Oxumağa kitab var
Bizi əhatə edən çoxsaylı və çoxqatlı, canlı və
cansız şeylərin (təbiət, cəmiyyət, yer, göy cisimləri və s.) hər birinin özünəməxsus
təbiəti var, bunlara varlıq da demək olar. Yazıçı bu varlığın görünən və görünməyən
tərəflərini nəql edir (əsas sual: necə nəql edir?). Əlbəttə, bizə bəlli olmayan çoxsaylı şeylər də
mövcuddur, onların dərk edilməsiylə idrak məşğul olur. Əgər yazıçı fəlsəfənin
bu qoşa qanadını öz yaradıcılıq laboratoriyasına gətirib maraqlı və oxunaqlı bədii
mətn ortaya qoya bilirsə, deməli, oxumağa təkmil kitab var, deməli, yazıçının
yaratdığı nümunələr yaşarıdır, sosialdır, dünyəvidir, onu Markesin vətəni uzaq
Kolumbiyada da oxuyurlar və oxuyacaqlar. Necə ki, Umberto Ekonu, Borxesi,
Çexovu... oxuyurlar və oxuyacaqlar.
Kamal Abdulla da azsaylı nasirlərimizdən
biridir ki, varlıq və idrak məsələlərini çox maraqlı və sadə metodla, ustalıqla
nəsrə gətirib, müasir hekayəçilikdə, esseçilikdə yeni, orijinal dəst-xətt
yaradıb, bunu uğurla davam etdirir. Onun
poetik dünyasına səyahət etdikcə hiss edirsən ki, oxuyub öyrəndiklərin və
bildiklərin hələ çox-çox azdır, hələ sən varlıq və idrakın adi elementlərindən
tutmuş ta doqquzqatlı dünyaların canlı varlıqlarınadək olan aləmlər barədə heç
nə bilmirsən; sən demə, bütün böyük sirlər, mətləblər, məntiqlər və ziddiyyətlər
böyük-böyük kitablarda yatır – ağlın, zəkanın, istedadın, fəhmin, hissin,
ruhun, düşüncənin... məhsulu olan kitablarda... (Kitab oxumaq lazımdır!). Rəvayətə
görə, böyük türk filosoflarından biri Əbu Nəsr Məhəmməd Fərabi Aristotelin Ruh
haqqında traktatını yüz dəfə, "Ritorika"nı isə iki yüz dəfə
oxuyubmuş... Belə bir oxucu, əlbəttə filosof, yazdıqları da mənəvi sərvət
olar...
Məndə neçə illərdir ki, Kamal Abdullanın
kitablarını qəribə oxumaq ehtirası yaranıb; bilmirəm, nədəndir, hər dəfə təzə
bir nəsr kitabı, ya da dillə bağlı elmi-fəlsəfi toplusu çıxanda alıb oxuyuram;
bəzən ilk təəssüratım aldadıcı olur, vaxt ötür, bir də oxuyuram, yenə... yenə
oxuyuram – yavaş-yavaş psixoloji durumum düzəlir, mətləblər, anlamlar, gedişlərin
məqsəd və məramı... durulaşır, bədii və elmi zövqümə təzə qan gəlir, fəlsəfəni,
ədəbiyyatı, sənəti, sənətkarı daha böyük həvəslə duymağa çalışıram. Kamal
Abdullanın oxucuya anlatmaq istədiyi bədii mətnlər, onların dili, strukturu,
üslubu, yaxud real gerçəkliyin təsirindən mayalanmış müəllif ideyaları, yaxud
onun tarixi-ədəbi proseslərə fəlsəfi baxışları, bədii mətnlərin demək olar ki,
bütün elementlərinə – fonetikaya,
leksikaya, morfologiya və sintaksisə, üsluba, motivlərə... özünəməxsus
yanaşmaları və s... məndə hər zaman böyük maraq doğurub. Və səmimi deyim ki,
otuz ildən çox bir müddət ərzində tanıdığım yazıçı dostlarım arasında Kamal
Abdullanın xüsusi çəkisi, səviyyəsi və yeri var. Mən onun poetik dünyasına səyahət
etməkdən yorulmuram... Filosof-yazıçı barədə fikirlərim subyektiv
ola bilər, lakin onları əsaslandırmağa çalışmazdan öncə qeyd edim ki, son otuz
ilin ədəbi müşahidələri (yerli və xarici ədəbi nümunələr əsasında) belə bir qənaətimə
qanad verib – humanitar elmlərin müxtəlif sahələri biri birinə sürətlə
yaxınlaşmaqdadır, bunun nəticəsində bədii ədəbiyyatın yeni statusu formalaşıb.
