AZE | RUS | ENG |


İnternet dövrü olsa da...

İnternet dövrü olsa da...
Metronun "İçərişəhər" stansiyasından çıxıb, İstiqlaliyyət küçəsiylə Sabir bağına doğru addımlayıram. Yenə də fikir qayığımın yelkəni mütaliəylə bağlı düşüncələrə sarıdır və "kitab dalğaları”nda yellənir. Məşhur Amerika yazıçısı Luaiza Mey Alkottun sözlərini xatırlayıram: "Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır”. Görəsən, hansı oxucular hansı kitabları hansı ümidlərlə açır, hansı qazanca sahiblənə bilirlər?! Görəsən, bu gün "kitab ovumun" nişangahında duran dükanda hansı kitablar daha çox alınır, oxunulur?!
İqtisadiyyat Universitetinin tələbələrini sorğu-suala tutmaq fikrinə düşdüm. Yol boyu "Ay tələbələr, nə oxuyursunuz" sualına cavab kimi yenə universitet dərslikləri gözümün önündə havaya qalxdı, vərəqləri pərvazlandı. Bədii ədəbiyyatın adını tutan olmadı. Amma Çingiz Abdullayevin detektivlərini (rus dilində) oxuyan bir tələbə xanım tapıldı. Maraqlıdı, tələbələr, görəsən, niyə bədii ədəbiyyat oxumurlar? Cavablar müxtəlif və qəribə oldu: "dərslər çoxdu, çatdıra bilmirəm", "marağım yoxdu", "pulum yoxdu", həvəsim yoxdu", "nəyə lazımdı, oxuyub neylədilər ki?", "indi internet dövrüdü" və s.
Universitetlə üzbəüz, İstiqlaliyyət küçəsi 69 H ünvanında ümumən 1993-cü ildən, məhz bu ünvanda isə 2006-cı ildən fəaliyyət göstərən, oxucular arasında xeyli tanınan, köhnə və təzə kitabların alışı, satışı və sifarişi ilə məşğul olan "Bukinist" kitab dükanı var. Bu gün "Bukinist"də hansı kitabların satıldığını, tələbatın nəyə olduğunu, oxucuların mütaliə səviyyəsini müəyyənləşdirməyi düşündüm. Səhv də etmədim. Yarı-zirzəmi olan dükanın rəflərində yüzlərlə desəm az olar, minlərlə günəş zərrəcikləri – kitablar var. Hər cür mövzuda, hər cür səviyyədə, hər cür fikrə və insana uyğun kitab sakitcə dayanıb öz oxucusunu gözləyir. Daha çox Azərbaycan və rus dilində kitablara tələbat olduğundan bu dillərdə kitablar üstünlük təşkil edir. Lakin buna baxmayaraq, Türkiyə türkcəsində, ingilis, ispan, alman, fars dillərində də müxtəlif səpkili kitablar mövcuddur. Bu kitabla dolu dükanda satışdan başqa, kitablara sifariş götürülür, dəyişdirilir, kirayələnir. Qiymətləri də ki təzə kitablar öz yerində, "ikinci əl" qiymətinə olanları isə, ümumiyyətlə, çox münasibdir. Bura əsasən daimi müştəriləri üz tutur. Lakin sosial şəbəkədə – facebook səhifələrində də yerləşdirilən kitabların reklamını görüb gələnlər xeylidir.
Qeyd etdiyim kimi dükanda çox müxtəlif səpkili kitablar var. Dilçiliklə, riyaziyyatla, fizika, tikiş, toxuculuq, aqrotexkina, idman və idmanın sahələri, özünüinkişaf kitabları, detektivlər, fantastika, uşaq ədəbiyyatı, əkinçilik, maldarlıq, astronomiya, tibb, balıqçılıq, ovçuluq, atçılıq və s. bağlı kitablar mövcuddur.
Mütəxəssisin dediyinə görə, müəyyən sahələrə aid elə kitablar var ki (çoxu Sovet dönəmində çap olunanlardır), bəzən illərlə rəfdə qalır, amma günün birində onun da alıcısı – oxucusu tapılır. Elə sözünə qüvvət söhbət zamanı bir dərzi xanım tikiş və toxuculuqla bağlı məhz kiril əlifbasında olan, köhnə nəşr kitablar istədi. Bundan başqa, idman sahəsindən ən çox futbol, şahmat, tennislə bağlı kitablara maraq və tələbat var. Gələn gənc futbolçu oğlan Ələkbər Məmmədovun "Futbol peşəsinin sirləri" (rus dilində), Tofiq Bəhramovun "Hakim mərkəzi göstərir", İqor Rabinerin "Spartakı necə məhv etdilər" (rus dilində) kitablarını alıb apardı. Şahmat, güləş, karate idman növlərinə aid kitablara da tələbat o biri növlərə nisbətən çoxdur.
