AZE | RUS | ENG |

Məşədi Məhəmməd Bülbülün həyatı və yaradıcılığı

Məşədi Məhəmməd Bülbülün həyatı və yaradıcılığı
XIX əsr Qarabağ ədəbi mühitinin istedadlı nümayəndələrindən biri olan Məşədi Məhəmməd Bülbülün həyat və yaradıcılığı ilə bağlı mülahizələrə keçməzdən öncə şairi yetişdirən, formalaşdıran zaman kəsiyinə, tarixi dövrün bir sıra yaddaqalan xüsusiyyətlərinə, hadisələrinə baş verən ictimai-mədəni proseslərə qısaca nəzər salmaq məqsədə uyğundur. Hər bir mütəfəkkir, şair, yazıçı yaşadığı dövrün tələb və arzularını öz ruhunda, yaradıcılığında əks etdirdiyi, mühitindən, zamanından bir sıra keyfiyyətləri əxz etdiyi üçün ilk növbədə onun dövrünə nəzər işığını salmaq lazımdır.
 
XIX əsr Azərbaycan ictimai –siyasi fikrində, istərsə də, ədəbi-mədəni tarixində çox mühüm dövr sayılır. Azərbaycanı işğalçı müharibələr nəticəsində ikiyə bölən Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrindən sonra ictimai-siyasi düşüncədə də bir sıra təbədüllatlar baş verdi. Milli şüurun oyanması, millətçilik, maarifçilik ideyaları geniş vüsət almağa başladı. İlk növbədə bir sıra mühüm tarixi hadisələrə diqqət yetirək. XIX sərin I yarısı və II yarısı Azərbaycan tarixi üçün keşməkeşli və məşəqqətli dövr sayılır. Bu dövrdə Azərbaycanda Rusiya tərəfindən aparılan bir sıra islahatlar əhali, mədəniyyət, iqtisadi münasibətlər baxımından da təsirsiz ötüşmədi. Rusiya öz mövqeyini möhkəmlətmək məqsədilə bir sıra qərarlar verirdi. Belə ki, "mütləqiyyət öz mövqeyini möhkəmlətmək üçün tədricən xanlıq üsul-idarəsini komendantlıq adlanan hərbi idarələrlə əvəz etdi” (R.Əliyev  " XIX əsrin 30-50 ci illərində Azərbaycan sosial-iqtisadi və mədəni inkişafı”). Bu cür tədbirlər bütövlükdə müsbət nəticələrə gətirib çıxarsa da, uzun müddətli effekti vermirdi. "30-40-cı illərdə çarizmin burada həyata keçirdiyi iqtisadi tədbirlər xanlıq üsul idarəsinin və feodal patriarxal qapalılığın bir sıra buxovlarını sındırdı. Azərbaycan Rusiya vasitəsilə dünya bazarına ayaq açdı” (R.Əliyev  "XIX əsrin 30-50 ci illərində Azərbaycan sosial-iqtisadi və mədəni inkişafı”) Bu sənətkarlığın, ticarətin inkişafına təkan verdi. Şəhər həyatı canlanmağa başladı. Lakin bu üsul da özünü doğrultmayaraq, bir sıra üsyanlara gətirib çıxardı. Nəticədə, "1840-cı ildə çar hökuməti Zaqafqaziyada inzibati islahatlar barəsində qanun verdi. Bu qanunla komendant üsul-idarəsi ləğv edildi, quberniyalar və onların nəzdində mahallar əvəzinə qəzalar yaradıldı”(Mahmud İsmayılov"Azərbaycan tarixi”. Bundan sonra verilən qanunlar və fərmanlar feodal və ağaların torpaqları üzərində mülkiyyət hüquqlarını bərpa etdi.
 
Beləliklə, "XIX əsr Azərbaycan xalqının iqtisadi və mədəni inkişaf tarixində ziddiyyətli bir dövrü təşkil edir. Bu dövrdə məfkurə və mədəniyyət sahəsində köhnə feodal qalıqları hökm sürür, o biri tərəfdən qabaqcıl rus və Avropa mədəniyyəti, demokratik fikirlər, azadlıq ideyaları yayılmağa başlayır” (Feyzulla Qasımzadə "XIX əsr Azərbaycan ədəbiyyatı tarixi”) Bu əsrin ən önəmli hadisələrindən biri də müsəlman məktəblərinin açılması idi. İlk müsəlman məktəbi Tiflisdə açıldı. Daha sonra Gəncə, Bakı, Şamaxı, Şuşa kimi iri şəhərlərdə fəaliyyətə başladı. Eləcə də, Azərbaycanın ilk və yeganə qız məktəbi 1848-ci ildə Şamaxıda açıldı, lakin zəlzələdən sonra Bakıya köçürüldü.
 