Səbəblərdən biri də (varlıq haqqında təlimə əsaslansaq!) ictimai münasibət və
proseslərin təsiridir. Bu, sosial hadisədir və belə bir şərait bədii ədəbiyyatın
təbiətinə fəlsəfi yanaşma tələb edir. İdrak haqqında təlimə əsaslansaq, görərik
ki, elə bütün dövrlərdə bədii ədəbiyyat reallığın dərk edilməsi ilə məşğul
olub, olmaqdadır. Bu faktın özü ədəbi araşdırma və tədqiqatla məşğul olan mütəxəssislərə
bədii ədəbiyyatın nəinki ontoloji, qnoseoloji imkanlarına da diqqət yetirməyi tələb
edir.
Müasir Azərbaycan ədəbiyyatında da bədii mətnlərin
fəlsəfi təbiətini öyrənmək ən azından varlıq və idrak təlimlərinə əsaslanmağı tələb
edir. Bizim ədəbi həyatımızda da ədəbiyyatın yeni statusu formalaşır, artıq bədii
mətnlərdə varlıq və idrakın həm bərabər, həm qeyri-bərabər çəkidə bu və ya digər
səviyyədə dərk edilməsinə, bununla da nəsr və nəzm nümunələrinin bədii-fəlsəfi
yükünün artırılmasına səy göstərilir.
Kamal Abdullanın hekayə və esselərinə bu baxımdan yanaşsaq, onun
yaradıcılıq laboratoriyasının geniş üfüqlərini, həm də dünya üçün maraq
doğuracaq qədər aktuallığını görərik. Əvvəla, ona görə ki, yazıçının silsilə esseləri, bədii mətnləri varlığın ən
mürəkkəb məsələlərini dərk etməyə kömək edir, ikincisi, onun nəsrindəki
qnoseoloji elementlər həm də bizə müasir bədii ədəbiyyatın simasının məhz nədən
ibarət olmasını görmək imkanları yaradır. Üçüncüsü, təqdim olunan bütün
obrazlara rəğmən, yazıçının əsərlərində əsas və önəmli qəhrəman obraz –
SUALLARdır... Məncə, məhz bu sualların fəlsəfi mahiyyəti də varlıq və idrakla
bağlıdır, düşünmək, fikirləşmək, anlamaq, dərk etməyə çalışmaq üçün
yorulmursan. Yazıçının dili də, üslubu da sadədir, anlaşıqlıdır.
Kamal Abdullanın nəsrindəki varlıq və idrakın
vəhdəti, bəlkə də, elə yuxarıda qeyd etdiyim OBRAZ-SUALLARdan qidalanır. İnsanın
tarixi hardan başlanır? İnsan necə cəmiyyət halına gəlib çıxıb? Ümumiyyətlə,
tarixin hansı mərhələləri mövcuddur? Antik dövr nədir? Ondan əvvəl tarix
olubmu? Qədim, ibtidai mifoloji mətnlərdə bədii-poetik dildən istifadə
edilibmi? Bədiilik və poetiklik nədir? Nəsr və şeirin sərhədləri hansı dövrdən
etibarən bərqərar olub? Tarixə qədərki dövrdə nələr baş verib? Tarixi dövrlərin
özü hansı mərhələləri yaşayıb? İnsanın formalaşması, dilin və irqlərin
yaranması ilə hansı tarixi dövr başlanıb? Biz hansı tarixi dövrün "məhsulları"yıq?
