• şənbə, 27 Aprel, 05:01
  • Baku Bakı 14°C

“Yad et məni, aşiqanə yad et...”

17.05.14 11:48 2252
“Yad et məni, aşiqanə yad et...”
İndi L.Qrosmanın görkəmli adamların seriyasından yazdığı “M.F.Dostoyevski” kitabı heç də bu dahi sənətkarın özünün şah əsərlərindən az oxunmur. V.Hüqo, A.P.Çexov, Markes və b. haqqında yazılanlar da elə. İstedadla yazılmış memuar ədəbiyyatının cazibədarlığı ondadır ki, bənzərsiz ədəbiyyat nümunələri yaratmış söz ustadlarının gerçək yaşamları həyata və cəmiyyətə baxışları ən incə detallarına qədər ifadə olunur, parlaq ədəbi obrazları özlərinin xarakter özünəməxsusluğu ilə bir arada təqdim olunur. Yəni hər sənətkarın özünün ədəbi portreti yaradılır.
Və bu proses memuar müəlliflərinin daha məsuliyyətli, obyektiv olmasını tələb edir. Ona görə ki, hər kəsin tanıdığı, gündəlik həyatda ünsiyyətdə olduğu şəxsiyyət haqqında yazmaq elə də asan məsələ deyil. Bunun üçün dərin müşahidə, illərin yaxınlığı və sayğı hissi ön planda olmalıdı.
Tanınmış yazıçı-publisist Nahid Hacızadənin xatirə-memuarları da məhz obyektiv, səmimi, vəfadarlıq duyğusunun yetərli olması baxımından maraqla oxunur. Kifayət qədər uzun ömür yaşamış Nahid müəllim həyatından fraqmentlər qələmə aldığı hər bir sənət adamının xatirəsini məsum bir yeniyetmə heyranlığı ilə təsvir edir. Onların haqqında doğmadan-doğma, əzizdən-əziz şəkildə söhbət açır və bu səmimiyyət, doğmalıq Nahid müəllimin xatirələrinin uğurunu təmin edir. Onun xatirələrində, deyək ki, xalq yazıçısı Ənvər Məmmədxanlının xarakter özünəməxsusluqları bir həyat məktəbi, örnək olaraq şəkillənir. Və Ə.Məmmədxanlının simasında oxucu yeni bir ədəbi obraz tapır. Nahid Hacızadə bu böyük sənətkarın dolğun obrazını fakt və rəqəmlərin cansız akademik dili ilə yox, daha çox yığcam, ancaq eyni zamanda da lirik-emosional bir tərzdə, səmimiyyət aurasında yarada bilir. Az qala hər sətir, hər söz şəhadət verir ki, bəli, doğrudan da bunu məhz Ənvər Məmmədxanlı deyə bilər, bu, Ənvər müəllimin öz münasibəti, öz yaşamıdı. N.Hacızadənin bu görkəmli sənətkarın həyat tərzinə yaxından bələdliyi, yaradıcılıq labaratoriyasınn özünəməxsus gizlinlərinə mükəmməl şəkildə vaqifliyi onun uğurunu təmin edir. Məsələn, bilirsən ki, Ənvər Məmmədxanlı ilə yalnız onun xarakter və həyat tərzinə yaxından bələd olan bir şəxs belə, bu tərzdə söhbət edə bilər:
“-Ənvər müəllim, “Babək” neyləyir?
-Neyləyəsidir ki? – deyə gülümsünürdü. – Mənim kimi səbrini basıb gözləyir.
-Ənvər müəllim, səbrin də bir hüdudu var. Gör nə vaxdandır ki, oxucuların gözü yoldadır.
-Nahid, belə bir misal var: “Tələsən təndirə düşər”. Babəki dünya tanıyır, o, bizim azadlıq idealımızdır. Gərək roman da bu ideala layiq olsun. Düzdü, mənin ssenarimlə “Babək” film çəkildi. Ancaq mənim ürəyimdən tikan çıxarmadı. Ona görə də bütün ümidim romanadır. Burada ad da mənimdim, məsuliyyət də...”
