• cümə, 19 Aprel, 23:42
  • Baku Bakı 24°C

Azərbaycan xalqına qənim kəsilən sülalə

13.05.20 11:30 2911
Azərbaycan xalqına qənim kəsilən sülalə
Və ya Romanovlar nəslinə lənət yağdıran ana

Arxivlərdə olan çoxsaylı sənədlər, 19-cu yüzilliyin sonu və 20-ci yüzilliyin əvvəlləri çap olunan mətbu orqanlarımızdakı saysız-hesabsız materiallar bir daha sübut edir ki, Çar Rusiyası və Sovet hökuməti uzun illər anti-türk siyasəti yeritmiş, xüsusən də azərbaycanlılara qarşı birmənalı olaraq əks mövqedə dayanmışdır. Çar hökumətindən fərqli olaraq, Sovet hökuməti bu məsələni pərdə arxasında həll etdi. İnqilabdan əvvəl vahid ölkə olan Rusiyada, indi isə "Sovet İttifaqında” müxtəlif amillərin təsiri ilə çoxmillətli əhalinin vahid milli kompleks halında birləşdirilməsi prosesi getdi. Yəni loru dildə desək, sağ olsun Lenin, Stalin, nə bilim daha necə-necə "babalar”ımız ki, SSRİ-də milli məsələ problemini həll ediblər, hər kəs "xoşbəxt” və "firavan” yaşayıb. Əslində bu, reallıq idimi? Yox! Binayi qədimdən, "böyük qardaş”ımız bizə qarşı heç vaxt haqlı mövqedə olmayıb.
Bu haqsızlıqlarla, hökumətin ayrı-seçkilik siyasətinə vətəndaşlıq qeyrəti, heyrətamiz cəsarəti olan ziyalılarımız heç nədən çəkinmədən, böyük cəsarətlə öz etirazlarını üsyankarcasına bildiriblər. Hələ 1906-cı ildə 1-ci Dövlət dumasına deputat seçilən İsmayıl xan Ziyadxanov Rusiya imperatorluğunun Cənubi Qafqazda yeritdiyi milli qırğın siyasətini, xalqımıza qarşı ayrı-seçkiliyi, bütöv bir xalqın hüquqsuzluğunu, kölə halına salındığını bütün açıqlığı və kəskinliyi ilə tənqid edərək, etirazını bildirərək demişdi: "Biz (Azərbaycan) bir əsr əvvəl işğal edilmişik. Bizə heç bir hüquq verilməmişdir. Kölə halına salınmışıq. Milli varlığımıza təcavüz edilmişdir. Bir sıra ali məktəblərə qəbul olunmağımıza qadağa qoyulmuşdur. Dövlət idarələrində türk məmurlarına rast gəlmək mümkün deyil. Torpaq azlığından əziyyət çəkirik. Lakin buraya (Azərbaycana) Rusiyadan axın-axın kəndlilər köçürülür. Bilavasitə dövlətin əli ilə törədilən milli qırğın zəminində qana boyanmış bu torpaqlarda rus kəndliləri üçün planlaşdırdığınız yaşayış məntəqələri quracaqsınız. Bu, hökumətin gizli surətdə hazırlayıb həyata keçirdiyi "parçala və hökmranlıq et!” idarə tərzindən başqa bir şey deyildir. İki ildən bəri qan dəryasında boğulan Vətənimdə insan cəsədlərinin üstündən keçirik. Artıq səbrimiz tükənmişdir”.
Beləliklə, yüksək təhsil görmüş, vətənpərvər, millətsevər ziyalılarımız yalnız azərbaycanlıların deyil, bütün Rusiya müsəlmanlarının mənafeyi uğrunda mübarizəyə qalxdılar. Təbii, bunlar hökuməti narahat etməyə bilməzdi. Odur ki, daha amansız üsullara əl atdılar. Belə qanlı hadisələrdən bir də 1915-ci ilin yazında baş verdi. "1915-ci ilin yazında Acariyanın dinc müsəlman əhalisinin gülləboran edilməsi Rusiya müsəlmanları arasında imperiyanın anti-türk siyasətinə qarşı yeni etiraz dalğası doğurdu. Hadisədən dərhal sonra Dumanın Müsəlman fraksiyası bəyanat verdi. Həm bu bəyanat, həm də hadisənin müsəlman əhalisi arasında doğurduğu böyük əks-səda imperiyanın hakim dairələrini çıxış yolları axtarmağa vadar etdi.
