Avropanın faşizmdən azad edilməsində böyük hünər göstərən “Medo” ləqəbli azərbaycanlı - Qələbə-75
O, Osterveyk
şəhərinin ilk fəxri vətəndaşı olub
Müharibə! Bu bir kəlmə söz yerlə-yeksan olan şəhər
və kəndlərin naləsi, gül əvəzinə güllə bitirən, su əvəzinə qanla suvarılan
torpağın həsrəti, kəsik qol kimi ümidsiz, əlacsız görünən dəmiryol xətlərinin,
meyvəsi dərilməmiş quruyan bağ-baxçanın özü boyda kədəri, ağrısı idi. Bir də
ki, anaların, ataların, gəlinlərin, qızların, qocaların, uşaqların donmuş təbəssümü,
gülüşü, sevinci...
1941-ci ilin iyun günlərindən birinin qismətinə
dünyanı sarsıdan bu bir kəlmə sözün kədəri düşdü. Sonra 1418 gün neçə-neçə
ünvana ölüm xəbəri apardı, neçə-neçə qapı əbədi bağlandı. Müharibə ünvanlı 4
ilin bütün fəsilləri payız kimi qaşqabaqlı, tutqun göründü. Beləcə, 4 il
dünyanın musiqi notları müharibə harayına kökləndi. Bu haray simfoniyasına bir
ümid, bir inam işığı düşmüşdü. Müharibənin qələbəmizlə bitəcəyinə inam, səngər-səngər
addımlayır, ev-ev, küçə-küçə dolaşır, bu qələbə sevinci yastığı tüfəng qundağı,
döşəyi nəm torpaq olanların kirpiyindən süzülür, ürəyinə təpər, qollarına qüvvət
verirdi.
1941-1945-ci illərin Böyük Vətən Müharibəsi illərində
Azərbaycanın qəhrəman oğul və qızları xalqımızın qəhrəmanlıq tarixinə yeni səhifələr
yazdılar. Böyük Vətən Müharibəsində qələbəmizi təmin edən elə bir əhəmiyyətli
vuruş səhnəsini təsəvvür etmək olmaz ki, oradan Azərbaycan oğullarının müzəffər
səsi eşidilməsin. Tarixi qələbədə Azərbaycan xalqının böyük payı vardır.
Müharibə illərində döyüşkən orduya respublikamız
600 mindən çox qəhrəman oğul və qızını göndərmiş və onların yarıdan çoxu geri
dönməmişdir.
Müharibə zamanı arxa və ön cəbhələrdə xidmət edən
azərbaycanlıların 250 mindən çoxu orden və medallarla təltif olunmuşdur. Azərbaycanın
130-a yaxın sakini Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülmüşdür.
Həzi Aslanov, Adil Quliyev, Mehdi Hüseynzadə, İsrafil Məmmədov, Gəray Əsədov
kimi onlarca qəhrəman oğullarımızı bütün dünya tanıyır. Belə qəhrəman
oğullarımızdan biri də Hollandiyanın Milli Qəhrəmanı, Hollandiyanın ən yüksək -
Orance-Nassau Kral ailəsinin cəngavəri ordeninin sahibi, "Sədaqətli xidmət”
medalı ilə təltif olunmuş, Hollandiya Müqavimət Hərəkatının görkəmli nümayəndəsi,
"Medo” ləqəbli məşhur partizan Məmməd Məmmədovdur.
Məmməd Məmmədov 1923-cü ilin 3 mayında Zaqatalanın Muğanlı
kəndində anadan olmuş, 2003-cü ilin 3 yanvarında Hollandiyanın Osterveyk şəhərində
vəfat etmişdir. İgid həmyerlimiz 1942-ci ildə Ukraynanın Don şəhəri ətrafında
gedən döyüşlərdə əsir düşür. O, 1943-cü ildə 20-dən çox azərbaycanlı döyüşçü ilə
birlikdə işçi qüvvəsi kimi alman işğalında olan Hollandiyaya göndərilir və
Oister Vijk qəsəbəsində hərbi qurğuların tikintisinə cəlb edilir. Bir müddət
sonra o, ilk dəfə əsrlikdən qaçır və Hollandiya partizanlarına qoşulur. Qarşıda
onu "Medo” ləqəbi ilə Hollandiya Müqavimət Hərəkatında böyük döyüşlər, savaşlar
gözləyirdi. O, Avropanın faşizmdən azad edilməsində böyük hünər göstərir. Əfsanəvi
partizanın dəstəsi alman faşist hərbi birləşmələrinə, qərargahlarına, rabitə mərkəzlərinə
qəfil hücumlar edir, faşistləri daim qorxuda saxlayırdı.