Tarixəqədərki dövrdə mifoloji təsəvvürlərin formalaşması və beləliklə, təbiət-insan
arasındakı əlaqələrin mifoloji xarakter daşıması bizim indi təsəvvür etdiyimiz
"divlərlə", "təpəgözlərlə" nə əlaqəsi var? İnsanlaşma dövrü
– təbiətdən Cəmiyyətə (Mədəniyyətə) keçid dövrü ha vaxtdan başlanır? Bunu kim və
nə dəqiq deyə bilər? Bədii-poetik ədəbiyyatmı? Ya bəlkə, yazıçının təbirincə
desək, tarixəqədərki dövrün "dansökülən mərhələsində" yaranan, lakin
qədimilik baxımından yekrəng olmayan mətnlərin quruluşunda axtarıb tapmaq
olar?
Yazıçının fikrincə, Azərbaycan ədəbiyyatında
mif dövrü ilə yazı dövrünü bir-birindən ayıran yox, onları öz timsalında birləşdirən
vahid mənəvi məkan mövcuddur – bu Dədə Qorqud mətnidir. Burada "həm ilkin, ibtidai, bizə tanış olmayan, yaxud az tanış olan bədiipoetik
elementlər və imkanlar, həm də bununla yanaşı, daha müasir, artıq ədəbi-bədii
şüurumuza tanış olan klassik poetik nümunələr özünü göstərir". ...Kitabi-Dədə Qorqud mətninin ayrı-ayrı
boyları və bu boylar daxilində ayrı-ayrı kəsiklər həm ibtidai bədiipoetik
ünsürlər, həm də klassik poetik elementlər üz-üzə gəlir, qarşı-qarşıyadır,
bir-birinin yanında yer alır... Kitabi-Dədə Qorqud mətnləri həm köhnə, həm də
yeni ədəbi nümunə kimi təqdim edilir və bunu da qeyd edək ki, burada əsas
obyekt Dədə Qorqud dastanının mif dövrünün əlamətlərini yaradan və yaşadan
qatları olsa da, bu araşdırma metodunu cəsarətlə dünya elm və mədəniyyət xəzinəsinə
yeni töhfə hesab etmək olar... ("Kitabi-Dədə Qorqud" poetikasına
giriş).
Kamal Abdullanın bədii-fəlsəfi dünyagörüşü hələ
ki, öyrənilməyib, onun mahiyyəti və anlaşılması barədə fundamental elmi əsər də
yazılmayıb. Düşünürəm ki, yazılmalıdır, onun yaradıcılığı və bütövlükdə bədii-fəlsəfi
baxışları çox böyük maraq doğurur, tədqiq olunması, elmi mahiyyətinin ortaya
qoyulması lazımlıdır. Kamal Abdullanın həm bədii, həm də elmi-fəlsəfi yaradıcılığında
xarakterik olan mövzular klassik olsa da, bugünküdür, sabahkıdır, əbədidir:
varlığın dərki və insanın missiyası, həyat və ölüm, xeyir və şər münasibətləri,
Allah və Şeytan məsələləri. Filosof yazıçını təkcə insanın özünüdərk məsələləri
maraqlandırmır, insan və onu əhatə edən mühitin, sosial reallıq və irreal aləmlə
əlaqələr, insanın nəzarət edə bilməyəcəyi varlığın metafizik qanunları da önəm
daşıyır. Varlıq problemi onu ən çox düşündürən məsələdir. Bu fəlsəfi ideyalar
daha çox onun nəsr əsərlərində ifadə olunub. Onun "Sirri-zəmanə"
adlanan kitabı ayrı-ayrı silsilə hekayələrdən ibarətdir. Topluya
"Sehirbazlar dərəsi" silsiləsindən iki, "Parisin seçimi"
silsiləsindən yeddi, "Labirint" silsiləsindən doqquz, "Bilgə əhvalatları"
silsiləsindən dörd, "Balaca həyətin həngamələri" silsiləsindən üç və
"Səhvlərimizin qrammatikası" silsiləsindən səkkiz hekayəsi daxil
edilib. Bu hekayələrin hər biri haqqında ayrıca danışmaq olar. Onları birləşdirən
və ayıran cəhətlər, çoxsaylı obrazlar, mifoloji, yaxud mistik personajlar, müəllif
yanaşmaları, yaxud "kənar adam"ın pıçıltıları və hissləri, dünya-aləm,
yuxu, xəyal, ruh, ölüm və daha nələr... barədə bənzərsiz düşüncələr, təhkiyələr,
paralellər və məntiqi hökmlər çoxdur. Hansı biri haqqında fikir söyləsən, son nəticədə
bədii fəlsəfəyə dirənəcək, ədəbi mətnin yeni "bədiipoetik" (K.A.)
