• çərşənbə, 16 Oktyabr, 01:59
  • Baku Bakı 16°C

Erməni riyakarlığı altında gizlənən terror həqiqətləri

02.06.20 09:30 3839
Erməni riyakarlığı altında gizlənən terror həqiqətləri
Və ya 10 il ərzində dünyanın 21 ölkəsinin 38 şəhərində törədilən 110-dan çox terror aktı
Son vaxtlar Ermənistan hökuməti tərəfindən həyata keçirilən təxribatçı fəaliyyət bir daha sübut edir ki, işğalçı ölkənin rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlaması üçün danışıqlar prosesindən çox uzaqdırlar. Erməni terrorizminin qanlı təcrübəsi, mövcudluğunun bütün dövrü ərzində "Böyük Ermənistan” və "erməni soyqırımı” haqqında uzunmüddətli və bacarıqlı təbliğatla və təşkil olunmuş ictimai rəyə psixoloji təzyiqlə pərdələnmişdi. Nəticədə, xeyli müddət dünyada bir çox ictimai xadimlər və siyasətçilər erməni terror təşkilatlarını milli-azadlıq hərəkatının bir hissəsi kimi, bilavasitə və ya dolayısilə, onların cinayətkar fəaliyyətini bəyənərək qəbul ediblər və qəbul etməkdə davam edirlər. Erməni terrorizmi Türkiyənin sabitliyini sarsıtmaq və bəzi başqa dövlətlər tərəfindən ona təzyiq etmək vasitəsidir. Qondarma "erməni soyqırımı”, tarixi faktların əksinə, ən yüksək səviyyələrdə siyasi spekulyasiya predmetinə çevrildi.
Nəticədə erməni təşkilatları tərəfindən yaradılmış miflər, demək olar ki, bütün ermənilərin ağıllarına və şüurlarına sahib olaraq yalnız türk deyil, həm də Azərbaycan xalqına qarşı çoxsaylı qanlı terror aksiyalarının həyata keçirmələrinə bəhanə oldu. "Daşnaksütyun”un terror fəaliyyəti həmçinin Türkiyə ilə dost münasibətlərdə olan bir çox dövlətlərin vətəndaşlarına qarşı yönəldilmişdi.
"Erməni xalqının məhv edilməsi haqqında” yeni miflərin yaradılması "Daşnaksütyun”un fəaliyyətində mühüm yer tuturdu. Onların arasında 1915-ci ildə guya Osmanlı hökuməti tərəfindən edilmiş "erməni soyqırımı” haqqında uydurulmuş iddianı xüsusi qeyd etmək lazımdır. Mübaliğəsiz təsdiq etmək olar ki, "erməni soyqırımı” ildırım sürətilə bütün ermənilərin şüurlarını bürüdü, çünki bu mifin yaradılmasında təkcə "Daşnaksütyun” deyil, həm də erməni kilsəsi daxil olmaqla, erməni cəmiyyətinin bütün təbəqələri iştirak edirdi. Bundan başqa, Ermənistan Respublikası, erməni kilsəsi və müxtəlif erməni təşkilatları dünyanın bir çox ölkələrində "erməni soyqırımı”nın həm müxtəlif dövlətlər, həm də beynəlxalq təşkilatlar tərəfindən tanınması üçün aktiv təbliğat işi aparırlar. Fikrimcə, "Erməni soyqırımı” haqqında mif, erməni terrorizminin sonrakı inkişafı üçün aparıcı rollardan birini oynadığına görə, onun formalaşması tarixinə aydınlıq gətirmək lazımdır.
