• bazar, 01 Dekabr, 23:43
  • Baku Bakı 8°C

Dosta dost, düşmənə duşmən

28.04.20 10:30 2800
Dosta dost, düşmənə duşmən
Və ya tarix özünü təkrar edirsə, biz ondan niyə dərs almırıq?
"1920-ci yüzilliyin ilk illərində Zaqafqaziyada ən güclü siyasi milli partiya 1890-cı ildən fəaliyyət göstərən və Bakıda da geniş şəbəkəsi olan "Daşnaksütun” idi”. Onların bizlərə qarşı yürütdükləri çirkin siyasəti başa düşən Əhməd bəy Ağaoğlu "Difai”ni yaradarkən yazırdı: "Daşnak firqəsi əmin olsun ki, heç bir vaxt biz öz millətimizin xarabazarlıqları və külü üzərində erməni millətinin səadət və xoşgüzarlıq qurmasına yol verməyəcəyik”.
Çox-çox təəssüf ki, uzun illər Əhməd bəyin bu çağrışını öz soydaşları nəin ki, qulaqardına vurdular, hətta onu tənqid, təhqir etməkdən belə çəkinmədilər. Qarşımda 1970-80-cı illərdə çap olunan bir neçə tədqiqat əsərləri var. Əksəriyyəti birmənalı olaraq Azərbaycan xalqının milli varlığını, şərəf və ləyaqətini qoruyan "Difai” təşkilatını sovet ideologiyasına xas olaraq "terrorçu, sui-qəsdçi quldur dəstəsi” və s. təhqiramiz ifadələrlə qamcılayır. Zaman isə sübut etdi ki, sovet tarixşünaslığının "terrorçu” adlandırdığı bu siyasi-hərbi təşkilat xalqını düşdüyü ağır vəziyyətdən qurtarmaq üçün yaranan yeganə ümid yeri olub.
Ermənilərin və onlara havadarlıq edən qüvvələrin zora əl atdıqlarını görən, hürriyyət və demokratiya aşiqi olan, qələmlə silahı birləşdirməyi bacaran Əhməd bəy Ağaoğlu "Difai”ni yaratmaqla yalnız ermənilərə yox, onların havadarlarına da yerini göstərdi. Belə ki, partiya fəaliyyətə başlayandan az sonra yerlərdə şöbələri yaranaraq Qzfqazda milli-ayrıseçkilik salan, yerli xalqa-Azərbaycan türklərinə ikinci dərəcəli adamlar kimi baxan şovinist rus məmurları və onların erməni əlaltılarına "Difai”nin əlinin suyunu eyni dərəcədə dadırdı. Onlardan biri də azərbaycanlılara qarşı çox amansız olan rus generalı N.V.Qoloşapov oldu.
Bütün arxiv sənədlər və tədqiqat əsərlərindən aydın olur ki, erməni-müsəlman məsələsinin qaldırılmasında həmişə Mərkəzin əli olub. Hələ 150 il bundan əvvəl Rusiya Nazirlər Sovetinin sədri C.V.Vitte xatirələrində yazırdı ki, Qafqazdakı erməni-müsəlman toqquşmalarında bizimkilərin əli vardı. Bu əl daha çox qanlara bais oldu, ermənilərin "xaç atası” adlandırdıqları Vorontsov -Daşkov İllarion İvanoviçin Qafqaza canişin təyin edildiyi zaman. Canişinin Qafqaza gəlişindən az sonra Qarabağda yenidən erməni-müsəlman münaqişəsi başlayır. Münaqişəni "nizama salmaq” üçün məhz Vorontsov-Daşkovun məsləhətilə azərbaycanlılara dəhşətli dərəcədə nifrəti olan rus generalı V.N.Qoloşapov 1905-ci ilin əvvəllərində Şuşaya general-qubernator təyin olunur.
Bu, o V.N.Qoloşapov idi ki, gah bu, gah başqa "xatalı” regiona "sakitliyi” bərpa etməyə göndərilirdi. Canişinliyin ən yaxın əlaltılarından biri olan Qoloşapovun Şuşaya gəlişi şəhərdə azərbaycanlı əhalinin yuxusunu ərşə çəkdi. Ermənipərəst mövqe tutan general tez zamanda azərbaycanlılara qarşı "terror və məcburi köçürmə əməliyyatına” başladı. Generalın bu haqsızlıqlarına qarşı ilk etrazını bildirən də qələm əhlimiz olur. Məsələn, Cəlil Məmmədquluzadə "Molla Nəsrəddin” jurnalının 1906-cı il 17-ci və 18-ci saylarında çap etdirdiyi "Qoloşapova” və "Qoloşapovun