AZE | RUS | ENG |

Nobel mükafatçılarını tanıyırıqmı?

Nobel mükafatçılarını tanıyırıqmı?
Yazarlar bu sahədə həm mükafat verənləri, həm oxucuları, həm də naşirləri günahkar hesab edirlər

Ədəbiyyat üzrə Nobel mükafatı alan yazıçı və şairləri əksər vaxt nəinki oxucular, heç ədəbiyyatçılar da tanımır. Mükafat təqdim olunandan sonra isə adları ətrafında hay-küy yaranır. Bu yaxınlarda yapon əsilli yazıçı Kadzuo İşiquroya mükafat veriləndə də eyni söz-söhbət yarandı. Nobelə qədər öz ölkələrində və ya digər inkişaf etmiş ölkələrdə milyon tirajlarla çap olunan yazıçıların əsərləri nə üçün bizim ölkəmizdə tərcümə olunmur? Nə üçün həmin müəllifləri çox vaxt bizim ölkəmizdə tanımırlar? Nobelçilərə münasibətdə "Müzakirə”mizdə müxtəlif fikirlərlə qarşılaşdıq.
 
Təqsir bizim özümüzdədir
 
Yazıçı-dramaturq Firuz Mustafanın fikrincə, Nobel mükafatçılarının tanınmaması heç də ödülə layiq görülən yazıçı və şairlərin təqsiri deyil: "Görünür, bizdə oxu mədəniyyəti hələ kifayət qədər formalaşmayıb. Yəni dünyanın qəbul etdiyi, oxuduğu yazıçıları bizim tanımamağımızın səbəbini elə bizim özümüzdə axtarmaq lazımdır”. Novelçilərin əsərlərinin tərcüməsinə gəlincə, yazıçı bildirir ki, son illərdə Tərcümə Mərkəzi bu mükafata layiq görülənlərin əsərlərini ardıcıl şəkildə dilimizə çevirtdirib nəşr edir: "Amma görünür hələ hansısa əsərin tərcümə olunması işin hamısı deyil. Bu sahədə mətbuatın, telekanalların üzərinə də mühüm vəzifələr düşür. Yəni ədəbi əsərlərin və müəlliflərin oxucu və tamaşaçılara təqdimatı qənaətbəxş deyil”.
 
Alternativ ədəbi mükafatlar olsun
 
«Ulduz» jurnalının baş redaktoru Qulu Ağsəs hesab edir ki, əvvəlki illərdə Nobel mükafatı alanlar məşhur yazarlar olub. Belə ki, onlar öz ölkələrində yazdıqları dilin arealına uyğun - ingilis, ispan, rusdilli ölkələrdə tanınırdılar. Yalnız bundan sonra dünyanın əksər inkişaf etmiş ölkələri o müəlliflərin əsərlərini çap edirdi. İsveç Akademiyasına onların namizədliyi təqdim olunur və Nobel mükafatına layiq görülürdülər: "Əvvəlki nobelçilər, xüsusən ədəbiyyat üzrə əvvəlcə ödül alanlar dünyada tanınırdılar, daha sonra Nobel mükafatına təqdim olunurdular. Onlar Nobel mükafatına layiq görüləndə artıq onların təqdimatına xüsusi ehtiyac qalmırdı. Ancaq son vaxtlar durum dəyişdi. Məsələn, poyak şairəsi Vislava Simborska ilk dəfə Nobel alanda mən təəccüblənmişdim. Çünki belə bir müəllifin olduğunu bilmirdim. O, yalnız mükafatı alandan sonra diqqətimi cəlb etdi və şeirləri tərcümə olunmağa başladı. Bilmədim, tərcüməyə görə, ya hansısa səbəbdən şeirlər mənə o qədər də təsir etmədi. Mən həmin şeirlərdə Nobelə layiq xüsusi bir əlamət görmədim”. Q.Ağsəsin fikrincə, sonrakı illərdə də Nobel mükafatı dünyanın o qədər də tanımadığı yazarlara verilib: "Biz də onları tanımırdıq. Dünya ədəbi ictimaiyyətinin tanımadığı imzalara Nobel ödülünü verməyə başladılar. Bundan sonra ədəbi ictimaiyyətdə Nobelin siyasiləşməsi barədə söz-söhbət yayıldı. Yəni burda da tendensiyalar var. Son illər Nobel mükafatçılarına demək olar ki, təkcə Azərbaycanda deyil, həm də postsovet məkanında ödül təqdim olunandan sonra maraq yaranır və onların əsərlərini tərcümə etməyə başlayırlar. İstər rusdilli arealda, istərsə də digər Qərb ölkələrində dostlarımızla münasibətdən aydın olur ki, Nobel mükafatçıları əvvəlki qədər heyranlıqla qarşılanmır. Nobel mükafatı, xüsusən ədəbiyyat sahəsində təqdim olunan ödül əvvəlki çəkisini, nüfuzunu qoruyub saxlamır. Yəni indiki Nobel mükafatı əvvəlki Nobel ödülü deyil”. Baş redaktor Nobel mükafatına layiq görülməyin hər bir yazıçının ürəyindən keçən arzu olduğunu deyir və ödülü həmin yazarın yaradıcılığına verilən ən son qiymət hesab edir: "Ancaq mən istərdim ki, alternativ ədəbi mükafatlar da olsun. Nobellə yarışa girən, hətta onu geridə qoyan mükafatlar təsis edilsin!” Q.Ağsəs rəhbərlik etdiyi «Ulduz» jurnalında Pedaqoji Universitetin müəllimi, ədəbiyyatşünas-alim İlham Abasovun «Nobel mükafatları laureatları» adlı layihəsi əsasında tez-tez yazılar dərc etdiklərini deyir: "Müəllifə son illərin mükafatçıları haqqında yazılar yazmağı təklif edəndə, həmin yazarların onun diqqətini o qədər də cəlb etmədiyini hiss etdim. O, keçmiş nobelçilərdən təqdim etməyə can atır. Demək, keçənlərdə daha yaxşı müəlliflər olub ki, ədəbiyyatşünas alim onları araşdırmağa üstünlük verir. Ancaq çox istərdim ki, hansısa ədəbiyyatşünas alim son illər Nobel mükafatı alan şair və yazıçıların yaradıcılığını araşdırsın və biz onu «Ulduz»da təqdim edək. Yəni bu o demək deyil ki, əgər Nobel mükafatı alanı ölkəmizin ədəbi ictimaiyyəti tanımırsa, biz onun əsərini tərcümə etməməli və oxumamalıyıq. Ən azından xəbərimiz olmalıdır”. Q.Ağsəs hesab edir ki, bu, həm də yazarlarımızı «Azərbaycanlı şair və yazıçılar niyə Nobelə təqdim olunmur?» kimi baş qaxıncından xilas edə bilər: "Qoy o müəlliflərin əsərləri tərcümə edilib təqdim olunsun, onda oxucular bizim ədəbiyyatçıların yaradıcılığının nobelçilərin yaradıcılığından fərqini görə biləcəklər”.
 
