• çərşənbə axşamı, 19 mart, 07:46
  • Baku Bakı 8°C

XX yüzilin poetik obrazını yaradanlar: Maqsud Şeyxzadə və Səməd Vurğun

20.12.18 15:00 16646
XX yüzilin poetik obrazını yaradanlar: Maqsud Şeyxzadə və Səməd Vurğun
Səməd Vurğun və Maqsud Şeyxzadə həmyerli, yaşıd və müasir olmaqla bərabər, eyni zamanda, ruhən və istedadlarının təbiə­tinə görə yaxın ədəbi şəxsiyyətlər olmuşlar. Hər iki sənət­karın öz yaradıcılığında, əsasən, şeir, poema və dram janrlarına üstünlük verməsi, ədəbi publisistikalarındakı genişlik və əhatə­lilik, yüksək elmi-nəzəri səviyyə bu fikri əsaslandırır. Fəlsəfi və hikmətli şeiriyyətə meyllilik, möhtəşəm və əzəmətli epik poezi­yanın mahir ustadları kimi şöhrət qazanmaları, xalqın keçmişinə və tarixi mövzulara bağlılıq, parlaq dramatik istedada sahib olmaları, yazı maneralarındakı qanadlı-romantik pafos onların saf bədii istedadlarının mayasındakı uyğunluqdan və uyarlılıqdan xəbər verirdi.
Bu böyük sənətkarların yaradıcılığına ümumi şəkildə nəzər sal­dıqda belə bir çox ədəbi paralellər, mühüm poetik həma­­həng­lik­lər diqqəti özünə cəlb edir. Maqsud Şeyixzadə və Səməd Vur­ğun fəlsəfi lirikanın, başdan-ayağa hikmətlə yoğurul­muş şeirlərin misilsiz müəllifləri idilər. Onların şeiriyyətində insan və həyat haqqındakı dərin və fəlsəfi düşüncələr, orijinal, gözlənilməz lirik-hikmətli müqayisə və xülasələr uzun zaman yaddaşlardan silinmir. Səməd Vurğunun "Dünya” rədifli və Maq­sud Şeyxza­də­nin "Dəniz əxlaqı” adlı şeirləri geniş elmi təh­lillər üçün mey­dan verən əsərlərdir. İnsan həyatının və dün­yanın mənası, ma­hiy­yəti və fəlsəfi dərki barəsindəki özünəməxsus lirik-emosional düşüncələrin miqyasları heyrətamizdir. Bədii biçiminə və şək­linə görə bir-birindən fərqlənən bu şeirlərdəki əsas fəlsəfi obrazlar iyiriminci yüzilin mühüm bədii yenilikləri sırasındadır. "Bir yandan boşalıb bir yandan dolan” (Səməd Vurğun) və min illərdir sirrini sirdaşa verməyən, insanı həmişə nigaranlıqda və intizarda saxlayan Dünya obrazı və öz qoynunda napak, natəmiz heç nəyi saxlamayan, yad, gərəksiz, lazımsız şey­ləri hər daim sahilə atan, müdam özünü təmizləyən, təzə­lə­yən və bununla da insanlığa əbədi nümunə olan Dəniz surəti özünün həyati fəlsə­fəsi və təbii poeziyası ilə oxucunu heyran qoyur.
Səməd Vurğun və Maqsud Şeyxzadənin şeiriyyətindəki bədii fəlsəfənin kökləri türk xalq şeirindən, xalq yaradıcı­lı­ğın­dan qidalanırdı. Eyni zamanda, onların əsərlərində Şərq və Qər­bin klassik-çağdaş mütəfəkkirlərinin hikmətləri, Avropa və Asiya­nın fəlsəfə məktəblərinin həyatsevər və humanist meylləri gözəl bir surətdə çulğaşmış, bir-birinə qovuşmuşdu. Ma­raqlıdır ki, bizim ürəkdən sevdiyimiz sənət korifeylərinin ötən yüzilin birinci yarısında çatdıqları poetik hədəflər, nail ol­duq­ları cahan­şümul bədii uğurlar Avrasiya mədəni məkanının bu gün – XXI əsrdə can atdığı, arzuladığı ədəbi məqsədlər cərgə­sindədir.
