• şənbə, 27 Aprel, 04:07
  • Baku Bakı 14°C

Ədəbiyyat və yalan

14.05.18 16:26 1701
Ədəbiyyat və yalan
Alman filosofu, ömrünü faciəli şəkildə başa vurmuş F. Nitşe "səhra böyüyür” deyəndə nəyi nəzərdə tuturdu? Cahilliyi. Dini mənada yox, qlobal mənadakı cahillik nəzərdə tutulur. Din islamaqədərki dövrü "cahiliyyə” dövrü adlandırırdı. Bu günün kontekstində yanaşdıqda cahillik kitabsızlığın, elmsizliyin sinonimi kimi anlaşılmalıdır. Cahilliyin sahəsi böyüdükcə dünya təhlükəli sonluğa gəlib çatmaqdadır. Allahı "öldürüb” ruhani müvazinətini itirmiş Qərb insanı tənhalıq girdabında boğulmağa başladı, ekzistensial xaos insan ruhunu idarəolunmaz hala gətirib çıxartdı. Herman Hessenin "Yalquzaq” romanının qəhrəmanı kimi insanlar ikiləşməyə başladı və bu iki mən arasındakı ziddiyyətlər bütövlükdə toplumların parçalanmasına, ideya, irqi, dini və sair qütbləşmələrə gətirib çıxartdı. Nitşenin formulu insanları birləşdirməyə deyil, ayırmağa xidmət etdi. Qərbə Tanrının ruhu deyil, kapitalizmin ruhu hakim kəsilmişdi. Alman sosioloqu və filosofu Maks Veber (1864-1920) Avropanın kapitalizmə yenilik düşməsinin köklü səbəbləri haqda uzun illər araşdırma aparmışdı. O, sekulyarlığın tərəfdarı idi, bununla belə dinin mədəni təsirinin vacibliyini dönə-dönə vurğulayırdı. M. Veberin qənaətinə görə Tanrıda dinclik axtarışı, ruhani düşüncə, əslində, rasional həyat tərzinin möhkəmlənməsinə xidmət edir. Belə demək mümkünsə, rasionallıq irrasionallıqdan qidalanır. Bu baxımdan Qərb filosofları XX əsrin əvvəllərində mənəvi dayaqların itirildiyini anlayıb üzünü yenidən Şərqə, Şərq ruhaniyyətinə tutdu.
Dzen buddizm fəlsəfəsinin görkəmli nümayəndələrindən olan yapon alimi Suzuki Şərqin xarakterini simvolizə etmək üçün qədim Çinin görkəmli düşüncə adamı Lao Tzıya (e.ə. VI-V) üz tutur və Şərq ezoterikasının sirlərini onun daosizm təlimində axtarır. O, Şərqlə Qərb arasındakı düşüncə paradiqmasının fərqlərini əyani surətdə göstərmək üçün iki şeir nümunə gətirir. Birinci şeir haykuları ilə məşhur olan dahi yapon şairi Basyoya məxsusdur, digər şeirin müəllifi isə ingilis şairi Alfred Tennisondur. Basyonun haykusunda birinci şəxsin dilindən deyilir ki, mən yoldan keçərkən çəpərin dibində bir bitki gördüm və diqqətlə ona baxdım. Şərq sükutunun bəlağəti, spesifik Şərq ruhaniyyəti. Amma Tennisonun şeiri bizə başqa variasiyanı təklif edir. Müəllif çat vermiş divarda bir çiçək görür və onu kökündən qoparır. Duyğusallıqdan məhrum, soyuqqanlı və tipik Qərb mentallığı. Suzuki bu iki fərqli yanaşma tərzinə dünyanın ikiyə bölünməsi və iki fərqli qitənin kontrastı müstəvisində təfsir edir. İstiqanlı güney və soyuqqanlı quzey. Onların hər biri öz ənənəvi keçmişini ifadə edir. Qərb müdrikliyi daim təhlükə impulsları ötürür, bu proses dünyanı nüvə silahlarıyla hədələmək həddinə gəlib çatır (dünyanın bugünkü siyasi mənzərəsinə nəzər salmaq kifayətdir), Şərq müdrikliyi isə qoruyucu instinktləri inkişaf etdirir, Nitşenin dediyi "səhra”nı böyüməyə qoymur, öldürmək deyil, yaşatmaq idealına xidmət edir. Şərqin bütün fəlsəfi təlimləri (panteizm, sufilik, hürufilik və sair) insanlığın mənəvi cəhətdən kamilləşməsinə səsləyir.