Təəssüf, çox təəssüf ki, hökumət çıxış yolunu yenə də hadisələri obyektiv olaraq həll etməkdə yox, özünə sərf edəcək şəkildə həll etməkdə gördü. Yəni gözdən pərdə asmaq prinsipi ilə Qafqaz canişini, 78 yaşlı Vorontsov-Daşkovu vəzifədən uzaqlaşdırdı. Bu, o Vorontsov-Daşkov idi ki, Çar III Aleksandrın ən yaxın dostu və ona ən sadiq məmur idi. Ermənilərin "Xac atası” adlandırılan (arvadı Liza milliyətcə erməni idi) Vorontsov-Daşkovu hökumət 1905-ci ildə Qafqaza təsadüfən canişin təyin etməmişdi. Gəlişi ilə erməni-müsəlman məsələsini daha da alovlandıran canişin "Milli sülh və ictimai tərəqqi yolunda” çalışacağına vəd etsə də, vədinə birtərəfli əməl edərək ilk gündən antiazərbaycan siyasəti yürütdü. Yaddaşlarda və tarixdə daha çox anti-müsəlman siyasəti ilə seçilən Qafqaz canişini kimi qaldı (1905-ci ildən 1915-ci ilin ortalarına kimi Qafqazın canişini olaraq hər sahədə anti-Azərbaycan siyasət yürüdən canişinin göstərişi ilə dəfələrlə Tiflis və İrəvan general-qubernatorlarının təqdimatı əsasında "Molla Nəsrəddin” jurnalının nəşri dayandırılmış, çap olunmuş sayları müsadirə edilmiş, Mirzə Cəlil və Ömər Faiq əfəndi həbs edilmiş, təqiblərə məruz qalmış və s.). Vorontsov-Daşkovu "cəzalandıran” hökumət, onu 1915-ci ilin avqustunda vəzifəsindən uzaqlaşdırır. Onu digər bir anti-müsəlman siyasəti yürüdən böyük knyaz Nikolay Nikolayeviç Romanov əvəz edir. O, bu vəzifəyə 1915-ci ilin 23 avqustunda təyin edilir. Qafqazın sonuncu canişini və eyni zamanda Qafqaz Cəbhəsinin komandanı vəzifəsini icra edən Nikolay Nikolayeviç Romanov kim idi və antiazərbaycan siyasətindən əl cəkdimi?
Təəssüf ki, yox! Çünki N.N.Romanov imperator I Nikolayın dördüncü və sonuncu oğlu idi. Hökumətə daha yaxın, daha sadiq məmur da Qafqaza, xüsusən də Azərbaycana "parçala və hökmranlıq et” siyasətini həyata keçirmək üçün gəlmişdi. Amma 1917-ci ilin fevralında baş verən fevral burjua inqilabı Qafqaz canişini N.N.Romanovun arzularını ürəyində qoydu. Çünki o, Qafqaza cəmi bir il yarım rəhbərlik etdi. 1917-ci ilin fevralında başlanan inqilab çar hakimiyyətinin devrilməsi, Romanovların 300 illik səltənətinin süqutu ilə nəticələndi. Əslində çox gec də olsa (300 ildən sonra) haqq-ədalət yerini aldı, xəmiri ədalətsizliklə, gözyaşı ilə yoğrulan sülalənin sonu belə də olmalı idi.
Bu sözləri yazarkən Romanovlar haqqında oxuduğum məqalədən bir parçanı olduğu kimi oxucumun diqqətinə çatdırmaq yerinə düşərdi. Müəllif yazır: "Çar Aleksey Mixayloviç Romanovun hakimiyyəti dövründə (1645-1675) xalq üsyanı zamanı əsgərlər qiyamçılardan birinin arvadı və uşağını boğazına qədər torpağa basdırıb, onların gözləri baxa-baxa ölməsinə şərait yaratdılar. Bu zaman övladı, gözü qarşısında can verən ana, bütün Romanovlar nəslinə lənət yağdırır. Çarın ilk nikahdan olan üç oğlundan ikisi dərhal ölür. Üçüncüsü - Fyodor Alekseyeviç isə ağıldan kəm, zəif və sonsuz olur. Çarın digər arvaddan olan oğlu da Fyodor kimi xəstə olur və 30 yaşında vəfat edir. Çar I Pyotrun isə başına gələnləri hər kəs bilir. Onun 11 uşağından 8-i gənc yaşlarında vəfat edir. O, yeganə varisi Alekseyi atasının apardığı islahatlara əməl etmədiyinə görə, dar ağacından asdırır”.
Ulu Tanrı heç vaxt ata-anaya övlad dağı, azadlıqsevər millətə öz istiqlalını itirmək faciəsini göstərməsin. Deməli, bu dünyada doğrudan da haqq ədalət var və ən böyük cəzanı da Ulu Tanrı verir. Ya bir az gec, ya da bir az tez... Fərq etməz, əsas odur ki, verir!

Qərənfil Dünyaminqızı


banner

Oxşar Xəbərlər