• cümə, 26 Aprel, 16:41
  • Baku Bakı 23°C

KİM HUN "VƏTƏN VƏ QÜRBƏT"

09.04.18 12:15 1842
KİM HUN "VƏTƏN VƏ QÜRBƏT"
Cənubi Koreya yazıçısı, jurnalist Kim Hun 1948-ci ildə Seulda anadan olub. "Gil haqqında xatirələr", "Simli alətlərin nəğməsi", "Qılınc nəğməsi" və s. kimi məşhur romaların müəllifidir. Yazıçı 2001-ci ildə Kim Donin ədəbi mükafatına, 2002-ci ildə Seul jurnalistlər klubunun mükafatına, 2004-cü ildə Li San mükafatına, 2005-ci ildə IV Xvan Sunvon ədəbi mükafatına layiq görülüb.
"Vətən" anlayışı ilə bağlı duyğular mənə çox da xoş deyil. Onlar məndən əl çəkmir və elə hey yeni-yeni suallar doğurur. Bu xoşagəlməzliyin əsasında, çox güman ki, hansısa məntiqsizlik dayanır. Mənim xoşuma vətən və qürbətə bölünməmiş dünya gəlir. Və mən bütün bu anlayışlar olmayan dünyada yaşamaq istəyirəm.
Mənim, belə deyək, vətənim – Seulun tam mərkəzidir, şəhər qapılarından içəri. Çxongeçxon onu şimal və cənub hissələrinə ayırır. Mənim rəsmi yaşayış yerim şimal tərəfə düşür – Kyonbokkun şah sarayının yaxınlığında. Bu ərazinin sıx əhalisi elə mənim kimi kasıblardı. Amma biz dünyanın və sivilizasiyanın tam mərkəzində yaşadığımızla fəxr edirdik. Şəhərin kənarlarında yaşayanları isə "qapıların o tayında yaşayanlar" adlandırırdıq.
Anam Seulun qədim sakinlərindən idi. Olduqca kasıb yaşayırdı. Düzünü desəm, heç təsəvvürümə belə gətirə bilmirəm ki, o necə bizi böyüdüb, bu qədər məhrumiyyətlər və tənhalıqla necə baş edib. Bütün bunlara baxmayaraq, anam həmişə diribaş, qətiyyətli və dəqiqliyi sevən qadın olub. Bütün ölçü alətlərinə – xətkeş, tərəzi və ya buğdaölçənə qarşı çox həssas idi. Və balqabaqdan hazırlanmış ölçü qabının dibinə ağır olsun deyə şam sürtən düyü satıcısından, bir də hamını çəkidə aldadan qəssabdan zəhləsi gedirdi. Hətta qonşularla birləşərək o tacirlərə etiraz etmişdi. Hələ soya kəsmiyinin qiyməti tam müəyyənləşdirilməmişdi, amma soyanın bahalaşmasıyla əlaqədar piştaxtalarda kəsmik tikələrinin ölçüsü balacalaşırdı. Anamsa, hamı eşitsin deyə, narazılığını yüksək səslə bildirirdi. Anam məni ağ neft almağa göndərəndə kanistr və ya metal vedrə əvəzinə düyü şərabının boş qabını verirdi. O qablar içigörünən və həcminə görə dəqiq idi. Və beləliklə də, ağ neft dükanında məni heç cür aldada bilmirdilər.
Konstitusiya elan edilən gün idi (neçə yaşımda olduğumu unutmuşam, yəqin ki, artıq yuxarı siniflərdə oxuyurdum). Anam belə bir günün şərəfinə təzə paltar geyinməyimi istədi. Bu, sözün birbaşa mənasında təzə paltar deyildi. Əslində, köhnə, çox geyilmiş, amma təzəcə yuyulmuş, səliqəyə salınmış, ütülənmiş paltarlar idi. Təzə olan ancaq idman ayaqqabılarım idi. Mən indiyə kimi həmin günü xatırlayıram. Onda çox balacaydım və həmin günün özəlliyini başa düşmürdüm. Amma bütün ömrünü kasıblıqla keçirmiş, liberal partiyası zamanı özbaşınalıqlar yaşamış anam üçün ölkənin əsas qanununun qəbul günü elə xüsusi əhəmiyyət daşıyırdı ki, hətta övladlarını da mümkün qədər yaxşı geyindirmək istəyirdi. Anam üçün konstitusiyanın nə demək olduğunu düşünəndə gözlərim yaşla dolur. Həmin gün istirahət günüydü və mən, təəssüf ki, təzə paltarlarımla məktəbdə lovğalana bilmədim. Bütün günü qonşu uşaqlarla qaçıb-oynamışdıq. Yadımdadı, şirin iris istəmişdim, elə çox istəmişdim ki, çox asanlıqla təzə ayaqabılarımı sevimli şirniyyata dəyişdim. Hava qaralandasa evə üst-başım elə çirkli gəlmişdim ki, təzə paltarları tanımaq belə olmurdu.
