• bazar ertəsi, 02 dekabr, 01:26
  • Baku Bakı 8°C

Klassik mütəfəkkirin müasirliyi

21.05.20 09:30 3246
Klassik mütəfəkkirin müasirliyi
Və ya Əhməd Ağaoğluna vəfatının 81-ci ildönümündə təşəkkür borcumuz
Əsas mövzuya başlamazdan öncə qeyd etmək istəyirəm ki, doktorantura təhsilimin faydalı ağırlığına görə bir ildən çoxdur ki, mətbuat səhifələrindən uzaq qalmışdım. Yazını hazırlamağa başladığım 19 may günündə, əvvəlcə sosial mediada paylaşım etməyi düşünürdüm, lakin Əhməd bəy haqqında sözlərimin çoxaldığını görüncə, bəlkə də təzədən mətbuatda görünməyin yeri gəldiyini və onu daha geniş formada anmağın vacibliyini anladım. Ona görə də Ağaoğluna, öncəliklə bu səbəbdən dolayı şəxsən təşəkkür edir və ruhu qarşısında sayğılarımı bildirirəm. Lakin ona şəxsimiz adından yox, böyük bir millət adından da təşəkkür borcumuz var. Niyəsinə əsas hissədə nəzər salaq.
Azərbaycan milli fikir və özünüdərk tarixinin əsas ideoloqlarından biri olmuş Əhməd bəy Ağayev (Ağaoğlu) 1869-cu ildə rəsmi olaraq Rusiya imperiyasının tərkibində olan Yelizavetpol (Gəncə) quberniyasına bağlı Şuşa şəhərində dünyaya gəlib. 1939-cu ilin 19 mayında isə mühacirət yaşadığı Türkiyə Cümhuriyyətində - İstanbulda vəfat edib. Sözün açığı, bu yazını vikipedik məlumatları çatdırmaq üçün klaviaturaya almaq niyyətim yoxdur, bunun üçün kifayət qədər material tapmaq olar. Nə də olsa, dövr əlçatanlıq dövrüdür. Bəllidir ki, 2020-ci ilin 19 mayında böyük şəxsiyyətin vəfatından 81 il ötür. Bəs həmin 81 ildə nələr dəyişdi və ya nələr olduğu kimi qaldı? Hər şey və ya heç nə!
Düzdür, qeyd elədik ki, vikipedik informasiya olmayacaq, amma yenə də kim olduğunu xatırlamağa gərək var. Saymaqla bitməyəcək qədər dolu olan bir bioqrafiya... Fransanın məşhur Sorbonna Universitetinin Hüquq fakültəsinin məzunu olan Əhməd bəy o dövrdə Azərbaycandan xaricdə təhsil alanların daxil olduğu dörd qruplaşmadan ən inkişaf etmişində, yəni Qərb "cəbhəsi”ndə yer alıb. Xaricdə təhsil, əsasən Rusiyada maariflənən və elmindən xalqı soymaq üçün istifadə edən ruspərəstlər, İranın molla təfəkkürünü öyrənib onu təbliğ etməyə dadanmışlar, Osmanlıda (Türkiyədə) türkçülük ideyaları ətrafında birləşənlər və Qərbi Avropa ölkələrində aldıqları təhsillə güclü demokratiya bilikləri əldə etmişlər arasında bölünmüşdü. Fransanın Avropa tarixindəki özünəməxsus yerini nəzərə alsaq (məsələn, Böyük Fransa inqilabı – N.A.), Əhməd bəyin demokratik düşüncələrinin burada necə zənginləşdiyini təsəvvür edə bilərik. Azərbaycanda erməni terrorçuluğuna qarşı mübarizə sahəsindəki Difai Partiyası (1906-1917) da onun siyasi fəaliyyətləri sırasına daxildir. Bundan əlavə, "Gənc Türklər”in inqilabı vaxtı çarın təqibindən qurtulmaq üçün Türkiyəyə mühacirət etmiş Ağaoğlu həmin ölkədə bir sıra vəzifələr tutub. İlk olaraq İttihad və Tərəqqi Partiyasına üzv olmuş Əhməd bəy daha sonra Türkiyə Böyük Millət Məclisinin II və III çağırış məbuslarından (deputatlarından – N.A.) biri olaraq Qars vilayətini parlamentdə təmsil edib. O həm də Atatürkün xarici siyasət üzrə məsləhətçisi ünvanını da daşıyıb. Şimali Azərbaycanda müstəqilliyin ilk dəfə əldə olunmasından sonra Azərbaycan Cümhuriyyəti Parlamentinin də üzvü kimi çıxış edib və hökumətin Paris Sülh Konfransına göndərmək üçün seçdiyi nümayəndə heyətinin tərkibinə daxil edilib.
