Cümhuriyyət dövrü ədəbiyyatına bir baxış
Cümhuriyyət
dövründə ədəbiyyatın hər tərəfli inkişafını təsdiqləyən amillərdən biri də həm,
müxtəlif janrlarda əsərlərin yazılması, həm də ədəbi qurumların fəal olmasıdır. Seyid Hüseynin rəhbərliyi
altında təşkil olunan "Yaşıl qələm” birliyi "Hop-hopnamə”ni nəşr etmək istəmiş,
həmçinin "İsmailiyyə” binası mövzusunda yazı müsabiqəsi elan etmişdir. O dövrdə
"Ədəb yurdu”, "Türk ocağı” kimi milli ədəbi dərnəklərlə yanaşı, onlara
alternativ olaraq 1919-cu ildə bolşeviklər tərəfindən "Qırmızı qələm” cəmiyyəti
də yaradılmışdır.
Deməli,
yaradılmış demokratik şərait düşüncə tərzindən asılı olmayaraq bütün yazarlar
üçün eyni olmuşdur. Hətta xarici ölkələrdə çap olunan kitablar da həmin dövrün
ədəbi əlaqələri haqqında müəyyən təəssürat yaradır. 1919-cu ildə Ceyhun
Hacıbəylinin Parisdə fransız dilində "İlk müsəlman respublikası Azərbaycan” kitabının
çap olunması ədəbi baxımından olduğu kimi, siyasi baxımdan da böyük hadisə idi.
Eyni zamanda Yusif Vəzir Çəmənzəminlinin 1919-cu ildə İstanbulda "Azərbaycan
ədəbiyyatına bir nəzər” monoqrafiyasının nəşri də qardaş ölkələrdə Azərbaycan
ədəbiyyatının təbliğinə xidmət edirdi. Bunlardan əlavə, o dövrün nəşrləri
barəsində Adilxan Ziyadxanın 1919-cu ildə çap etdirdiyi "Azərbaycan haqqında tarixi,
ədəbi və siyasi məlumat” kitabı və "Milli şərqilər” almanaxı da müəyyən
təəssürat yaradır.
Müasir dövrdə
Cümhuriyyət dönəminin ədəbiyyatını daha çox o vaxtlar yayımlanan mətbu
orqanlarından toplamaq mümkündür. Həmin dövrdə 90-dan artıq mətbu orqanın 42-nin
türkcə, 44-nün rusca, qalanlarının isə başqa dillərdə fəalliyyət göstərməsi
məqbul hal idi. Bu orqanlar içində "Azərbaycan”, "İstiqlal”, "İttihad”, "El”,
"Doğru yol”, "Millət”, "Məktəb”, "Türk sözü”, "Bəsirət”, "Açıq söz”, "Övraqi
nəfisə”, "Qurtuluş” kimi milli yönümlü, "Kommunist”, "Gənc işçi”, "Haqq”,
"Zəhmət”, "Əxbar” kimi bolşevik yönümlü qəzetlər kifayət qədər tədqiq olunmuşdur. Lakin
Asif Rüstəmlinin "Zirədən başlanan yol” kitabında o dövrün mətbuatı haqqında da
bir sıra yeni məlumatlar toplanıb. İlk dəfə olaraq "Gənclər yurdu” haqında
ətraflı bilgilər yer almışdır: "Gənclər yurdu” məcmuəsinin ilk sayı 1918-ci il
iyulun 23-də Tiflisdə fəaliyyət göstərən "Şərq” mətbəəsində daş basması üsulu
ilə işıq üzü görür. Bu nəşri Mirzə Balanın 20 yaşının tamam olmasına qeyri-adi
töhfə də adlandırmaq olar. Dərginin ilk oxunduğu və yayıldığı məkan Tiflisin
Müsəlman Qiraətxanası idi”. (səh. 40) Daha sonra bir sıra təzə informasiyalarla
tanış oluruq: "Gənclər yurdu” məcmuəsinin ilk sayında Mirzə Balanın "Azərbaycan
Cümhuriyyəti” analitik yazısı, "Əksinqilabçılar” hekayəsi, "Dilimizdə işlədilən
özgə sözlər” məqaləsi, Fikrət Ziyanın "Türk yurdu” məcmuəsindən alınmış "İmamın
qanunları” nəzmi, Əhməd Cavadın "Qara dəniz”, "Dilimiz” şeirləri, Azər Ellinin
"Türk teatrosu”, "F.T.” imzalı müəllifin (Firudun Tofiq oğlu Hacızadə - A.R.)