Anam dava-dalaşı, söyüşü və lovğalığı heç sevmirdi. O, yumşaq və gözəl Seul danışığını sevirdi. Bu dildə ürəyindən keçənləri heç kimin xətrinə dəymədən ifadə etmək olurdu. Mən qonşu uşaqlarla gəzməyə çıxanda anam deyirdi: "Hamının elədiyini təkrarlama. Sağsağan kimi naqqallıq eləmə, həmişə tələsmədən, aydın və ancaq səsin eşidiləndə, səni dinləyəndə danış". Anam danışıq vaxtı sözlərin axırını "yeyəndə” əsəbiləşirdi. Qonşularla da həmişə hörmətlə və bütün ədəb-ərkan qaydalarına riayət etməklə danışırdı. İndi anam çox yaşlanıb və xəstədir. Daha demək istədiklərini elə gözəl ifadə edə bilmir və gözləri yaxşı seçmir ki, qarşısında iki kiloqram düyüdür, yoxsa bir. Amma anamın vətəni doğulduğu yer yox, qaydalar və aydın nitqdir.
Amma mən bu hekayəni anam haqqında danışmaq üçün başlamamışdım. Mənim doğma yerim – şəhər qapılarının içində olan Seulun mərkəzi artıq çoxdan sahibsiz, hər kəs tərəfindən unudulmuş bir vətəndir. Bir neçə gün əvvəl, yeni il şənlikləri zamanı Namdemun (1398-ci ildə qurulmuş nəhəng cənub qapıları) qapıları da yandırıldı və onlar daha yoxdur. Uşaqlıqda Xanqan çayından ancaq iki körpüylə keçmək olurdu. Biri dəmiryoluydu, üstündən qatarlar hərəkət edirdi, o biri – avtomobil sərnişinləri, piyadalar, arabalar və velosipedlərin hərəkəti üçün nəzərdə tutulmuşdu. Yadıma düşür ki, piyada körpüsünü dörd xəttə qədər genişləndirəndə onun açılışına prezident Pak Çonxi ilə mühafizə rəisi Ça Çixol gəlib qırmızı lentli kəsmişdi. Amma bütün ölkə boyu hamı qonq vurub, rəqs edirdi.
İndi iyirmidən çox körpü var. Doğma ellərinə qayıdan adamlar Xanqan çayını keçəndə həmin körpülərdən keçirlər. Mütləq gedirlər və mütləq də geri dönürlər. Seul həmin vaxt boşalır və şəhər qapılarından içəri – mənim doğma şəhərim qəflətən genişlənib tənhalaşır. Mənimsə bayramlarda getməyə yerim olmurdu. Və mən tək-tənha vətənimin küçələrində avaralanırdım. Əslində, o heç kimin vətəni deyildi. Doğma ölkələrinə gedən adamlar mütləq sonra bura qayıdırdılar. Amma bura onlarçün vətən deyildi, qürbətiydi. Və yeni il bayramına gedənlərin geri döndüyü gün mənim doğma Namdemun qapılarını yer üzündən sildilər. Səhər mən taksidə ora gələndə qapıların yanıb kül olduğunu gördüm.
O vaxtdan ünvanımı bir neçə dəfə dəyişdim: əvvəlcə kirayə otaqdan çıxıb mərkəzdə çoxmənzilli evin bir mənzilinə köçdüm. Sonra Seulun şimal-qərbində Pulqvandon ərazisində yerləşən Yensinneyə köçdüm. Və artıq on ildir ki, İlsan şəhərində yaşayıram.