Məlum olduğu kimi, Birinci Dünya müharibəsi zamanı qanunsuz erməni silahlı dəstələri de-fakto vuruşan tərəf idi. Türkiyə vətəndaşları olan ermənilərin döyüş dəstələri - Türkiyəyə qarşı çar Rusiyası tərəfində vuruşurdular. Bundan başqa, erməni silahlı dəstələri həmçinin türk ordusunun arxasında, hərbi əməliyyatlardan uzaqda da fəaliyyət göstərirdilər. Onlar talanlar edir, yaşayış məntəqələrini dağıdır, insanları kütləvi surətdə (etnik türkləri və kürdləri) öldürürdülər. Qanunsuz erməni silahlı hərbi hissələrinin fəaliyyətinin planlaşdırılması və idarə edilməsi erməni partiyalarının və onların özəklərinin "komitə üzvü” adlandırılan rəhbərləri tərəfindən aparılırdı. Bu şəraitdə Osmanlı hökuməti "komitə üzvləri”nin həbsi haqqında qərar qəbul etdi və 1915-ci il aprelin 24-də dövlətə qarışı fəaliyyətdə ittiham edilən 2345 "komitə üzvü” həbs edildi. Erməni kilsəsinin katolikosu V Qevorq ABŞ prezidentinə göndərdiyi teleqramda Osmanlı hökuməti tərəfindən ermənilərin kütləvi məhv edildiyini bildirir və erməni xalqına kömək göstərməyi xahiş edirdi. Bu haqda çar Rusiyası da məlumatlandırılmışdı və Xarici İşlər Nazirliyi dərhal Rusiyanın London, Vaşinqton, Paris və Romadakı səfirlərinə teleqram göndərir. Bu teleqramlarda çar Rusiyasının Xarici İşlər Nazirliyi öz səfirlərini, fəaliyyətlərini aktivləşdirməyi və Britaniya, ABŞ, Fransa və İtaliyanın "Osmanlı dövlətində ermənilərin soyqırımı”nı tanımalarına nail olmağı xahiş edirdi.
Beləliklə, erməni siyasətçiləri, alimləri və ictimai xadimlərinin haqqında çox danışdıqları 1915-ci ilin 24 aprel gününün, birincisi, Osmanlı dövlətinin daxilində reallaşdırılması, həmin ilin mayın sonundan başlanan ermənilərin köçürülməsilə heç bir əlaqəsi yoxdur. İkincisi, uydurma "erməni soyqırımı” uzun illər üçün erməni terrorçularının hücumunun obyektlərini müəyyən etdi - bu Türkiyə və Azərbaycanın dövlət və ictimai xadimləri, həmçinin Türkiyə ilə dost münasibətində olan ölkələrin vətəndaşları oldu.
Birinci Dünya müharibəsi və Azərbaycan Demokratik Respublikasının (ADR) devrilməsindən sonra Türkiyə və Azərbaycanın ictimai-siyasi xadimlərinin qətli "Daşnaksütyun”un əsas vəzifələrindən biri oldu. Bu məqsədlə 1919-cu ildə Yerevanda "Daşnaksütyun”un IX qurultayında əsl adı Qaregin Pastermacyan olan Armen Qaronun rəhbərliyi altında "Nemesis” ("Cəza”) xüsusi terror təşkilatının yaranması haqqında qərar qəbul edilmişdi. O, Osmanlı parlamentinin keçmiş deputatı idi və Birinci Dünya müharibəsi başlayanda qaçıb çar Rusiyası tərəfə keçmişdi. "Nemesis” əməliyyatlarının koordinatoru Amerikada yaşayan, əsl adı Akop Ter-Akopyan (Hagop Ter Hagopian) olan Türkiyədən gəlmə erməni Şahan Natali (Shahan Natali) idi. Maliyyə, logistika və kadrların hazırlanmasına Aron Saçaklyan (Aaron Sachaklian) cavabdeh idi. "Nemesis”in siyahısına Türkiyə və Azərbaycanın 745 siyasi və dövlət xadiminin adı daxil edilmişdi. Tezliklə, 1920-ci ilin cəmi bir neçə ayı ərzində ADR-in görkəmli xadimləri N.Yusifbəyli (may, 1920-ci il), F.Xoyski və