"Qadınlara haqq” yazısı, "Acı sevgi” romanından bir parça, Rəbiyyə Xanımın
"Altun çiçəklər”, eləcə də, "Türk dünyası” adlı dövrün xəbərlər bloku və b.
materiallar verilmişdir. "Gənclər yurdu” məcmuəsinin ilk sayının sonuncu
səhifəsində redaktorlar yerində: "Çıxaranlar: M.Bala Məhəmməd, F.Hacızadə” –
yazılmışdır. (səh. 45) Sitatda indiyə qədər az tədqiq olunmuş müəlliflərin və
əsərlərin adları da yer almışdır.
Bu tipli,
oxuculara az təqdim olunan həmin dövrün nasirlərinə misal olaraq Tağı Şahbazinin,
M.Rəfizadənin, İ.Oruczadənin, İ.Qəmbəroğlunun adlarını çəkə bilərik. Eyni
zamanda daha az müraciət edilən müəlliflərdən və əsərlərdən biri də Ağababa
Yusifzadənin "Sınıq qanad” əsəridir. Lakin həmin dövrün mükəmməl nəsr əsərləri
içərisində indiyə kimi kifayət qədər araşdırılımış və yayımlanmış əsərlər də
var. Bunlar Cəlil Məmmədquluzadənin "Nigarançılıq”, "Konsulun arvadı”, "Xanın
təsbehi”, "Qəssab”, "Rus qızı”, "Zırrama”, Əbdürrəhim bəy Haqverdiyevin "Şair”
("Mirzə Səfər”), "Süleyman əfəndi”, Abdulla
Şaiqin "Əsrimizin qəhrəmanları” romanının bir hissəsi, Seyid Hüseynin "Həzin
bir xatirə”, "İslamiyyə”, Cəfər Cabbarlının "Parapetdən Şamaxı yoluna qədər”,
Abbas Səhhətin "Qaragünlü Həlimə” əsərləridir
Cümhuriyyət
dövründə nəsr sahəsində olduğu kimi dramaturgiya sahəsində də əsas ağırlıq
yükünü tanınmış imzalar çəkmişlər. Həmin müəlliflərə və əsərlərə nümunə olaraq Cəfər
Cabbarlının "Ədirnə fəthi”, "Trablis müharibəsi, yaxud Ulduz”, "Aydın”, "Bakı
müharibəsi”, "Nəsrəddin şah”, "Oktay Eloğlu”, Hüseyn Cavidin "İblis”,
C.Məmmədquluzadənin "Anamın kitabı”, "Kamança”, Mirzə Bala Məhəmmədzadənin
"Bakı uğrunda müharibə” pyeslərini misal göstərə bilərik. Dövrün
dramaturgiyasına təsir edən amillərdən biri də 1919-cu ildə Azərbaycan Dövlət Teatrının
yaranmasıdır. Eyni zamanda "Teatr xadimləri cəmiyyəti”, "Müsəlman Mühərrir və
Ədiblər Cəmiyyəti” kimi qurumların da fəaliyyəti ədəbi prosesə təsirsiz
ötüşmürdü.
Cümhuriyyət
dövrü ədəbiyyatında nisbətən daha aktiv nəzərə çarpan sahə poeziya idi. Professor
Bədirxan Əhmədov "XX əsr Azərbaycan ədəbiyyatı tarixi”nin I cildində dövrün
poetik nümunələrini belə qruplaşdırır:
1. Cümhuriyyət,
istiqlal, müstəqillik və bu atributlardan doğan təəssüratların milli inikası
2. Milli
düşüncədən uzaq, mövzu və problem etibarı ilə dövrlə səsləşməyən poetik
parçalar.
