• bazar ertəsi, 09 dekabr, 21:09
  • Baku Bakı 7°C

Ermənistan cəmiyyətini sarsıdan döyüş

29.04.20 09:30 2394
Ermənistan cəmiyyətini sarsıdan döyüş
O qələbənin və zəfərin davamı olacaq
Bu günlərdə bütün dunya xalqları və dövlətləri COVİD-19 pandemiyası ilə kəskin mübarizə aparan zaman, Ermənistanın Qafqazda sülh və sabitliyə yönələn məsuliyyətsiz siyasi addımı, münaqişənin sülh yolu ilə nizamlanmasına qarşı ciddi əngəl törətməsi, beynəlxalq hüquq normalarına təhdidi davam etdirməsi, destruktiv mövqeyindən əl çəkməməsinin əyani subutudur.
Qondarma rejim tərəfindən keçirilməsinə cəhd göstərilən "parlament və prezident seçkiləri”, Ermənistan hökuməti istisna olmaqla, heç bir ölkə tərəfindən tanınmadı. Bir çox nüfuzlu beynəlxalq təşkilat və ölkə tərəfindən tanınmamaqla yanaşı, "seçkilər” adı verilən bu hadisənin beynəlxalq hüquqa, insan haqlarına, dövlətlərin ərazi bütövlüyü prinsipinə kəskin şəkildə zidd olduğu bir daha ifadə edildi. Ermənilərin zəbt olunmuş ərazilərdə analoji "seçki teatrı” təşkil etməsi birinci dəfə deyil, hər dəfə Ermənistan hakimiyyəti çətinliyə düşəndə qondarma rejimdə özlərinə arxa tapmağa cəhd edir. Amma hər dəfə də terrorçu-dövlət siyasətini davam etdirən qonşularımızda bu cəhdlər uğursuz nəticəyə gətirib cıxarır.
Tarixi sənədlər və mövcud faktlar Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu təsdiq edir. Bu faktı, şübhəsiz ki, işğalçı Ermənistanın terrorçu başbilənləri də aydın şəkildə görürlər. Demokratik düşüncəli dünya xalqları və beynəlxalq təşkilatlar da Azərbaycanın ərazi bütövlüyü və suverenliyini birmənalı və qəti şəkildə dəstəkləyirlər. BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü ildə Azərbaycanın ərazilərinin işğal edilməsini qınayan və n suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığını bir daha təsdiq edən 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələr qəbul etməsi buna misal ola bilər. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrdə Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olması təsdiq edilir, işğalçı qüvvələrin bütün işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur. ATƏT, AŞPA, İKT, Qoşulma Hərəkatı və digər beynəlxalq təşkilatlar da oxşar mövqe nümayiş etdirirlər. İşğalçı Ermənistan isə dünya birliyinin tələb və qərarlarına məhəl qoymayaraq, işğalçılıq siyasətini hələ də davam etdirməkdədir. Təbii ki, Azərbaycan xalqı Ermənistanın təcavüzkar siyasətini davam etdirməsinə imkan verməyəcək. Necə ki, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayan və ayın 5-də Rusiyanın vasitəçiliyi sayəsində dayandırılan döyüşlərdə ordumuz, işğal altında olan torpaqlarımızın bir hissəsini, strateji məntəqələri azad etməklə işğalçını cəzalandırmaqda qərarlı olduğunu nümayiş etdirdi. Onu da xatırlatmaq istərdim ki, bu döyüşlərdə ordumuz tərəfindən ilk 40 dəqiqədə düşmənin 40 tankı, 420 canlı qüvvəsi məhv edilmişdir. Hərbi əməliyyatlar zamanı işğalçı Ermənistana məxsus 45 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib. Düşmənin 500-dən çox canlı qüvvəsi öldürülüb və 500-dən artığı da yaralanıb. Əks-hücum əməliyyatı aparan ordumuz mühüm mövqelərə sahib oldu. Lələtəpə kimi yüksəklik alındı. Nəticədə 1994-cü ildə düşməndən azad edilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin təhlükəsizliyi təmin olundu. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır.