İlsan da, sən demə, yiyəsiz vətənmiş. Axı bu paytaxt yaxınlığında salınmış yeni şəhərdir. Burada hər şey yaxında, hər şey qonşuluqdadır: kilsələr və görüşçün motellər, strip-barlar, gecə klubları, kafe, müxtəlif masaj salonları, karaoke və hamamlar, saunalar, istirahət otaqları, gözəllik salonları, burun, göz, sifət və s. quruluşunu dəyişən plastik cərrahiyyə klinikaları, ev heyvanlarınızın dırnağını kəsmək, boyatmaqçün heyvan parikmaxeri, itlərə iynəbatırma, bankaqoyma və fizioterpiya edilən ənənəvi çin heyvan müalicəsi klinikası, həmçinin də yapon, italyan, çin, Vyetnam, ispan, fransız, türk restoranları var.
Bir dəfə axşamüstü yolüstü kafedə oturub içirdim. Bir adam motelin qabağında dayanıb meqafonla qışqırmağa başladı: "Tövbə edin! Son artıq yaxınlaşıb!" Mən gülümsədim. Özlüyümdə güldüyüm çox şeylər var.
İlsana köçəndən sonra bu şəhər haqqında biliklərimi Köngido əyalətində artırmaq qərarına gəldim. Mərkəzi kitabxanaya gedib bu ərazinin tarixi, coğrafiyası və İlsanın özünün tarixi haqqında çoxlu sayda kitab, arxeoloji qazıntıların hesabatlarını, etnoqrafiya və şamanizmlə bağlı tədqiqatlar oxudum. Axşsamsa kitabxanadan evə qayıdanda adətim üzrə motelin qarşısında masa arxasında oturub yenə içirdim.
İlsan Xanqan çayına axıb tökülən Koknınçxon və Çxannınçxon çayları keçən geniş vadidə yerləşir. Bu çayların vadisində neolit dövrünə aid bir çox artefaktlar tapılıb. Bu vadidə insanların artıq çox minilliklərdən bəri məskunlaşdığı məlumdur. Hələ "Üç dövlətin tarixi qeydləri"ndə (Koreyanın tarixi haqqında 1145-ci ildə yazılmış kitab. Müəllif: Kim Busik) indi heç vaxt gözünə yuxu getməyən, gecələr kilsələrinin də, motellərinin də işığı yanan şəhərə çevrilmiş həmin kəndin adı keçir.
İlsan tez-tez aşıb-daşıb ətrafı su altında qoyan Xanqan çayının mənsəbində yerləşir. Bu yeni əyalətdə ən yüksək zirvə təpələrlə əhatələnmiş və dəniz səviyyəsindən 83 metr yüksəkdə olan Çonbalsan dağıdır. Təpələr bir-birinin ardınca çayın sahilinə düşür. Çayın subasarı geniş, düz olsa da, tez-tez olan çay daşqınlarına görə insanlar burada daimi yaşaya bilmirdilər. 1925-ci ildə baş verən nəhəng daşqından sonra Xanqan çayının üzərində bənd quruldu. 70-90-cı illərdə drenaj sistemi quruldu, əkin sahələri yaradıldı. Beləliklə, inkişaf edən yeni İlsamda kənd təəsərrüfatıyla məşğul olmağa başladılar.
1990-cı ildə yeni İlsam şəhərinin yaradılması hər şeyi dəyişdi. Əvvəla rayon məniməsənilməmiş, istifadəsiz qalan ərazidən kənd təsərrüfatı əyalətinə, sonra da yeni inkişaf etmiş rayona çevrildi. Bu torpaqların mövcud olduğu bütün zaman ərzində – ta neolit dövründən indiyə kimi əsaslı şəkildə dəyişiklik ancaq XX əsrin ikinci yarısında baş verib.
Eramıza qədər mədəniyyət elmi-tədqiqat institutunda və Tanquk Universiteti nəzdində etnoqrafiya institutunda İlsan yerləşən ərazinin tarixi tədqiq olunub. Və nəticə olaraq İlsanın yaranması bu cür təsvir olunan ikicildli hesabat (1992-ci il) çap edilib:
...əvvəllər həyat tərzi və tikililərin tipləri birbaşa təbiət şəraitiylə bağlı idi və onlara tabe olaraq birlikdə harmoniyada olurdu. İndi təbiəti ancaq öz xeyirlərinə istifadə edirlər və hər yerdə göbələk kimi, hündürmərtəbəli binalar ucalır, insanlarsa hər şeyin pul ekvivalentiylə hesablandığı yeni həyat qaydalarına uyğun yaşayırlar. Mənəviyyat da, hətta keçmiş həyatla bağlı xatirələr də pul ekvivalentiylə ölçülür. İndi kəndin o tayında qalmış təpə və düyü sahələrinə görə təzminat da almaq olur...