Bu qısa dialoq əslində öz yaradıcılığına akademik şəkildə tənqidi münasibət bəsləyən, böyük vətəndaş və yazıçı varlığını heç cür ucuz şöhrət, populyarlıq xəstəliyinin ayağına verməyən görkəmli bir yazıçının dolğun obrazını ortaya qoyan yaradıcılıq nümunəsidi. Oxuyan kimi əlbəəl bilirsən ki, Nahid müəllim Ə.Məmmədxanlının yaradıcılıq labarotoriyasına da, xarakter bənzərsizliyinə də, şəxsi iradə üstünlüklərinə də yaxşı bələddi. Və bu mükəmməl bələdlik onun Ənvər müəllim haqqında yazdıqlarının həyatiliyini, səmimiyyətinin təmin edir. Bu yazılanlarda Ə.Məmmədxanlı necə var elədi, özüdü. Ona görə ki, Nahid müəllim onun obrazını özününküləşdirə bilib. İnanırsan ki, Ənvər müəllim həqiqətən də öz əsərlərinin qəhrəmanlarına bənzəyir; məğrur, müdrik və insanpərvər, eyni dərəcədə də obyektiv. Nahid müəllim öz xatirələrində təfərrüata varmır, artıq, lüzumsuz epizodlar üzərində uzun-uzadı gəzişmələr etmir. Əksinə, adi, sadə və yığcam bir cizgi ilə böyük bir sənətkarın həyatının ən dolğun təfərrüatlarını göz önünə gətirə bilir.
N.Hacızadənin xatirə-memuarlarının iç dünyasında adamı dəfolunmaz bir qüvvəylə daim özünə çəkən bir işıq, təbəssüm var. Bunun başlıca səbəbi ondan irəli gəlir ki, Nahid müəllimin xatirə dünyasının yönü daha çox işıqlı, mərd və xeyirxah şəxsiyyətlərə tuşdu. O, daim yaxşılığı təlqin edir, böyük xarakterlərin gerçək portretlərini yaratmaqla əslində o, böyüməkdə olan nəslə təlqin etmək istəyir ki, həyatda belə olmaq, bu amalla yaşamaq lazımdı. Həyat yalnız yaxşıları, əxlaqı və vicdanı onlanları yaşadır. Nahid müəllimin xatirə-memuarları əslində onun həyat haqqında verdiyi vacib dərslərdi. Bu dərslər konkret şəxsiyyətlərin həyat yolu, fəaliyyəti kontekstində verilir və daha çox inandırıcı, daha çox ibrətedicidi. Nahid Hacızadəni oxuyursan və inanırsan ki, ustad yazıçı Mir Cəlalın görkəmli sənətkar Hüseyn Cavid haqqında dediklərini ancaq Nahid müəllim belə lakonik, bitkin şəkildə qələmə ala bilər: “Onda İşərişəhərdə yaşayırdıq, - deyə Mir Cəlal müəllim sözünə davam etdi. Cavid Əfəndi bizə gəlirdi. Çay içir, oxuduqlarımızdan, yazdıqlarımızdan danışır, fikirlərimizi bölüşürdük. Bir dəfə gözləmədiyim halda soruşdu:
-Komsomol, nə yazırsan?
-Elmi iş, yəni dissertasiya.
-Mövzun nədir?
-Azərbaycan qadın yazıçılarının yaradıcılığı.
Bir az fikrə getdi. Sonra üzümü mənə tutub dedi:
-Komsomol, heç kağıza, mürəkkəbə heyifin gəlmir? Sənə bir məsləhətim var.
-Buyurun, Cavid Əfəndi, - dedim. –Mən sizi özümə ağsaqqal bilirəm. Məsləhətinizə də həmişə ehtiyacım var.
-Əgər belədirsə, onda sən bu mövzunu burax getsin. Üzünü Füzuliyə çevir. Füzulidən yaz, qoy sənin adın tarixdə Füzuli ilə bərabər yaşasın...
Böyüyün böyük sözüdü və Nahid müəllim bu böyük sözünün nəsildən-nəsilə yadigar qalmasının məqamını qaçırmır, qısa bir söhbətin unudulmazlığını yazıya almaqla örnək bir münasibətin əbədiyaşar abidəsini ucalda bilir.
Yazıçı Seyfəddin Dağlının xeyirxah təbiətini Nahid müəllim iki-üç sətirlə ifadə edir. “O, yaxşı adam idi, qayğıkeş insandı” demir, sadəcə olaraq bir detalı şəkilləndirir: “Kirpi”də redaktor işlədiyi vaxtlar idi. Zəng elədi:
-Rüfət Əhmədzadəni tanıyırsan?