nümunəsi ilə qarşılaşacaqsan. Misal üçün, "Qərar" hekayəsində zaman-məkan
sərhədi yoxdur, boz həyat, sehrli nağıl, sirli gələcək var. Cəllad Məmmədqulu
obrazı nağıllarda olduğu kimi təqdim olunmur, "başı bədəndən ayıran",
"göz tökən", "qulaq kəsən"... cəllad sonda "yazıq
Allah bəndəsi" kimi "öz kökünü" kəsir, ailəsini... məhv edir... Cəlladlar
üçün hər zaman "səhər ağır-ağır" açılar...
Yazıçı-oxucu münasibətlərinin sağlam
qurulmasında ən uğurlu vasitələrdən biri oxucunu söz və düşüncəylə sehirləməkdi.
Kamal Abdulla bu işin öhdəsindən ləyaqətlə gəlir. Mənim bildiyimə görə,
"İlişin qayıtması" hekayəsi də çoxdan yazılıb. Hekayə insan təkamülü,
eyni zamanda onun qəlbinin deqradasiyası barədə danışır. Bir tərəfdən Xudadin
kişi və onun "gözəgörünməz" oğlu kənddə nüfuzlu, bərk gedən insanlar
kimi təsvir edilir, xüsusi gücə malikdir, digər tərəfdən isə onların mifik gücü
kəndin mənəvi durumuna neqativ təsir edir. Bu hekayəni oxuyarkən istər-istəməz
suallar yaranır: hansı mövzudadır? Sosial mövzudur (xarakterin formalaşmasında
mühit hansı rolu oynayıb?), yoxsa psixoloji mövzudur (insan cəmiyyətə qarşı
müqavimət göstərə bilərmi?), ya bəlkə fəlsəfi mövzudur (obrazlar niyə məhz bu həyat
tərzini seçirlər? Kənd niyə onlara bənzəyir?), ya bəlkə dini mövzudur (onlar
Allahı və dini yadına salırlarmı?). Bəs
axı, müəllifin məqsədi nədir? Əsas ideya nədən ibarətdir? Bəlkə heç müəllif bu
barədə düşünməyib? Bütün bunlar çətin suallardır. Sadəcə bir hekayəni təhlil
etmək üçün gərək sənin müəllifin düşüncə və təfəkkür tərzinə yaxınlığın ola.
Yazıçının özü qədər olmasa da, oxucu kimi söz deməyə çətinlik çəkmərəm. Burada əsas
çətinlik Kamal Abdullanın yaratdığı
prototiplərin hansı qrupa və təbəqəyə aid olmasını müəyyənləşdirməkdir. Bəs
kölgə obrazı, yaxud gözəgörünməz qüvvələr, ya da cadugər obrazı.... Bəs kənd
camaatı? "Camaat" da bir
obraz kimi təqdim edilir. Misal üçün, elə qeyd etdiyimiz hekayədə camaat əsas
"qəhrəman"ın həyatını dəyişdirə bilirmi? Yox, onlar qorxu altında yaşayır və
yavaş-yavaş bu, həyat tərzinə çevrilir.