XIX əsrin ən xarakterik xüsusiyyəti kimi Azərbaycan maarifçilər ordusunun ilk əsgərlərinin səmərəli fəaliyyətini qeyd etmək olar. Belə ki, Abbasqulu ağa Bakıxanov, Qasım bəy Zakir, Mirzə Şəfi Vazeh, Mirzə Cəfər Topçubaşov, Mirzə Məhəmmədəli Kazımbəy məhz bu dövrdə elmin, mədəniyyətin inkişafına bir sıra töhfələr vermişlər. "Əsrin birinci yarısında Rusiyanın qabaqcıl elmi fikrinin xeyirxah təsiri altında Azərbaycan alimləri tədricən sxolastika təsirlərindən uzaqlaşaraq tarix, coğrafiya, astronomiya, təbiətşünaslıq elmləri sahəsində bir sıra dəyərli əsərlər yazırlar”  (R.Əliyev     "XIX əsrin 30-50-ci illərində Azərbaycan sosial-iqtisadi və mədəni inkişafı). Buna misal olaraq, Mirzə Adıgözəl bəyin "Qarabağnamə”, Mirzə Camal Cavanşir "Qarabağ tarixi”, Kərim Ağa Fateh və digərlərinin adlarını çəkmək olar.
 
Dövrün ən önəmli hadisələrindən Zaqafqaziyada ilk mətbuatın əsasının qoyulması idi. 1832-ci ildə Tiflisə "Tatar xəbərləri” qəzeti çap olunmağa başladı. "Tiflisskiye vedomosti” qəzetinə əlavə kimi nəşr olunan bu qəzetdə əsasən rəsmi sənədlər və sərəncamlar nəşr olunurdu. Lakin milli mətbuatın əsasını 1875-ci ildə "Əkinçi” qəzetinin nəşri ilə Həsən bəy Zərdabi qoydu. İki illik fəaliyyətinə baxmayaraq, qəzet milli şüurun oyanmasında özünün əvəzsiz rolunu oynadı. Eləcə də, dövri mətbuatın dayanmamasına, yeni qəzetlərin nəşrinə zəmin yaratdı. Bu səbəbdən, 1879-cu ildə Tiflisdə "Ziya” qəzeti, 1880ci ildən "Ziyayi-Qafqaziyyə” adı altında nəşr olunmağa başladı. Daha sonra "Kəşkül” qəzeti nəşr olunmağa başladı. Sonradan isə Bakıda "Kaspi”, "Bakinskiye izvestiya” kimi digər rusdilli qəzetlər nəşr olunmağa başladı. Bu qəzetlərin hamısını ictimai-mədəni həyatda bir hadisə kimi qeyd etmək olar.
XIX əsrin I yarısında ədəbiyyatda klassik ənənələrin hökm sürdüyü halda, aşıq yaradıcılığı da inkişaf edirdi. Həmin dövrü ən parlaq aşıqlarından Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Nəcəfi və Aşıq Pərini xüsusi fərqləndirmək olar.
 
XIX əsrin I yarısında Azərbaycan ədəbiyyatında iki ədəbi cərəyan diqqəti cəlb edirdi. Mürtəce romantik cərəyan və tənqidi realizm cərəyanı. Tənqidi realizm cərəyanın yaranması və inkişafı bilavasitə Abbasqulu ağa Bakıxanovun adı ilə bağlıdır. Onun "Mişkatül-ənvar” əsəri, eləcə də "Kitabi-Əsgəriyyə” hekayəsi ədibin qiymətli əsərlərindən sayılır. Bu dövrün ən görkəmli nümayəndəsi Mirzə Fətəli Axundov sayılırdı. Onun fəaliyyətin əsas əhəmiyyətli hissəsi XIX əsrin ikinci yarısına təsadüf edir. Eləcə də, Məşədi Məhəmməd Bülbülün də bu dövrdə, daha doğrusu, 1858-ci ildə dünyaya gəlməsini nəzərə alaraq, tarixin bu zaman kəsiyinə də diqqət yetirək.
 
