• çərşənbə, 08 May, 18:24
  • Baku Bakı 18°C

Müasir dramaturgiya və ədəbi gənclik

24.11.15 12:10 3212
Müasir dramaturgiya və  ədəbi gənclik
Müasir dünya ədəbiyyatında dramaturgiyada yeniləşmə prosesi digər sahələrlə - poeziya və nəsrlə müqayisədə daha intensivdir. Təəssüf ki, müasir Azərbaycan dramaturgiyası bu yeniliklərə o qədər də həssas deyil.
Son illər pyeslərin sayının azlığı, bu sahəyə marağının az olması səbəbindən, gənclərin yaradıcılığı ilə bağlı məruzələrdə dramaturgiyadan bəhs edilməmişdir. Bu baxımdan ötən il təsis edilmiş “Anamın kitabı” müsabiqəsi dramaturgiyaya olan marağın artmasını şərtləndirən çox vacib bir addımdır. Müsabiqədə əsasən gənclərin təmsil olunması müsbət hal olsa da, əlbəttə ki, bu zaman təcrübəsizlik, janra ilk müraciətin kəsirləri də nəzərə çarpdı.

Sevinc El Sevərin “Ürəyində arzu tut ” pyesində Xocalıda əsir düşmüş qızın taleyindən bəhs edilir. Pyesdə, son dövr müharibə mövzusunda yazılmış əsərlərdə olduğu kimi, qələbə gözləntisi narahatlıq, müharibənin yaratdığı mənəvi problemlərin təsviri ilə əvəzlənir. Oğlunun nişanlısının sağ qaldığı, tezliklə onlara qovuşacağı xəbəri, Xocalıdan qaçqın düşən, bu faciədə yaxınlarını itirən ailədə sevinclə bərabər narahatlıq, gərginlik yaradır. Əsir həyatı yaşamış Arzunu nə nişanlısı, nə də yaxın insanları qəbul etmirlər. Faciədən qurtulmuş qızın yenidən həyata adaptasiyası mümkün olmur. Onun faciəsi öz doğmaları arasında da davam edir, yaşadıqları onu rahat buraxmır. Nişanlısı sonda onu təcavüzdən qorumaqla, günahını yumağa çalışır. Təəssüf ki, stereotip yanaşma, qızın əsirlikdə başına gətirilən vəhşiliklərin yer aldığı təsvirdə psixoloji gərginlik, sarsıntılar yer almır. Vəziyyətin dramatikliyi canlandırılmır, sadəcə təsvir edilir. Nişanlısı ilk olaraq öz istəyində israrlı olsa da, səhnədə görünmür, bir də sonda görünür. Doğmalarının bu cür münasibəti, əsirlik qədər acı tale canlandırılmır.
Şəbnəm Xeyrullanın “Qırmızıpapağ”a yalan danışmaq olmaz” əsərində əbədi obrazlardan olan, fırıldaqçı “Ostap Bender” tipli bir qəhrəmandan bəhs olunur. Müəllif əsəri “Qırmızı papaq” nağılı ilə əlaqələndirərək, həqiqət və yalan anlayışlarının qarşıdurmasını aradan qaldırmağa çalışır. Həqiqətin deyil, yalanın xilasedici missiyaya sahib olması fikri yer alır: “o həyatım boyu dediyim yeganə həqiqət idi. O həqiqətlə də günaha batdım. Başa düşürsünüz, həqiqətlə!”. Qırmızı papaq aldanan obraz ilə görüş fırıldaqçını fərqli aspektdən canlandırır. Uşaqlıqda, tamaşa zamanı, Qırmızı papağın yerini canavara doğru olaraq göstərdiyi üçün, yoldaşları tərəfindən qınanılan gənc tamaşaçı, illər sonra Qırmızı papağın qarşısında yalanlarını etiraf edir. Öz ünvanına səsləndirilən ittihamları qəbul etsə də, asanlıqla onun qurbanlarına çevrilən cəmiyyətin pul hərisliyini, cılızlığını ifşa edərək, özü də ittihamçıya çevrilir: “Bütün insanları ancaq bir şey maraqlandırır – pul. Başqa heç nə. Ürək, sevgi, dostluq – hamısı boş şeydir ”.