Maqsud Şeyxzadə və Səməd Vurğun mənsub olduqları epo­xanın poetikasına ciddi təsir göstərən istedad sahibləri ol­muş­lar. Onların nəsli bəşəriyyət tarixində tayı-bərabəri olmayan də­yişmə və yeniləşmələrin şahidi, iştirakçısı idilər. Qlobal zaman və məkan təbəddülatlarını, ictimai-estetik təfəkkürün ənə­nəvi məcrasına sığmayan dağıdıcı-yaradıcı prosesləri əks etdir­­mək üçün yeni ədəbi sistemlər, bədii ifadə yolları, doğul­maqda və formalaşmaqda olan gerçəkliyi ehtiva edə bilən yeni estetik biçimlər tələb olunurdu. İyirminci illərdən başlanan ədəbi axtarışlar tezliklə öz bəhrəsini verdi, zamanın estetikasında Epos üstünlük təşkil etməyə başladı. Epik janrlar – poeziyada mənzum roman, poema, lirik və dramatik poemalar, balladalar, nəsrdə isə - roman, povest, dilogiya, trilogiya, epopeyalar dəbi geniş yayıl­dı. Möhtəşəm zaman iri həcmli epik polotnolarda daha real və həqiqətəuyğun əks edirdi. XX əsrin 30-40-cı illərində qardaş ədəbiyyatlarda aparıcı mövqeyə malik bu tendensiyanı araşdırarkən onun bir sıra xarak­terik və tipoloji xüsusiyyətləri qabarıq görünür. Ölkə, şəhər, kənd, böyük bir kollektiv, ictimai ideal və konf­likt­lər, azad­lıq mübarizələri, müharibələr, müəyyən tarixi mər­hə­lələr, məş­hur şəx­siyyətlər və s. birbaşa əsərin mərkəzi möv­zusu, baş qəhrəmanı seçilirdi. Fikrimizin təsdiqi üçün burada bircə Səməd Vurğunun qələmindən çıxmış məşhur əsərlərin adını yada salmaq kifayətdir: "Azərbaycan”, "Bakının dastanı”, "Muğan”, "Komso­mol poeması”, "Vaqif”, "Xanlar”, "Fərhad və Şirin”, "Talıstan”, "Bəsti”,"Zəncinin arzu­ları”, "Aygün”, "İnsan” və s. Maqsud Şeyx­­­­zadənin 30-40-cı illərdə yaratdığı əsərlərlə də za­ma­nın este­tik axarı və məşhur ədəbi ünvanları arasında yuxa­rı­­da­kı kimi qırıl­­maz bağlılıq müşahidə olunur: "Ündaş­la­rım”, "Torpaq və haqq”, "Ağsaqqal”, "Yoldaş Nəvai”, "Miras”, "On birlər”, "Üçün­­cü oğul”, "Cəlaləd­din Mənquverdi” və s. Beləliklə, həmin illərin ədəbi prosesini, xüsusən, Səməd Vurğun və Maq­sud Şeyx­zadə kimi görkəmli sənət­karların yaradıcılığını müqa­yi­səli şəkildə araşdırarkən aydın olur ki, onları yaxın­laş­dıran və birləşdirən əsas estetik məx­rəc, bədii məziyyət məhz monument­tal­lıqdır. Yenə şairin məş­hur misralarına müraciət edək. Səməd Vurğunun "Bakı­nın dastanı” poeması fikrimizin təsdiqi üçün kifayətdir. Səməd Vurğunun "Bakının dastanı” poemasındakı coşqun misralar ruhumuzu qanadlandırır:
"Neçə ildir, könül deyir söylə, şair,
Şeir, sənət gülzarında Bakı hanı?
Sən nə zaman yazacaqsan ilk dastanı
Bu müqəddəs, bu möhtəşəm hüsnə dair?!
Lakin bizim böyük şəhər bir ümmandır,
Bu ümmanda üzmək üçün qəvvas gərək.
Bu arzuyla yaşamışam nə zamandır,
Var ol, məni bu ümmana atan ürək!
Var ol sən də, gözəl Bakı, qadir ana!
Camalının şöləsidir bu ilhamım.
Öz borcumu ödəyərsəm bu gün sana,
Gözlərimdə qalmayacaq heç bir kamım!”[1]
Göründüyü kimi, şair hansısa şəxsin, insanın həyatından və dərdindən-odundan deyil, şəhərin tərcümeyi-halından və qüd­rə­tin­dən söhbət açır. 20-40-cı illərin ədəbi prosesində geniş yayıl­mış ümumiləşdirmə üsulu – fərddən, təkcədən deyil, top­lum­­dan, ümumidən çıxış edərək ümumiləşdirməyə can atmaq tendensiyası yuxarıdakı sətirlərdə də bariz şəkildə nəzərə çarpır. Maqsud Şeyxzadə də 30-50-ci illər yaradıcılığının məhsulu olan bir çox əsərlərində məhz bu poetik ümüumiləşdirmə üsulunu nümayiş etdirir. Onun məşhur "Daşkəndnamə” dastanı bu cəhət­dən səciyyəvidir. Şair yaşadığı və sev­diyi şəhərin tarixini, keçmişlərinin şanlı səhifələrini, mübarizə mərhələlərini, bu şəhərin dünyaya verdiyi görkəmli oğulları və qəh­rəmanları, qısası, Daşkəndin özünəməxsus bir Şərq şəhəri kimi tərcümeyi-halını və misilsiz gözəlliklərini vəsf edir. Das­tanın sonunda müəllif doğma şəhərinə canlı insan kimi üz tutaraq, ona olan sonsuz məhəbbətini qəlbinin bütün səmimiyyəti ilə etiraf etmişdir:

Mən özbək şeirinin doqquz vəznində
Sənin dastanını ahəngə saldım.
Qissəyə gözəllik verməkdən ötrü
Baxşı büsatından ölçülər aldım.

Maqsud Şeyxzadənin aşağıdakı beyti də sanki insan haqqında söylənmiş təki qeyri- adi dərəcədə səmimi və gözəldir:

Şəhərlər baqidir, ömür - keçəri,
Dəryalar sabitdir, sular – köçəri.

Səməd Vurğun və Maqsud Şeyxzadə nəslinin qarşısında duran əsas estetik məqsəd - yeniləşən və dəyişən dünyanın obrazını bütün əzəməti və parametrləri ilə yaratmaqdan ibarət idi. İctimai-estetik doqmalarına və bir çox kəsir cəhətlərinə rəğmən sosialist realizmi prinsipləri Səməd Vurğun və Maqsud Şeyxzadə pleyadasının bədii potensia­lının rellaş­ma­sına maneə törədə bilməmişdi.
Səməd Vurğun 1954-cü ildə SSRİ Yazıçılar İttifaqının ikinci qurultayında "Sovet poeziyası haqqında”kı məşhur məru­zə­sində özbək şeiriyyətini, xüsusən, Qafur Qulamın yaradıcı­lı­ğını son dövrün fəlsəfi və siyasi lirika sahəsindəki mühüm nailiy­yətlərindən biri hesab edərək yazırdı ki, görkəmli özbək şairi Qafur Qulamın "Mən yəhudiyəm” və "Sən yetim deyilsən” şeirləri böyük diqqətə layiqdir. Bu məruzəsində Səməd Vurğun Qafur Qulam yaradıcılığına münasibət bildirməklə kifayətlən­məmiş, o cümlədən Maqsud Şeyxzadə, Uyğun, Zülfiyyə və baş­qa tanınmış özbək şairləri haqqında qiymətli fikirlər irəli sürmüşdür.
Maqsud Şeyxzadə də öz böyük zamandaşının əsərlərinə sevgi və sayqılarını dəfələrlə ifadə etmişdir. Xüsusən, onun "Səməd Vurğun haqqında söz” məqaləsi bu cəhətdən çox səciy­yəvidir. Aşağıdakı obrazlı mülahizələr Maqsud Şeyxza­də­nin öz həmyerlisinin istedadını necə yüksək qiymətləndirdiyini, onunla qürur duyduğunu əyani surətdə göstərir: "Həqiqətən də, onun (Səməd Vurğunun – Y.Q.) beytlərində Nizaminin epik əzə­məti, Füzulinin incə hissiyatı, Xaqaninin təntənəvar coşğun­luğu, Vaqi­fin cazibədar sadəliyi və xəlqiliyi göy qurşağının fü­sunkar rəngləri tək son dərəcə nəfis bir tərzdə əks edərdi”. Böyük şairə həsr edilmiş saysız-hesabsız məqalələrin, onlarla, yüz­lərlə elmi tədqiqatların heç birində yuxarıdakı kimi dəqiqliyi və dərinliyi müşahidə etmirik. İlk növbədə diqqəti çəkən odur ki, Maqsud Şeyx­zadə öz şair qardaşının söz dünyasına yaxşı bələd­dir, Səməd Vurğun şeirinin gələnəklərini və genezisini çox gözəl bilir. Onun şeiriyyətindəki cazibədar sadəliyi və munis bir xəl­qiliyi də Maqsud Şeyxzadə xüsusi qeyd edir. Bunu təkcə Vaqif və Vidadi kimi xalq şeiri üslubuna yaxın şairlərin bədii təsiri