Həyatda və karyerada uğur qazanmağın, necə varlanmağın sirlərini öyrədən cürbəcür özünüinkişaf kitabları da az deyil. Hətta deyərdim ki, gənclər və yeniyetmələr arasında bu cür kitablara tələbat var. Ziqmund Freyd, Deyl Karnegi, Oşonun kitablarına həvəs göstərənlər çoxdur. "Bukinist"də satıcının dediyinə görə, Anarın "Beş mərtəbəli evin altıncı mərtəbəsi" əsəri həmişə dəbdədir, oxucular həvəslə alıb oxuyurlar. Bundan başqa həm köhnə, həm yeni nəşr Elçinin, Mirzə İbrahimovun, İsa Muğannanın əsərləri alınır. Mirzə Ələkbər Sabirin "Hop-hopnaməsi" nəsə tələbat hər zaman var. İndiyə qədər reportaj hazırladığım yeganə kitab dükanıdır ki, burada musiqi kitabları da var, həm də çeşid-çeşid. Musiqi məktəblərində oxuyan şagirdlər bundan yararlana bilirlər. Daha çox köhnə, müəyyən hissə təzə nəşr musiqi kitabları rəflərdə qat-qat yığılıb.
Maraqlısı budur ki, "Bukinist"də Bakıyla bağlı kitablar – Qılman İlkinin "Bakı və bakılılar", Manaf Süleymanovun "Eşitdiklərim, oxuduqlarım gördüklərim" kitabları hər iki dildə çox satılır. Lakin daha çox rus dilində olan nəşrləri turistlər böyük həvəslə alırlar. Klassik ədəbiyyatdan Tolstoy, Dostoyevski, Balzak, Çexov, Hüqonun əsərlərinə daimi tələbat var, demək olar ki, heç rəflərdə yubanmır. Saramaqo, Herman Hesse, Mark Tven, Cek London, Flober kimi yazıçıların əsərləri alınır. Xalid Hüseynin "Min möhtəşəm günəş, "Və dağlardan səda gəldi", "Çərpələng uçuran" kitabları, Orxan Pamukun "Mənim adım qırmızı", "Məsumiyyət muzeyi", Konan Doylun müəyyən kitabları da nisbətən çox alınanlar siyahısındadır.
Yüzilliklər boyu dəbdə olan, sevilən Nizami, Füzuli, Nəsiminin kitablarıdır ki, indi də soruş ulur, alınır. Varisin, Elxan Elatlının kitablarını da sevirlər. Rövşən Abdullaoğlunun "Bu şəhərdə kimsə yoxdur" və "Arxadakı körpüləri yandırın" kitablarından satışda olanların hamısı satılıb. Bəzi yeniyetmələr Qaraqanın da kitablarını oxuyur. Onlar daha çox onun rep dinləyicləridir ki, yazdıqlarına da maraq göstərirlər. Dükanda müxtəlif ensiklopedik kitablar – mədəniyyət, incəsənət, heyvanat aləmi, bitki aləmi, astronomiya və sairəylə bağlı kitablar gözümdən yayınmadı. İnternet dövrü olmasına və demək olar ki, bütün məlumatların internetdə olmasına baxmayaraq, onları da uşaqları üçün alan valideynlər tapılır. Uşaqlar üçün həmçinin uşaq ədəbiyyatı seriyasından müxtəlif kitablar var. Rus dilində olan kitablar, Azərbaycan dilində olan kitablardan satış baxımından daha üstündür.
Rəflərdə Mark Tvenin, Onore de Balzakın, Cek Londonun köhnə nəşr 10-12 cildlik kitabları ümumi 24-25 manata olmaqla satışa qoyulub. Hansı kitabların nə üçün daha çox satıldığıyla maraqlandım. Satıcı televiziyada, radioda, sosial şəbəkələrdə reklam olunan, adları çəkilən kitabların mütləq gəlib istənildiyini, alındığını bildirdi. Hətta ən zəif kitab da güclü reklam sayəsində əla satıla bilər və satılır da. Amma bütün bunlara baxmayaraq, "Bukinist"də satış üzrə klassik ədəbiyyat ön sıralarda dayanıb. Özüm də buna şahid oldum. İstər gənclər, istər də orta nəslin nümayəndələri daha çox klassik ədəbiyyatın nümayəndələrinin əsərlərini soruşur, alır, olmayanda sifariş yazdırırdılar. Fyodor Dostoyevski deyir: Öyrənin və oxuyun. Ciddi kitablar oxuyun. Qalanı həyatın işidir.

Hazırladı: Xanım AYDIN

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0047
GEL 1 Gürcü larisi 0.7072
GBP 1 İngilis funt sterlinqi 2.2065
TRY 1 Türk lirəsi 0.4824
KWD 1 Küveyt dinarı 5.6202
SEK 1 İsveç kronu 0.2069
EUR 1 Avro 1.9783
CHF 1 İsveçrə frankı 1.7884
USD 1 ABŞ dolları 1.7012