XIX əsrin II yarısı da mühüm hadisələrlə tarixin yaddaşına həkk olunub.  Belə ki, Mahmud İsmayılovun düzgün qeyd etdiyi kimi "XIX yüzilliyin 50-60-cı illəri Azərbaycan da feodal sosial-iqtisadi münasibətlərin süquta uğraması, yeni kapitalist münasibətlərin inkişafı kimi xarakterizə olunur” (Mahmud İsmayılov "Azərbaycan tarixi”).
 
Təhkimçilik hüququnun ləğvindən sonra kəndlilər daha azad oldular və hüquqlarını nisbətən bərpa etdilər. Bu cür islahatlar kapitalizmin inkişafına gətirib çıxardı. Bütün sahələrdə canlanma yarandı. Sənətkarlıq, ticarət geniş vüsət alırdı. Əsas ticarət şəhərləri Bakı, Şuşa, Nuxa, Şamaxı idi. Bu şəhərlərdə əhalinin sayı da digər qəzalara nisbətdə minlərlə çox idi.
 
XIX əsrin I yarısında əsası qoyulan maarifçilik ordusunun sıraları bu illərdə daha da genişlənirdi. Kapitalizmin inkişafı Azərbaycanda eləcə də burjua milləti kimi formalaşmasına təkan verdi. İlk dəfə olaraq, "Kəşkül” qəzetində Azərbaycan milləti ifadəsi yazıldı. Milli şüur, milli kimlik anlayışları önəm qazanmağa başladı. Xalqın taleyini düşünən "ziyalı əsgərlər”,  avam kütləni savadlandırmağa, maarifləndirməyə çalışan ictimai xadimlər yetişdi. Xüsusilə, Mirzə Fətəli Axundov, Nəriman Nərimanov, Əhməd bəy Ağayev, Əlimərdan Topçubaşov, Əlibəy Hüseynzadə və digərlərini qeyd etmək olar. Lakin bu maarifçilər  sistemli şəkildə çalışmırdılar. Əsas silahları isə mövcud vəziyyəti tənqid atəşinə tutmaq idi. "Bu dövrdə Azərbaycanda mütərəqqi-demokratik hərəkat gücləndi. Bu hərəkatın nümayəndələri, o cümlədən, N.Nərimanov, C.Məmmədquluzadə, Ə.Haqverdiyev, N.Vəzirov yazılarında, Azərbaycanın sosial-iqtisadi və siyasi həyatında baş verən hadisələri əks etdirir, əngəllikləri tənqid edirdilər” (Mahmud İsmayılov "Azərbaycan tarixi”).
 
Azərbaycanın mədəni həyatında baş verən digər önəmli hadisələrdən biri də N.Nərimanov tərəfindən ilk kütləvi kitabxananın 1894-cü ildə açılması oldu.
Bu dövrdə tarixə aid dəyərli əsərlər də yazılmışdı. Xüsusilə, Mirzə Yusif Qarabaği, Mir Mehdi Xəzani, Əhməd bəy Cavanşirin adlarını çəkmək olar.
 
XIX əsr ədəbiyyatı öz keçdiyi inkişaf baxımından ən ziddiyyətli dövr saymaq olar. Belə ki, dini dünyagörüşündən tam xilas ola bilməyən maarifçilər realist cərəyanın əsl nümayəndələrinə çevrilə bilmirdilər. Feyzulla Qasımzadə bu dövrü belə xarakterizə edirdi: "Elmdə sxolastika hökm sürürdü. Mədrəsə təhsili görmüş ziyalılar içərisindən çıxmış şairlərin müəyyən bir qismi öz əsərlərini, dini mövzulara həsr edirdilər” (Feyzulla Qasımzadə " XIX əsr Azərbaycan ədəbiyyatı tarixi). Buna görə bu dövrdə mərsiyə və təriqət ədəbiyyatı inkişaf edirdi. Təsadüfü deyil ki, Məşədi Məhəmməd Bülbülün də yaradıcılığında mərsiyə şeirlərinə rast gəlmək mümkündür. Mərsiyə ədəbiyyatının bu dövrdə Raci, Qumri, Şüai, Süpehri, Ahi, Mirzə Həsib Qüdsi kimi görkəmli nümayəndələri yetişmişdi.
 