geri çağrılması” sərlövhəli satirik felyetonlarında rus generalının azərbaycanlılara qarşı düşmən münasibətindən bəhs edir. Müəllif üzünü Qoloşapova tutaraq yazırdı: "Ey yari-bivəfa Qoloşapov! Bu imiş məgər dostluğun şəraiti? Biz məgər sənlə belə danışmışdıq? Heç bilirsənmi ki, kimi qırırsan, kimin evlərini topa tutursan, kimin məhəlləsinə od vurub yandırırsan? Məgər Qarabağ müsəlmanlarını tanımırsan? Məgər qeyri-müsəlmanları tanımırsan? Məgər müsəlmanlar sənin padşahının barəsində etdiyi rəftarının əvəzidir ki, sən müsəlmanlar barəsində eləyirsən? ...Yoxsa ondan ötrü eləyirsən ki, müsəlmanın həmiyyət və qeyrətindən xəbərdarsan?”
Qarabağda, xüsusən də Şuşada hadisələrin daha da pisləşməsi, Qoloşapovun ermənilərə hər vasitə ilə dəstək olması Qafqaz Şeyxülislamını da narahat edir. O, Qafqaz canişini Vorontsov-Daşkovun qəbuluna gələrək Qoloşapovun geri çağrılmasını xahiş edir. Canişinin Şeyxə cavabı qəti və amansız olur: "Qoloşapov geri çağrılmayacaq, münaqişə başa çatana qədər cəza tədbirləri davam edəcəkdir”. İşi belə görən Əhməd bəy Ağaoğlu "Difai”nin Şuşa təşkilatının üzvüləri ilə danışıqlar aparır. Qoloşapovu aradan götürmək barəsində qərar qəbul edilir. Qərarın icrası "Difai”nin Şuşa təşkilatının üzvü, pətənpərvər, millətsevər, igid Hüsü Əlioğluna tapşırılır. O, 1906-cı ilin noyabrında tapşırığa əməl edərək Qoloşapovu Tiflisdə qətlə yetirir.
Deyilənə görə, Hüsü Əlioğlu bu qətli Tiflisdə canişinliyin iqamətgahının bir addımlığında yerinə yetirib. Qoloşapovun "dərsini” ona görə burada verib ki, o, bütün bu haqsızlıqları Vorontsov-Daşkova arxalanaraq edirmiş... Bu hadisə həm Qafqaz canişini Vorontsov-Daşkovu, həm də çar hökumətini vəlvələyə salır.
Deyirlər , tarix özünü təkrar edir. Bəs onda biz tarixdən niyə dərs götürmürük? Axı tarixin acı dərsləri həmişə karımıza gəlmiş və yəqin ki, bundan sonra da gələcəkdir. Ə.Ağaoğlu yazırdı ki, hər millətin tarixi, ömrü, həyatı bir sıra təbii qanunlara tabedir. Millət arasında o qanunlardan xaric nə iş görülsə, süni olub səmərə verə bilməz. Necə ki, bizdə də vermədi. Çox uzaq yox, yaxın tariximizə - 1920-ci yüzilliyin əvvəllərində baş verən hadisələrə diqqət yetirək. 20-ci yüzilliyin əvvəllərində baş verən erməni-müsəlman məsələsi sonunda da təkrarlandı. Sadəcə, canişin sarayını Kreml əvəzlədi.
...Görəsən, biz niyə hələ də sovet ideologiyasındakı "yalançı dostluq və qardaşlıq miflərinə” inanırıq? Unutmaq olmaz ki, zülmə öyrənənlər, mərhəməti sevməzlər. Onda biz niyə onlardan mərhəmət umaq? Axı ata-babalarımız dostu dost, düməni düşmən kimi tanımağı bacarıblar. Biz də bu gün dünənimizə nəzər salaq, baş verən hadisələrdən nəticə çıxarmağı bacaraq. Dostumuza dost, düşmənimizə düşmən olaq! Yadıma 1915-ci ildə "Açıq söz” qəzetində çap olunan məqalədən bir parça düşdü. "Bundan sonra olsun ayılaq. Analarımızın yadların, səfehlərin ayaqları altına düşməsinə məhəl verməyərək. Bacılarımızın bir loxma çörək üçün namuslarını satmağa razı olmayaq! Və razı olmayaq ki, gələcək nəslimiz millətimizin bu ağır günlərindəki, qansızlığımızı, həmiyyətsizliyimizi, imansızlığımızı, yalançılığımızı mühakimə edib, bizə lənət oxuyalar!”
Qərənfil Dünyaminqızı,
Əməkdar jurnalist
banner

Oxşar Xəbərlər