Hekayə qəflətən İlişin ölüm xəbəriylə başlayır və qəflətən qəbiristanlıqdakı
qoca qarağacın kökünün kəsilməsiylə bitir...
Bütün camaat bilir ki, İliş
"xatalı" adamdır, "hörmət-izzət" sahibidir, qolu zorludur, sözünün
qabağına söz gətirən olmayıb, xərac yığır, zalımdır, amansızdır, amma ona hörmət
edirlər, ondan qorxurlar, atasından çəkinirlər... və s... Onun arxasınca
pıçıldaşırlar, danışırlar, amma üzünə heç nə demirlər... Onunla kəlmə kəsmək,
danışmaq, tanış olmaq üçün, bir yerdə çay içmək üçün ölürlər... Bununla belə "...kənd özü də bir az Xudadin kişiyə
oxşayırdı...", bütün kənd camaatı onun insanlıqdan çıxdığını anlayır,
xeyirxah missiyasını unutduğunu dərk edir. Əgər hekayənin əvvəlində İlişə bir
azca ehtiram göstərirdilərsə, sonda artıq onun ölüm xəbərinə xof içində qulaq
asırlar: ola bilməz, o, ölə bilməz... Ölən adamın cənazəsini gətirərlər, ona qəbir
qazarlar, qəbiristanlıqda basdırarlar... Cənazə yoxdur, amma Xudadin kişinin həyətində
çadır qurulub, mərhumun yeddisi, cümə axşamları verilir... Camaat yas yerinə gəlir,
amma tərəddüd içindədir, müəmmalı, sirli hadisədir. Cənazə yoxdur, amma ona yas
saxlayırlar... Nağıl, ya da pritça
ruhuna yaxın olan bu hekayədə də canlı obrazlarla yanaşı, mifik
personajlar varlıqla idrakı qarşı
qarşıya qoyur!
Hekayənin finalı da müəmma və sirlə bitir,
amma burda da klassik realizm mistika ilə sintez edilir: müəllif Kölgə obrazı yaradır... İlişin kölgəsi,
Ağacın kölgəsi, gözəgörünməz Qüvvənin kölgəsi.. .Etiraflar və məntiqi hökm:
insan öldürür, insanı öldürürlər! Və yaxud öldürmə, öldürməsinlər! Baş kəsmə,
başını kəsməsinlər! Zəmanəyə klassik çağırış: insan öz əzəli missiyasından –
yaratmaq missiyasından uzaqlaşıb, qorxunc bir varlığa çevrilib! Xudadin kişinin "yarası" "bərk
gedən" oğlunun ölümüydü, onun ölüm
xəbəriydi, amma kənd buna inanmırdı, inanmırdı ki, zülmün sonu var, Allah
böyükdür, hər kəs əməlinə görə cavab verir... Əli qana batmış Xudadin kişi də həmçinin...onun
üçün artıq "səhər ağır-ağır açılıb
qurtarmışdı...".
Hekayədə Çexovsayağı və Şukşinsayağı
sarkazmlar və eyhamlar da yer alıb. Kamal Abdullanın rus klassiklərindən fərqi
bu eyhamları dini-fəlsəfi motivlərlə əsaslandıra bilməsi, obrazların xarakterinə
lirik-psixoloji çalarlar qatmasıdır. Mən bu xırda detalları Markesdə
("Qanadlı Qoca mələk") də müşahidə etmişəm, amma bizim yazıçımızın
orijinallığı bundadır ki, o, motivi çərçivəyə salmır, ideya və məzmunu elə bir
formada təqdim edir ki, ağrılı olsa da, təsəllivericidir, sanki oxucu sakitləşir,
təskinlik tapır və inanır ki, Allah var, heç kim cəzasız qalmır – nə bu
dünyada, nə də o biri dünyada. Doğan məntiq
budur və Azərbaycan yazıçısı bu məntiqin bədii formasını ustalıqla həll edir.