Şəhriyar del Geraninin “Ayişə necə gülür?...” əsəri cənub mövzusunu ədəbiyyatımıza yenidən qaytarır. Müəllifin dramaturji poetikaya bələdliyi, əsərdə remarkaların yerində təqdim olunması, dəqiq verilməsi uğurlu haldır. Bunun nəticəsində hadisələr yalnız nəql olunmur. Pyesin tələblərinə uyğun olaraq, dramaturji hərəkət, konflikt hər biri yerli yerindədir.
Müəllifin mövzuya yanaşması, bir detalla – azadlığın, bu hiss Mahur Ər üçün pafosdan uzaq bir anlayış olaraq qızının gülüşündə ifadə olunub - düsturunu verə bilməsi uğurludur. XXI əsrdə azadlığa can atan insanın qarşılaşdığı maneələrin canlandırıldığı pyesin əvvəlində Ayişə hicabı əlində tutub ağlayırsa, sonda artıq gülür. Lakin əsərin finalı kədərlidir. Bəşəriyyətin hələ də övladlarının gülüşü üçün çox belə qurbanlar verməli olacaqlarını ehtiva edir.
Digər yazar Ülviyyə Tahir isə “Anamın tabutu” pyesində müasir cəmiyyətimizin mikromodelini yaratmağa çalışır. Dünyasını dəyişən ananın övladları tamamilə fərqli əqidəli insanlardır. Analarının ölümü belə onları birləşdirə bilmir.
Bir-birlərinə düşmən kəsilən ailə üzvləri analarının tabutu ətrafında bir araya gəlmək məcburiyyətində qalırlar. Məhrumun qızı müğənni Səbinə, dini sektaya qoşulmuş Eldar, ailə üzvləri bozqurdçular olan qızı Günel, amerikansayağı həyat tərzi sürən Həmid. Bir-birinə heç cür güzəştə gedə bilməyən bu insanların “deyişməsi” polis məntəqəsinə aparılmaları ilə yekunlaşır.
Göründüyü kimi, bir çox pyeslərdə dövrün sosial mənəvi problemləri daha çox əvvəlki təcrübə işığında qələmə alınır (“İşıq pulu” pyesinin əsas obraz Cəbiş müəllimi xatırladır, Ülviyyə Tahirin “Anamın tabutu” əsəri C.Məmmədqulizadənin “Anamın kitabı” pyesi ilə səsləşir), yeni məzmun kəsb edə bilmir. Üzdən işlənmiş konfliktlər, nəsrə xas təfərrüatlı təsvirlər, obrazların sxematikliyi yer alır, müəlliflərin psixoloji vəziyyəti, hisslərin dramatizmini göstərməkdə çətinlik çəkdikləri görünür.
Tədqiqatçılar müasir dramaturgiyanın əsas komponentlərinin deformasiyaya uğradığını, hətta konfliktin aradan qalxdığını qeyd edirlər. Konfliktin alt qata enməsi, hərəkətin, fikrin dinamikası, hisslərin çulğaşması ilə əvəzlənməsinin baş verdiyi vurğulanır. Bu səbəbdən əsasən pyeslərdə iştirakçıların sayının azalması, hadisələrin lokal məkanda baş verməsi müşahidə olunur. Samir Sədaqətoğlunun “Həbsxanada bayram” və İlqar Fəhminin “Zümrüd parıltısı” pyeslərində məhz bu cür yanaşma yer alır, hadisələr lokal məkanda baş verib, cəmi bir neçə saatı əhatə edir, retrospektiv zaman önə keçir.