Mən jurnalistika təhsilimlə əlaqədar Ağaoğlunun adını, təbii olaraq daha çox mətbuat sahəsində eşitmişəm. Azərbaycanda anadilli ilk gündəlik qəzet olan "Həyat”ın (1905-1906) qurucularından biri olmaqla yanaşı, özünün, adı "yol göstərən” mənasını verən "İrşad” qəzeti də (1905-1908) milli mətbuat tarixində yer alıb. Bu haqda daha ətraflı professor Şamil Vəliyevin məqalələrindən oxumaq mümkündür. Bundan əlavə, bir sıra qəzetlərdə, o cümlədən Azərbaycan rusdilli mətbuatı tarixinin aparıcı orqanı olan və bu gün "üç əsrin qəzeti” (müəyyən fasilələrlə 1881-dən bu günədək – N.A.) statuslu "Kaspi”də yazılar dərc etdirib. Bu məqalələr arasında yazıda haqqında qeydlər edəcəyimiz "Obzor Vostoçnıy jurnalistiki” və "Obzor jurnalistika na Vostoke” adlı ikihissəli icmaldan əlavə ("Şərq jurnalistikasının icmalı” və "Şərq jurnalistikasına bir nəzər”), "Qde je naşa intelliqensiya?” ("Bəs bizim ziyalılarımız haradadırlar?”) da "Kaspi”də işıq üzü görüb. Ümumilikdə, onun "Kaspi” qəzetindəki materialları əsasında Lalə Osmanqızının "Əhmədbəy Ağaoğlunun publisistikası” kitabını (Bakı: 2012) əldə etmək olar.
Ə.Ağaoğlu yalnızca Azərbaycan jurnalistikasının yox, həm də Türkiyənin mətbuat tarixində önəmli rol oynayıb. İttihad və Tərəqqi Partiyasına yeni üzv olduğu vaxt "Türk yurdu” jurnalının redaktoru, 1921-ci ildə Malta sürgünündən qayıtdıqdan sonra müəyyən illərdə Ankara Mətbuat Bürosu (rəsmi və tam adı ilə Matbuat ve İstihbarat Müdüriyeti Umumiyesi – N.A.) direktoru (1921-1923), Atatürk prinsiplərinin təbliğatçısı "Hakimiyet-i Milliye” qəzetinin baş redaktoru, Türkiyənin ilk informasiya agentliyi olan "Anadolu Ajansı”nın idarə heyəti sədri (1925-1928) kimi vəzifələri tutub. Professor Həmid Vəliyev özünün "Xarici ölkələrin jurnalistikası tarixi” kitabının (Bakı: 2012 və Bakı: 2014 nəşrləri mövcuddur) "Türkiyə” bölümündə, xüsusən Ankara Mətbuat Bürosu direktorluğunun "Türkiyədə nazirə bərabər vəzifə” olduğunu qeyd edib.
1899-cu ildə "Kaspi” qəzetində iki hissə şəklində dərc etdirdiyi "Obzor Vostoçnıy jurnalistiki” və "Obzor jurnalistika na Vostoke” başlıqlı məqalələri xüsusi təhlil xarakterli yazılar olaraq, Şərqdə mətbuatın vəziyyətinə dair müfəssəl bilgi verir. "Şərq jurnalistikasının icmalı” başlığı ilə məqalə üç cilddə nəşr olunmuş "Azərbaycan mətbuatı tarixi antologiyası”nın I cildində yer alıb. Əhməd bəy burada Şərqdə mətbuatın nümayəndələri haqqında məlumat verməklə yanaşı, bir sıra aktual problemlərə də toxunub. Azərbaycana Avropanın geyimi, baxış tərzi, düşüncəsindən daha vacibinin mətbuat olduğunu qeyd etmiş Ağaoğlu, jurnalistikanın cəldlik-operativlik, qərəzsizlik, obyektivlik tələb edən bir sahə olduğunu vurğulayıb. Elə burada onun jurnalistikanın beynəlxalq doktrinalarına nə dərəcədə hakim olduğu hiss edilir. Məhz bu səbəblərdən Şərqdə medianın inkişafında problemlər olduğunu təsbit edən mütəfəkkir həmin prinsiplərin Şərqin mürgüləyən rejiminə, ətalət halına uyğun düşmədiyini göstərib. Bu sırada, Osmanlıda mətbuatla bağlı bir karikaturanı xatırlamaq yerinə düşər: Sultan Avropaya göndərdiyi elçilərdən nə gətirdiklərini soruşduqda, "ağcaqanad dərmanı, rahat yatmağımıza kömək edər” şəklində cavab almağına qarşılıq "bəs mətbəə necə oldu?”, - deyərkən, "gurultusu yatmağa qoymaz deyə, gətirmədik” cavabını alır. Yəni Şərqin mətbuat yanaşmasının yalnızca yatmaq üzərində qurulmuş olduğu ideyası göstərilir. Yenə professor Həmid Vəliyevdən - bu dəfə "Dünya informasiya agentlikləri” kitabından (Bakı: 2003) oxuyuruq ki, Osmanlının ilk qəzeti olmuş "Takvim-i Vekayi” (1831) 1850-ci ildə ABŞ-da Robert Hun adlı şəxsin buxar gücü ilə çap işi həyata keçirdiyini yazıb. Lakin hadisə 1846-cı ildə baş verib. Osmanlıda Sultan II Mahmud dönəmində başlamış yenilənmə və müasirləşmənin göstəricilərindən olan qəzet xəbərləri gec verməyi ilə yanaşı, müəyyən fasilələrlə çıxdığına görə də gürcü əsilli kürəkən Rüfət paşa tərəfindən "tarixi lap yeni, məzmunu isə lap köhnə qəzet” şəklində tənqid olunub. Təbii ki, dövrə və coğrafiyaya-mühitə görə jurnalistikanın təməllərinin atılması böyük iş idi, amma boşluqları da qeyd etmək lazımdır. Bu nümunələrlə Ağaoğlunun varmaq istədiyi nöqtəni görmək mümkündür. Elə 2020-ci ildə operativlik təmin olunsa da, digər prinsiplər jurnalistikamızda, xüsusən onlayn sferada nə dərəcədə yer tapıb? Bu, ritorik sualdır...