Qeyd edək ki,
müəllif ikinci tip əsərlərə M.S.Ordubadinin "Zavallı əcəmistan” və Ə.Qəmküsarın
"Əlaman” şeirlərini nümunə göstərir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, bölgünün
birinci hissəsinə aid əsərlər daha çoxdur. Bunlar o dövrdə işıq üzü görmüş Hacı
Kərim Sanlının "Yeni şərqilər” kitabında və Feyzulla Sacidinin "Fəryad”
kitabında da əksini tapıb. Həmin illərdə fəaliyyət göstərən, lakin indiyə kimi
tədqiqatçıların nisbətən az müraciət etdiyi şairlərdən Əli Misanı, Əli Şövqini,
Sənan Yayılı Kərimi, Feyzulla Sacidi qeyd edə bilərik. Həmçinin Dərdli Sairin "Yürəklərə”,
Ə.Bağırlının "Yüz il idi”, Mətləb oğlu Abutalıbın "Türkün dərdi”, Şərafəddinin
"Azərbaycana xitabən”, Mürşüdün "Ağlayırdım, gülürəm, güləcəyəm”, Abbas ağa Qayıbov Nazirin
"Miralay Cəmil Cahid bəy mədhində”, Cəlal Sahirin "Qafqaz türküsü”, Məhəmməd
Ümid Gəncəlinin "Azərbaycan”, "Vətən şərqisi”, Əbdürrəhman Dainin "Bir yaralı
əsgərin dilindən” kimi müəlliflər və əsərlər də geniş oxucu kütləsinə o qədər
də məlum deyil. Cümhuriyyət dövründə Əli Kamalın qələmə aldığı "Vətən məni
yetişdirib bu yerlərə göndərdi” misralarıyla başlayan "Marş” şeiri daha məşhur
olsa da, müəllifi haqqında geniş informasiyalar yayılmayıb. Salman Mümtazın
"Öyün, millət” şeiri isə Nuru Paşanın Şəkiyə gəlişi zamanı bədahətən söyləmiş,
şeirdə milli özünəinam ifadə olunmuşdur:
Ziyasız rus
zülmündən o yüksək ruhun ölmüşdü,
Tuturdu
şişəyə hərdən şərabi nab tək qanın.
Qızılgültək
açıl, gül, gör ki, Türkün şanlı ordusu
Rəvaq-ərşə
nəsəb etmiş Böyük Osmanlı ünvanın.
Digər az
tanınan şair İbrahim Şakirin irihəcmli "Türk ordusuna” şeirində də həm
törədilən qətllər, həm də türk ordusunun xilaskarlıq missiyası pafoslu təntənə
ilə əks etdirilmişdir. Şeirin əvvəlində "Fəhtiniz qıldı bizləri dilşad,
Cümleyi-islama sizsiniz imdad” misralarındakı sevincin səbəbləri şeirin sonrakı
misralarında bəlli olur; "Həpimiz pək əlil və nalandı, Malımız zalimanə
talandı... Etdilər bihesab qaratlər, Başaçıq qaldı cümlə övrətlər”. Bu
müsibətlərin erməni daşnak birliyi tərəfindən törədildiyini qələmə almaqla şair
tarixi həqiqəti gələcəyə olduğu kimi bədii dillə ötürmüşdür. Şeirdə əsas mətləb
bu misralarda cəm olunub: "Qandılar türkün ol zaman gücünü, Gördülər çünki
süngülər ucunu”. Bundan əlavə Ə.Müznibin 1919-cu ildə nəşr etdirdiyi "Yuğ
qığılcımı” şeiri də eyni mövzuda yazılmışdır. Şeir belə başlayır: "Altun yurdum
qalmış idi bir zaman, Qan içici düşmənlərin əlində”. Bunun səbəbinin də
düşmənlərin, türklüyü və islamı yox etmək niyyəti olduğu etiraf edilir.
Vəziyyət nə qədər mürəkkəb olsa da, Əmir Teymur nişanlı Məhəmməd Tofiq bəyin
fədakarlıq edərək imdada yetişməsini şair şeirin sonunda belə təsvir edir: "Ulu
tanrı "Tofiq”ini göndərdi, Gavurluğu islamlığa döndərdi”.
Cümhuriyyət
dövrünün milli məzmunlu digər şeirlərinə Davud Ağamirzadənin "Məqsədimiz”,
"Əsgər şərqisi”, "Bir əsgərin xitabı”, "Azərbaycan ordusuna”, "Atalara”,
"Millətimə”, Əliyusif Rainin "Azərbaycanlıya”, "Bayraq”, "İdeal”, "Getmə”,
"Öpər, kim bilir, bəlkə bir xülya”, "Bir türk yolçusu deyir ki” əsərlərini də
nümunə göstərə bilərik.