Yazının bu yerində filologiya elmləri doktoru, professor Məmməd Qocayevin Nizami yaradıcılığı ilə bağlı mühazirəsi zamanı dediyi fikirləri xatırladım. Məmməd müəllim həmin mühazirəsində çox mühüm məqama toxunur. O, deyir ki, Nizami Gəncəvi dünya ədəbiyyatında ilk dəfə olaraq insan ruhunu kəşf etmiş bir şairdir. Tanrının insana bəxş etdiyi ruhu dünya ədəbiyyatında ilk dəfə Nizami özünün poetik dühası ilə yaratdığı obrazlarda ön plana çıxartdı. Ruh tədqiqat obyekti kimi Nizami yaradıcılığında təcəlla etdi. Nizaminin fəlsəfi ideyaları əsrlər sonra Qərb alimlərinin, filosoflarının, şairlərinin əsərlərindən, traktatlarından boy göstərməyə başladı. Dünya filoloji rakursundan yanaşdıqda Nizamidə feminizmin də, (Şirin, Məhinbanu, Nüşabə obrazları), ekzistensializmin də (Məcnun) və digər izmlərin də köklərini axtarıb tapmaq olar.
Şirin Xosrovla ilk görüşündə ona ərə getməyə razı olmur, taxtının geri qaytarılmasını tələb edir. Süjet boyu Şirin öz üstünlüyünü əldən vermir. Nizaminin digər qadın obrazları da qürurludur, əyilməzdir, mübarizdir, indiki terminologiya ilə desək, feminist qadınlardır.
Məcnun öz həqiqəti uğrunda savaşır, heç bir şərtləri qəbul etmir, öz daxilindəki səsə tabe olur. Aşiq olaraq öz identifikasiyasını təsdiqləyir. Dünyanın qeyri-mükəmməlliyi, disharmoniyası qarşısında bu nizamsızlığa eşq ekstazı ilə üsyan edir. Təfəkkürün eqosentrik məqamında Məcnun ekzistensialist düşüncəyə yaxındır. Məcnun özünü bu aşiqlik məqamında dərk edir və maddi dünyadan qopur, ayrılır. Şərq paradiqması bu məqamda Məcnunun timsalında zühur edir.
İnsan təbiətinə xas olan xüsusiyyətlərin fəlsəfi kateqoriyalara bölünməsi üçün bir neçə əsr lazım gəldi. Biz indi qədim yazılı mətnlərə baxanda görürük ki, insanın yaradılışında heç bir şey dəyişiklik baş verməyib, qorxu hissi, kədər hissi, sevinc hissi və insana xas olan apriori xüsusiyyətlər bu gün də mövcuddur. İnsanların materialist və idealist meyli son əsrlərə məxsus fenomen deyil, əksinə, qədim düşüncələrdən biridir. Yuxarıda da qeyd etdiyimiz kimi, əslində, fəlsəfə materializmlə idealizm arasında gedən mübarizələrin nəticəsi kimi meydana çıxıb. Ədəbiyyat isə həmişə olduğu kimi idealizmin və metafizikanın tərəfində olub. Yazının əvvəlində gətirdiyimiz iki şeir nümunəsi də buna əyani sübutdur. Ruh ağacı ezoterika çayından abi-həyat bulur. İnsan bu dünyadan başqa ayrı aləmlərin də varlığına inanır və o aləmlərə isə yalnız və yalnız ruhun vasitəsilə gedib çıxmaq mümkündür. Şərq fəlsəfəsi, ədəbi düşüncəsi də əsrlərdir ki, bu istiqamətdə irəliləyir. Bu, metaelmi və ya antielmi yol olsa da ruhani düşüncənin təməl prinsiplərindən biridir.
Nitsşe həm də deyirdi ki, "ideal adlanan yalan indiyədək reallığın üstünə hopmuş lənət idi”. Amma Nitsşenin ölümündən sonra Avropa dərin və qorxunc bir boşluqla üzləşdi. Və bu zaman məhz ideal adlanan yalana sığındı. Çünki insanın rahat yaşaması üçün mütləq bir yalana ehtiyacı var. Bu yalan bizim düşündüyümüz zərərli yalanlardan deyil, yaradıcı ruhun insana bəxş etdiyi yaşam mənbəyidir. Bu yalan olmasaydı, ədəbiyyat da olmazdı. Ədəbiyyatın yalanı da müqəddəsdir.
Kənan Hacı
banner

Oxşar Xəbərlər