2016-cı il aprelin 19-da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Azərbaycan Silahlı Qüvvələrinin 3 üzvü "Azərbaycanın Milli Qəhrəmanı", 7 üzvü "Azərbaycan Bayrağı" ordeni, 1 üzvü 2-ci dərəcəli və 4 üzvü 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 19 üzvü "Vətən uğrunda" medalı, 43 üzvü "İgidliyə görə" medalı, 45 üzvü "Hərbi xidmətlərə görə" medalı, 2 üzvü "General-mayor" ali hərbi rütbəsi ilə mükafatlandırıldı. Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində bu gün insanların təhlükəsiz yaşaması mümkün olub. Bununla da, həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranıb. Bu məqsədlə ölkə başçısı İlham Əliyev 24 yanvar 2017-ci il tarixində "İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev aprel döyüşlərinə xüsusi önəm verərək, onu şanlı tariximiz adlandırdı: "Bu döyüşlər zamanı Azərbaycan dövləti, Azərbaycan xalqı, Azərbaycan Ordusu bir daha öz gücünü göstərdi. Aprel döyüşləri bizim böyük hərbi qələbəmizdir. Uzun illər Ermənistan öz ordusu haqqında miflər yaradırdı, uydurmalar irəli sürürdü ki, guya bunların yenilməz ordusu var. Aprel döyüşləri göstərdi ki, kimin ordusu yenilməzdir". Ermənistanın aprel döyüşlərində öz acı məğlubiyyətini etiraf etməyə məcbur olduğunu vurğulayan Ali Baş Komandan İlham Əliyev onu da bildirib ki, məhz aprel döyüşlərindən sonra Ermənistanın müdafiə naziri başda olmaqla bir çox yüksək vəzifəli hərbçilər öz vəzifələrindən kənarlaşdırıldı: "Bu, aprel döyüşlərinin nəticəsi idi. Bizim əsgərlərimiz, zabitlərimiz qəhrəmanlıq göstərdilər. Biz şəhidlər də verdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ancaq torpağımızı qoruduq, torpaqlarımızın bir hissəsini işğalçılardan azad etdik. Aprel döyüşləri hərbi kitablara salınmalıdır. Azərbaycan Ordusu həm hərbi peşəkarlıq, həm qəhrəmanlıq göstərmişdir".
Erməni işğalçıları tərəfindən işğal olunmuş torpaqlarımızın 2000 hektar ərazisi Azərbaycan Ordusu tərəfindən azad edildikdən sonra ölkə başçısının cəbhəyanı bölgələrə səfər etməsi və əsgərlərimiz, zabitlərimizlə görüşməsi, orada yaşayan əhalinin yaşayış şəraiti ilə yaxından tanış olması bir daha xalqımızın mənfur düşmən üzərində əldə edəcəyi növbəti qələbələrə inamını artırdı.
Artıq Ermənistanın bir çox tanınmış ictimai-siyasi xadimləri, siyasi şərhçiləri bu torpaqların Azərbaycana məxsus olduğunu söyləməklə yanaşı, Sarkisyan rejiminin işğalçılıq siyasətini pisləyən bəyanatlar səsləndirib, işğalçı ordunun Azərbaycan torpaqlarından çıxmasını tələb edirdilər. Ona görə ki, aprel döyüşləri ilk növbədə Ermənistan dövlətini, cəmiyyətini sarsıtdı, onlara ağır zərbə vurdu. Digər tərəfdən, cinayətkar, qaniçən Sarkisyan rejiminin girovuna çevrilmiş erməni xalqı aprel döyüşlərindən sonra öz taleyi haqqında daha çox düşünməyə başladı. Belə ki, Serj Sarkisyan rejimini hakimiyyətən uzaqlaşdlırmağa nail oldular. Bununla yanaşı, Qarabağın Azərbaycan torpaqları olduğunu və yaxın vaxtlarda bunun gerçəkləşəcəyini dərk etdikləri üçün bir çox erməni ailələri öz övladlarını Qarabağ cəbhəsinə hərbi xidmətə göndərməyə etiraz edir, onları hansısa harın rejimin siyasətinə qurban verməyəcəklərini bildirlər.