Çoxunu dünya tanımır
 
Yazıçı İlqar Fəhminin fikrincə, elə yazıçılar var ki, onlar Nobel mükafatı almamışdan əvvəl də Azərbaycanda tanınıblar: "Elə yazıçılar da var ki, nəinki Azərbaycan, heç dünyanın böyük bir hissəsi onları tanımırdı. Son illər Nobel alan yazıçıların içərisində bütün dünyanın tanıdığı Orxan Pamukdur. Daha sonra «Pianoçu» əsərini yazan Elfriede Yelineki də dünya oxucusu geniş mənada tanıyırdı. O cümlədən, onun Azərbaycanda da əsərləri təqdim olunmuşdu. Ancaq Patrik Modiano dar mənada Avropada müəyyən çıxışlarına görə tanınan adam idi. Sonuncu Nobel mükafatı alanlara diqqət yetirsək, onların çoxunu dünya tanımır. Amma qəribədir ki, dünyanın tanıdığı yazıçı və şairlərə bu mükafatı vermirlər. Neçə illərdir mükafatın Haruki Murakamiyə, Yevtuşenkoya, Adonisə veriləcəyi haqda söhbətlər getsə də, heç birinə verilməyib. Tanınmış yazarlar bir kənarda qalır, ancaq onlar öz maraqlarına uyğun insanlara bu mükafatı verirlər”. Yazıçı hesab edir ki, nobelçilərin bütün əsərlərinin tərcümə edilib yayılmasına ehtiyac yoxdur: "Bu, bizim üçün maraqlı da olmayacaq. Onların bəzisi sırf Avropanın problemlərinə həsr olunan əsərlərdir. Amma onların içərisindən Azərbaycan oxucusu üçün maraqlı olan əsərləri seçmək olar”.   
 
"Həm iqtisadi, həm ünsiyyət səbəbləri var» 
 
Ədəbiyyatşünas, tənqidçi Rüstəm Kamal nobelçilərin ölkəmizdə tanınmamasını mütaliə imkanlarımızın məhdud olması ilə əlaqələndirir: "Digər tərəfdən, dünya ədəbiyyatı ilə tanışlığımız sistemli deyil. Bizdə ingilis dili yalnız dil baxımından öyrənilib. Biz ingilis mədəniyyətini, ədəbiyyatını öyrənməmişik. Əcnəbi dillərin ədəbiyyatdan kənarda öyrənilməsi ənənəsi olub, ingilis dilini öyrəniblər, ancaq Bayronu, Şekspiri, müasir ingilis nəsrini oxumağı öyrənməyiblər. Ona görə bizdəki ingilis dili müəllimlərinin heç biri ingilis ədəbiyyatını bilmir. Bu baxımdan dil problemimiz var. Həmçinin əcnəbi ədəbiyyatın dəb ənənəsi olmayıb. Bizdə sovet yazıçıları təbliğ olunub. Ona görə başqa dillərdə olan yazıçıları tanımamışıq. Onların reklamı getməyib. Həmçinin  əcnəbi ədəbiyyatın mütaliə ənənəsi yetərincə olmayıb”. Tənqidçi nobelçiləri tanımamağı normal hesab edir: "Bəyəm biz Koreya, Çin, ərəb, İran ədəbiyyatını yaxşı tanıyırıq? Sadəcə, Türkiyəyə gediş-gəliş çox olduğundan onların ədəbiyyatını bir qədər yaxşı tanıyırıq. Bu, məsələnin bir qədər humanitar tərəfidir. Nobelçilərin yazdığı əsərləri tanımaq üçün ilk növbədə tərcüməçilər ordusu olmalı, tərcüməçilik məktəbi yaranmalıdır. Avropa nəsri, ədəbiyyatı ilə bağlı elmi işlər aparılmalıdır. Həmçinin filoloji məkanda o yazıçılarla tanışlıq olmalıdır. Burda həm iqtisadi, həm ünsiyyət səbəbləri var». 
 