Firuzə Həsənovanın araşdırmasına əsasən qeyd edə bilərik ki, "Məşədi Məhəmməd Bülbül 1858-ci Şuşada anadan olmuşdur. Təhsilini də Şuşada Molla İbrahimin məktəbində alaraq burada ərəb, fars dillərini öyrənmiş, Quranın təcvidlə oxunması və hüsnxət təlimi almışdır. Məktəbdə oxuduğu vaxtlarda Şərq ədəbiyyatını dərindən mənimsəmişdir. El ədəbiyyatı və aşıq qoşmalarına böyük maraq göstərmiş, xalq mahnıları ona qol-qanad verib, bədii zövqünü daha da cilalamışdır. Gözəl səsə və təbə malik olduğuna görə bəzi məclislərdə iştirak edib, könüllü olaraq arabir öz qəzəllərini də oxuyurmuş” (Firuzə Həsənova "Bir əlyazması və onun müəllifi haqqında). Lakin müəyyən səbəblərdən Məşədi Məhəmməd Bülbül xanəndəlik sənətini buraxır və ədəbi məclislərin fəal aktiv iştirakçısına çevrilərək daha çox ədəbi yaradıcılıqla məşğul olmağa başlayır. Belə ki, Məşədi Məhəmməd Bülbülü yaxından tanıyan dövrün tədqiqatçısı Salman Mümtaz Bülbülün xanəndəlik sənətini tərk etməsi haqqında belə yazır: "Mən şəxsən Bülbül ilə görüşmüşəm və gözəl səsindən, ləhnindən zövq almışam. O heç də mövhumatçı deyildi. Niyə oxumağı tərk etdin? – deyə verdiyim suala – nadan adamların təhəkkümünə mütəhəmmil ola bilmədim. – deyə cavab verdi” (Firuzə Həsənova, "Bir əlyazması və onun müəllifi haqqında). Məşədi Məhəmmədin "Bülbül” təxəllüsünü seçməsi haqqında mənbələrdə heç bir məlumat verilmir. O da məlumdur ki, təkcə "XIX əsrin II yarısında bir neçə şair "Bülbül” təxəllüsü ilə şeir yazmışdır. Məşədi Məhəmməd irsini tədqiq edən istedadlı araşdırmaçı Firuzə Həsənova bu sahədə apardığı ciddi araşdırmalardan sonra belə bir nəticəyə gəlmişdir ki, XIX əsrin ikinci yarısında "Bülbül” təxəllüsü ilə beş şair şeir yazmışdır. Bunlardan birincisi dərbəndli Molla Turab, ikincisi Mirzə Məhəmmədtəqi Təbrizi, üçüncüsü Mirzə Həsən, dördüncüsü Molla Saleh Zəngilani, beşincisi isə şuşalı Məşədi Məhəmməddir” (Firuzə Həsənova, "Bir əlyazması və onun müəllifi haqqında). Sözsüz ki, Məşədi Məhəmməd Bülbül digər həmtəxəllüslərindən daha məşhur olmuşdur.
 
