqamət, 3 problem, 5 mövzuya dair 14 tədqiqat işi aparılıb. Araşdırılan problemlər Qafqaz dövlətlərinin daxili siyasi və sosial-iqtisadi problemləri, Qafqazda dövlətlərarası münasibətlər, xarici ölkələrin region siyasətini əhatə edir. Qeyd edilib ki, hesabat ilində institut əməkdaşlarının  Türkiyədə 1, Azərbaycanda 8 kitab və 1 tədris-metodiki vəsaiti, 198 məqaləsi və tezis, internet saytlarında və qəzetlərdə isə 110 məqaləsi çap olunub. 
Hesabat dövründə AMEA-nın müxbir üzvü, professor Musa Qasımlının başçılığı altında institut əməkdaşlarının (E.Kəlbizadə, Y.Baxşıyeva) yazdığı “Ermənistan İsrail Dövlətinin Cənubi Qafqaz siyasətində (1991-2021-ci illər)” adlı kitab nəşr edilib. İlk dəfə olaraq İsrail Dövlətinin Cənubi Qafqaz siyasətində Ermənistanın yeri istifadəsi mümkün olan mənbə və ədəbiyyatlar əsasında tədqiq olunub. 
AMEA-nın müxbir üzvü M.Qasımlının baş redaktoru, G.Musayevanın məsul katibi olduğu və Azərbaycan, rus, ingilis dillərində nəşr edilən, iki beynəlxalq indeksə (SAJİ, Citefactor) daxil olan “Qafqazşünaslıq” elmi-nəzəri jurnalının üçüncü sayı işıq üzü görüb. Həmçinin 2022-ci ildə xarici ölkələrdən alim və tədqiqatçıların iştirakı ilə keçirilmiş Qafqazşünasların III beynəlxalq forumunun materialları (2 kitabda) və “Şuşa ili”nə həsr olunmuş “Cənubi Qafqazda reallıqlar” mövzusunda respublika elmi konfransının tezisləri, “Qafqazşünaslığın aktual problemləri (məqalələr məcmuəsi)” nəşr edilib.
İnstitutun www.caucasusstudies.az saytına il ərzində 4200 baxış, əsasən Azərbaycan, ABŞ, Türkiyə, Rusiya, Fransadan olub. “Qafqazşünaslıq” elmi-nəzəri jurnalının www.jcs.az  saytına il ərzində 1600 baxış olub. İlk beşliyi Azərbaycan, ABŞ, Çin, Yaponiya və Ukrayna tutur.
İnstitutda kadr hazırlığı məsələləri də uğurla aparılıb. Hesabat ilində əməkdaşlardan 1 nəfərə (Q.Hacıyev) professor elmi adı verilib, 2 nəfər (G.Musayeva, S.Həbibbəyli) fəlsəfə doktoru dissertasiyasını müdafiə edib, 2 nəfərin (G.Feyziyeva, Y.Baxşıyeva) fəlsəfə doktoru dissertasiya işi Müdafiə Şurasındadır.
Elmi Şuranın işində AMEA-nın müxbir üzvü Şahbaz Muradov və Rəyasət Heyətinin nümayəndəsi, taxnika elmləri üzrə fəlsəfə doktoru, dosent Rəna Qasımova iştirak ediblər.