Həmin dövrdə
də xüsusi əzmkarlıqla yazıb-yaradan məşhur şairlərimizdən olan Məhəmməd Hadi
"Əlvahi-intibah, yaxud insanların tarixi faciəsi” poemasını cümhuriyyət illərində
tamamlamışdır. Bu illərdə yazdığı digər əsərlərə "Əsgərlərimizə,
könüllülərimizə”, "Məfkureyi-aliyyəmiz”, "Türkün nəğməsi”, "Məmayi-kainat”,
"Həyati-hazirəmizin ilhamları”, "Mühtab şəffa”, "Qürbət yellərdə yadi-vətən”,
"Vaxtın səsi və həyatın özü” şeirləri misal ola bilər. Onun 1919-cu ildə çap
olunmuş "Şühədayi-hürriyyətimizin ərvahinə ithaf” şeiri "Sizin məzarınız iştə
qülubi-millətdir” sətri ilə başlayır və şeirin sonrakı beytlərində bunun
səbəbləri açıqlanır: "Sizinlə buldu bu millət şərfli istiqlal, Sizinlə buldu bu
millət həyati püriqbal”,
Digər aktiv
şairlərimizdən Abdulla Şaiqin "Marş” ("Türk ədəmi mərkəziyyət firqəsi
"Müsavat”a ithaf), "Neçin böylə gecikdin?”, "Vətənin yanıq səsi” kimi əsərləri
diqqəti cəlb edir. Onun 1920-ci ildə "Qurtuluş” məcmuəsində çap olunmuş
irihəcmli "Arazdan Turana” şeirində nisbətən süjet elementləri də hiss olunur.
Şeirdə diqqəti çəkən əsas məsələ Araz və Kür çaylarının türkün problemlərini
Quzğun dənizinə söylərkən istifadə edilmiş bədii priyomlar və kodlaşdırmalardır.
"Girmiş sehrli divlər qızıl alma bağına, Qara quzğun ötüşmüş soluna və sağına”
– tipli misralar daşıdığı məcazi mənalarla yanaşı imperialistlərin ifşasına
yönəldilmişdir.
Cümhuriyyət
dövrü poeziyasından bəhs edərkən o zamanlar gənc şair olan Cəfər Cabbarlının
"Azərbaycan bayrağına”, "Sevdiyim”, "Sevimli ölkəm”, "Dün o gözlərdə”,
"Yaşamaq” kimi şeirlərini xüsusilə qeyd etmək lazımdır. O, 1920-ci ildə çap
olunmuş "Salam” şeirini Mirzəbala Məhəmmədzadəyə töhfə olaraq qələmə almışdır.
"Od yurdunun yavruları dilindən Turan ellərinə salam söyləyin” – sətirləri ilə
türk birliyinin arzularını ifadə edir.
Azərbaycanın
dövlət himninin müəllifi Əhməd Cavad "Dalğa” kitabını AXC dövründə çap etdirir.
Şairin həmin illərdə yazdığı "Bən kiməm”, "Türk ordusuna”, "Azərbaycan
bayrağına”, "Elin bayrağı”, "Gəlmə”, "Bakı deyir ki...”, "İngilis”,
"Bismillah”, "Röyasını görmüşdüm”, "Mən bulmuşam”, "Al bayrağa”, "Qardaş”,
"Milli bayrağımıza”, "O qıza”, "Qalx”, "İstanbul” şeirləri milli məfkurəyə xidməti ilə
fərqlənir. Onun "Ey əskər” şeirindən gətirdiyimiz nümunə də türk ordusunun
qurtuluş qələbəsinə həsr olunub:
Şu qarşıkı
duman çıxan bacalar
Sən gəlmədən
iniltilər çıxardı.
Geciksəydin
məzlumların fəryadı
Yeri, göyü
kainatı yaxardı...
"Şəhidlərə”
şeiri isə Azərbaycandakı osmanlı şəhidlərinə ithaf edib. "Sənin qanındanmı,
düzlərdə söylə Qüdrət bitirmişdir sayısız lalə” – misralarında həm axıdılmış
türk qanları həm də o qanların cücərib əbədiyaşarlılıq qazanması ifadə
olunmuşdur.
Dövrün digər
diqqət çəkən şairlərindən biri də Ümgülsüm Sadıqzadədir. Onun "Əsgər anasına”,
"Çəkil dəf ol”, "Səs verəlim”, "Bir qız üçün” "Bu yilki mayısda” şeirləri də istiqlal sevincini
əks etdirir. Onun 1917-ci ildə qələmə
aldığı "Turan düdüyü” şeirində "Bir sahil yoxmudur çıxa gəmimiz, Ağlaşır analar
duyan nərədə?” - tipli misralarla bədbinlik ifadə olunsa da, 1918-ci
ilin fevralında çap olunmuş "Ey türk oğlu”
şeirində "Səmalardan seçilməz Türkün mavi bayrağı Yenə əski şan ilə Türk
yurduna dikilsin” – sətirlərində gerçəkləşəcəyinə inandığı arzuları ifadə
olunub. Nəhayət, 1919-cu ildə çap olunmuş "Yolunu bəklərdim” şeirində isə "Heç
ölçüyə sığınmayan dərdlərimi ovutdun, Qara günüm hilalıyın işığıyla parladı” -
söyləməklə artıq arzularının gerçəkləşdiyini ifadə etmişdir.
Gülnar Səma