Ümumiyyətlə, xüsusi qeyd edim ki, Kamal
Abdullada janr, kompozisiya problemi yoxdur, onun demək olar ki, bütün əsərlərində
(roman, pyes, esse və hekayələri) struktur və məzmun orijinaldır, o, janrın
baryerlərini məharətlə aşa bilir, bu, heç də klassik tələblərə xələl gətirmir.
Kamal Abdullada dil problemi də yoxdur, bədii dilin bütün imkanlarından
bacardıqca istifadə etmək, yeri gələndə canlı danışıq dilindən, ləhcələrdən,
dialektlərdən istifadə etmək (özü də yerli-yerində!) imkanlarını əldən
buraxmır. Kamal Abdullada mövzu problemi də yoxdur: sosial mövzular, ailə-məişət,
psixoloji, fəlsəfi, dini, mistik... mövzuların bədii həllini verir...
Yazıçının bədii fəlsəfəsi təkcə mətnlərin
süjeti və mövzusuyla bağlı deyil, məntiq, estetika, mistika və güclü sarkazmla
müşayiət olunur. Yığcam, lakonik, qısa bir abzas həm də zəngin informasiya mənbəyidir.
Müasir yazıçı üçün ən vacib keyfiyyətdir bu. Mən bu cəhəti Kamal Abdullanın həm
hekayələrində, həm də esselərində görürəm və qiymətləndirirəm. Biz çox vaxt
Avropa yazıçılarından, onların yaradıcılıq metodlarından danışırıq, təəssüf ki,
öz yazıçılarımızı oxumuruq, ya da az oxuyur, onların sənətkarlıq xüsusiyyətlərinə
az diqqət yetiririk. Əslində Kamal Abdulla kimi yazıçılarımızın yaradıcılığını
önə çıxartmalıyıq, onların dünya üçün maraqlı və yeni ola bilən metodlarından
danışmalıyıq.
Kamal Abdullanın obrazlarının dialoqları kənd
ağsaqqalları və cavanlarının həyat tərzini, danışıq mədəniyyətini açır, onların
yumor və sarkazmlarını, iti zəkalarını, maneralarını, ağıllı və ağılsız hərəkətlərini
tipikləşdirir və gözümüzün qabağında hər birinin özünəməxsus xarakterləri
canlanır. Misal üçün, təkcə "Sirri-zəmanə" hekayələr kitabında 39 real və demək olar ki, bir o qədər də
irreal obraz var. Bu obrazların heç biri biri-birinə bənzəmir, eyni zamanda bu
obrazlar hardasa, hansı nöqtədəsə birləşirlər. Yazıçı məharəti və zəhməti
hesabına, yazıçı təxəyyülü və zəkası hesabına. Obrazların məişət dili zərb-məsəllərlə
zəngindir; həm şəhər, həm də kənd camaatı nitqində şifahi xalq
yaradıcılığından, folklordan, idiom və frazeoloji ifadələrdən istifadə edir. Bu
da bizim xalq üçün xarakterik hesab olunmalıdır, yazıçının dilin bütün incəliklərinə bələd olmasından xəbər verir. Təbiidir. Kamal
Abdulla gözəl dilçi alimdir, akademikdir və bədii yaradıcılığında bu ləyaqətli
imtiyazından məharətlə istifadə edir.
Qeyd etdiyim cəhətlər Kamal Abdullanın "Labirint" silsiləsindən
olan "İstintaq", "Ay işığı", "Kamera Teatrı",
"Səhvlərimizin qrammatikası" silsiləsindən olan "Qədim mayyalara
cavab", "Korneliusun ölümü", "Platon, deyəsən, xəstələnib",
"Asiman və Zəminə", "Atama deyin ki, mən xoşbəxtəm" və s.
hekayələrinə də aiddir.