ilə məhdudlaşdırmır. Böyük şairə bilavasitə el aşıqlarının ecazkar təsirindən söz açır. Səməd Vurğunun doğulub boya-başa çatdığı Qazax mahalına xas olan sənət mühitinin özünəməx­sus­luğunu vurğulayır: "Dediklərimizdən başqa, daha dəqiq söyləsək, bütün bunların kökündə, əsasında xalq şeiriyyətinin rəvan, saf və hə­yat­nəfəsli bulaqları bir an durmadan, nəfəs dərmədən qay­nayıb axardı. Səməd Vurğun Azərbaycan xalq şeiriyyətini həd­siz sevər və azərlər aşıq, deyə adlandırdıqları xalq baxşıla­rının ica­diy­yatını mükəmməl dərəcədə bilərdi”.
Maqsud Şeyxzadənin "Səməd Vurğun haqqında söz” məqa­ləsi o dövrün sənətinin və sənətkarlarının özəl mahiyyətini an­lamaq baxımından da dəyərlidir: "Səməd Vurğun əsrimizin nəfis gözəl­lik­lər asimanında nur saçan elə bir parlaq ulduzdur ki, öz məslək­daşlarına nə qədər oxşasa da, onu başqalarından ayıran xüsu­siy­yət­lər, özünəxas fəzilətlər də az deyildi. Bax bu özünə­məxsus­luq­lar onu müstəsna bir zirvəyə qaldırmışdı. Guya onun poezi­yası çoxəsrlik Azərbaycan şeirinin bütün fəzilət və dəyərlərini özündə cəmləşdirmiş nadir bir divan idi”.
Beləliklə, özbək və Azərbaycan şairlərininin yeni bədii inikas sistemini mənimsəməsində və modern poetik texno­lo­gi­yalara yiyələnməsində Maqsud Şeyxzadə və Səməd Vurğunun yaradıcılıq axtarışları və uğurları unikal təcrübələrdir. Azərbay­can və özbək poetikasının XX yüzildə keçdiyi yolu və inkişaf qanunauyğunluqlarını bu möhtəşəm bədii təcrübələri, bir-birini təkrar etməyən bədii ifadə tərzlərini nəzərə almadan və ya dərin­dən araşdırmadan aydınlaşdırmaq, ümumiləşdirmək qeyri-müm­kündür. Müqayisəli-nəzəri tədqiqat üsulları məhz bu yöndəki mənəvi-estetik və elmi ehtiyaclara cavab verməyi nəzərdə tutur.
Bədii təfəkkürün ictimai gerçəkliyə münasibəti və estetik ehtiva miqyasları bütün zamanlarda ədəbiyyatşünaslığı düşün­dürən ciddi elmi problemlərdən olmuşdur. Ötən əsrin 20-30-cu illəri isə bu cəhətdən xüsusi bir dövr kimi diqqəti cəlb edir. Səməd Vurğun və Maqsud Şeyxzadənin poeziyanı həyata daha da ya­xın­laşdırmaq cəhdləri Azərbaycan və özbək xalqlarının bədii təfəkkür tarixinin yeni və parlaq səhifələri idi. Bu mənada Şərq poetik fikrinin ictimai həyata daha da yaxınlaşmasında və realist bədii inikas sisteminin daha dərin qatlarına keçidi prosesində, poetik söz sənətimizin yeni üslublar və janr­larla zənginləşməsində hər iki sənətkarın xidmətləri misilsizdir.

Yaşar Qasımbəyli
banner

Oxşar Xəbərlər