Samir Sədaqətoğlunun 4 pərdədən və 4 monoloqdan ibarət olan “Həbsxanada bayram” iki hissəli pyesi Azərbaycan Teatr Xadimləri İttifaqının təşkil etdiyi “Axundov dərslərini”nin qalibi olmuş, “MDB gənc dramaturqlarının ən yaxşı pyesləri” toplusunda çap edilmişdir.
Bu əsərin personajları marginallardır. Onlar yaşamla boşluğun arasında, uçurumun astanasında ömür sürürlər. Müəllif sosial problemlərin həllini deyil, boşluğun bir addımlığında olan insanın intim dünyasını təsvir edir.
Monoloq, təksəslilik üzərində qurulmuş pyesdə hadisələrin inkişaf dinamikası yer almır. Dramatizm üzdə deyil, daxildə, alt qatdadır. Təəssüf, ağrı ilə xatırlanan dörd insan faciəsi, dörd tale canlandırılır. Səbəblər müxtəlifdir: kimisə öz günahı ucbatından - (lakin yenə də səbəb həyatın amansız qanunlarıdır) atasının özündən vəzifəli şəxslərin qarşısında alçalmasına dözə bilməyərək “sınır”, kimisini ətrafındakı insanlar məhv edir, digərləri isə düşünülməmiş atılan addımların qurbanı olur.
Monoloq süjet xəttinin inkişafının, zamanın “ləngiməsinə”, personajların daxili yaşantılarının açılmasına xidmət edir. Onların əvvəlki həyatı, keçmişi, emosional vəziyyəti önə çıxır. Hər bir personaj öz həyatını nəql edir. Hərəkətin demək olar ki, müşahidə olunmadığı pyesdə personajlar, adları belə olmayan sadəcə məhbus kimi nömrələnən insanlardırlar. Yalnız müharibə iştirakçısı olmuş kontuziya nəticəsində ağlını çaşdırmış keçmiş hərbiçi dəli adlandırılır. Hər bir obrazın bədbəxtliyi fəci, çözümü olmayan konfliktlə şərtlənir. Pyesdə ənənəvi yaxşı və pislərin qarşıdurması, sonda isə yaxşıların zəfər çalmasından deyil, çözülməsi mümkün olmayan bir böhran, günahkarı məlum olmayan qəziyyədən bəhs edilir.
İlqar Fəhminin “Zümrüd parıltısı” pyesində isə ailədaxili münasibətlər, insanın patriarxal həyat tərzində boğulması, ailə dəyərlərinin adi məcranı aşaraq yükə çevrilməsi, ailə üzvlərini sıxması və nəhayət psixoloji partlayış həddində xilasolma istəyi əks olunur.
Pyes keçmişdən fraqmentlə başlanır və bu parça pyesdə davamlı olaraq təkrarlanır. Göz önündə canlanan xatirələr, fotoşəkillər yer alır. Həyatın oyun olaraq oynanılması (“hamımız oynayırıq da...”) fikri səsləndirilir. Personajların hər birinin keçmişə münasibəti fərqlidir. Pyesdə insanın dərin psixoloji girdabdan qurtulması,“uğurlu ailə” stereotipindən uzaqlaşaraq “başqa həyata”, özünü reallaşdırmağa can atma kimi dramatik situasiya canlandırılır. Daxili disharmoniya, bir tərəfdən olanları itaətkarcasına qəbuletmə, digər tərəfdən bu mütiliyə qarşı etiraz yer alır. Qardaşlardan biri, Rauf, daha özü istədiyi kimi yaşayacağını bildirir. Qardaşı Əflatunla yaşanan konfliktin ağrısını yaşayır. Rauf ailəsinin istəklərini yerinə yetirməkdən, Əflatun müsabiqələrdə iştirakdan yorularaq “özüm olmaq istəyirəm” deyə azadlığa can atır. Ümumi yorğunluq, əsəbilik xas olan mühitdə yalnız Adil rahat və sakitdir. Çünki şüuru ona bu mühitə daxil olmaq üçün imkan vermir. O, hadisələrə öz dünyası, öz prizmasından yanaşır. Böyüklərin oyununa qarışmır, öz uşaq dünyasında qalır. Pyesdə uzun illər ərzində yaranmış vəziyyətin böhran məqamı göstərilir. Belə bir dramatik situasiya üzərində qurulan əsrdə mürəkkəb emosional aura hakimdir. Bu konfliktin mərkəzi isə Zümrüddür. Ailə üzvlərinin bir-birlə mübahisəsi ilə pik həddə çatan konflikt, Maya xanımın gəlişi ilə çözümünə yaxınlaşır. Zümrüdün tərəddüdləri vəziyyəti daha da gərginləşdirir, ailə üzərində paylaşan konflikt, bir insanın üzərinə ötürülür.