Məşədi Məhəmməd Bülbül haqda ilk məlumata Mir Möhsün Nəvvabın "Təzkireyi-Nəvvab” əsərində də rast gəlinir. "Nəvvab Bülbül haqda qısa məlumat verir və onun yeddi şeirini təzkirəyə daxil etdiyini yazır. "Bu təzkirə yazılan vaxt Məşədi Məhəmmədin 28 yaşı var idi. Aşağıdakı şeirlər onundur, öz dəsti-xətti ilə yazılıb” (Nəsrəddin Qarayev "XIX əsr Azərbaycan ədəbi məclisləri). Nəsrəddin Qarayev də öz araşdırmasında Məşədi Məhəmməd Bülbülün Mir Möhsün Nəvvabın başçılıq etdiyi "Məclisi-Fəramuşan” ədəbi məclisinin üzvü kimi qeyd edir. "XIX əsrdə Qarabağda Bülbül təxəllüsü ilə tanınmış üç şəxsiyyət olmuşdur ki, onlara bu ləqəbin verilməsi məhz məlahətli səsləri ilə əlaqədar idi. Gözəl səsi olan Məşədi Məhəmməd Bülbül əvvəllər xanəndəlik etmişdir. O qəzəllərin bir neçəsini Nəvvabın təzkirəsinə avtoqraf olaraq özü yazmışdır. M.M.Bülbülün əldə etdiyimiz kiçik divanında, həmçinin bəzi cüng və fraqmentlərdə olan qəzəllərdən aydın olur ki, o klassik ədəbiyyata dərindən bələd olmuşdur. Onun şeirlərinin dili rəvan, sadə və obrazlıdır” (Nəsrəddin Qarayev "XIX əsr Azərbaycan ədəbi məclisləri). XIX əsrin II yarısında belə məclislər bir növ ədəbi müsabiqə xarakteri daşıyırdı. Şairlər həm öz aralarında, həm də digər məclislərin üzvləri ilə yarışırdılar. Belə bir münasibət həmin dövr şairlərinin bəzisini sadə nəzirəçiliyə, dəbdəbəli epiqonçuluğa sövq etsə də, əsasən, klassik Azərbaycan ədəbiyyatından öyrənmək yolu ilə yeni məzmunlu, orijinal əsərlərin yazılmasına və şairlərin biri digərini yaxından tanımasına da ədəbi-ictimai zəmin yaratmışdır. Məclis üzvü olmaq Bülbülün dünyagörüşündə, eləcə də ədəbi taleyində xüsusi rolu olmuşdur. Belə ki, Nəvvab ictimai həyatda baş verən müxtəlif səpkili hadisələri məclis yığıncaqlarında müzakirə edərək həmkarlarına onların bədii təxəyyülünü qaynaqlandıracaq yeni-yeni mövzular verir və bununla da həmin söz ustalarının yaradıcılığına ciddi təsir göstərmiş olurdu. Aytən Hacıyeva Nəvvab haqqındakı sanballı tədqiqatında Nəvvabın Bülbülün dünyagörüşünə onun təsir etdiyini qeyd edir. "Ədəbi bədii gecələrin ümumi axar və mövzularının, şairlərin yaradıcılıqlarının aparıcı tendensiyalarının birləşməsində, hətta onların bəzilərinin (bu mənada məclisin gənc üzvlərinin Məşədi Əyyub Baki, Sədi Sani Qarabaği, Məhəmməd Bülbül Qaryağdının və digərlərinin adlarını qeyd etmək olar) ədəbi zövqlərinin formalaşmasında məclis rəhbəri Nəvvabın nüfuzu kifayət qədər önəmli rol oynamışdır” (Aytən Hacıyeva "Mir Möhsün Nəvvabın ədəbi-bədii irsi).
 
Şairin ədəbi irsinin cüzi bir hissəsi əlimizə gəlib çatmışdır. Əldə olunan əlyazmada Bülbül ədəbi irsinin Azərbaycan və fars dillərində yazdığı şeirlərdən ibarət olduğunu görürük. Məşədi Məhəmməd yaradıcılığı üçün janr rəngarəngliyi xarakterikdir. Klassik ədəbiyyatın şah şeiri qəzəl sayıldığına görə, Bülbülün daha çox qəzəl janrına üstünlük verdiyini görürük. Bu janra meyl etməsi həm də Bülbülün xanəndəlik sənəti ilə məşğul olduğu ilə də bağlı olmuşdur. Lakin buna baxmayaraq, o, qəsidə, mənzum məktub, rübai, növhə janrlarında da qələmini ustalıqla sınamışdır. Bülbülün klassik Şərq ənənələrinə sadiq qaldığı aşkardır, xüsusilə onun XIX əsr şailərinin yaradıcılığı üçün xarakterik olan Füzuli ənənəsində yazmaq, Füzulidən təsirlənmək aydın görünür. Lakin bu, sadəcə olaraq, Füzuli üslubunu təkrarlamaq deyil, deyilməmişləri demək, dilə gətirmək, yazmaq, eyni aşiqin hislərini Bülbül qələmiylə yazmaqdır.
 