X.Xasməmmədov (19 iyun 1920-ci il), H.Ağayev (19 iyul 1920-ci il) erməni terrorçularının qurbanları oldular. "Nemesis” qurbanlarından biri də Osmanlı hökumətinin daxili işlər naziri və daha sonra hərbi naziri olmuş Tələt Paşa idi. O, 1921-ci il martın 15-də Berlinin ən izdihamlı küçələrindən birində Soqomon Teyleryan tərəfindən yüzlərlə şahidin gözləri önündə öldürülmüşdü. Siyasi təzyiqlər nəticəsində məhkəmə prosesi "soyqırım” haqqında iddialarla şouya çevrilmişdi - məhkəmə terrorçuya bəraət hökmü çıxardır və Berlin dairə məhkəməsində terrorçu Teyleryanı deyil, faktiki olaraq Türkiyəni mühakimə edirdilər. Ölüm cəzası tələb etmiş prokurorluq məhkəmənin bəraət hökmünə etiraz edir, amma sonra öz tələbindən geri çəkilir. Məhkəmə üzvləri siyasi düşüncələrinə görə seçilmişdilər və işin müzakirəsi zamanı ittiham edilənin vəkili tərəfindən gizli təhdidlərə məruz qalırdılar. Məhkəmədə Teyleryan öz hərəkətlərinə onunla haqq qazandırırdı ki, onun ailə üzvləri Birinci Dünya müharibəsi dövründə Türkiyə hökuməti tərəfindən məhv edilmişdi. Digər bir terror hadisəsi isə 1921-ci ilin iyulunda İstanbulda baş vermişdi. ADR dövründə daxili işlər naziri olmuş Behbud xan Cavanşir 1921-ci il iyulun 17-də erməni terrorçu Mişaq Torlakyan tərəfindən qətlə yetirildi. Keçirilən məhkəmədə Azərbaycan nümayəndələrinin gərgin səyi nəticəsində prokuror daşnak terrorçusu Mişak Torlakyan üçün ölüm hökmü tələb edir. Lakin səhəri gün gözlənilmədən prokuror işdən uzaqlaşdırılır. "XX əsrin məhkəməsi” adlanan proses erməni havadarlarının təzyiq və təsiri nəticəsində ört-basdır edildi. Cinayət cəzasız qaldı. Bu, insan haqq və hüquqlarını rəhbər tutan Avropa hüquq məhkəməsi tarixində "qara ləkə” olaraq yaddaşlarda qaldı. Bəlkə elə bu cəzasızlığın nəticəsidir ki, XX əsrin əvvəllərində terrorun miqyası daha da genişləndi. Bütövlükdə erməni terrorizminə bəraət hökmü çıxarıldı və bununla da erməni terrorçularının 70-80-cı illərdə bütün türk dünyasına qarşı qanlı aksiyalarına "yaşıl işıq” yandırdı.
Daşnak qəzeti "Armenian Weekly” 1983-cü il martın 9-da Yuqoslaviyada türk səfiri Qalip Balkarı öldürmüş iki erməni terrorçusu üzərində qurulan məhkəmə prosesi ilə əlaqədar yazırdı ki, bu proses "o cəhətdən "Teyleryan-Torlakyan proseslərinə” oxşadı ki, terrorçular öz hərəkətlərini Türkiyəyə qarşı siyasi tələblərlə doğrultmağı bacardılar. Həmçinin qeyd etmək lazımdır ki, Berlin dairə məhkəməsinin biabırçı hökmündən dərhal sonra dünyanın müxtəlif ölkələrində erməni terrorçuları tərəfindən Türkiyə və Azərbaycan dövlət xadimlərinin silsilə qətlləri baş verdi. Onlar Romada Seid Helim Paşanı (6 dekabr 1921-ci il), Berlində Osmanlı hökumətinin keçmiş baş naziri Bahattin Şekeri və Trabzonun keçmiş qubernatoru, professor Cemal Azami (17 aprel 1922-ci il), Tiflisdə Kamal Paşa və onun müavini Sureyya bəyi (25 iyul 1922-ci il), Buxarada Ənvər Paşanı (4 avqust 1922-ci il) öldürmüşdülər. Bu qanlı aksiyalar erməni terror təşkilatlarının fəaliyyətinin növbəti mərhələsinin başlanğıcı oldu.