Qan Turalın “Füzulinin qayıdışı” alternativ komediyasında isə Füzulinin heykəlinin canlanaraq müasir dövrümüzə düşməsi, şairin müasir zamana adlaması ilə absurd fantasmoqonik bir situasiya yaranır. Konflikt bədii irsə münasibət, Füzuli yaradıcılığına dekonstruktiv yanaşma üzərində qurulur. Klassikin yaradıcılığının müasir insan tərəfindən qiymətləndirilməsi, müasir kontekstdə təqdimi yer alır.
Burada qəhrəmanlar psixoloji-individuallıqdan məhrumdurlar, sxematik xarakter daşıyırlar. Kompozisiyada pərakəndəlik, süjetsizlik yer alır, zaman-məkan koordinantları aradan qalxır. Nizami Gəncəvi, Mirzə Fətəli, Mirzə Cəlil, Cəfər Cabbarlı kimi müxtəlif fikirli mütəfəkkirlərin toplandığı məclisdə ədəbiyyat tariximizdə olan fikir plyuralizmi, bəşəriyyətin inkişaf tarixinə ironik yanaşma sərgilənir. Beləliklə, zaman-məkan konkretliyini itirir, hadisələr müxtəlif əsrlərdə yaşamış sənətkarların görüşü səhnəsi kimi, reallıqla illyuziya müstəvisində reallaşır. Polislərlə qarşılaşan Füzuli müasir dünyada da sevgi məsələlərini həll etməli olur, lakin müasir insanın vəziyyətini anlamaq asan deyil. Füzuli ilə Nizaminin dialoqu bəşər tarixinin inamdan imansızlığa doğru istiqamətləndiyini müəyyən edir, ülvi hisslərin iflası baş verir. Müasir dünyada klassik irs yalnız dəyişməyən dəyərlər deyil. “Nəyimə lazımdır sənin Leyli, Məcnunun. Dünyanı sənin şerinlərinlə bir nağıl bildik. Leylimizi axtardıq, Məcnunumuzu axtardıq. Amma yox idi, yalan deyirsənmiş. Bilirsənmiş özün də. Səndən sonra gələnlər də səndən fərqlənmədi. Səni andılar, sənin atəşinlə alovlandılar ”.
Əslində bu inkarın özəyində müasir dünyanın əbədi dəyərlərin iflasına qarşı bir etiraz dayanır. Təəssüf ki, əsərdə dekonstruksiya səthi xarakter daşıyır, Füzuli yaradıcılığının dərinliklərinə işləmir.
Göründüyü kimi, gəncliyin axtarışlarını yalnız ilk təcrübənin kəsirləri bucağında təhlil etməkdən çəkinərək, müasir dramaturgiyamızda müşahidə olunan “yeni” meylləri artıq bu sahədə təcrübəsi olan İ.Fəhmi, S.Sədaqətoğlunun pyesləri ilə eyni müstəvidə izləməyə çalışdıq. Təhlillər növbəti illərdə dramaturgiya sahəsində də canlanma yaranacağına ümid etməyə imkan verir.
Lalə Həsənova
banner

Oxşar Xəbərlər