Bülbülün ədəbi irsi janr rəngarəngliyi xarakterik olduğu kimi dil və üslub baxımından da diqqətə layiqdir. Belə ki, bəzi şeirləri sadə, anlaşılan Azərbaycan sözlərindən ibarətdirsə, digər bir qisim şeirləri isə ərəb fars sözlərindən ibarət olub ki, mürəkkəb üslubda yazmışdır.  Məsələn:
Gözlərün aldı qərarım, bəs baxar ahu kimi, Dərdi – hicranun əritdi canım, oldu mu kimi. Gətirdiyimiz bu nümunədə Bülbül hisslərini necə anlaşılan, sadə dillə təsvir etmişdir. Demək olmaz ki, Bülbül yaradıcılığında ictimai motivlərə rast gəlinsə də, tamamilə xarakterikdir. Bülbül qəlbi və qələmi ilə əsl məhəbbət şairidir. Lakin bəzən şeirlərində ictimai mövzularda narahatlıqlara da rast gəlinir: Dövran və zəmanə mənimlə düz gəlmədi, Bu aləmdə üzüm bir gün belə gülmədi. Biçin vaxtı çatdı, toxum biçə bilmədim, Ömrümü dən kimi əcəl quşu dənlədi. Belə ki, yaşadığı zəmanədə gördüyü haqsızlıqlar, yaşadığı çətinliklər şair qəlbini dərindən yaralayaraq onun poeziyasına da yol tapmışdır. Haqsızlıqlara qarşı şeirlərini Bülbül konkret insanlara və hadisələrə ünvanlamamış, əlacı və özünü təsəllini dövran və zəmanədən şikayətlə büruzə vermişdir. XIX əsr Azərbaycan ədəbiyyatında yazıb yaratmış şair və sənətkarların yaradıcılığında dini motivlərin də xüsusi yeri vardı ki, Bülbül də bu motivlərdən istifadə etmişdir. Fars dilində yazdığı minacatda Allahı poetik şəkildə vəsf edir: Pənah aparanların sığınacağı sənsən, ey Xudaya. Sənin lütfünün sayı-hesabı yoxdur. Kərbəla müsibəti XIX əsr şairləri və ümumilikdə Azərbaycan klassik ədəbiyyatı üçün xaraketrik olduğundan Bülbül də bu tendensiyaya biganə qalmamış, İmam Hüseynə olan məhəbbətini və bu müsibətə olan münasibətini qəzəllərində sərgiləmişdir: Aç, ya Hüseyn gözün, eylə övladüvə nəzər, Kəm etmə iltifat bu bəxtisiyahidən.
 
Bülbülün yaradıcılığı üçün dini və ictimai mövzuları səyyar mövzular sayaraq, əsasən yaradıcılığının eşqdən bəhrələndiyini nəzərə alaraq, məhəbbət mövzusu üstünlük təşkil edir. Bülbül təpədən dırnağa lirik şairdir, və şeirlərinin də baş lirik qəhrəmanı özüdür. Bülbülün lirik qəhrəmanı çox sevən, duyğusuna qapılan, sevgisindən ötrü şam kimi yanan, əziyyətlərə qatlanan əzabkeş obrazdır. Klassik ədəbiyyata xas olan kədərli, dərdli, ələmli aşiq obrazı Bülbülün də lirik qəhrəmanı üçün səciyyəvidir.
 
Nə müddətdi kəsüb mehrin nigari-simbər məndən,
Belə keçsə əgər dövran, dəxi qalmaz əsər məndən. Bülbül şeirlərinin poetik xüsusiyyətlərindən bəhs edərkən, bədii təsvir vasitələrinin xüsusi yeri vardır. Bülbülün dili çox zəngin və ifadə formaları çox maraqlıdır. Bülbül öz yaradıcılığında bədii təsvir vasitələrindən uğurla istifadə etmişdir. Bülbül yaradıcılığında bütün Füzuli ənənəsinə sadiq klassik şairlər kimi onimlərdən qəzəllərində bəhrələnmişdir. Aşiq obrazı kimi klassik ədəbiyyatda özünə yer eləmiş ərəb rəvayətlərinin Məcnun surəti Bülbül poeziyasında da öz xüsusi yerini tutmuşdur.   
 
Məşədi Məhəmməd Bülbülün irsini tədqiq edən tədqiqatçılardan biri, eləcə də farsca yazdığı şeirlərini ilk dəfə tərcümə edərək, tərtib edən  Raqub Kərimov olmuşdur. Tədqiqatçı Bülbülün epiqonçuluğa meylli olduğunu qeyd etsə də, şairi yeni ruhlu orijinal şeirlər müəllifi kimi qeyd edir. Nümunə gətirdiyimiz şeirlər Raqub Kərimov tərəfindən  tərtib ölünmüş və 2008-ci ildə çap edilmiş  "Məşədi Məhəmməd Bülbül” kitabındandır.
 
Məşədi Məhəmməd Bülbül o zaman Qarabağda tez-tez baş verən quraqlıq və aclıq illərində ailəsini dolandırmaq üçün ticarətlə məşğul olur. İri sənaye şəhərlərinə səyahət edir, orda gördüklərini də qələmə alır. Şair illər keçdikdən sonra Şuşaya qayıdır, amansız xəstəlik onu vaxtından əvvəl qocaldır. O, 1918-ci ildə dünyasını dəyişir.  Qaryağdı nəslinin söz sənətkarı, Qarabağ ədəbi mühitinin yetişdirməsi Məşədi Məhəmməd Bülbül Azərbaycan ədəbiyyatı tarixinə öz silinməz izini buraxmışdır.
  Günel Eminova
AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun dissertantı    

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311