Erməni terrorizminin növbəti mərhələsi Türkiyənin Los-Ancelesdəki konsulu Mehmet Baydar və vitse-konsulu Bahadır Demirin 1973-cü il yanvarın 27-də Santa Barbarada qətli ilə başlandı. Terror aktı Yanikyan tərəfindən törədilmişdi və fərdi erməni terroru kimi qəbul edilmişdi. Amma tezliklə aydın oldu ki, bu aksiya erməni terrorizminin planlaşdırılmış, təşkil olunmuş və məqsədyönlü hissəsidir. Buna həmçinin Yanikyanın ölümündən sonra ABŞ-da dərc edilmiş "Armenian Reporter” erməni qəzetinin iddiası şahidlik edir. Qəzet yazırdı: "O, "siyasi mübarizə”nin yeni erasını açdı və "erməni tarixi”nin gedişini dəyişdirdi”.
Belə ki, Fransa, Böyük Britaniya, ABŞ, Yaxın Şərq ölkələrinin erməni təşkilatları, XX əsrin 70-ci illərinin əvvəllərində Fələstin terror təşkilatlarının təcrübəsindən ruhlanaraq (bu haqda aşağıda söhbət gedəcək) və siyasi mübarizənin səmərəsizliyi haqqında nəticəyə gələrək, dünya ictimaiyyətinin diqqətini "erməni xalqının probleminə” cəlb edilməsi məqsədi ilə terror aktlarının həyata keçirilməsi metoduna qayıtmağa qərar verirlər. Bu dövrdə "Daşnaksütyun”un çoxsaylı terror qruplaşmaları yaradılmışdı - "Erməni inqilab ordusu”, "Yeni erməni müqaviməti”, "Ermənistanın azad olması üçün yeni erməni müqaviməti”, "Erməni azadlıq təşkilatı”, "Erməni soyqırımına münasibətdə ədalət mübarizləri”, "Erməni soyqırımı ədalət Kommandosları”, "Erməni soyqırımının qisasçıları” və s. 1972 -1991-ci illər ərzində bu qruplaşmalar tərəfindən türk diplomatları, siyasətçiləri və biznesmenlərinə qarşı 300-dən çox terror aktı törədilmişdi. Xüsusilə, onlar Avstriya, Fransa, Yuqoslaviya, İsveçrə, Avstraliya, Belçika, Bolqarıstan, Danimarka, İspaniya, ABŞ, BMT-də türk diplomatlarını öldürmüşdülər.
Terror aktlarına bəraət qazandırmaq üçün daşnak qəzeti "Armenian Weekly” bildirirdi ki, erməni ordusu və kommandosun Türkiyənin rəsmi şəxslərinə qarşı aktları ədalətlidir və erməni xalqının əksəriyyəti tərəfindən dəstəklənir və ermənilər yalnız "yaradılış aktları” kimi bu zorakı aktlar nəticəsində oyana bilərlər, çünki Türkiyənin istənilən nümayəndəsinin məhv edilməsi erməni ləyaqətinin bərqərar olmasını bildirir. Daşnaklar, ermənilərin belə hərəkətlərdə iştirak etməsinin "müstəsna hüquq” olduğunu bildirir və deyirdilər ki, bu hərəkətlər terrorizm deyil. 70-ci illərin əvvəllərində marksizm-leninizm ideologiyasına tərəfdar olan ASALA (Armenian Secret Army for the Liberation of Armenia) terror təşkilatı yaradılmışdı. Bu erməni terror təşkilatının məqsədi Türkiyənin şərqi, şimali İran, indiki Ermənistan ərazisi, Azərbaycanın Dağlıq Qarabağ regionu və Naxçıvan Muxtar Respublikası əraziləri daxil olmaqla "Böyük Ermənistan” yaratmaq və həmçinin uydurma "erməni soyqırımı”nın dünya ictimaiyyəti tərəfindən tanınması idi. Bu təşkilat Türkiyə hökumətini 1915-ci ildə guya 1.5 milyon erməninin qətli üçün öz məsuliyyətini açıq tanımağa, təzminat ödəməyə və ermənilərə ərazi güzəştə getməyə məcbur etmək fikrindədir. Simptomatikdir ki, 1982-ci il avqustun 7-də Ankaranın beynəlxalq aeroportunda erməni terrorçuları 10 sərnişini öldürmüş və 71-ni yaralamışdılar. Polis terror aktı zamanı öldürülmüş və yaralanmışların sayını həbs edilmiş erməni terrorçularından biri Levon Ekmekçiyana məlumat verdikdə, o, "bu çox azdır” demişdi. Bu təşkilatın məqsədlərinin reallaşdırılmasının əsas metodu-terror aktlarının keçirilməsidir.