Aprel döyüşləri uzun illərdir ki, Ermənistanda yalandan formalaşdırılmış "məğlubedilməz ordu" mifini heçə döndərdi. Vasitəçilər və yalvarış dolu açıqlamalar olmasaydı, Azərbaycan ordusu Xankəndində müstəqil Azərbaycanın üçrəngli bayrağının dalğlnmasını təmin edəcəkdi. Həmin vaxtlar Serj Sarkisyan rejiminin və separatçı "DQR" rəhbərliyinin xarici ölkələrlə apardıqları danışıqları xatırlamaq kifayət edər. Yəni bütün bunlar bir daha sübut etdi ki, "erməni ordusu" əfsanəsi əslində sabun köpüyündən başqa bir şey deyilmiş. Aprel zəfərindən sonra Ermənistan və Azərbaycan prezidentləri münaqişənin tənzimlənməsi üzrə ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin rəsmilərinin iştirakı ilə Vyanada görüşdülər, həmçinin iyunun 20-də Sankt-Peterburqda Rusiya prezidentinin iştirakı ilə üçtərəfli danışıqlar keçirildi. Görüşlərdə münaqişə bölgəsində etimad tədbirlərinin möhkəmləndirilməsi, insidentlərin araşdırılması mexanizmlərinin yaradılması, ATƏT-in fəaliyyətdə olan sədri ofisinin genişləndirilməsi haqqında razılıq əldə edildi.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil, bütün region üçün ciddi təhlükə mənbəyidir. Yəni hər an müharibə alovlana bilər. Bunun real olduğunu işğalçı Ermənistan və onun havadarları da gözəl anlayırlar. Bu məqsədlə mənfur düşmən, münaqişənin uzanması və vaxt qazanmaq üçün müxtəlif hiyləgər vasitələrdən istifadə edir. Ancaq Azərbaycan tərəfi bəyan edir ki, işğal faktı, mövcud status-kvo ilə barışmaq və Ermənistanın təxribatlarına dözmək niyyətində deyil. Əksinə, düşmənə layiqli cavab vermək, torpaqlarını azad etmək iqtidarındadır. Azərbaycan Ordusu düşmənə qarşı öz ərazilərimizdə əməliyyat aparıb. Bu baxımdan da beynəlxalq təşkilatlar, nüfuzlu ölkələr aprel döyüşlərilə bağlı Azərbaycan əleyhinə bir söz deyə bilməzdilər. Azərbaycan qarşılıqlı qaydada hərbi əməliyyatları dayandırmağa razı oldu və bununla da münaqişənin sülh yolu ilə həllinə üstünlük verdiyini bir daha nümayiş etdirdi.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev beynəlxalq tədbirlərdə çıxışlarında və KİV-lərə verdiyi açıqlamalarında hər zaman bəyan edib ki, Ermənistanın müstəqil bir ölkə kimi fəaliyyəti qonşularla münasibətlərini tənzimləməkdən və öz qüvvələrini Azərbaycan torpaqlarından qeyd-şərtsiz və dərhal çıxarmasından asılıdır: "Biz, sadəcə olaraq, çalışırıq ki, məsələ sülh yolu ilə həll olunsun. Ancaq son illər ərzində aldığımız ən müasir, - mən onu bir daha qeyd etmək istəyirəm, - dünyanın ən müasir silahları bizə çox böyük imkan yaradır. Aprel döyüşləri zamanı biz, sadəcə olaraq, imkanlarımızın cüzi bir faizini nümayiş etdirdik. Bu, bir daha onu göstərir ki, aprel döyüşləri Ermənistanın təxribatı idi. İndi bəziləri müxtəlif versiyalar, fərziyyələr irəli sürürlər ki, Azərbaycan əməliyyat keçirməyi planlaşdırırdı, o da sonra dayandırıldı və sair. Birincisi, biz nəyi etmək istəmişiksə, onu da etmişik. Əks-hücum əməliyyatında qarşımızda hansı hədəflər durmuşdusa, biz o hədəflərə də çatdıq. Bu gün hərbçilər və beynəlxalq mütəxəssislər bilirlər ki, əldə etdiyimiz strateji mövqelər tamamilə vəziyyəti dəyişdirib. Əgər aprel döyüşləri zamanı genişmiqyaslı əməliyyat keçirmək fikrində idiksə, biz öz hərbi potensialımızdan istifadə edərdik. Bunlar sirr deyil. Burada hər şey beynəlxalq monitorinq altındadır. Bilirlər ki, bizim uzaqmənzilli raketlərimizin, pilotsuz döyüş aparatlarımızın gücü nədən ibarətdir. Biz onlardan demək olar ki, istifadə etmədik. Amma əgər istifadə etsək, işğal olunmuş torpaqlarda düşmənin daşı-daş üstdə qalmayacaq. Bunu onlar bilsinlər və özünü növbəti dəfə biabır edən Ermənistanın siyasi rəhbərliyi danışığına fikir versin və bizim səbrimizlə oynamasın".
Bir sözlə, güclü və qüdrətli Azərbaycan Ordusu aprel zəfəri ilə işğalçı Ermənistana layiq olduğu zərbəni və cəzanı verdi. Təbii ki, qələləbənin və zəfərin davamı olacaq. O zaman ki, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev orduya əmr verəcək. O gün və zaman isə uzaqda deyil.
Kamran A. Behbudov,
ADA-nın professoru
banner

Oxşar Xəbərlər