-Özü ilə tanışlığım yoxdu, ancaq şeirlərini oxumuşam.
-Təzə kitabı çıxıb, ona kömək elə. Qoy başını ekrandan çıxarsın, bəlkə baxtı açıldı...
Vəssalam. Bu, artıq Seyfəddin Dağlı inanpərvərliyinin, xeyirxahlığının əbədiləşmiş şəklidi. Nə yaddan çıxır, nə göz önündən gedir.
Nahid müəllim unudulmaz şair Teymur Elçinin səmimi, xeyirxah obrazını da eyni qədirbilənliklə göz önünə gətirə bilir. “...Yadına nəsə düşmüş kimi birdən ayaq saxlayıb:
-Nahid, səni təbrik edirəm-dedi, -mətbuatda oxudum ki, Moskvada – “Sovetski pisatel” nəşriyyatında kitabın çıxıb. Bu, sənin üçün də, mənim üçün də xoş hadisədi. Bəs niyə o kitabdan mənə verməmisən?
-Teymur müəllim, - dedim. – Düzü, ürək eləmədim. Qorxdum ki, birdən xoşunuza gəlməz.
-O boyda “Sovetski pisatel”in xoşuna gəldi, mənim niyə gəlməsin – deyə ürəkdən güldü.
Başqalarının uğuruna ürəkdən sevinə bilənlərin obrazı Nahid müəllimin xatirə-memuarlarında dərin səmimiyyətlə yer alır. Biz bu yazılanlarda xalq yazıçıları Əli Vəliyevin, Süleyman Rəhimovun, İlyas Əfəndiyevin, Mirzə İbrahimovun, İsmayıl Şıxlının, xalq şairləri Rəsul Rzanın, Süleyman Rüstmin və başqalarının dolğun xarakter özünəməxsusluqlarını görür və onların unudulmaz obrazları ilə üzbəüz qalır, düşünür, əxz edir, öyrənir, yaşayır və yaşadırıq. Kişi ömrü yaşaya bilənləri kişi kimi anmaq, yada salmaq əslində bir kişilik məktəbidi və N.Hacızadə bu məktəbin Azərbaycan ədəbi-mədəni həyatı üçün çox gərəkli olan örnəklərini yaratmaqla əslində o böyük isanların haqqını haqlamış olur. O, doğru olaraq vurğulayır ki, hər insan sirli-soraqlı bir aləm, yazılmamış bir kitabdır. Yaradıcı insanın könül dünyası daha cazibədar, təlatümlü, coşqun, üfüqləri isə daha geniş, əngin və əlçatmaz olur. Bu dünyanın öz Günəşi, Ayı, ulduzu, öz güllü-çiçəkli yazları, payızları, qışları olduğu kimi, bənzərsiz xarakter daşıyıcıları olan sənət adamları da var. Onların dolğun obrazını ən lakonik cizgilərlə ədəbi yaddaşa köçürməyin dilini yaxşı bilən N.Həsənzadə bununla həm də öz adını o böyük insanların sırasına yazmış olur. Yəni, ustad Mir Cəlalın təbiri ilə demiş olsaq, onlarla birgə tarixləşir. Böyük yanında dayana bilməyin yolu isə böyük münasibətdən keçir. Gərək bu münasibət aydın, pak və təmənnasız olsun. O böyük şəxsiyyətlərin adına layiq olsun. Və qəbul edilsin ki, filan sənətkar haqqında məhz filan qələm adamı yaza bilər. Vaxt keçəcək, o böyük sənət adamlarından istedadla, xüsusi bir sənət yanğısı ilə yazılmış əsərlər qalacaq. Onların öz maraqlı, cəlbedici obrazları isə məhz Nahid Hacızadə kimi ötüb-keçənlərə vəfalı, etinalı qələm adamlarının yazdıqlarından boylanacaq. Bu obrazlar daha canlı, daha müdrik və cəlbedicidilər. Hər birinin haqqıdı desin ki, “yad et məni, şaiqanə, aşiqanə yad et!..
Nahid müəllimin hər xatirəsində “mən bu an səni düşünürəm, sənsizəm, sənə ehtiyacım var” könüldaşlığı yaşayır.
Gülayə
banner

Oxşar Xəbərlər