Tərcüməçilərin vəzifəsi
 
Şairə Fərqanə Mehdiyeva hesab edir ki, Nobelçilərin tanınması məsələsində daha çox tərcüməçilərin üzərinə yük düşür. Belə ki, onlar Nobel mükafatçılarının əsərlərini tərcümə edib oxuculara çatdırmalıdırlar: "Biz də o əsərləri oxuduqca həmin yazarların hansı göstəricilərə görə bu mükafata layiq görüldüklərini bilməliyik. Əslində həmin mükafatçılara mükafat təqdim olunmamışdan onlar tanınmalı, əsərləri təbliğ olunmalı, çap edilməlidir. Həmçinin dərsliklərdə tədris olunmalıdır. Biz o müəllifləri tanımalıyıq ki, Nobel mükafatı alanda da adlarını eşidib təəccüb etməyək. Bununla da tərcümə sahəsi bu sahədə aktiv olmalıdır”.  
 
 
3 il vaxtım olsa
 
Gənc yazar Aqşin Yeniseyin fikrincə, nobelçilərin ölkəmizdə yaxşı tanınmaması və çap olunmamasının səbəbi naşir bazarının formalaşmamasıdır: "Dünyada, məsələn, mənim hal-hazırda yaşadığım Türkiyədə oxucuları ədəbiyyatın ətrafına yığan, bizə nə qədər təəccüblü gəlsə də, yazıçı və şairlərdən daha çox naşirlərdir. Bazarın sahibi onlardır. Bu işin peşəkar zövqə görə nöqsanlı tərəfi odur ki, hər naşirin bəh-bəhlə bazara çıxardığı hər on yazıçı və şairdən doqquzu zay müəlliflərdir. Amma o zay məhsullardan gələn gəlirlə naşirlər peşəkar yazıçıları qoruya bilirlər. Bizim yazıçı və oxucuların dünyadakı ədəbiyyat bazarından xəbərsiz olmasının əsas səbəbi budur. Çünki naşir bazarı formalaşmayıb, daha doğrusu, qaşıqla gor qaza-qaza indi-indi formalaşmaq istəyir”. Yazarın sözlərinə görə, bu gün bizdə tərcümə və çap olunan kitablar artıq dünya bazarından çıxıblar, ona görə xarici müəlliflər çox rahat şəkildə çap hüququ verirlər: "Çünki həmin müəlliflər artıq o kitabdan pul qazanacaqlarını düşünmürlər, qazandıqlarını iyirmi il əvvəl qazanıblar. Məsələn, biz bu geridəqalmışlığı avtomobil bazarında görmürük, ən son model avtomobil ilk beş ölkəyə ixrac olunursa, onun biri Azərbaycandır. Niyə? Çünki bazarı və azarı var. Ən acınacaqlı proqnoz isə budur ki, biz 35 milyonluq cənublu qardaşlarımızı fars kitab bazarından çıxarmasaq, on milyonluq ölkədə heç vaxt kitab bazarı yarada bilməyəcəyik. Çünki alıcı kütləsi çox önəmlidir. Hətta 80 milyonluq Türkiyədə də kitab bazarı sönükdür, məsələn, Yaponiya ilə müqayisədə. Təsəvvür edin, 80 milyonun cəmi 1 milyonu 30 lirəlik eyni kitabı alsa, bu, 30 milyon lirə deməkdir. Təkcə bir kitab satışı ilə 30 yazıçını milyonçu etmək olar”. A.Yeniseyin fikrincə, yazıçı, şair üçün pul vaxt hesab edilir, amma bizim yazıçı və şairlərin pulu olmadığından onların yazmağa, düşünməyə vaxtları yoxdur: "Məsələn, mənim bu yay cəmi üç ay boş vaxtım oldu, 700 səhifəlik məşhur bir romanı tərcümə etdim. Görün, indi 3 ay yox, 3 il qarnım dolu, vaxtım boş olsa, nə "hoqqa”lardan çıxaram, eləcə də digər həmkarlarım...”
 
Təranə Məhərrəmova

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6331
GBP 1 İngilis funt sterlinqi 2.2267
TRY 1 Türk lirəsi 0.3042
KWD 1 Küveyt dinarı 5.6079
SEK 1 İsveç kronu 0.1895
EUR 1 Avro 1.9550
CHF 1 İsveçrə frankı 1.7090
USD 1 ABŞ dolları 1.7000