1903-cü ildə "Kaspi” qəzetinin 3 dekabr və 6 dekabr saylarında "Bəs bizim ziyalılarımız haradadırlar?”, - deyə çağırış etmiş Əhməd Ağaoğlu bir millətin öncüllərinin onun ziyalıları olduğunu ustalıqla qələmə alıb. İndi də elə deyilmi? Millət əldən gedərkən ziyalılar hara baxırlar? Alimlər, sənətçilər, hüquqşünaslar, siyasilər hanı? Sankt-Simon avanqardların (öncüllərin – N.A.) sənətkarlar olduğunu göstərirdi, bu gün sənətkarlar Azərbaycan cəmiyyətinə necə öncüllük edirlər? Təbii ki, hər birini bu şəkildə ironiya ilə xatırlamaq olmaz, lakin elm xadimləri arasında bəlkə, elə o dövrün dörd tərəfə parçalanmışlığı bu gün də davam edir. Lenini qəhrəman elan edib, profil fotosuna Azərbaycan SSR-nin bayrağını bürüyənlərdən, eləcə də bir ideya altında toplaşmağı bacarmayanlardan çox şey gözləyirik, bəlkə də? Deməli, Ağaoğlunun 117 il öncə axtardığı "ziyalılar”, təəssüf ki, hələ də axtarışdadırlar. Ən pisi də odur ki, axtarılanlar arasında olanlar da axtarılmayanlar tərəfindən elə bir "veto” alırlar ki, insanın lap 1903-cü ilə qayıdıb təzədən axtarışa verilməyi gəlir...
Bir az da Əhməd bəyin "Sərbəst insanlar ölkəsi”nə səyahət edək. Ağaoğlunun "Sərbəst insanlar ölkəsində”si bir neçə dəfə nəşr olunub, haradasa 3 il əvvəl "MİL”in 2015-ci il buraxılışını oxumuşdum. O vaxt Bakının kitab-kafelərinin birində 10 ədəd çek toplayana 5 manat dəyərində kitab hədiyyə edirdilər, mən də toplayıb bu kitabı seçmişdim. Çox böyük örnəkdir: Şərqin vəziyyəti, siyasəti, quruluşu, demokratiyanın özəllikləri, prinsipləri və daha çox məsələlərə dair mühüm nəşrdir. Ən yaddaqalan hissəsi mənim üçün vəzifədən gedənlərin tənqidi olmuşdu. Ağaoğlu yazırdı ki, bir nəfərin vəzifədəykən tənqid edilməyib, bu yerdən ayrıldıqdan sonra topa tutulmağı Şərq despotizminin təcəssümüdür. Bu cümlələri oxuduğum vaxt o qədər hadisə və onlara reaksiyalar gözümün qabağından keçmişdi. İndi də keçməkdə davam edir. Biri vəzifədən ayrılarkən kimsə tənqid yazanda "hə, nə oldu? Arxasınca danışmağı bilirsiniz elə, gücünüz çatırdı vəzifədə olanda deyəydiniz” cavabı almağı düzgün deyilmiş. Çünki o tənqid edəni buna itələyən vəziyyət var. "Azərbaycan jurnalistləri vəzifəlilərin mülklərini, o getdikdən sonra sayırlar” deyilir, bəs sual edən varmı ki, həmin vəzifəli kresloda oturduğu dövrdə jurnalist mülklərini saymaq istəsə, sayıb qurtarmağa gücü vəfa edərmi? Elə bu da ritorik sual olsun.
Odur ki, yenə qayıdırıq "dəyişən çox şey var, amma heç nə dəyişməyib” fikrimizə. Bütün bunlarla bərabər, bir təşəkkür borcumuz da var: əlbəttə ki, vəfatının 81-ci ili tamamlanan Ağaoğluna. Bu ilin aprelində İstanbulda beynəlxalq elmi simpoziumda iştirak edəcəkdim, məlum pandemiyaya görə alınmadı. Həmin vaxt əsas planım Əhməd Ağaoğlu və Əli bəy Hüseynzadənin məzarlarını ziyarət etmək idi. Qismət olar yaxın zamanda. O vaxta qədər də ruhunu bir daha anmış olduq, nə gözəl bizə. Təşəkkür edirik, böyük mütəfəkkir!
Nurlan AĞA,
Türkiyə Atatürk Universiteti
Sosial Elmlər İnstitutunun doktorantı
banner

Oxşar Xəbərlər