Bütün bunlar şübhəsiz böyük bir yazıçı əməyindən
xəbər verir, düşünürəm ki, gələcək araşdırmaçılar Kamal Abdullanın
yaradıcılığını tədqiq edərkən bu sahəyə də diqqət yetirə bilərlər. Kamal
Abdullanın hekayələrində Azərbaycan dilinin geniş imkanları açılır, onun lüğət
tərkibinin necə zənginləşməsi görünür. Bu barədə gərək ayrıca danışasan....
Həyat hadisələri bütün qabarıq və sirli üzüylə
açıqdır, onları görmək mümkündür. Lakin bu, o qədər də asan deyil, hazırlıqlı
oxucu özü-özünə suallar verməli olur: burda yazıçı nə demək istəyir? Yazıçı niyə
belə sürətli manevrlər edir? Obrazlar - canlı və cansız varlıqlar arasında
münasibətlər nə üçün qəfil yaranır, və ya qəfil qırılır?.. Bəzən biz bu hekayələrdə
zaman və məkanı dəqiq təyin edə bilmirik, amma obrazlar o qədər koloritli və
müasirdir ki, anlayırsan: bu tiplər elə bizimkilərdi, bizim dövrün adamlardı. Xalq
həyatını tipikləşdirmək, onların xarakter və yaşam tərzlərinin xüsusi çalarlarını
verə bilmək bacarığına hər yazıçının əsərində rast gəlməzsən. Bu baxımdan Kamal
Abdulla xoşbəxt sənətkardır; o klassik və müasir ənənəni, keçmişi və bu günü gələcəklə,
gələcək dəyərlərlə (əslində dünyəvi dəyərlərlə!) bağlayır və obrazlarını müxtəlif
situasiyalara (real və irreal) salmaqla belə bir çağırışla dünyaya müraciət
edir: həm xeyir, həm də şər işlərlə məşğul olanların axırı onsuz da ölümdür, bu
dünyada yaşamaq istəyirsinizsə, xeyir iş görün!
Daha bir tipik misal: "Kölgə" hekayəsi
rəvayət kimi nəql olunur; mətn sadə üsulla, gözəl forma və məzmunla çatdırılır.
Əsasən üç obraz var hekayədə – Sənətkar, onun Kölgəsi və Cadugər. Hər şey Sənətkarın
evinə gedən yolda kölgəsinin birdən-birə yox olmasıyla başlanır. Onun
"kölgəsi bədənindən ayrılır". Hekayə elə bu faktla başlayır və bu da
o deməkdir ki, Sənətkar artıq ölmüşdür...
Məlumdur ki, kölgə mifoloji personajdır,
insandan qabaq onun kölgəsi yox olur. Müxtəlif xalqlarda kölgəylə bağlı miflər
dolaşır və yazıçı o miflərin demək olar ki, ən məntiqlisini rəvayətdə bədii şəkildə
həll edir. İlk təəssürat bu olur ki, kölgə itirsə, doğurdan da, sənətkar
ölür... Amma süjet və bədii təxəyyül tamam başqa, daha gözəl istiqamətlidir: Sənətkar
mahiyyəti öyrənmək üçün cadugər çağırır, o da sənətkara bildirir ki, sən bu gün
evə gələndə cadugərə çevrilmisən. "Bunu
mələklər də edə bilər, şeytanlar da... Mən də anamın qarnında cadugər
olmamışam....çox-çox illər bundan əvvəl mənim də kölgəm bədənimdən ayrılmışdı.
Mən də o vaxtdan cadugər oldum. İnsanlara xidmət eləmək yolunu seçdim...".
Nəhayət, Sənətkar sevinib deyir ki, bunu heç kimə bildirməsin, o, öz cadugərliyindən
ancaq öz həyatı üçün istifadə edəcək...
"...