ASALA ABŞ, Yunanıstan, yunan Kipri, Fransa, İran, Livan və Suriyadan erməni diasporunun dəstəyini alır. SSRİ-nin mövcudluğu dövründə ASALA öz məqsədlərinə nail olmaq üçün əməliyyat meydanı kimi Ermənistan SSR-dən fəal istifadə edirdi. 1975-ci ilin yanvarında Beyrutda Ümumdünya Kilsələr Şurasının binasında ASALA tərəfindən həyata keçirilmiş terror aktı erməni terror təşkilatlarının qanlı fəaliyyətində yeni eranın başlanğıcı haqqında dünya ictimaiyyətinə xəbər verdi. Belə ki, ASALA nümayəndəsinin bəyanatına əsasən, 1975-ci ildə təşkilatın birinci əməliyyatı ermənilərin Birləşmiş Ştatlara mühacirətinin dəstəklənməsi məqsədilə Ümumdünya Kilsələr Şurasının ofisinə qarşı keçirilmişdi.
Tezliklə ASALA-nın çoxsaylı erməni terror qrupları yaradılır -"Erməni azadlıq cəbhəsi” (1979-cu il), "Erməni azadlıq hərəkatı” (1981-ci il), "Orli” (1981-ci il), "İntihar edənlərin eskadronu” (1981-ci il), "9 İyun” (1991-ci il), "Erməni birliyi” (1988-ci il), "Gənc ermənilər ittifaqı” (1990-cı il) və b. Bundan başqa, ASALA terror təşkilatı qanlı aksiyalarını tez-tez "Orli” və "3 oktyabr” qrupları adından həyata keçirirdi. Əvvəlcə bu təşkilatların həmlələrinin obyekti türk diplomatları idi. Sonradan onlar Türkiyə ilə dost münasibətdə olan və ASALA-nın döyüşçülərini həbs edən dövlətlərin vətəndaşlarına və nümayəndələrinə qarşı çoxsaylı hücumlar edirlər. Qarabağ münaqişəsinin gərginləşdiyi dövrdə onlar Dağlıq Qarabağa silah çatdırılması və muzdurluların cəlb olunması ilə məşğul olurdular, həmçinin Dağlıq Qarabağda etnik azərbaycanlılara qarşı çoxsaylı hücumlar həyata keçirirdilər.
1975-1985-ci illər ərzində dünyanın 21 ölkəsinin 38 şəhərində ASALA-nın terror qruplaşmaları tərəfindən 110-dan çox terror aktı həyata keçirilmişdi, onlardan 39-u silahlı hücum, 70-dən çoxu bomba partlayışı ilə müşayiət olunmuşdu. Bu aktlar nəticəsində 42 türk diplomatı və digər dövlətlərin 4 diplomatı öldürülmüşdü, həmçinin 15 Türkiyə vətəndaşı və digər dövlətlərin 66 vətəndaşı müxtəlif ağırlıq dərəcəsində yaralanmışlar.
Kamran Behbudov
ADA-nın professoru
banner

Oxşar Xəbərlər