Lü Gison – İlsan yeni dövrdə
Rayonun yenidənqurma işləri başlananda təzminat ödənilərək köhnə evlərindən çıxarılan adamlar etiraz etdilər. Məgər yaşanmış həyatçün qiymət təyin etmək olar? Heç gələcək də həmin qiymətə daxil deyildi. Yerli əhaliyə yeni tikilən binalarda ev almaq haqqı verilirdi, lakin mənzillərin qiyməti, köçmək və s. məsrəflər onların ciblərinə uyğun olmurdu. Onlar buldozer və ekskavatorlara daş atırdılar. O zaman mən hələ Seulda – Pulqvandon rayonunda yaşayırdım. Bir dəfə bu davalara baxmaqçün getdim. Adamlar buldozerlərə düyü şərabının butulkalarını atır, qışqırır, oxuyurdular:
Bir vaxt yaşadığım vətən,
Dağlarda kənddi görünən
Orda ərik, şaftalı var,
Azaliya var çiçəklənən.
İlsana köçüb oralar haqqında oxudum. Vətənini itirən bir adam kimi özümə təsəlli vermək və ya heç olmasa, niyə belə olduğunu başa düşməyə cəhd göstərmək istəyirdim. Axı yeni vətənə sahib olmaq istəyim qətiyyən yox idi. O vaxt adamlar qışqırıb mahnı oxuyurdular: "Doğma yerlərdə bahar". Sonra onların hamısı harasa köçdülər. Və İlsan əbədi olaraq sahibsiz qaldı, heç kimin vətəni olmadı. Yenə hər gecə buralarda kilsələrin üstündə xaçların, kabare və motellərin işığı yanır. Əgər Çonbalsan dağının zirvəsinə qalxsan, ya da ki, iş kabinetimin də yerləşdiyi studiya-məzilimin damına çıxsan, həmin bu sayrışan işıqları görmək mümkündür.
Namdemun qapılarını yandıran cinayətkar yetmiş yaşlı qocaymış. Xəbər verdilər ki, o əvvəllər İlsan kəndində yaşayırmış. Mən bunu qəzetdə oxumuşdum. Hələ bunu da yazmışdılar ki, yeni şəhər tikiləndə bütün torpağının əvəzində ona 100 milyon təzminat ödənilib. Onun qəzəb və narazılığına heç kim fikir verməyib. Qoca sonra eşidilmək və içindəki qəzəbi boşaltmaqçün Namdemun qapılarını yandırmaqdan başqa heç bir yol tapmadığını polisə izah edib.
Mən Seulun tam mərkəzindən – şəhər qapılarının içindənəm və mən köklərimi də oradan qoparıb İlsana köçmüşəm. Bütün ömrünü İlsan kəndində yaşamış qocaysa öz kölərini qoparıb Namdemun qapılarını yandırdı. Mən İlsanda yaşamağa davam etməliyəm, hələ ki, başqa alternativim yoxdur.
Namdemin qapıları uzun müddət mənim kiçik vətənimin simvolu olub. Onlar həmçinin, İlsan kəndinin bütün sakinləri üçün də xüsusi, unikal bir fəzanın simvolu ola bilərdi. Amma İlsan kəndindən olan qocanın yandırdığı Namdemun qapıları indi bir yığın közə dönüb. Qəzetlərdə yazırdılar ki, şəhər xidməti onları zibilliyə atmaq niyyətindədir. Yeni il bayramı günləri bitəndə hamı Seula qayıdanda şəhərdə tıxac əlindən tərpənmək olmur. Yəni doğrudanmı, bayramlarda bütün bu insanların mütləq getdiyi vətənləri hələ də onların vətənidir? Bəs sənin vətənin haradır? Ananın rahat, zərif qucağı? Mən yanan qapıların külünə baxıb başa düşürəm ki, mən nə bayramlarda vətəninə gedənlərdənəm, nə də ki, yeni vətən arzusunda olanlardanam. Doğma yurdlarından qayıdan adamlar, yandırılmış Namdemin qapılarına baxın, mənim vətənimə baxın! Və bundan sonra mənim doğma Selumu qürbət adlandırmayın! Siz qürbətdə yeni vətən yarada bilməzsiniz, siz azmış, itmiş insanlar, əbədi yetimlərsiniz. Mənimsə vətənimdə, doğma Seulumda daha Namdemin qapıları yoxdur...
 
Rus dilindən tərcümə edən: Xanım AYDIN
banner

Oxşar Xəbərlər