Cadugər cavab verdi:
– Əsas məsələ budur ki, sən
cadugərliyini gizlədib insanlara xidmət eləməkdən vaz keçsən, kölgən yenidən gəlib
səni tapmaq, sənə yapışmaq istəyəcək. Sən bacardıqca öz kölgəndən qaçmalısan.
Kölgən səni tapsa, o daha sənin davamın olmayacaq, o səndən dəhşətli intiqam
alacaq. Bir dəfə cisimdən ayrılan bir daha cismə birləşməz...".
Hekayənin əsas hissəsi bundan sonra başlayır,
məlum olur ki, Sənətkar çox düşündükdən sonra kölgəsindən gizlənməyin yolunu
tapır; adını dəyişir, görünüşünü, rəngini, evini, iş yerini... hər şeyini dəyişir,
hətta qohum-əqrəbadan da üz döndərir ki, onları görməsin, sonda sevgilisini də
dəyişir... Yeni sevgili tapır... və bir gün bu sirrini yeni sevgilisinə
deyir... Beləliklə, sirrin üstü açılır və... Sənətkarın kölgəsi qayıdır, onu
köhnə evinə sarı aparır və kölgəsi onun bədənindən ayrılan tində yenidən onun bədəninə
girir.... Sənətkar ölür..."Öz kölgəndən qaça bilməzsən!" məntiqi!
Amma görün bu məntiq necə təsirli formada ifadə olunub!
Ümumiyyətlə, əlavə edim ki, yazıçının istifadə
etdiyi mifik obrazların hər birinin öz missiyası var və onlar bu missiyalarını müxtəlif
situasiyalarda müxtəlif cür yerinə yetirirlər.
Kamal Abdullanın hekayə və esselərində, habelə elmi mahiyyət daşıyan fəlsəfi
kitabında da ("Kitabi-Dədə Qorqud" poetikasına giriş") mifoloji
obrazlardan istifadə olunur, onların mahiyyəti və fəlsəfəsi maraqlı bir metodla
açılır...
Kamal Abdulla Azərbaycan ədəbiyyatında həm də
esse ustası kimi tanınır. Onun "300 azərbaycanlı" esselər kitabı mənim
stolüstü kitablarımdan biridir, oxuduqca oxumaq istəyirəm, oxuduqca yeni
çalarlar, yeni duyğular, yeni fikirlər tapıram. Yazıçının fikrincə, kitabın əsas
qəhrəman – obrazları "mənşəyi Azərbaycan olan 300 düşüncə budağı, 300 azərbaycanlı
məslək və ləyaqət tərzi, 300 abır və həya nümunəsi..."dir... Yenə elə həmin
esselər toplusunda Kamal Abdulla yazır: "...Bizim ən çox sevdiyimiz şey
"o kimdir?", "sən kimsən?", "onlar kimdirlər?"
suallarını ortaya atıb bu suallara öz bəyəndiyimiz cavabları verməkdir.
Unuduruq ki, bütün bu suallardan əvvəl hər birimizin ayrıca "Mən kiməm?"
sualı olmalıdır. Cavabdan da vacib o sualdır. Bəlkə də son ümid olan o sual
bizi əvvəl-axır düz-əməlli bir cavaba doğru aparan yola sala biləcək..."
Kamal Abdulla "Mən kiməm?" sualına
dolğun və doğru cavab verən filosof yazıçıdır; bədii-fəlsəfi düşüncənin
itiliyi, elmi-fəlsəfi fikrin dəqiqliyidir
Kamal Abdulla, nəhayət, o, bizim müasirimizdir və əminəm ki, bundan
sonra doğulacaq neçə-neçə nəslin də müasiri olacaq. Və sonda: Argentinanın
hansısa kəndindən çıxmış bir yazıçını tərcümə edib yaymaqdansa, Kamal Abdulla səviyyəsində
olan nasir və şairlərimizin əsərlərini tərcümə etmək, dünyaya çıxarıb
yaymaq xalqımız üçün daha önəmli
olar.
Kamran NƏZİRLİ