Müharibədən
sonra M.Məmmədov faşizmdən azad edilməsində böyük hünərlər göstərdiyi
Hollandiyada qalmağı qərara aldı. Bilirdi ki, Vətənə qayıdacağı təqdirdə, ya
güllələnəcək, ya da sürgün olunacaq.
Hollandiyanın Oister Vijk şəhərində məskunlaşan Məmməd
hələ əsirlikdə olduğu zaman sevdiyi holland qızı Mariya ilə ailə həyatı qurur.
Bu nikahdan onların bir qızı olur. O, bircə övladına anası Nənəxanımın adını
verir. O, ailəsində yalnız Hollandiyaya deyil, Azərbaycana da sevgi hisslərini
tərbiyə edə bilmişdir. Ölənəcən stolunun üstündə müqəddəs kitabımız "Quran”
olmuşdur.
İgid həmyerlimiz müharibədən sonra Hollandiyada
aparılan quruculuq işlərində iştirak etmiş, dinc həyatda nümunəvi və çalışqan
bir vətəndaş olmuşdur. O, bir müddət Nevelo şəhərində uşaq futbol klubunun məşqçisi
olmuşdur. Kim bilir, ustalıqlarına heyran qaldığımız holland futbolçulardan
hansı birisi yaşıl meydanda ilk addımlarını məhz M.Məmmədovun məşqçiliyi ilə
atmışdır.
Əfsanəvi
partizan Məmməd Məmmədovun - "Medo”nun qəbri Hollandiyanın Osterveyk şəhərindədir.
O, həm də bu şəhərin ilk fəxri vətəndaşıdır. Onun arzularını, ömür yolunu indi
qızı Nənəxanım (Nensi) və nəvəsi Sabrina davam etdirirlər.
2019-cu ilin mayında xanım Nensi (Nənəxanım)
Doomen, əri Ed Doomen, qızları Sabrina və Oister Vijk şəhərinin meri cənab Hans
Yansen Azərbaycanda qonaq olmuşlar. Onlar İkinci Dünya Müharibəsində faşizm üzərində
Qələbənin 74-cü ildönümü münasibətilə mayın 9-da Bakıda keçirilən təntənəli mərasimdə
iştirak etmişlər. Tədbirdən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Birinci
xanım Mehriban igid partizan, Hollandiya Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən
biri, Niderlandın azərbaycanlı Milli Qəhrəmanı Məmməd Məmmədovun ailə üzvləri və
Oister Vijk şəhərinin meri Hans Yansenlə görüşmüşlər.
Mayın 10-da Hollandiyalı qonaqlar doğma Zaqatalaya
gəlmiş və ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü
münasibətilə keçirilən silsilə tədbirlərdə iştirak etmişlər.
Sonra rayon rəhbərliyi və "zanbaqlar ölkəsi”nin
nümayəndələri Məmməd Məmmədovun doğulub boya-başa çatdığı Muğanlı kəndinə gələrək
igid partizanın ev muzeyinin açılışında iştirak etmişlər. Əziz qonaqlarla görüş
əsl el bayramına, xalqlar dostluğunun təntənəsinə çevrilmişdir. Sizə təqdim
olunan xanım Nensi Doomenlə (Nənəxanım Məmmədova) çəkdirdiyimiz bu foto həmin
unudulmaz görüşdən bu sətirlərin müəllifinə bir xatirədir.
Həşim
İsmayılov,
Pedaqogika üzrə fəlsəfə doktoru